Azərbaycan Dövlət
İqtisad Universiteti
Biznes İnkubatoru, Virtual Şirkəti, Karyera Mərkəzi olan universitet
Qısa arayış
Əsası 1930-cu ildə qoyulub. Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir, 11 fakültəsi var, 21 ixtisas üzrə 16 mindən çox, o cümlədən dünyanın 12 ölkəsindən olan 850-dən çox tələbə və magistrant təhsil alır. Respublikanın tələbə sayına (2537 tələbəsi var) görə ən böyük fakültə (iqtisadiyyat və sənaye fakültəsi) bu universitetdədir. Ümumilikdə, 2013-2014-cü tədris ilində universitetin bakalavr və magistr pillələrini bitirən məzunların sayı 4738 nəfərdir. Universitetdə mindən çox müəllim, o cümlədən sıralarında Azərbaycan Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvləri, Dövlət mükafatı laureatları, əməkdar müəllim və elm xadimlərinin olduğu 2 akademik, 80-ə yaxın professor, 300-ə yaxın dosent, 85 nəfər elmlər doktoru, 530 nəfər isə fəlsəfə doktoru çalışır. ADİU Avropa Universitetləri Assosiasiyası, İslam Ölkələrinin Universitetləri Federasiyası, Avrasiya Ölkələrinin Universitetləri Assosiasiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin Universitetləri Şurasının tamhüquqlu üzvüdür. Həmçinin Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının "UNCTAD" Virtual İnstitutunun üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetində Dünya Bankının İctimai İnformasiya Mərkəzi, Ümumdünya Ticarət Təşkilatının İstinad Mərkəzi fəaliyyət göstərir.
"Bir ölkənin
gələcəyi o ölkə insanlarının görəcəyi
təhsilə bağlıdır". XX əsrin əvvəlində deyilən
bu fikir məşhur alim Albert Eynşteynə məxsusdur.
Artıq XXI əsrdir, amma bu fikir öz aktuallığında
qalır. Və daima da qalacaq.
Azərbaycanda vətəndaşların
təhsil alması üçün məktəbəqədər
təhsildən başlayaraq, ali təhsilin bütün pillələrində
tədrislə məşğul olan dövlət və özəl
təhsil ocaqları var. Təbii ki, insanların həyatında
önəmli yerlərdən birini ali təhsil tutur. İxtisas
seçimi və alacağımız ali təhsil bizim gələcəyimizi
müəyyənləşdirən ən əsas məqamlardan
biridir. Bəs hansı ixtisası və hansı universiteti
seçməliyik? Seçdiyimiz universitetdə təhsilin
keyfiyyəti necədir?Bütün bu suallara cavab
tapmağınız üçün "Azərbaycan müəllimi"
qəzeti yeni layihəyə start verir. "Mənim
universitetim" adlanan layihəmizdə sizi Azərbaycanın
ali təhsil ocaqları, orada baş verən yeniliklər və
gələcək planlarla tanış etməyə
çalışacağıq. Layihə çərçivəsində
ilk qonaq olduğumuz ali məktəb ölkəmizin
iqtisadçı kadrlar hazırlayan ilk universiteti - Azərbaycan
Dövlət İqtisad Universitetidir (ADİU).
Universitetlə əlaqə
saxlayıb layihəmiz barədə məlumat verəndə,
çox böyük məmnuniyyətlə bizə kömək
etməyə hazır olduqlarını deyirlər. Biz də səhəri
gün ADİU-nun I tədris korpusuna yollanırıq.
İctimaiyyətlə əlaqələr şöbəsinin
qapısını döyürük. Şöbənin əməkdaşlarından
biri bizi universitetlə tanış edir.
Arxada qoyduğumuz ilin
uğurları və yenilikləri ilə bağlı söhbət
edirik. ADİU-nun ötən ilin sonunda diqqət çəkən
yeniliyi imtahanların internet üzərindən canlı
yayımlanması oldu. Biz də test imtahanı gedən
zallardan birinə daxil oluruq. Məlumat verilir ki, hazırda
maliyyə fakültəsi üzrə II kurslar (9 qrup birlikdə)
"Mühasibat uçotu" fənnindən imtahan verirlər.
Həm də imtahanların cədvəli və nəticələrini
öyrənmək üçün universitetin rəsmi
saytında məlumat yerləşdirilir.
Öyrənirik
ki, keçən il verilən qərara əsasən bu semestrdən
etibarən I kursların və SABAH qruplarının
imtahanları yazılı keçirilir. Ümumiyyətlə,
imtahan prosesinin keçirilməsi barədə bizə ətraflı
məlumatı Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi
və İdarə edilməsi Mərkəzinin direktoru Raqif Qasımov verir:
- ADİU-da təhsil
prosesinin şəffaflığını təmin etmək
üçün ilk addımlardan biri test suallarının və
onların cavablarının universitet saytında elan edilməsi
olub. Lakin imtahan nəticələrinin
analizi test metodu ilə tədris nəticələrinin qiymətləndirilməsinin
əzbərçilik, sualların mahiyyətinin başa
düşülmədən cavablandırılması, tələbələrin
növbəti təhsil pillələrində problemlərlə
qarşılaşması və bu kimi halların ortaya
çıxmasına səbəb olduğunu göstərib. Yazılı imtahanlarda şəffaflığın
təmini üçün Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi
və İdarəedilməsi Mərkəzi (TKQİM)
yaradılıb.
Yeni tədris ilindən birinci kurs tələbələrinin
yazılı kollokvium və imtahanlarının təşkilini
bu mərkəz həyata keçirir. Prosesə nəzarəti
mərkəz tərəfindən müəyyən olunmuş
şəxslər həyata keçirirlər. Bütün
imtahan prosesi rektorun şəxsi nəzarətindədir.
Raqif bəyə təşəkkür
edib keçən ildən yaradılan SABAH qruplarının
auditoriyalarına yollanırıq. SABAH qruplarının yerləşdiyi
dəhlizə gələndə yenidən yeni il
ab-havasını yaşayırıq. Hər tərəf bəzədilib.
Amma təəssüf ki, həmin gün qrupların
imtahanı olmadığı üçün tələbələri
görə bilmirik. Universitetin əməkdaşı bizə
banklardan birinin bu qruplar üçün yenidən qurduğu
auditoriyanı göstərir. Ustaların işlədiyi
auditoriya yeni texnoloji avadanlıqlarla təchiz olunacaq. SABAH
qrupları resurs mərkəzinin əməkdaşı isə
qruplar və auditoriyalar barədə məlumat verir:
- Universitetin SABAH qruplarında 9 ixtisas
üzrə 224 tələbə təhsil alır. Onlar 10 qrupa bölünüb və 10 auditoriya
ayrılıb. Auditoriyalarda smartboardlar
(ağıllı lövhələr)
quraşdırılıb. Onların
auditoriyalarının qapısında planşetlər yerləşdirilib.
İstənilən şəxs bu planşetdən
auditoriyanın boş olub-olmadığını, burada
hansı qrupun, hansı müəllimin olduğunu və
hansı fənnin tədris edildiyini görə bilər.
Eyni zamanda dəhlizdə elektron lövhə
quraşdırılıb ki, buradan SABAH-la bağlı istənilən
məlumatı, yenilik və xəbərləri əldə etmək
olur. SABAH qruplarında dərs deyən
bütün müəllimlər Təhsil Nazirliyinin
komissiyasından keçmiş müəllimlərdir. Tədris planları elə qurulub ki, burada intensiv
ingilis dili tədris olunmaqla yanaşı xarici ölkələrdən
gələn müəllimlər də dərs deyirlər.
Maraqlıdır ki, yeniliklər olan bu
qruplar özləri hansı işləri ortaya qoyur?
- Elə bu qruplar gələndən hər gün tədbirlər
keçirilir. İndi imtahanlar başladığı
üçün bir az sakitlikdir. Müxtəlif bölgələrimizə səyahətlər
təşkil edirlər. Yaxın zamanlarda
xarici ölkələrə də səfərlər gözlənilir.
Səfərlərdə məqsəd idarəetməni
öyrənmək, sertifikatlı kurslarda iştirak etməkdir.
SABAH qrupları üçün olan şərait
bütün universitetə tətbiq olunsa nə yaxşı
olar-deyirəm. İctimaiyyətlə əlaqələr
şöbəsinin əməkdaşından müsbət
cavab alıram:
- Bu ildən etibarən universitetimiz elektron sənəd
dövriyyəsinə keçir. Dəhlizlərdə
quraşdırılacaq elektron lövhələr vasitəsilə
bir çox məsələlər asanlaşacaq. Məsələn, tələbə arayış
almaq istəyir. Bu barədə elektron
lövhədə məlumatı qeyd edəcək və ona
bildiriləcək ki, nə vaxt və haradan götürə
bilərsən. Bu həm də kağız
itkisinin qarşısını alır. Rektor
deyir ki, bizim məqsədimiz SABAH qruplarına
yaratdığımız şəraiti bütün universitetə
və bütün tələbələrə tətbiq etməkdir.
SABAH qrupları mərkəzinin əməkdaşına
təşəkkür edib, yenidən universiteti gəzməyə
davam edirik. "Elm və innovasiyalar" mərkəzinin
qarşısından keçəndə buranın da 2014-cü ildə
bir neçə şöbənin birləşməsindən
yaradıldığını öyrənirik. Ötən il universitetdə "Ümumdünya elm
günü" çərçivəsində ilk dəfə
keçirilən "Elm günləri" barədə
söhbətimizi davam etdiririk. Və bu zaman MBA
(Master of Business Administration) departamentinin qarşısından
keçirik. Bələdçimiz deyir ki,
MBA ötən ildən departament kimi genişləndirilib.
Buranın da çox uğurlu tələbə və mütəxəssisləri
var. Dərs günləri olmadığı üçün
dəhliz o qədər sakitdir ki, biz də sakit dəhlizdə
addımlayırıq. "Elm və
innovasiyalar" mərkəzinin rəhbəri ilə
qarşılaşırıq və salamlaşırıq. Liftə
yaxınlaşanda diqqətimi "Xüsusi istedadlar fakültəsi"
yazılan lövhə çəkir. Liftə mindikdən
sonra xanım əməkdaşdan bu fakültənin
xüsusiyyətləri barədə soruşuram:
- Uzun müddətdir fəaliyyət göstərən
bu fakültədə tədris ingilis dilindədir və
ordakı ixtisaslarda təhsil almaq istəyənlərin
çoxu ixtisaslarını dəyişməli olur. Bu fakültədə təhsil almağa II kursdan
başlayırlar və seçilmiş tələbələr
olur.
Liftin qapısı açılır və
biz "İnnovativ Biznes İnkubatoru"nun (İBİ) ofisinə
daxil oluruq. İBİ-nin
ofisinə daxil olduqdan sonra insan sanki universitetdə olduğunu
unudur. Özünü kiçik idarənin rəhbəri
kimi hiss edir. İBİ-nin tərkibində olan
Start-up ofisinə də nəzər yetiririk. Ofisdə çalışanların əşyaları
yerlərində olsa da özlərini görə bilmirik.
Öyrənirik ki, Start-upların (start-uplar
informasiya texnologiyaları sahəsində olan yeni layihələrdir)
hamısı tələbədir və onlar imtahandadırlar.
İmtahandan sonra gəlib işlərini davam
etdirəcəklər. Biz də layihə
barədə geniş məlumat almaq istəyirik. Ona
görə də həm universitetin müəllimi, həm də
mərkəzin rəhbəri olan
Mircavid Həsənovu gözləyirik. Mircavid
müəllim gəlir. Bizi gülərüzlə
qarşılayan müəllimə layihəmizin məqsədini izah
edirik. O da məmnuniyyətlə
suallarımızı cavablandırır:
- İnnovativ Biznes İnkubatorunun direktoru,
menecment kafedrasının müəllimiyəm. İBİ-də bütün ənənəvi biznes
inkubatorları kimi fəaliyyət göstəririk. Mərkəzimiz
20 may 2014-cü ildə təsis olunub. Təqdimat
mərasimimiz oktyabr ayının 27-si keçirilib. Təqdimatımız olana qədər
start-uplarımız hazır idi. Nəsə iş ortaya
qoyub açılışı etdik. Açılış
mərasimində təhsil naziri Mikayıl Cabbarov, gənclər
və idman naziri Azad Rəhimov iştirak ediblər. Özümüzə üç istiqamət müəyyənləşdirmişik.
Birinci istiqamət start-upların
inkişafıdır. İlk növbədə,
tələbələrin start-up şirkətlərinin
yaradılmasıdır. İkinci istiqamət
konsaltinq xidmətidir. Biz buna "biznes
klinik" deyirik. Professor-müəllim heyətimizdən
təşkil olunmuş yüksək ixtisaslı ekspertlərimiz
var, onlarla istənilən biznesdə olan problemləri
araşdırıb biznesin "xəstə" yerlərini
tapıb "müalicə" edirik. Bu sahədə
əsasən korporativ sektorla işləyirik.
Üçüncü istiqamətimiz isə
burada yerləşən təlim mərkəzimizdir. Həm ödənişli, həm də ödənişsiz
əsaslarla müxtəlif mövzularda təlimlər, treninqlər,
master-klaslar keçirilir. Start-upları isə
4 istiqamətdə dəstəkləyirik. Maddi-texniki
təchizatdır ki, biz onlara ofis veririk. Burada
artıq bizim 4 şirkətimiz var. Sonra təlim-metodiki dəstəkdir.
Onlar üçün pulsuz təlimlər təşkil
edirik. Üçüncü dəstək
tipimiz psixoloji dəstəkdir. Dördüncü
dəstək tipi isə maliyyə dəstəyidir. Ya öz hesabımıza, ya da investorların
hesabına müəyyən start-up layihələri dəstəkləyirik.
İlk 4 start-upa universitet maliyyə dəstəyi
göstərdi. Elə start-uplar seçdik
ki, gələcəkdə yarananlara dəstək olsun. Eyni zamanda ofisdə müxtəlif tədbirlərimiz
olur. Məqsədimiz isə tələbələrə
biznesin praktik tərəfini öyrətməkdir. Məsələn, bu yaxınlarda xaricdən bizim
qonağımız gəldi. Tədbirlərimizi
davam etdirmək istəyirik. Yaxın zamanda
universitetə Azərbaycan Türkiyə İş Adamları
Birliyinə (ATİB) daxil olan şirkətlərin rəhbərlərini
dəvət edəcəyik. Gəlib bizim
start-uplara masterklaslar keçəcəklər. Hələ ki, start-uplar korporativ sektora
çıxmayıblar. Fərdi sifarişlər
götürüb işləyirlər. Azərbaycan
Sahibkarlar Konfederasiyasının üzvüyük. Bəzi şirkətlərlə ilkin
danışıqlar olub. Şirkətlərimizə
maraq var.
İBİ-nin ofisindən
çıxıb yenidən universitet həyatına
qayıdırıq. Universitet üçün
önəmli olan beynəlxalq əlaqələrdir. Buna görə də yolumuzu Beynəlxalq əlaqələr
departamentinə yönəldirik. Departamentin rəhbəri,
dosent Müslüm İbrahimov bizi qarşılayır və
otaqda olan əməkdaşlarla da tanış
edir. Biz də tanışlığımıza
şadıq deyib söhbətimizə başlayırıq.
Xarici tələbələrin universitetə olan
marağını soruşuruq:
- Xarici tələbələr barədə onu deyə
bilərəm ki, coğrafiya dəyişib. Ona
görə ki, biz daha da çox Afrika və Asiya ölkələrinə
yönəlməyə başlamışıq. Koreya,
Çin, Nigeriya, Özbəkistandan gələn tələbələr
çox oldu.Təbii ki, Türkiyədən olan tələbələr
yenə çoxluq təşkil edir. Rusiya və
Ukraynadan soydaşlarımız oxumağa gəlir. Biz bu gün diasporalarla işləyirik. Universitetimızdə 4 dildə tədris aparılır
- Azərbaycan, türk, rus və ingilis. Xarici
vətəndaş gəlib rahatlıqla təhsil ala bilər.
Necə deyərlər, biz dil baryerini
aşmışıq. İngilis bölməsinin
olması ikili diplomların verilməsinə, tələbə
mübadiləsinin
aparılmasına çox kömək edir.
- Maraqlıdır, xarici tələbələr təhsillərini
4 ildə tamamlaya bilirlər?
- MDB ölkələrinin bütün universitetlərində
bu problemlər var. Nigeriyalıdır, çinlidir, onların
müxtəlif problemləri olur. Məsələn,
bilirik ki, onlar işləyir. Bolonya sisteminə
görə xaric olunma yoxdur. Onlar neçə il oxuya bilirlərsə oxuyurlar.
Xarici tələbələrin təhsilindən
universitetin beynəlxalq əlaqələrinə keçirik.
- Ötən il hansı yenilikləriniz
oldu və gələn il hansı planlarınız var?
- 90-dan çox universitetlə əməkdaşlıq
edirik. 2014-cü ildə Litvanın Mikolas Romeris
Universiteti ilə magistratura səviyyəsində ikili diplom barədə
müqavilə imzaladıq. Bizim tələbəni
magistraturaya qəbul edəndə bakalavr diplomumuzu da
tanıyırlar. Bir neçə universitetlə
də ikili diplom barədə danışıqlar gedir. İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar
Universiteti ilə "Biznesin təşkili və idarə edilməsi"
ixtisası üzrə birgə MBA proqramını yaratdıq.
Almaniyanın universitetlərindən biri ilə
bakalavr səviyyəsində ikili diplomla bağlı
danışıqlar gedir. Almaniyanın Ziqen Universiteti ilə
layihəyə start vermişik. Alman professor və
5 nəfər tələbə gəldi bizim universitetə və
bizdən olan 15 tələbə ilə birlikdə bir həftə
ərzində alman professor mühazirə oxudu. Bizim 15 tələbəmizin hamısı alman tələbələrlə
birlikdə imtahan verib Ziqen Universitetinin kreditlərini
qazandılar. İndi artıq fevral
ayında bizim müəllim və 5 tələbəmiz Ziqen
Universitetinə gedir. Bundan başqa,
Böyük Britaniyanın Kardiv Universitetinin nümayəndəsi
universitetdə qonaq oldu. İngilis bölməsinin
tələbələr ilə görüşdükdən
sonra tələbələrin İELST-sız Kardiv Universitetinə
qəbul olması barədə təklif verdilər. Malayziya, İndoneziya universitetləri ilə əməkdaşlığımız
var. Çalışırıq ki, ordan daha çox tələbə
cəlb edək. Tələbə cəlb
etmək o qədər də asan deyil. Bu
istiqamətdə işlər görülür. Fransa universitetləri ilə əməkdaşlıq
aparmağa çalışırıq. Xaricdə təhsil
alan tələbələrimiz vasitəsilə
universitetlərə çıxış əldə edirik. Sevinc hissi ilə deyə bilərəm ki, biz əməkdaşlıq
üçün Rusiya universitetlərinin arasında seçim
aparırıq. Rusiya universitetləri bizimlə
işləmək istəyir. Çünki
bizim vasitəmizlə Türkiyə universitetlərinə
çıxış əldə etmək istəyirlər.
Erasmus proqramı çətindir, amma bizim bu
proqramda iştirak etmək üçün tam
potensialımız var. Bizim bütün proqramlar rus və
ingilis dilinə tərcümə olunub. Bilirsiniz, beynəlxalq
əlaqə təkcə xarici universitetlərlə olmur.
Biz çalışırıq ki, öz
universitetlərimizlə də əlaqələrimizi gücləndirək.
Beynəlxalq strategiyanı universitetlər bir
yerdə birləşərək aparmalıdır. Biz həm də 2014-cü ildə TEMPUS proqramında
qalib olduq və bu proqramın tərəfdaşıyıq.
Azərbaycan universitetlərinin bir neçəsi
ilə partnyoruq. Təkliflərimiz, layihələrimiz
olur.
- Müəllim və tələbə heyətinizin beynəlxalq
aləmdə nailiyyətləri nə oldu?
- Müəllimlərimiz
"Mövlana" proqramında çox yüksək şəkildə
iştirak ediblər. Türkiyənin bir
neçə universitetində dərs deyiblər. Və hələ ki, onlardan narazılıq
olmayıb.
- Beynəlxalq şirkətlərdən universitetə
marağı olanlar hansılardır?
- Biz iqtisadiyyat sahəsində olan transmilli şirkətlərlə
qarşılıqlı əlaqələr qurmaq istəyirik. 2014-cü ildə ABŞ şirkətlər
assosiasiyasının üzvü olduq. Şirkətlər
artıq bizə müraciətlər edir. Biz
bu şirkətlərlə danışıqlar aparırıq
ki, sizə necə mütəxəssislər lazımdır.
Bizdə bir
neçə dəfə görüşlər
olur. Onlar təklif edir ki, bizə belə mütəxəssis
lazımdır. Şirkət deyir ki, mənə
nə lazımdır. Universitet o istiqamətdə
mütəxəssis hazırlayır və şirkət də
onu işə götürür. Məsələn,
bizim xüsusi istedadlar fakültəsinin tələbələri
III kursdan sonra şirkətlərdə
çalışmağa başlayır. Elə Dövlət
Proqramı ilə xaricdə təhsil alan tələbələrin
çoxu bu fakültədə təhsil alanlardır. Biz istəyirik ki, Erasmus vasitəsi ilə xaricdə
magistraturada oxuyan tələbələrin sayını daha da
çoxaldaq. Bu bizə
çox lazımdır. Çünki həmin tələbələr
sonra qayıdırlar. Kembric Universitetini bitirən məzunumuz
dövlət qurumunda işləyir və bizdə də dərs
deyir. Rektorumuz da istəyir ki, xaricdə təhsil alan məzunlarımız
qayıdandan sonra harda işləyirsə işləsin, ancaq gəlib
bizdə də dərs desin.
Universitet ali təhsilli kadr
yetişdirir. Önəmli olan məqamlardan biri onların
iş tapması məsələsidir. Məlumat verilir ki,
ötən il universitetdə çox
böyük "Məzun yarmarkası" keçirilib. Karyera
məsələləri, məzun yarmarkaları barədə
bizə universitetin Karyera Mərkəzinin direktoru Fuad Əliyev
məlumat verir:
- Karyera mərkəzi ADİU, Gənclər və
İdman Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının
birgə layihəsidir. 2008-ci il 28 noyabrda
yaranıb. Yaranmasında məqsəd tələbə
və məzunlarımıza karyera inkişafında, əmək
bazarının tələblərinə uyğun olaraq
yetişdirilməsində köməklik göstərilməsi
və s-dir. Korporativ sektorla daha çox işləyirik. Müxtəlif sertifikatlaşdırılmış təlimlər
keçirilir, vakansiya təqdimatları və karyera günlərini
təqdim edirik. Dövlət qurumları ilə
sıx əlaqələrimiz var. 100-dən çox şirkətlə
partnyoruq. Xarici şirkətlərlə də
əlaqələrimiz var. 2014-cü ildə 3000-ə yaxın
məzunumuzun 1114 nəfəri işə düzəlib.
Azərbaycanda ilk dəfə keçən il yaradılan
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və
Dünya Bankının birgə layihəsi olan "Virtual
şirkət" layihəmiz var. Layihəni Dünya Bankı
maliyyələşdirir. Ötən il çox böyük məzun yarmarkası
keçirildi.Yarmarkada yüzə yaxın şirkət və 58 yerli və xarici universitetin
3000-ə yaxın məzunu iştirak etdi.
Yenidən İctimaiyyətlə əlaqələr
departamentinə qayıdırıq. Lazım
olan digər informasiyaları da bizə təqdim edirlər.
Bu gün üçün və göstərdikləri
köməkliyə görə hər birinə təşəkkür
edib sağollaşırıq.
Rüfanə
GÜNƏŞ
Azərbaycan
müəllimi.- 2015.- 10 yanvar.- S.8-9.