“Prezident təqaüdçüsü
adını
doğrultmağa
çalışacağam”
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının tələbəsi
Lalə Novruzova ilə söhbət
Onunla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 1 nömrəli qızlar yataqxanasında görüşdüm. Gəlişimin məqsədini biləndə çox sevindi. Məni də axtarıb tapdığınıza görə təşəkkür edirəm, - dedi. Sonra özü haqda qısaca da olsa məlumat verdi. 1998- ci ildə Saatlı rayonunda anadan olub. Məcburi köçkün ailəsində dünyaya gələn Lalə Novruzova Biləsuvar rayonunda onlar üçün salınan 9 nömrəli qəsəbədə yaşayıb və həmin qəsəbədəki 15 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib. Dəfələrlə Respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyat fənlərindən II yerlin qalibi olub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının III ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarında 700 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin hüquqşünaslıq ixtisasına daxil olub. Lalə ilə söhbət edərkən onun çoxlu bədii ədəbiyyat oxuduğu hiss olunurdu. Sualları cavablandıran zaman söz axtarışına çıxmırdı. Bir az da dilli-dilavər idi...
- Lalə, yuxarı siniflərə keçdikcə, yəni yaş artdıqca şagirdin maraq və dünyagörüşü də dəyişir. Bu məqamlar səndə necə, yaşanıbmı?
- Şübhəsiz. Uşaqlıq illərinin arzuları ilə sonrakı illərin arzuları bir-birindən çox fərqlənir. Mən yuxarı siniflərdə oxuyanda artıq özümü bir vətəndaş olaraq hiss edirdim və gələcəkdə layiqli vətəndaş olmağın vacibliyi barədə düşünürdüm. Elə bu arzu da məni seçdiyim hüquqşünas ixtisasına doğru yönəltdi. Məzunu olduğum məktəbi yüksək göstəricilərlə başa vurub ali məktəb tələbəsi adını daşımaq üçün çox çalışmalı oldum. Çalışqan olmasaydım, bu balı heç vaxt qazana bilməzdim.
- Yayın istisində, qışın soyuğunda repetitor yanına getmək çətin deyildi ki?
- Əlbəttə, çox çətin idi. Yolum uzaq olduğundan çox əziyyət çəkirdim. Xeyli piyada yol gedirdim. İki il repetitorların köməyindən istifadə etmişəm. 10-cu sinifdən riyaziyyat və ingilis dili fənlərindən, 11-ci sinifdə isə 5 fəndən kompleks şəkildə hazırlaşmışam. Zəhmətim hədər getmədi. Seçimimdə də yanılmadım, arzuladığım ixtisasa qəbul oldum.
- Telefondan, sosial şəbəkələrdən istifadə etmisənmi?
- Müəllim
yanına gedəndə telefonum olub. Sosial şəbəkələrdə
heç vaxt olmamışam, televizora nadir hallarda baxmışam, internetdən isə yalnız dərs üçün lazım
olan məlumatlar əldə etmək məqsədilə istifadə
etmişəm.
- Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarında 700
bal toplaya bilirdinmi?
- Mən orta məktəbdə
daim yaxşı oxumuşam və
yüksək nəticələrimlə fərqlənmişəm.
Ancaq
qatıldığım
sınaq imtahanlarında mexaniki səhvlər etdiyim üçün heç vaxt 700 bal
toplaya bilmirdim. Buna
görə də nəticəm
aşağı olurdu. Amma
müəllimlərim mənim savadıma güvənirdilər
və deyirdilər ki, heç bir mexaniki səhv etməsəm
700 bal toplaya bilərəm. Mən
də onları aradan qaldırdım. Ən əsası
odur ki, özümə güvənci artırdım, imtahan həyəcanını
özümdən qovdum.
- Maddi vəziyyətiniz təhsil
almaq üçün çətinlik
yaratmırdı ki?
-
Xeyr! Valideynlərim
mənə çoxlu kitablar və testlər alırdılar. Məncə maddi vəziyyətin
yaxşı və ya pis olmasının oxumaqla heç bir əlaqəsi yoxdur. Mən belə düşünürəm.
-
Qaçqınlıq həyatı dərslərinə mane
olmurdu ki?
- Biz əslən
Cəbrayıl rayonunun
Çullu kəndindənik. Əvvəlcə
Saatlı rayonunda məskunlaşmışdıq, sonra isə Biləsuvar rayonunda məcburi
köçkünlər üçün salınmış 9
nömrəli qəsəbədə məskunlaşdıq. Orada fəaliyyət göstərən Cəbrayıl rayonunun 15 nömrəli tam orta məktəbində
oxudum. Çətinliklərə
baxmayaraq dərslərimə hər gün sistemli şəkildə vaxt
ayırırdım.
Düşünürsən ki, insan bütün çətinliklərə dözməyi bacarmalıdır.
-
İmtahanda maksimum nəticə göstərəcəyinə tam əmindinmi?
-
Açığını deyim ki, nə qədər
hazırlıqlı olsam da həyəcan
keçirirdim. Çünki məhz həmin gün mənim,
necə deyərlər, gələcək
taleyim həll olunacaqdı. Yanlız rəsmi
cavablar açıqlanandan sonra
700 bal topladığıma əmin oldum. Heç bilirsiniz necə
sevinirdim?! Elə bilirdim ki, bütün
dünya 700 bal
topladığımdan xəbərdardır. Bax, arzularım belə
reallaşdı. Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
hüquqşünaslıq ixtisasına daxil oldum.
- Asudə
vaxtlarında
hansı işlə
məşğul olursan?
- Cəbrayıl
rayonundakı Böyük Mərcanlı kənd
musiqi məktəbinin fortepiano şöbəsini bitirmişəm.
Yorulduğum zaman pianino arxasına keçib bacardığım mahnıları
ifa edirəm. Klassik musiqini dinləməyi
çox
xoşlayıram. Sanki onda rahatlıq tapıram. İdmanla da məşğul oluram. Voleybol, tennis oynamağı çox sevirəm.
- Yüksək
nəticə göstərən abituriyentlərlə
görüşlər keçirilən zaman hansı xoş
anları yaşayırdın?
- Fəxarət
və qürur hissi
keçirirdim. Oxuduğum məktəbin, müəllimlərimin,
ən başlıcası mənə mənəvi dəstək
olan, imtahan ərəfəsində çox böyük
narahatçılıq hissləri
yaşayan valideynlərimin etimadını doğrultduğuma çox sevinirdim. Həm də mən Cəbrayıl rayonunun tarixində ilk dəfə olaraq
maksimum nəticə göstərərək 700 bal toplamışdım. İllərlə
çəkdiyim zəhməti ölkə
başçısı İlham Əliyev Prezident təqaüdü
ilə mükafatlandırdı. Bu, mənim üçün
yalnız qazanılan uğurumun deyil, həm də nailiyyətlərimin
davamlı olmasına stimul verdi. Bundan sonra da tələbəlik illərində
fəal olmağa, uğurlarımı davam etdirməyə və
Prezident təqaüdçüsü adını doğrultmağa çalışacağam.
- Ev
işlərində anana kömək edirdinmi?
- Anam məni
bütün ev işlərindən azad
etmişdi. Mənim diqqətimi yalnız dərslərimə
yönəltmişdi. Ancaq
buna baxmayaraq az
da olsa kömək edirdim. Çünki ev işləri görəndə mənim
beynim dincəlirdi. Nə qədər oxumaq
olardı?!
- Təbriklər
çox oldumu?
- Cəbrayıl
Rayon Təhsil
Şöbəsinin müdiri Validə
Həsənova, məktəbimizin direktoru Şamo Şamoyev eşidəndə ki, 700 bal
toplamışam, çox sevindilər. Sinif rəhbərim -
kimya-biologiya müəllimim Töhfə Quliyeva məni təbrik etdi və
bağrına basıb öpdü.
- İki
aya yaxındır ki, artıq tələbəsən,
çətin deyil ki, tələbə həyatı yaşamaq?
- Dərslərimiz
o qədər maraqlı keçir ki, günlərin nə vaxt
ötdüyünü hiss etmirəm. M.F.Axundov adına Milli Kitabxananın
üzvüyəm. Keçirilən dərsləri yüksək səviyyədə
mənimsəməyə çalışıram. 700
ballıq uğurumu
davam etdirirəm. Ən çox
akademiyanın kitabxanasından
istifadə edirəm. Çalışıram ki, müəllimlərimin
rəğbətini qazanan istedadlı tələbə kimi yadda qalım. Akademiyanın “Hüquq”, “Debat” klublarında iştirak edirəm. Tələbə
Gənclər Təşkilatının üzvüyəm.
- Seminarlarda fəallıq göstərə bilirsənmi?
-
Mühazirələrə qulaq asdıqca dərsləri daha
yaxşı mənimsəyirəm. Seminarlarda isə fəal iştirak edirəm. Müəllimlərim
biliyimi ən yüksək sayılan 10 balla qiymətləndirirlər. Ümumiyyətlə, dərslərimiz çox
maraqlı keçir. Elə gün olur ki,
sual-cavab edirik, zəngin vurulduğunu eşitmirik.
-
Qış semestrində əlaçı olacağına əminsənmi?
- Əlbəttə, əminəm. Tək bu semestri deyil,
akademiyanı əla qiymətlərlə
bitirməyə, barmaqla göstərilən
hüquqşünas olmağa çalışacağam.
- Gələcək
abituriyentlərə tövsiyən.
- Demək
istəyirəm ki, 700 bal toplamaq
mümkünsüz deyildir. İnsan çox səylə
çalışdığı zaman arzusuna, qarşısına
qoyduğu hədəfə nail
olur. Heç nədən qorxmasınlar, mükəmməl
çalışsınlar ki, arzularına çatsınlar.
- İlk Prezident təqaüdünə nə alacaqsan?
-
Bacımla birlikdə xərcləməyi
düşünürəm və ailə üzvlərimə hədiyyələr
alacağam. Bacım 8-ci sinifdə oxuyur. O da dərs əlaçısıdır. Mənim 700 bal toplamağım onu da çox həvəsləndirib, məsuliyyəti birə-beş
artıb.
- Gələcək
planların.
- Dövlət Proqramı çərçivəsində
xaricdə magistr təhsilimi davam etdirmək istərdim. Azərbaycan
dövlətinə savadlı, zəkalı, ixtisasını
gözəl bilən mütəxəssis lazımdır və
mən onlardan biri olmağa çalışacağam.
Lalə Novruzova ilə söhbətdən doymaq olmurdu. Onunla dialoqa
girmək həm rahat idi, həm də maraqlı. Verdiyim suallara cavabları
isə tam əminlik yaradırdı ki, bu gün mən gələcəyin ən gözəl bir
hüquqşünası ilə həmsöhbət oldum.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2015.- 31 oktyabr.- S.8.