Heydər Əliyev adına
liseydə “Şənbə
görüşləri”
Oktyabrın 24-də
Bakıdakı Heydər Əliyev adına liseydə təşkil
olunan “Şənbə görüşləri”nin
budəfəki mövzusu “Məktəb direktorunun gündəliyi” idi.
Qeyd edək
ki, Təhsil Nazirliyinin
təşəbbüsü və təşkilatçılığı
ilə keçirilən “Şənbə görüşləri”
artıq ikinci dəfədir təşkil olunur və hər görüşdə təhsilimizin
müxtəlif məsələləri müzakirə obyektinə
çevrilir. Moderatoru Təhsil
Nazirliyinin nümayəndəsi Vəfa Yaqublu olan müzakirədə
nazirliyin, TPİ-nin və
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
nümayəndələri, təhsil ekspertləri və məktəb
direktorları iştirak edirdilər. Geniş şəkildə və səmimi
keçən müzakirədə moderator
tərəfindən iştirakçılara “Bu
gün məktəb direktoru
daha çox kimdir: menecer yoxsa pedaqoq?”, “Azərbaycanda
müəllif məktəbləri nə üçün
yaranmır?”, “Məktəblərdə təşkilati mədəniyyətin
zəifliyi nə üçün problem kimi qəbul edilmir?” sualları ünvanlandı.
Oxucularımıza iştirakçılar tərəfindən
cavablandırılan suallardan əsas məqamları
təqdim edirik.
Məhəbbət
Vəliyeva,
Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
müdir müavini:
- Fikrimcə, məktəb direktoru təhsil ocağında olan prosesləri daim diqqətdə saxlamalı, verilən tapşırıqların düzgün yerinə yetirilməsinə nəzarət etməli, yüksək pedaqoji səriştəyə, idarəçilik və təşkilatçılıq qabiliyyətinə malik olmalıdır. Buna görə də məktəb direktoru həm yaxşı menecer, həm də pedaqoq olmalıdır. Ən başlıcası isə pedaqoji sahəni gözəl bilməlidir ki, məktəbdə gedən proseslərə nəzarət edə bilsin. Təcrübə göstərir ki, məktəbdə yaxşı müəllim işləyənlər və bir qədər də təşkilatçılıq, idarəçilik qabiliyyəti olanlar sonralar direktor olduqda onlar yaxşı direktor kimi qiymətləndirilir. Lakin təkcə idarəçilik və təşkilatçılıq qabiliyyəti olub, pedaqoji sahədən məlumatı olmayanlar isə bir o qədər də yaxşı direktor olmurlar. Bəlkə də başqa sahədə idarəçilik qabiliyyəti yetərlidir, ancaq pedaqoji mühit elə bir mürəkkəb münasibətlər şəbəkəsinə malikdir ki, burada mütləq pedaqoji sahəni gözəl bilməlisən ki, düzgün mövqe tuta biləsən.
Cəsarət Valehov,
Təhsil
Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun
müdiri:
- Düşünürəm ki, təhsil fəlsəfəsinin özündə kritik situasiya mövcuddur. Araşdırmalar da göstərir ki, ümumiyyətlə dünyada təhsil sahəsində kritik durum var. Bu baxımdan bu gün təhsilə münasibət dəyişməlidir. Transformasiya olmalıdır. Çünki dünya dəyişirsə, bu, insana da təsir edir. Məncə, XXI əsrdə ən çətin dövr təhsildə transformasiyadır.
Müəllif məktəbləri məsələsinə gəldikdə isə, fikrimcə, sovet dövründə buna bənzər məktəblərimiz olub. Hansı ki, həmin məktəblər onun direktorunun adı ilə tanınıb. Buna misal olaraq Xaldanda Zahid müəllimin, Tovuzda Məhər müəllimin məktəblərini göstərmək olar.
Rüfət
Əliyev,
Təhsil Nazirliyinin sektor müdiri:
- Direktor işləmək üçün ilk növbədə sifarişçinin tələb etdiyi ilə razılaşmaq, həmin tələbləri yerinə yetirmək lazımdır. Bundan əlavə, kadr sərbəstliyi əsasdır. Komanda direktorun bütövlüyünün bir hissəsidir. Həmçinin proqrama qarşı sərbəstlik olmalıdır. Çünki gözlənilən nəticələrə çatmaq üçün proqramın necə həyata keçirilməsini direktor bilməlidir. Direktorun maliyyə mexanizmi haqqında məlumatı da olmalıdır ki, hansı işləri görməli olacağını öncədən müəyyənləşdirsin.
Fikrət Xəlilov,
Heydər Əliyev adına liseyin direktoru:
- Təhsil ocağının idarə olunmasında məktəb direktorunun pedaqoji təcrübəsinin, təhsili yaxşı bilməsinin vacibliyini düşünürəm. Lakin, idarəetmə də vacib amillərdəndir. Əgər direktor bu iki amili özündə birləşdirə bilirsə, onda ortaya yaxşı nəticə çıxır.
Bundan başqa, direktor məktəbdə tərbiyəvi mühit yaratmalıdır. Unutmayaq ki, məktəb tədrislə bağlı, həm də tərbiyə müəssisəsidir.
Etibar Əliyev,
təhsil eksperti:
- Son dövrlər məktəb direktorlarında liderlik keyfiyyətlərinin azaldığı fikrindəyəm. Menecerin məktəbə rəhbərliyi xətti idarəetməni özündə cəmləşdirə bilər. Yaxşı pedaqoq isə qeyri-xətti idarəetməyə üstünlük verir. Bu baxımdan menecerlik idarəetmənin bir qolu ola bilər. Bundan başqa, direktor özü tərbiyəçi olmalıdır. Eyni zamanda direktor yaradıcı şəxs kimi də çıxış etməlidir. Məktəbin simasını dəyişməsi üçün onun ideyaları lazımdır.
İntiqam Cəbrayılov,
TPİ-nin əməkdaşı:
- Bugünkü məktəb direktoru müəyyən nəzəri məsələləri mütləq bilməlidir. Belə ki, metodologiyanı bilmədən, praktik məsələlərə istinad etmədən idarə etməyin mənfi tərəfləri ola bilər. Məktəb direktorunun menecerlik qabiliyyəti də olmalıdır. O, təkcə kollektivə rəhbərlik etməməlidir, həmçinin onların dərd-sərini bilməli, təhsilin məzmununa bələd olmalı, islahatların gedişatı haqqında məlumatlı olmalıdır.
Fuad Babayev,
95 nömrəli tam orta məktəbin
direktoru:
- Məktəblə valideynlərin
münasibəti sıx olmalıdır.
Hazırda məktəblərdə yalnız 1-4 və 9-11-ci
siniflərdə oxuyan uşaqların valideynlərinin məktəblə
münasibətləri var. Qalan siniflər üçünsə
boşluqdur. Valideynlər övladlarının necə
oxuduğu ilə maraqlanmırlar. Bundan başqa, ali təhsil müəssisələri
ilə məktəblər arasında da sıx münasibət
olmalıdır. Belə ki, ali məktəblər ümumtəhsil
məktəblərinin necə müəllim istəməsi ilə
maraqlanmırlar.
Almaz Bayramova,
246 nömrəli tam orta məktəbin
direktoru:
- Məktəb direktorunda lazım olan ən vacib keyfiyyət onun məktəbə
və müəllim-şagird kollektivinə münasibətidir.
Direktor yerli mühiti, şagird kontingentini yaxşı təhlil
etməli, müəyyən qərarlar verərkən
bütün bunlar nəzərə alınmalıdır. Bunun
üçün direktora dinamik işləmək
üçün yaxşı komanda da lazımdır.
Anar Məmmədov,
“İstək” liseyinin direktoru:
- Fikrimcə, ən böyük müəllim müşahidəçi olmalıdır. Belə ki, cəsarətsizlik bu gün bir çox məktəb direktorlarının komfort zonasına çevrilib. Pedaqoq hara gedirsə, orada müşahidə aparır. Onun metodikası biliyindən, emosionallığı məhəbbətindən doğmalıdır. Hər müəllimin pedaqoq olması çətindir.
Niyazi RƏHİMOV
Azərbaycan
müəllimi.- 2015.- 31 oktyabr.- S.8.