Məktəbəqədər təhsil müəssisələrində öyrədilən

bacarıqların iş yerində mühüm əhəmiyyət

kəsb etməsinin səbəbi nədir?

 

 Hal-hazırda texnoloji aparatlar vasitəsilə görülən bütün işlərdə (məsələn, cərrahiyyə əməliyyatını həyata keçirmək, avtomobili idarə etmək, yaxud ərzaqla təmin etmək) hələ də insanlara məxsus bir səciyyəvi xüsusiyyətə yer verilmədiyi açıq-aşkar görünür. Onlar sosial bacarıqlara malik deyil.  Bununla yanaşı, əməkdaşlıq, mərhəmət və çeviklik kimi bacarıqlar müasir iş prosesində getdikcə daha çox həyati əhəmiyyət kəsb etməyə başlamışdır. Aparılan yeni araşdırma nəticəsində müəyyən olunmuşdur ki, güclü sosial bacarıqların olmasını tələb edən peşələr 1980-ci ildən etibarən digər peşələr ilə müqayisədə daha çox artmışdır. 2000-ci ildən etibarən ardıcıl əməkhaqqı artımının müşahidə olunduğu peşələr isə koqnitiv və sosial bacarıqların olmasını tələb etmişdir. 

 

Əldə olunmuş nəticələr iqtisadçılar üçün müəmmalı qalan sirri izah etməyə kömək edir: hətta yüksək ixtisaslı iş yerlərinin artımında qeydə alınan ləngimə. Bütün əməkhaqqı spektri boyunca ən çox zərər görən iş yerlərinin sosial bacarıqların olmasını tələb etməyən iş yerləri olduğu müəyyən edilmişdir.

“Mən sizinlə söhbət etdiyim zaman sizin beyninizdə hansı fikirlərin dolaşdığı barədə düşünməliyəm - O darıxır? Mən ona çox məlumat verirəm? - və hər zaman öz davranışımı tənzimləməliyəm”, - deyə Harvard Universitetində təhsil və iqtisadiyyat kafedrasının dosenti və yeni tədqiqatın müəllifi David Deminq bildirib. “Proqramlaşdırmaq olduqca çətin bir işdir, buna görə də o, iş yerlərinin payı qismində artmaqda davam edir”.

Bəzi iqtisadçılar və texnoloqlar bu tendensiyanı nikbinlik üçün səbəb kimi qiymətləndirirlər: texnologiya bəzi iş yerlərini aradan qaldırsa da, yenilərini yaradır. Bununla yanaşı, bizim işlədiyimiz üsul vasitəsilə tələbələri dəyişikliklərə hazırlamaq üçün məktəblərdə öyrədilən bacarıqlarda dəyişiklik etmək zərurəti meydana gələ bilər. Sosial bacarıqlar ənənəvi təhsildə nadir hallarda vurğulanır.

“Maşınlar (texnoloji aparatlar) bütün bu prosesləri avtomatlaşdırır, bu baxımdan şəxsi bacarıq və qabiliyyətlərə malik olmaq, insan amilini dərk etmək və texnologiyaları necə təkmilləşdirməyi bilmək olduqca vacibdir və bizim təhsil sistemimiz bu məqsədə xidmət etmir”, - deyə Kleyton Kristensen İnstitutunun həmtəsisçisi hesab olunan və həmin müəssisədə təhsil prosesini tədqiq edən Maykl Horn bildirib.

Cənab Deminqin sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrinin sinif otaqları müasir iş dünyası ilə xeyli oxşarlıq təşkil edir. Uşaqlar özlərinin hazırladığı əl işlərindən ayrılaraq, oyun meydançasında kiçik qruplar şəklində birləşərək elmi eksperimentlərə istiqamətlənirlər. Onların sahib olduqları ən önəmli bacarıqlar digərləri ilə paylaşmaq və danışıqlar aparmaqdır. Lakin bu proses tezliklə başa çatır və peşə bacarıqlarının mühazirə şəklində tədrisi, eləcə də müxtəlif səviyyəli subyektlərin qarşılıqlı fəaliyyəti ilə əvəz edilir.

Bununla bərabər, iş prosesi məktəbəqədər təhsil ilə daha çox oxşarlıq təşkil etməyə başlamışdır.

Cənab Deminq aşkar etmişdir ki, ünsiyyət və düşüncə bacarıqlarının, xüsusilə riyazi bacarıqların olmasını tələb edən iş yerləri məşğulluq və əməkhaqqı baxımından ən yüksək nəticələr nümayiş etdirmişdir. Onların sırasına həkimlər və mühəndislərin çalışdığı iş yerləri daxildir. Riyazi deyil, sosial bacarıqların tələb olunduğu iş yerlərinin sayında da artım qeydə alınıb: hüquqşünaslar və uşağa qulluq edən işçilər nümunə qismində çıxış edir. Nə sosial, nə də riyazi bacarıqların tələb olunmadığı peşələr (əl əməyi və ya fiziki əməyin əsas rol oynadığı peşələr) sürətlə sıradan çıxan peşələr hesab olunur.

İnformatikanın tədrisi prosesinə xüsusi diqqət yetirilməsinə baxmayaraq, riyaziyyat və elmin öyrənilməsi kifayət deyil. Sosial deyil, məhz sözügedən bacarıqları özündə birləşdirən peşələr (məsələn, mühasiblər, bankda kassir - əməliyyatçılar və müəyyən mühəndislər tərəfindən tutulan vəzifələr) son illərdə ən yüksək maaşlı iş yerləri istisna olmaqla, yerdə qalan bütün iş yerləri üzrə məşğulluq artımında ən aşağı göstəricilər nümayiş etdirmişdir. Texniki bacarıqları və şəxsiyyətlərarası münasibətlər üzrə bacarıqları özündə birləşdirən peşələr (məsələn, qrup layihəsi üzərində işləyən informatika üzrə mütəxəssis) texnologiya sənayesində sürətlə yayılmağa başlamışdır.

“Əgər bu, yalnızca texniki bacarıqdırsa, o zaman onun avtomatlaşdırılması üçün real şans mövcuddur və əgər bu, yalnızca həssas və çevik olmağı nəzərdə tutursa, o zaman burada çoxsaylı insan resursları vardır, bu səbəbdən bu iş üçün yüksək maaş müəyyən edilməyəcəkdir”, - deyə Massaçusets Texnologiya İnstitutunun iqtisadçısı David Autor bildirib. “Bu, hər ikisinin qarşılıqlı əlaqəsidir”.

Cənab Deminqin, o cümlədən cənab Autorun əldə etdiyi nəticələr əvvəlki tədqiqatlar tərəfindən dəstəklənir. Cənab Autor ənənəvi orta ixtisaslı iş yerlərində işlərin (məsələn, kargüzarlıq və zavodda icra edilən işlər) texnologiya vasitəsilə həyata keçirildiyini bildirmişdir. Yeni orta ixtisaslı iş yerləri texniki təcrübəni və şəxsiyyətlərarası münasibətlər üzrə səriştəni özündə birləşdirir (məsələn, fizioterapiya və ya baş podratçı kimi).

Nobel mükafatı laureatı, iqtisadçı Ceyms Hekman həyata keçirdiyi işlər əsasında belə bir nəticəyə gəlmişdir ki, xarakter, etibarlılıq və əzmkarlıq kimi qeyri-koqnitiv bacarıqlar idraki nailiyyət qədər mühüm əhəmiyyət kəsb edir.

Bu nəticələr elmi dairələrin hüdudlarından kənarda təcrübədə tətbiq olunmuşdur. Məsələn, “Google” tədqiqatçıları ən yaxşı idarəçinin nə etdiyini müəyyənləşdirmək üçün şirkətin əməkdaşlarını tədqiq etmişlər. Onlar bunun texniki təcrübə olacağını hesab edirdilər. Bunun əvəzində isə onlar təkbətək görüşlərə vaxt ayıran, problemlər üzərində işləmək üçün işçilərə köməklik göstərən və onların həyatları ilə maraqlanan insanlar ilə qarşılaşdılar.

Cənab Deminqin tədqiqatı bacarıqların bu növlərinin sayını müəyyənləşdirir. Əmək Nazirliyinin O*NET adlı icmalında peşələrdən tələb olunan vəzifə və bacarıqlar haqqında məlumatdan istifadə etməklə o, koqnitiv bacarıqlar, habelə təhsil və fəaliyyət illəri kimi amilləri nəzərə aldıqdan sonra sosial bacarıqların iqtisadi səmərəsini hesablamışdır.

O müəyyən etmişdir ki, sosial bacarıqların olmasını tələb edən peşələrin sayında 1980-2012-ci illər ərzində 24% artım qeydə alındığı təqdirdə, təkrarlanan vəzifələrin (məsələn, tullantıların toplanması kimi) icrasını nəzərdə tutan peşələrin, habelə analitik vəzifələrin icrasını nəzərdə tutan və komanda işinin yer almadığı peşələrin (məsələn, mühəndislik kimi) sayında isə azalma müşahidə olunub.

Cənab Deminq bu prosesi müqayisəli üstünlük iqtisadi anlayışı baxımından izah edir. Fərz edək ki, iki işçi elmi məqalə dərc etdirir. Əgər onlardan biri məlumatların təhlili, digəri isə yazı üslubu baxımından fərqlənirsə, o zaman onların birgə əməkdaşlıq şəraitində işləməsi daha məhsuldar olmağa və daha yaxşı nəticələr əldə etməyə imkan yaradacaq. Əgər onların heç biri şəxsiyyətlərarası münasibətlər üzrə bacarıqlara sahib deyillərsə, o zaman daha məhsuldar tərəfdaşlıq yaratmaq üçün birgə işin qiyməti çox yüksək ola bilər.

Qadınlar sosial bacarıqlara olan tələbatın xüsusi üstünlüyündən istifadə etmişlər. Gündəlik işlərin azalması kişilər ilə müqayisədə qadınlara daha çox zərər vermişdir. Lakin qadınlar müştərək peşələrə daha uğurla keçid etmişlər.

Tədqiqatçıların fikrincə, bunun başlıca səbəbi qadınların körpəlik dövründən başlayaraq sosial həssaslıq, emosional intellekt və digərləri ilə işləmək baxımından bir qayda olaraq üstünlük əldə etməsidir.

Tədqiqatçıların fikrincə, bu nəticələr ənənəvi təhsilin faydasız və lazımsız olduğu mənasına gəlmir. Əslində, ənənəvi məktəb fənləri əmək bazarında rəqabət aparmaq üçün həmişəkindən daha çox əhəmiyyətlidir. Lakin bəzi məktəblər sosial bacarıqların tədris proqramına daxil edilməsi metodunu təcrübədən keçirirlər.

Biznes və tibb məktəblərinin əksəriyyətində tələbələr öz işlərini başa çatdırmaq üçün kiçik qruplar şəklində bölünür. “Tərs sinif otaqları”nda müzakirə və ya qrup işi üçün dərsdən və ehtiyat dərsdən əvvəl video mühazirələr təşkil edilir. Əsas fikir ondan ibarətdir ki, ənənəvi mühazirələr qarşılıqlı fəaliyyətin çox kiçik bir hissəsini əhatə etdiyinə görə onların onlayn şəkildə həyata keçirilməsi daha məqbul sayıla bilər.

San-Fransiskoda Minerva Məktəbləri - start-up kolleci bu yanaşmanı tətbiq edir. Kollecin dekanı Stafan Koslyn bildirib ki, başlıca məqsəd faktları sinfin hüdudlarından kənara ötürmək və sinifdən səmərəli ünsiyyət və qarşılıqlı fəaliyyət məqsədilə istifadəni təmin etməkdir. “Onun tərkibinə yaradıcılıq, mühakiməlilik və maşınların (texnoloji aparatların) proqramlaşdıra bilmədiyi hər şey daxildir”, - deyə o bildirib.

“Sözügedən bacarıqların öyrədilməsinin daha bir yolu isə onları idman, orkestr və ya pyes kimi qrup məşğələləri vasitəsilə öyrətməkdir”, - deyə Qadınlar İdman Fondunun icraçı direktoru Debora Slaner Larkin bildirib. Onun sözlərinə görə, tələbələr mühüm iş bacarıqlarını öyrənirlər: bir-birinə etibar etmək, bir-birinin güclü tərəflərini aşkar etmək və yaxşı təlim keçmək.

Bəlkə də nə vaxtsa, bütün işlər avtomatlaşdırıla bilər. Amma eyni zamanda, bu tədqiqat iddia edir ki, tələbələr real əmək bazarına çıxmağa hazır olmalıdırlar. Bəlkə də ali məktəblər və kolleclər məktəbəqədər təhsil müəssisələrində tətbiq olunan üsuldan istifadə etməklə tələbələri qiymətləndirməlidirlər - sosial və əmək fəaliyyətində iştirak etməklə sosial bacarıqların nümayiş etdirilməsinə baxmayaraq.

 

Kler Kain Miller,     

İnternatıonal New York Times

 

Azərbaycan müəllimi.- 2015.- 31 oktyabr.- S.7.