Azərbaycan məktəblisi
beynəlxalq
olimpiadada bürünc medal qazanıb
Azərbaycanlı
şagirdlərin dünyanın
müxtəlif ölkələrində
keçirilən beynəlxalq
bilik yarışlarında iştirak etmələri və
vətənə medallarla qayıtmaları sevindirici
haldır. Azərbaycan təhsilinin
daha bir yetirməsi,
Bakıdakı "İstək"
liseyinin X sinif şagirdi Məmməd Əliyev də Argentinada keçirilmiş XI
Beynəlxalq Təbiət Elmləri Olimpiadasında (IJSO
2014-International Junior Science
Olympiad)
ölkəmizi uğurla təmsil edib. Gəlin onunla
yaxından tanış olaq.
Məmməd
Əliyev 1999-cu il
sentyabrın 19-da Gəncə şəhərində anadan olub. İlk təhsilinə
4 nömrəli tam
orta məktəbdə başlayıb. VII sinifdə Gəncə Özəl Türk liseyinə
qəbul olunub.
Liseydə oxuduğu müddətdə biologiya
fənninə olan marağı nəticəsində müəllimlərinin dəstəyi ilə beynəlxalq biologiya olimpiadasına hazırlaşmağa qərar
verib.
VIII sinifdə liseylərarası biologiya
olimpiadasında birinci yeri tutub və qızıl medalla
təltif olunub. Nəticədə Bakıdakı "İstək" liseyində oxumaq hüququ
qazanıb. Beləliklə
də Bakıda təcrübəli
müəllimlərin köməyi ilə elmi
bilgilərini daha da
genişləndirmək şansı əldə edib. 2014-cü ilin aprel ayında Azərbaycan Respublikası Təhsil
Nazirliyinin keçirdiyi
beynəlxalq biologiya olimpiadası üzrə
seçmə imtahanında II yeri tutaraq komandanın 4 üzvündən biri olub. Nəticədə ötən ilin 5-13 iyul tarixlərində İndoneziya
Respublikasında keçirilmiş beynəlxalq
biologiya olimpiadasında Azərbaycanı təmsil
edib.
Məmməd bizimlə söhbətində
Argentinanın Mendoza şəhərində keçirilmiş Beynəlxalq Elm
olimpiadası barədə təəssüratlarını bölüşdü:
- Beynəlxalq olimpiada 3 fəndən - kimya,
fizika, biologiyadan ibarət
idi. Bu olimpiadada 40-a yaxın ölkə - Rusiya, Çin, Hindistan, Almanya, Cənubi Afrika və s. iştirak edirdi. Müxtəlif ölkələrdən
olan 200-ə yaxın iştirakçının bilikləri
100 balla qiymətləndirilirdi.
10 gün davam
edən olimpiada 3 mərhələdə keçirildi.
Birinci mərhələ fizika, kimya və biologiya
fənlərinin hər
birindən 10 sual olmaqla 30 sualdan ibarət idi. Müsabiqə fizika, kimya, biologiya fənlərindən açıq
sualları əhatə
edən nəzəri və bu fənlərə aid laboratoriya
işlərinin
yerinə yetirilməsini
nəzərdə tutan
praktik mərhələdən ibarət
oldu. Bu mərhələdə komanda şəklində laboratoriya işləri yerinə yetirilirdi. 60 bal nəzəri
biliklər, qalan 40 bal
isə laboratoriya qabiliyyət imtahanı üçün verilirdi. Bürünc
medal 65 baldan başlayırdı.
Mən isə 74 balla bürünc medala layiq görüldüm.Vətənimi
layiqincə təmsil etməyə nail olduğum
üçün çox
xoşbəxtəm.
Qeyd
edək ki, Beynəlxalq Təbiət Elmləri Olimpiadası
2004-cü ildən keçirilir. 2009-cu ildə Bakıda
təşkil edilmiş
6-cı Beynəlxalq Təbiət
Elmləri Olimpiadasında
50 ölkə iştirak
edib. Bu, Beynəlxalq Təbiət
Elmləri Olimpiadasının
tarixində ən böyük göstərici
hesab olunur. Sevindirici haldır ki,
bu günə
qədər "İstək"
liseyinin şagirdləri
beynəlxalq fənn
və layihə olimpiadalarında 630-dan çox
qızıl, gümüş
və bürünc medallar qazanıblar.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2015.- 10 yanvar.- S.10.