"Gələcək
karyeramı Mərkəzi
Bankda qurmağı planlaşdırıram"
Böyük Britaniyanın Queen Mary London Universitetinin
magistrantı Məhəmməd Məhərrəmli
ilə söhbət
Məhəmməd Mirqalib oğlu Məhərrəmli 1991-ci il
noyabrın 15-də Gədəbəy rayonunda anadan olub. 2008-ci ildə
şəhər 1 nömrəli
tam orta məktəbi bitirib. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsinə daxil olub. 2012-ci ildə həmin
universitetin "Xüsusi
İstedadlar Qrupu"ndan
(XİQ) məzun olub.
2012-2013-cü illərdə
"Hyatt" korporasiyasında daxili auditor kimi fəaliyyət göstərib. 2013-cü ilin sentyabrından "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
Böyük Britaniyanın
Queen Mary London Universitetində magistratura təhsilinə başlayıb.
- Xaricdə təhsil
almağa necə qərar verdiniz? İxtisas seçimində kimlərin
dəstəyi oldu?
- "Xüsusi İstedadlar Qrupu"nda təhsil almaq demək olar ki, mənim həyatımı dəyişən
əsas amillərdən
biri oldu. Çünki bu qruplarda bütün dərslər xarici və
ya xaricdə oxumuş müəllimlər
tərəfindən ingilis
dilində tədris olunurdu. Bu isə bizdə xarici ədəbiyyatı oxumaq və qavramaq qabiliyyətini gücləndirdi,
tezliklə öyrəndiyimiz
biliklərin daha da təkmilləşdirilməsinə ehtiyac
yarandı və biz də xaricə üz tutduq. İxtisas seçiminə
gəldikdə isə,
maliyyə və mühasibatlıq sahəsində
təhsil almaq mənim
arzum idi. Bu arzu
Azərbaycanda həmin
sahəyə artan tələbat, həm də bakalavr dövründə aldığım
təhsilin nəticəsində
yaranmışdı.
Mən
deyərdim ki,
2013-2014-cü ildə Dövlət
Proqramı çərçivəsində
tələbələrin seçim
prosesi əvvəlki illərə nisbətən
yenilik idi. Bu, ədalətli, sistemli və şəffaf bir seçim prosesi ilə diqqət çəkdi.
- Təhsilimizdə gedən
proseslərə münasibətiniz?
- Son illərdə böyük
işlər görülür.
Təbii ki, irəlidə görüləcək
çox işlər
var. Cənab Prezidentimiz
İlham Əliyevin sözləri ilə desək, "Biz iqtisadi potensialımızı insan
kapitalına çevirməliyik". Həqiqətən
də hazırda ölkəmizdə
ən çox diqqət təhsil sahəsinə yönəldilib. Təhsil naziri Mikayıl Cabbarovun ölkəmizin
təhsil sisteminə gətirdiyi yeniliklər bütün cəmiyyətdə
rəğbətlə qarşılanır.
Aparılan islahatlar
təhsil sistemimizin səviyyəsinin
güclənməsinə xidmət edir.
- Tələbə həyatınız
necə keçir?
- Londona gedəndə
iqlimlə bağlı
bir az çətinliklər
oldu, amma ingilislər olduqca mədəni və istiqanlı xalqdır, buna görə də çox çətinlik çəkmədik.
Amma Britaniyada magistr dərəcəsi almaq çox çətindir.
İmtahanlardan yaxşı
qiymətlər almaq üçün bəzən
gecələri kitabxanada
keçirmək lazımdır,
amma bu çətinliyin özü
də xoş gəlir, çünki çox dəyərli biliklər qazanırsan. Hər çətinliklə qarşılaşdıqda
bu biliklərin Azərbaycanımıza verəcəyi
faydaları düşünmək
məni həmişə
həvəsləndirib.
Asudə vaxtım
çox az
olur və daha çox idmanla məşğul oluram. Bundan başqa, Britaniyanın
"Financial Times" kimi məşhur
jurnallarında dərc
olunan materialları izləyirəm.
- Oxuduğunuz ali məktəb barədə...
- Queen Mary London Universitetinin əsası
1785-ci ildə qoyulub. Hazırda dünyanın ən
yaxşı 100 universiteti
sırasındadır. Ali məktəbdə 15 minə yaxın tələbə təhsil
alır.
Tələbələrin 30 faizini dünyanın 130 ölkəsindən olan əcnəbilər təşkil
edir. Universitet məzunlarından 5 nəfər Nobel mükafatına
layiq görülüb. Oxuduğum ixtisasa görə,
yəni maliyyə və mühasibatlığa
görə isə Böyük Britaniyanın
ən yaxşı dörd universitetindən biridir.
- Universitetdə imtahan
sessiyası necə təşkil olunur?
- Bizim universitetdə
bütün imtahanlar - həm
qış,
həm də yay semestrinin imtahanları may ayı ərzində olur. Bütün imtahanlar yazılı esse suallardan ibarət olur və London Universiteti tərəfindən mərkəzləşmiş
qaydada aparılır.
İmtahan nəticələri isə həm universitet daxili, həm də başqa universitetlərdən
olan müəllimlər
tərəfindən yoxlanılır.
- Universitetdə mühazirələrin
təşkili necə
qurulub?
- Bütün mühazirələr
interaktiv metod üzərində qurulub, yəni mühazirələrdə
müəllim və tələbə arasında
fikir mübadiləsi aparılır. Bütün zəruri materiallar hər
tələbənin elektron hesabında yerləşdirilir,
tələbə istənilən vaxt materiallardan istifadə edə bilir.
Dərs prosesinə nəzarət universitet tərəfindən aparılır və
eyni zamanda tələbələrdən
müəllimlər haqda anonim
sorğu alınır ki,
bu sorğuların nəticəsi müəllimlərin
həm maaşına, həm də gələcək dərslərinə
təsir edir.
- Əcnəbi tələbələrin
təhsil üçün Britaniya
universitetlərini seçməsini necə izah
edərdiniz?
- Sonuncu
reytinq cədvəllərinə baxsaq görərik ki,
dünyanın ən yaxşı altı universitetindən dördü Britaniya universitetidir. Britaniyada təhsil
almaq üçün
səbəblər çoxdur, məsələn,
ən yeni texnologiyaların olduğu laboratoriyalar, zəngin
kitabxanalar, bütün
tələblərə cavab verən kampuslar və yüksək keyfiyyətli təhsil.
Bundan başqa, Britaniyada məzun
olmuş tələbə bilir
ki, onun diplomu dünyada
tanınır və dünyanın hər yerində iş tapa bilər.
- Bir
neçə kəlmə seçdiyiniz
ixtisasın əhəmiyyəti barədə...
- Güclü
bir ölkə üçün
güclü iqtisadiyyat, güclü bir iqtisadiyyat üçün də güclü
maliyyə və mühasibatlıq sistemi
olmalıdır. Beynəlxalq mühasibatlıq və maliyyə
sisteminə keçidlə əlaqədar bu
sahədə peşəkar kadrlara olan tələbat gündən-günə artır. Buna
görə də bu keçid dövründə
Azərbaycan Respublikasına yararlı peşəkar kadr
kimi
yetişmək mənim əsas hədəfimdir.
- Gələcək
planlarınız?
- Gələcək
karyeramı Mərkəzi Bankda qurmağı planlaşdırıram.
Ölkəmizə və millətimizə yararlı işlər
görmək üçün hər zaman əlimdən gələni edəcəm.
Oruc
MUSTAFAYEV
Azərbaycan müəllimi.-
2015.- 10 yanvar.- S.7.