Mənəvi borc

 

Müəllimim Sayalı xanımın əziz xatirəsinə ithaf edirəm

 

Hər qadın ayrıca bir dünya - həyat imiş. Deyilən bu müdrik fikri, uzun illərin yaşam təcrübəsi, ağrılı-şirinli, enişli-yoxuşlu ömrün müəyyən zirvəsinə çatanda anlayırsan, öz həyat tərzində duyursan. Əlbəttə, bu isti, əziz duyğuların ünvanı analardır. Sayalı xanım  mənim, bizim (Bakı şəhəri 246 nömrəli tam orta məktəbin 1975-ci il buraxılışı) sinfin düz 40-45 il öncə müəllimi olub. Onun haqqında keçmiş zamanda danışmaq mənim üçün də ağırdır. Adi, sadə görünür bu ifadə: “müəllimim olub”. Fəqət ilk təqdimatda belə ola bilər: illərin, on illiklərin uzaqlığı, həyat mənzərələrimizin tam dəyişməsi, böyük itkilər, qazanclarımızın fonunda Sayalı müəllimə minnətdarlıq hissimiz daha çox artıb, onunla bağlı təəssüratlar, xatirələr yenə də canlı və əzizdir.

Sayalı müəllimin daim gülən üzünü, məhəbbətlə bizlərə baxan gözlərini, gözəl simasını, bizə öz övladı kimi əsirgəmədiyi qayğısını bu gün də minnətdarlıqla xatırlayırıq. Bu elə yanaşma, elə bir hiss idi ki, biz onu müəllimdən çox məktəbdəki anamız kimi qəbul edirdik. Çox xanım-xatın, zövqlə geyinən, səsini heç bir halda ucaltmayan, ahəngini, tərzini pozmayan, heç kəsi incitməyən mərhəmətli, ipək kimi gördük həmişə onu. Amma Sayalı müəllim həm də ciddi, intizamlı idibu bizə təsir edirdi, heç kəs onun dərsinə gecikməz, dərsindən qalmazdı. Hamının dəftəri, albomu, kitabı yerində olardı. Bizlər həftədə iki dəfə olan biologiyaya zoologiya dərslərini səbirsizliklə gözləyərdik ki, indi Sayalı müəllim səbrlə, diqqətlə sənə yanaşacaq, başını tumarlayacaq, köynəyinin yaxasını, saçının lentini şəfqətli əlləri ilə qaydaya salacaq, əyər-əksiyini (əsasən də qızların) çox sakitcə qulağına pıçıldayacaq. Elə həvəslə, müxtəlif avadanlıqların köməyi ilə təcrübələri bizə göstərərdi, onu təkrar etmək üçün sinfimizdə böyük rəqabət, canatmalar başlayardı, bu tablonu, bu ovqatı heç zaman unuda bilmirəm...

Sayalı müəllim sanki dünyaya yaxşılıq etmək, xeyirxah işlər görmək üçün gəlmişdi. Biz kiçik bir qəsəbədə, eyni məktəbdə oxuduğumuzdan ailələrimizi, bizdən yuxarı siniflərdə oxuyan bacı-qardaşlarımızı müəllimlərimiz tanıyardı. Bu doğmalığı bir az da müəllimlərimiz, o cümlədən Sayalı müəllim yaratmışdı; yeri gələndə valideynlərimizin halını, sağlamlığını, bacı-qardaşlarımızın məktəbdəki uğurlarını bizim dərslərdə fərəhlə qeyd edərdilər. Sayalı müəllim böyük qürurla yetirməsinin - mənim bacımın orta məktəbi qızıl medalla bitirib, onun fənnindən -  biologiyadan  “5” qiymət alıb Tibb Universitetinə (o zaman N.Nərimanov adına Tibb İnstitutu adlanırdı) daxil olmasını öz övladının, özünün uğuru kimi söyləyərdi, böyük qardaşımın gözəl rəssam olacağını böyük sevinclə, ümidlə arzu edərdi. Yenə də təkrar edirəm: hamıya diqqətli və şəfqətli idi, heç kəsdən qayğısını, xoş sözlərini, umidverici gözlərini əsirgəməzdi. Onun neçə-neçə yetirməsi ali məktəblərə daxil oldu, onun yolunu davam etdirən çox oldu, həyatda müəyyən uğurlar qazandı, ailə sahibi oldu.

Allah da ona hər şeyi səxavətlə bəxş etmişdi: daxili gözəlliyinə tam bərabər xarici yaraşığı ilə yanaşı gözəl ürək, mərhəmət hissi, hamıya sevgi göstərmək bacarığı. Bu sadalananlardan ən çox ona uyğun gələni isə sonsuz təvazökarlığı, sadəliyi idi. Valideynləri də ona Sayalı adı qoymaqla sanki gələcək ömrünü yönəltmişlər: yəni əli sayalı olacaq, niyyəti, ürəyi sayalı olacaq, hər gördüyü düşərli olacaq. Belə görmək istəyirmişlər, arzu edirmişlər... bu gün, illər sonra onu tanıyan biri kimi ürəklə deyə bilirəm ki, Sayalı xanım ömrünü bu məramla keçirdi. O, yalnız məktəbin yox, rayonun və şəhərin ictimai həyatında da fəal iştirak etmişdir. Dəfələrlə rayon və şəhər Sovetlərinin deputatı seçilmiş, fəal vətandaşlıq mövqeyi nümunəsini şagirdlərinə də təlqin etmişdir. Onu beləcə gördük, belə sevdik, belə xatırlayırıq. Güman edirəm ki, biz durduqca, şagirdləri var olduqca, bu hisslər və xatirələr də onun şagirdləri ilə bu dünyanı paylaşacaq. Onun əməyi dövlətimiz və hökumətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Övladları da onu yaşadırlar əməlləri ilə.

Əziz Sayalı müəllimin həyatda olmadığı bu bir il, onun yalnız fiziki yoxluğuna aid ola bildi. Bu günlərdə 80 yaşı tamam olacaqdı əziz və unudulmaz müəllimimizin. Sayalı Əhmədovanın - əziz müəllimimizin solmaz xatirəsi onu tanıyanların, şagirdlərinin ürəyində, yaddaşında daim canlı olacaqdır.

 

Xatirə BƏŞİRLİ,

filologiya üzrə elmlər doktoru, professor,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat

Muzeyinin elmi işlər üzrə direktor müavini

 

Azərbaycan müəllimi.- 2015.- 31 oktyabr.- S.14.