Mirzə Ələkbər Sabir haqqında

yeni kitab çapdan çıxıb

 

İstedadlı alim, yorulmaz tədqiqatçı, bütün həyatını elmə həsr edən, ədəbiyyat tarixi, ədəbiyyatşünaslıq, çağdaş ədəbi proses, ədəbi tənqid tarixi, türk xalqları ədəbiyyatı kimi müxtəlif sahələrdə maraqlı araşdırmalar aparan və bu araşdırmaların nəticəsi olaraq dəyərli elmi əsərlər, monoqrafiyalar meydana qoyan Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru  Təyyar Salamoğlunun bu günlərdə "M.Ə. Sabirin milli intibah idealı" adlı yeni kitabı çapdan çıxıb.

Hər birinin öz tədqiqat obyekti, təhlil predmeti olan məqalələrdən ibarət kitab bu dahi satirik şairin poetik irsinə yeni  yanaşma  nümunəsi olub, Sabir sənətinin böyüklüyünü, Azərbaycan ədəbiyyatında  yaratdığı məktəbi  sənətkarlıqla  əks etdirir.

"Orxan" nəşriyyat və poliqrafiya müəssisəsi tərəfindən çapdan buraxılmış kitabın redaktoru tanınmış alim, filologiya üzrə elmlər doktoru Zaman Əsgərli, rəyçiləri isə filologiya üzrə elmlər doktorları Tahirə Məmməd və Yaqub Babayevdir.

İstedadlı ədəbiyyatşünas Zaman Əsgərlinin kitaba yazdığı ön sözdə onun  bir sıra məziyyətləri, o cümlədən  burada toplanan məqalələrin hamısı üçün səciyyəvi olan polemik ruh yüksək qiymətləndirilir, müəllifin problemə yanaşma tərzi təqdir olunur.

4 məqalədən ibarət kitabdakı birinci məqalədə M.Ə.Sabirin yaradıcılığı milli ədəbi tənqid müstəvisində təhlil olunur, şairin irsindən bəhs edən tədqiqatçı alimlərin əsərləri, söylədikləri maraqlı fikirlər dəyərləndirilir.

"Sabirin milli intibah idealı" adlı ikinci məqalə "Hophopnamə"nin "əzəl mübtədası" millət sözüdür deyən müəllifin M.Ə. Sabirin milli intibah idealı haqqında qənaətlərini əsaslandırmaq, şairin tənqid-gülüş hədəflərini müəyyənləşdirmək, bədii gülüşünün mahiyyətini düzgün aydınlaşdırmaq baxımından diqqəti cəlb edir.

"Sabirşünaslıq monopoliyadırmı" ("Sabirşünaslığa "töhfə"  müəllifinə) adlanan III məqalədə müəllifin "Azərbaycan" jurnalının 2012-ci il 3-cü sayında dərc  olunmuş "Sabirin milli intibah idealı adlı məqaləsi ilə əlaqədar professor Tərlan Novruzovun "Kaspi" qəzetinin 18 dekabr 2014-cü il nömrəsində dərc etdirdiyi "Sabirşünaslığa "töhfə" məqaləsinə cavab verilir.

Kitabın sonuncu -  "Sabir satirasının dialoji məzmunu" məqaləsində böyük ədibin sənətkarlığından söz açılır, "ikisəslilik" şairin satirik sənətkarlığının orijinal göstəricisi hesab edilir.

Kitab bütövlükdə müəllifinin güclü mühakiməyə, iti təxəyyülə, polemik düşüncəyə malik bir tədqiqatçı olduğunu bir daha açıb göstərir. İnanırıq ki, indiyədək "Pedaqoji mühit və uşaq ədəbiyyatı" (1992), "Faciəli talelər (Azərbaycan repressiya və mühacirət şeirinə dair portret-oçerklər)" (1998), "Müasir Azərbaycan romanının poetikası (XX əsrin 80-ci illəri)" (2005), "Müasir Azərbaycan romanı: janr təkamülü (XX əsrin 80-ci illəri)" (2007), "Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri" (2008), "Tarix və çağdaş ədəbi prosesə dair araşdırmalar" (2009) monoqrafiyalarının,  "Ədəbi tənqid tarixinə dair portret oçerkləri", "Müasir Azərbaycan ədəbiyyatı" adlı dərs vəsaitlərinin, 150-dən artıq elmi məqalənin müəllifi, "Azərbaycan klassık uşaq ədəbiyyatı antologiyası", "Ömrü şərəflə yaşayanda" kitablarının, "Ən yeni Azərbaycan ədəbiyyatı", "XIX əsr Azərbaycan ədəbiyyatı", "Ədəbi tənqid tarixi"  fənlərinə dair tədris proqramlarının tərtibçisi kimi tanınan, bir sıra beynəlxalq konfanslarda dəyərli elmi əsərləri ilə iştirak edən, elmi məqalələri Rusiya, Türkiyə və digər xarici ölkələrdə çap edilən alimin yeni kitabı  da ədəbi-elmi mühitdə maraqla qarşılanacaq və ədəbiyyat elminə dəyərli töhfə kimi qiymətləndiriləcək. 

 

Səkinə BAYRAMOVA,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

müəllimi, filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan müəllimi.- 2015.- 5 sentyabr.- S.7.