Türk dünyasının elm sahəsində
ilk Nobel
mükafatı laureatının uğur
hekayəti
Ötən əsrin əvvəllərindən, 1901-ci ildən başlayaraq elmin ayrı-ayrı sahələrində ciddi töhfələri ilə seçilən praktik əhəmiyyətli kəşflərə görə Nobel mükafatı verilir. Hər il
oktyabrın ilk günlərində dünya elmi ictimaiyyətinin
diqqəti Stokholma yönəlir.
Hamı nüfuzlu elm mükafatının bu il kimə qismət
olacağını gözləyir. Elm sahəsində
yüksək mükafatı artıq neçə illərdir
ki, türk dünyası da gözləyir. Və nəhayət, 2015-ci il oktyabrın ilk
günlərində çoxdan gözlənilən an
yetişdi. Amerikada yaşayan biokimya professoru Əziz Səncər türk
dünyasında elm sahəsində
ilk dəfə Nobel mükafatına layiq
görülmüş bir alim kimi
öz adını tarixə
yazdı. Amerikanın Şimali Karolina Çapel-Hill
Universitetinin biokimya professoru Əziz Səncərin həyatı
və elmi mücadiləsi ilk təhsil yollarında kövrək
addımlarını atan məktəbli, ali məktəblərdə elmin
sirlərini öyrənən tələbə, neçə-neçə gəncə yol göstərən müəllim,
gecə-gündüz
apardığı tədqiqatların nəticələrini gözləyən gənc
araşdırmaçı üçün əsl örnəkdir. Əziz Səncərin zəka, istedad
və çalışqanlığın bariz nümunəsi
olan həyat yoluna biz də nəzər salaq.
Uşaqlıq
illəri
Professor Əziz
Səncər 1946-cı ildə
Türkiyənin Mardın vilayətinin Savur liçəsində (kəndində)
yazmaq-oxumaq bilməyən, ancaq təhsilə çox önəm
verən bir ailədə anadan olub.
Ailədə 8 uşaq
böyüyürdü, Əziz onlardan 7-cisi idi. Bununla belə, valideynləri uşaqlarının
hamısına ilk təhsil vermişdi. Əziz Səncər ailəsi və
ilk təhsil illərini belə xatırlayır: “Anamın və
atamın oxu-yazması yox idi, ancaq
onlar təhsilin çox önəmli olduğunu bilirdilər
və uşaqların hamısının təhsil alması
üçün əllərindən gələni etmişdilər”.
Əziz orta məktəbdə oxuduğu illərdə
öz bacarığı ilə seçilirdi, lakin futbola da
marağı güclü idi. Liseyin futbol
komandasının qapısını qoruyurdu. Gənc futbolçulardan ibarət milli komandanın məşqlərinə
də dəvət almışdı. “Futbolçu olmaq mənim ən
böyük arzum idi,
hər zaman milli
komandada oynamaq istəmişdim.
Ancaq bir müddət sonra yaxşı bir qapıçı
ola bilmək üçün boyumun kifayət qədər
hündür olmadığına qərar verdim və dərslərimlə
daha çox məşğul olmağa başladım”. O, bütün fənlərə
eyni dərəcədə maraq göstərib. “Mən
əslində kimyaçı olmağa qərar vermişdim.
Ancaq Mardində liseydə oxuyanda dostlarım mənə tibb üzrə
test imtahanlarında özümü sınamağımı
istədilər. İmtahana
getdim, həm kimya, həm də tibdən testləri uğurla verdim. Sinif
yoldaşlarımdan 5-i tibb fakültəsinə girdi. Mən kimyaya
daxil olmaq qərarımı bildirdim.
Onlar isə “Əziz, gəl birlikdə tibbə gedək”
deyərək məni qərarımı dəyişməyə
razı saldılar”.
Yaxınlarının məlumatına görə,
Əziz Səncər Mardində çox ağır həyat
şəraitində oxuyub. O zaman işıq belə yox idi,
Əziz isə dərslərini şam işığında
oxuyurdu.
Şam
işığından Nobelə uzanan yol
İlk,
orta məktəb təhsilini Savur və Mardində tamamlayan Əziz Səncər
1963-cü ildə İstanbul Universitetinin tibb fakültəsinə
daxil olaraq oranı 1971-ci ildə başa vurub. Ali məktəbdə
oxuyarkən
Böyütmək üçün
seçinfundamental fənlər üzrə müəllimlərinin elmi kəşflər barədə
söhbətləri gənc tələbəni
həyəcanlandırırdı. Əziz Səncər tezliklə biokimya tədqiqatçısı
olmağa qərar verib. İstəyini
biokimya müəlliminə söylədikdə, müəllimi ona ən azından bir müddət həkimlik etməsini tövsiyə
edib. “Tibdən məzun olan hər kəsin fundamental elmlərlə
məşğul olmazdan əvvəl bir neçə il həkimlik
etməsində
böyük fayda görürəm” deyən müəlliminin tövsiyəsinə
əməl edən Ə.Səncər ikiillik həkimlik təcrübəsi
keçib. Tezliklə Ə.Səncər
başa düşüb ki, tibb onun sahəsi deyil və biokimyanı
öyrənməyə qərar verib. “İkinci
kursda oxuyarkən bu yolda irəliləməyə qərar
vermişdim. Lakin müəllimlərimdən biri “əvvəlcə
doktorluq işini müdafiə edin, sonra özəlliklə təməl
elm sahəsi üzrə ixtisaslaşın” demişdi. Onun tövsiyəsi mənim üçün
çox önəmli idi. Amerikaya doktorluq
işi dalınca getməyimin də səbəbi bu oldu”. Türkiyədə təqaüd
proqramının qalibi olan Əziz ali təhsilini davam etdirmək üçün
ABŞ-a gedib. “Amerika
həyatına uyğunlaşmaq çətin oldu. Müəllimlərlə
dil tapa bilmirdim. Çox
çalışmaqla bağlı hər hansı problemim yox
idi. Müəllimim
çox nüfuzlu alim idi. Hər gün
yeni bir fikirlə onun yanına gedirdim. Bir gün mənə
“Əziz, müəllim kim, tələbə
kim? - mənim sənə deyəcəyimi sən mənə
deyirsən” dedi. Məndə
isə “biz türklər hər kəsdən
üstünük” kompleksi var idi. Uşaq deyildim, ancaq o
zamankı düşüncəm belə idi. Con Hopkins Universitetində ingilis dili
ilə bağlı problemi həll etdikdən 6 ay sonra mən
artıq amerikalılara dərs deyirdim. Elmi çətinliyim yox idi, sosial
problemlərim oldu”,
- deyən alim
Amerikaya getdiyi ilk illəri xatırlayır. ABŞ-da ilk çətinliklərdən
sonra vətənə dönən gənc tədqiqatçı
1 ildən sonra təkrar olaraq ABŞ-a, Çapel-Hill
Universitetinə yollanıb. Universitetdə tədris ingilis dilində idi. Əziz isə fransız dilini öyrənmişdi.
Az vaxt ərzində ingilis
dilini mükəmməl surətdə mənimsəyən gənc
tədqiqatçı həmkarlarını və onunla işləyən
müəllimlərini belə təəccübləndirib.
Uzaq ölkədə üzləşdiyi bir sıra çətinliklərə
baxmayaraq gənc
tədqiqatçı heç vaxt ruhdan düşməyib,
inandığı sahədə daha da irəliləməyə qərar verib: “Bir dəfə ilkin
qoyduğum təcrübələrdən biri nəticə verməyəndə mən öz qabiliyyətlərimə
olan ümidlərimi itirməyə başladım. Hətta vəziyyət elə bir həddə
çatdı ki, mən fikirləşdim:”Səndə eksperimental təcrübələr
üçün istedad yoxdur. Sən
yaxşı həkim olmusan, niyə də həkimlik
praktikasına geri qayıtmayasan? Lakin mən
elmdə qaldım”. O,
ABŞ-ın Dallas ştatındakı Texas Universitetində
molekulyar biologiya sahəsində DNT-nin təmiri üzrə
doktorluq dissertasiyası müdafiə edib. Daha sonra Yel Universitetində DNT-nin bərpası üzrə
dosent vəzifəsi alıb.
“DNT-nin təmiri”
1982-ci ildən
Şimali Karolina Çapel-Hill Universitetində biokimya və
biofizika sahələrində çalışan alim burada
DNT-nin təmiri, hüceyrə düzülüşü, xərçəngin
müalicəsi və vücudun bioloji saatı üzərində
çalışıb. Tədqiqatlar gedişində Əziz Səncəri təəccübləndirən
o idi ki, ultrabənövşəyi
şüaların
öldürücü dozalarını alan bakteriyalar müşahidə
olunan diapazonda mavi işıqla şüalandıqdan sonra
öz qüvvələrini bərpa
edirlər. Artıq Texas
laboratoriyasında işlərkən Ə.Səncər ultrabənövşəyi
şüalanmanın (fotoliaz) vurduğu zərərin aradan
qaldırılmasına cavabdeh olan gen fermentini uğurla müəyyən
edə bilib və kodlaşdırıb. 1970-ci
illərdə bu kəşf Amerika universitetlərində
böyük maraqla qarşılanmışdı. O, az sonra öz tədqiqatlarını Yel Universitetində davam etdirməli
olmuşdu. Məhz Yel Universitetində alim ultrabənövşəyi
şüalanmadan sonra hüceyrə təmirinin ikinci sisteminin təsvirini verib. Fotoliazdan fərqli
olaraq ikinci sistemdə bərpa qaranlıq şəraitdə
davam edir. 1980-ci ildə Səncər Çapel-Hill
Universitetində daimi vəzifə alır və tezliklə istər
bakteriya, istərsə də insan
DNT-sinin təmir olunması problemini tədqiq etməyə
başlayır. Hələ
2005-ci ildə Türkiyədə keçirilən elmi forumda
Ə. Səncərin bu işlərinin Nobel mükafatına
layiq olduğunu əvvəlcədən xəbər
vermişdilər. O isə
öz açıqlamalarında “ötən illər ərzində
Əhməd Ayıq və Nəim Süleymanoğlu (məşhur türkiyəli
idmançılar) qızıl medal qazananda çox sevinər,
onların rəsmlərini otağımda yuxarı başda
asardım. Kaş ki,
mən də türk millətinə belə bir
şərəf qazandıra biləydim deyə
düşünürdüm. İndi bu uğurlarım türk
gənclərini elmə təşviq edə bilsə, çox xoşbəxt olaram“,- deyə
bildirirdi. Səncər Nobel mükafatı məsələsində
“mənim Nobeldə gözüm yox, onu da tələbələrimə
verirəm” deyirdi.
34 illik zəhmətin bəhrəsi
Əziz Səncər DNT-nin təmiri ilə
əlaqədar tədqiqatlara tam 34 il əmək sərf edib. Nəhayət,
2015-ci il oktyabrın 7-də İsveç Elmlər
Akademiyası yanında Nobel Mükafatları Komitəsi
bütün türk dünyasını sevindirən qərarını
açıqlayıb: Ə.Səncər DNT-nin təmiri sahəsində
xidmətlərinə görə isveçli alim Tomas Lindal,
amerikalı Pol Midriçlə
birgə Nobel mükafatına layiq görülüb. Nobel Komitəsinin mətbuat üçün
açıqlamasında bildirilib ki, alimlər DNT-nin “təmiri”
və genetik informasiyaların qorunub saxlanılması
zamanı molekulyar səviyyəni göstərən üsulun
tapılmasına görə bu mükafata layiq
görülüblər. Nobel komitəsi
alimlərin işlərini yüksək qiymətləndirib.
Açıqlamada bildirilib: “Üç alimin sistemli işləri
canlı hüceyrələrin necə
çalışması ilə yanaşı, irsi xəstəliklər,
xərçəng və qocalmanın arxasındakı amilləri
anlamaqda böyük rol oynayır.”
Əziz Səncər
DNT-də bir sıra genetik qüsurların aradan
qaldırılması üsulunu kəşf edib ki, bu da xərçəngdən
əziyyət çəkən xəstələrə
sağalmaq ümidi verir.
Professor
Əziz Səncərin xərçəng xəstəliyi sahəsində
apardığı mühüm tədqiqatlar bütün dünyada alimlər
tərəfindən yüksək qiymətləndirilib. O, xərçəng xəstəliyində
“vücudun ritmik saatı” nəzəriyyəsinin müəllifidir.
Ə.Səncər hesab edir ki, “ritmik saat”
orqanizmin bütün funksiyalarına nəzarət edir. Mexanizm xərçəng hüceyrələrinin
yaranması, bölünməsi və inkişafını da
müəyyən edə bilər. Əgər
bu saatın işləmə mexanizmi müəyyən edilsə,
xərçəng xəstəliklərini müalicə etmək
üçün təsirli dərmanlar yaratmaq olar.
“Bu xəbəri
gözləmirdim”
Əziz Səncər
ailəsi 2015-ci il oktyabrın 7-də Stokholmdan gələn telefon zənginə
oyandı. Telefonun dəstəyini alimin
həyat yoldaşı götürüb. Telefonda olan şəxs
həyəcanla Əziz
Səncəri soruşub və çox önəmli
bir xəbər üçün onu oyatmağı xahiş
edib. “Yarım saat öncə (səhər
saat 05:00 ) bir telefon zəngi gəldi.
Telefonu yoldaşım götürdü və
məni oyatdı. Mənə dedilər ki, Nobel mükafatına layiq
görülməyiniz barədə xəbər
almısınızmı və Stokholma mükafatı
almağa gələ biləcəksinizmi. Heç
gözləmirdim, xeyli çaşbaş qaldım. Məntiqli olmaq və fikirlərimi düzgün
çatdırmaq üçün əlimdən gələni
etdim. Yoldaşımla bir müddət
bir-birimizin üzünə baxdıq. Amma ən
gözəl an idi. İllərdir məndən
nə zaman Nobel alacağımı soruşurdular və mən
bu sualı eşitməkdən yorulmuşdum. Dolayısı ilə ölkəm üçün də
ayrıca qürur duyuram.
...Mənə çox gözəl təhsil verən vətənimdir.
Mənə fövqəladə tibb təhsili verdi
və buradakı uğurlarımın qaynağı oldu. Bu baxımdan vətənimə çox minnətdaram.
Bütün Türk millətinə sevgi və
salamlarımı çatdırıram”, -deyə alim Nobel komitəsinin
saytına eksklüziv müsahibəsində bildirib.
Ə.Səncər bu il Nobel mükafatını, xüsusən
də kimya sahəsində almağı gözləmədiyini deyib.
O, nə
vaxtsa bu mükafatı gələcəkdə, özü də tibb sahəsində
ala bilməsini güman edirdi.
“Bu kəşf həyatda
mənə ən çox məmnunluq yaşadan kəşfdir. Xatırlayıram, bu
kəşfi etdiyim gün biokimyaçı olan həyat
yoldaşıma dedim ki, indiyə qədər tək Allahın
bildiyi mühüm bir şeyi bütün dünyada bu an bir mən bilirəm”.
“Gənclər mənim etdiyimi etməsin”
Əziz Səncər onu
Nobelə qovuşduran böyük elmi yolun təməlinin ABŞ-da deyil, Türkiyədə
qoyulduğunu bildirib. Xaricdə
oxumağa gedən türk gənclərə üz tutan
nobelçi alim qeyd edib: “Elmi düşüncəni Türkiyədə
öyrəndim. Xarici ölkələrə oxumağa getsinlər,
oraları görsünlər, çalışsınlar, lakin
mənim etdiyimi etməsinlər, Türkiyəyə
dönsünlər”. Jurnalistlərlə
görüşündə alim xarici ölkələrdə təhsil
alan gənc tədqiqatçıların təhsillərini başa vurduqdan sonra vətənə
dönmələrini tövsiyə
edib.
Bizim məmləkətdə
çox gözəl bir təhsil var. Türkiyədə
ibtidai, orta məktəblərimiz,
liseylərimiz, universitetlərimiz pulsuzdur. Mənə
bu imkanlar təmin edildi. Türkiyədə universitetdə oxuyarkən orada
gördüyüm təhsil buradakı universitetlərin səviyyəsində
idi. Türkiyə
bizləri çox gözəl təhsillə təmin edir.
Bunu Amerikada edə bilməzsiniz. O baxımdan mən bu mükafata
görə məmləkətimə və respublika
dövrünün başlatdığı təhsilə
borcluyam. Mən buraya gəldim, müvəffəqiyyət
qazandım, amma mənə bu təməli verən Türkiyədəki
təhsildir. Mən buraya 1974-cü ildə gəldim, o gəldiyim
dövrdə Türkiyənin bugünkü imkanları yox idi.
Lakin məni Türkiyə
hazırlamışdı. Mən buraya gələndə
araşdırma edə biləcək səviyyədə idim”.
Nobel aldıqdan sonra da
araşdırmalarını fəal surətdə davam etdirəcəyini
bildirən alim “elmin sonu yoxdur, araşdırmalarımız
davam edəcək” deyib.
Alim Avropa və Amerikada çox bacarıqlı, parlaq
türk elm adamlarının olduğunu qeyd edib: “Amerikada Nobel
mükafatı ala biləcək səviyyədə tədqiqatlar
aparan insanlarımız var. İnşallah onlar da uğur
qazanar. Ümidliyəm, başqa Nobel
mükafatı alanlarımız da olacaq”.
Tələbkar,
qayğıkeş müəllim
34 ildir
ki, Çapell-Hill Universitetində həftənin 6 günü
gündə 12 saat işləyən Ə.Səncər tələbələrini çox sevir, onlara hər zaman əl
tutur. Elmi araşdırmalarda onlara hərtərəfli dəstək
olur. Diqqət və qayğısı sayəsində Türkiyədən
Amerikaya gəlmiş onlarla gənc Harvard Universiteti də daxil
olmaqla ölkənin nüfuzlu ali məktəblərində,
elmi-tədqiqat mərkəzlərində fəaliyyətlərini davam etdirməkdədirlər.
Onun iş kabinetinin
divarları yetirmələri olan tələbələrinin şəkilləri
ilə doludur. Tələbələri
qeyd edirlər ki,
professor Ə.Səncər
çox tələbkar, nizam-intizamı sevən alimdir.
Çalışmağı çox sevən alim Amerikaya
getdiyi ilk vaxtlarda universitet laboratoriyasında gündə 16-18 saat tədqiqat
aparmaqla məşğul olub, barəsində rektorluğa
şikayət edilib və ona mövcud qanunların buna icazə
vermədiyi izah olunub. Əziz Səncər
tələbələrinə və tədqiqatlarına o qədər
vaxt ayırır ki, bəzən konfranslarda belə onu az-az görmək olar. Çox vacib
konfranslara isə laboratoriya xələtində qatılır. Müəllim həmkarları,
professorlar Səncər barədə “o, sadəcə elm fədaisidir”
deyirlər. Səncərin laboratoriyasında hazırda 12 tələbə
tədqiqatlar aparır. Onların arasında türkiyəli gənclər də
var. Ə.Səncər bir alim, bir tədqiqatçı,
bir şəxsiyyət kimi onlar
üçün örnəkdir. 40 ilə yaxındır
ki, Amerikada müəllimlik edən nobelçi alim pedaqoji fəaliyyətinin ilk
günlərinə aid bir maraqlı hadisəni
açıqlayıb: “Amerika yaxşı bir yerdir, amma yad
oldunmu, türk də olsan, çinli də olsan, koreyalı də
olsan, bir
çatışmazlığımız var. Çünki gəlib
burada dərs verəcəksən. Ləhcəmiz hiss olunur. Amerikalı uşaq
bizim söylədiklərimizi başa düşmür. Xatırlayıram, burada ilk dərsimi
verəndə, bilirsinizmi, tələbələrin müəllimlərlə
bağlı qiymətləndirmələri olur, bir uşaq barəmdə “Onu ilk gəmiyə
mindirib, Türkiyəyə geri
göndərin” deyə yazmışdı. Məndə
türk ləhcəsi açıqca hiss olunurdu”.
Akademik
sahədə az rast
gəlinən bir uğura imza atıb
Əldə
etdiyi elmi nəticələri ilə bütün dünya miqyasında tanınan
Ə.Səncər 2005-ci ildə
dünyanın ən nüfuzlu elm təşkilatlarından
olan Amerika Milli Elmlər Akademiyasının, 2006-cı ildə
Türkiyə Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 1997-ci ildən bu günə qədər
ABŞ-ın Şimali Karolina
Çapel-Hill Universitetində
biokimya və biofizika fakültəsində müəllim
işləyən professor
Ə.Səncər nəşr etdirdiyi 33 kitab, 300-ə yaxın
elmi məqalə və bu məqalələrə edilən 12
mindən çox istinadla akademik sahədə az rast gəlinən bir uğura imza atıb. Professor Əziz Səncər 1984-cü ildə Amerika Prezidentinin Gənc
Araşdırmaçı,
2004-cü ildə Amerika Elm və Sənət
Akademiyasının, 2005-ci ildə
Amerika Milli Elmlər Akademiyasının, 2006-cı ildə Türkiyə Elmlər Akademiyasının, 2007-ci
ildə Türk Koç, 2009-cu
ildə Texas Universitetinin
“Seçilmiş məzunlar”,
2014 -cü ildə “Dəvət olunmuş ən
yaxşı professor”
mükafatlarına layiq görülüb.
Nobel mükafatını “Türk
evi”nə bağışlayacaq
Əziz Səncər Kaliforniya
Universitetinin professoru olan Gven Boles Səncər ilə evlidir.
Gven Səncər Şimali Karolina Çapel-Hill Universitetinin biokimya və biofizika
bölümünün müəllimidir. Onlar birlikdə Amerikada oxuyan türk tələbələrə
yardım göstərmək və Türkiyə-Amerika əlaqələrinin inkişafına xidmət
üçün “Əziz və Gven Səncər Vəkfi”-ni
qurmuşlar.
Əziz Səncər 34
il əmək sərf etdiyi kəşfə görə
aldığı Nobel mükafatını da
“Türk evi”nə xərcləyəcəyini bildirib.
Türk dünyasına şərəf gətirmiş
nobelçi alimə həsr olunmuş məqaləni onun
aşağıdakı xatırlaması ilə son vurmaq istərdik. Bu xatırlamada iti zəkası,
möhkəm iradəsi, çalışqanlığı sayəsində
zəmanəmizin ən görkəmli alimlərindən biri
zirvəsinə yüksəlmiş Əziz Səncərin həyat
kredosu əksini tapıb:
“Xatırlayıram, 1-2 il əvvəl bir tədqiqatçı həmkarımla elmi kəşflərin mənəvi və maddi dəyərlərini danışırdıq. Həmkarım mənə bu kəşfə maddi bir qiymət verməyimi istədi. “Sənə on milyon dollar versək, bu kəşfi bir başqasına verərsənmi?” desələr heç düşünmədən “Yox” deyərəm. Çünki kəşf hər cür maddi mükafatdan başqa, mənə nadir hallarda tapa biləcəyim daxili bir rahatlıq vermişdir. Bundan başqa, gələcək nəsil türk tədqiqatçıları biokimya və molekulyar biologiya dərslərində bunu görüb “Bu kəşfi bizdən biri etdi” - deyəcəklər. Onlara bu etimadı verməklə vətən torpağıma xidmət etdiyimi hiss edirəm”.
Məqalədə Nobel
Mükafatları Komitəsinin,
Şimali Karolina Çapel-Hill
Universitetinin
materiallarından istifadə olunub.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2015.- 31 oktyabr.- S.9.