Zəlzələ vaxtı nə etməli?

 

Zəlzələ - qəflətən baş verən, cəmi bir neçə saniyə davam edən, insan tələfatına səbəb ola və böyük miqdarda maddi ziyan vura bilən təbii fövqəladə hadisədir. Respublikamızın ərazisi fəal seysmik zonada yerləşdiyindən burada hər an zəlzələ başvermə ehtimalı var. Odur ki, aşağıdakıları  hər biriniz bilməlisiniz: Zəlzələdən qorunmağın ən başlıca yolu fəlakət baş verdiyi anda özünüzü itirməməkdir. Əgər ilk təkan siz evdə olarkən baş veribsə, təşvişə düşməyin. Çünki təşviş çətin anda insana sağlam düşünməyə mane olur. Səs-küy və qışqırtı salmadan, təmkin və ağılla hərəkət etsəniz həm özünüzə, həm də ailə üzvlərinə kömək edə bilərsiniz.

 

Əgər siz aşağı mərtəbədə yaşayırsınızsa, ilk təkandan sonra binadan çıxa bilərsiniz. Bunun üçün sizin 10-15 saniyə vaxtınız var. Bu zaman vacib sənədlər, pul və zəruri ehtiyac vasitələri (ərzaq, su, dərman və s.) olan çantanı götürməyi unutmayın.

Evdən çıxarkən mənzilinizə və ya binaya daxil olan qazelektrik enerjisini bağlayın. Binanı tərk edib açıq  və təhlükəsiz yerə keçin.

Əgər  məkanı 10-15 saniyə ərzində tərk etmək mümkün deyilsə, buna cəhd göstərməyin, pilləkanlara çıxmağa və liftə minməyə tələsməyin.  Unutmayın ki, zəlzələ vaxtı ən tez sıradan çıxan lift və pilləkanlar olur.

Təşvişə düşüb yüksək mərtəbənin eyvanı və ya pəncərəsindən  tullanmağa da cəhd göstərməyin. Siz ağır yaralana, hətta həlak ola bilərsiniz.

İlk təkanı hiss etdikdə evdə təyin etdiyiniz təhlükəsiz yerə (əsas sütun, qapı boşluqları və otaqların yükdaşıyan divarlarına yaxın olan sahələr) keçin, əgər burada dəmir ayaqlı masa varsa, onun altına girin. Bu sizi divartavandan tökülən  daş parçalarından qoruya bilər. Diz üstə çöküb əllərinizlə başın arxa hissəsini qucaqlayaraq qoruyun.Yanınızda azyaşlı varsa, onu öz bədəninizlə qorumağa çalışın.

Əgər zəlzələ sizi küçədə haqlayıbsa, yuxarıdan düşən daş parçaları, şüşə qırıntılarından qorunmaq üçün bina, həmçinin, elektrik xəttindən, ən azı 10-15 metr aralıda açıq yerdə dayanıb gözləyin.

Uşaqlara  zəlzələ haqqında ətraflı məlumat verin. İzah edin ki, əgər zəlzələ onlar bağçadaya məktəbdə olan vaxt baş verərsə, qorxmaq, vahiməyə düşmək və həyəcan keçirmək lazım deyil. Sadəcə tərbiyəçinin, müəllimin göstərişlərini diqqətlə dinləyib bunlara dəqiqliklə əməl etmək lazımdır. Əgər bina çoxmərtəbəlidirsə, yaxşı olar ki, otaqda qalaraq masaya partanın altına sığınıb zəlzələnin bitməsini gözləsinlər. Bina birmərtəbəlidirsə, tərbiyəçi və ya müəllimlə birlikdə tezqorxmadan həyətə çıxıb təhlükəsiz yerdə dursunlar. Əmin olsunlar ki,  böyüklər təhlükədən qurtarmaq üçün nə lazımsa edəcəklər və valideynlər təcili olaraq özlərini onların yanına çatdıracaqlar.

 

Zəlzələdən sonra nə etməli?

Təkanlar bitdikdən sonra zəlzələ nəticəsində dağıntılar və zərər çəkmiş insanları görə bilərsiniz. Bu zaman düzgün qərar qəbul etmək üçün soyuqqanlılığı qoruyub saxlamaq çox vacibdir.

 

Zəlzələ sizi bina xaricində haqlayıbsa:

* əvvəlcə diqqət və təmkinlə yaranmış şəraiti dəqiq qiymətləndirin. Zərərçəkmişlərə kömək edin, yaralılara ilkin tibbi yardım göstərin, bərk qorxuya düşənləri sakitləşdirməyə çalışın. Əgər yanğın başlayıbsa, onun qarşısını almağa da yardım edə bilərsiniz;

* dağıntı olan yerlərə sadəcə maraq üçün getməyin. Əgər sizin köməyinizə ehtiyac yoxdursa, həmin əraziyə yaxınlaşmayın - bu, yaşadığınız bina olsa belə. Oraya daxil olmaq üçün əvvəl şəraiti dəqiq qiymətləndirib sonra qərar qəbul edin. Təkrar təkan zədələnmiş binanın ayrı-ayrı konstruksiyaları və hissələrinin qəflətən dağılmasına, hətta binanın uçmasına səbəb ola bilər.

 

Zəlzələ siz evdə olarkən baş veribsə və dağıntı yoxdursa:

* zəlzələ gecə vaxtı sizi tamamilə qaranlıqda haqlayıbsa, kibritya alışqan yandırmağa tələsməyin. Yaxşı olar ki, yanınızda saxladığınız batareyalı fənərdən istifadə edəsiniz. Başqa işıq mənbəyi yoxdursa, onda kibritya alışqan yandıra bilərsiniz. Lakin əvvəlcə partlayış və yanğın törədə biləcək qazın sızmadığına, yanar mayenin dağılmadığına əmin olun;

* qazı, suyuelektriki ümumi şəbəkədən söndürərək binanı tərk edin. Əgər cüzi yanğın ocağı varsa, onu öz qüvvənizlə söndürməyə çalışın. Yanğını müstəqil söndürmək mümkün deyilsə, ilk növbədə, uşaqları, yaralı və əlilləri yanğın zonasından təhlükəsiz yerə çıxarın;

* əl altında radioqəbuledici varsa, onu qoşun ki, qəzanın miqyası, onun nəticələrinin aradan qaldırılması barədə lazımi tədbirlər haqqında müvafiq orqanların məlumatını eşidə biləsiniz;

 

Zəlzələ nəticəsində dağıntı altında qalmısınızsa:

* təşvişə düşməyin. Təmkinlə şəraiti qiymətləndirin. Əgər ehtiyac varsa, özünüzə ilk tibbi yardım edin - qanaxmanı dayandırın, sarğı qoyun;

* əgər özünüz və yanınızda olanları dağıntı altından çıxarmağa gücünüz çatırsa, bu zaman şəraitdən asılı olaraq ən az zəhmət tələb edən asan üsulu seçin. Qüvvə və bacarığınıza, ətrafınızdakı şəraitə tam əmin deyilsinizsə, xilasediciləri gözləyin. Çünki şəraiti düzgün qiymətləndirmədən atılan yanlış addım əlavə dağıntıya səbəb ola bilər;

* diqqətli olun, dinləməyə çalışın. Əgər maşın və texnikanın səsi kəsilibsə, demək xilasedicilər “sükut anı” elan ediblər. Bu an onlar dərinlikdən gələn  insan qışqırtısı, iniltisi,  taqqıltı və döyəcləmə səslərinə qulaq verərək zərərçəkmişlərin yerini daha dəqiq təyin etməyə çalışırlar. Bu sükutdan istifadə edib qışqıraraq, yaxud ətrafdakı əşyaları ehmalca döyəcləyərək dağıntıdan kənarda olan insanlarla əlaqə saxlamağa çalışın.

 

Azərbaycan müəllimi.- 2015.- 31 oktyabr.- S.6.