Balakən məktəbinin
ən yaxşı müəllimi
Balakən
rayonunda məktəb də çoxdur, bu məktəblərdə
"Ən yaxşı müəllim" adını
qazanmış müəllim də. Amma biz onlardan biri-ötən il bu adı qazanmış
və möhtərəm Prezidentimizin sərəncamı
ilə "Ən yaxşı müəllim"
mükafatı almış
Balakən şəhər humanitar və
texniki təmayüllü liseyin tarix müəllimi Aygün
Hacıyeva haqqında danışmaq istəyirik. 2014-cü il onun həyatında daha uğurlu olduğuna
görə. Əslində yola
saldığımız il Aygün müəllimin
3 ildən bəri çalışdığı lisey üçün də
düşərli olub. Liseyin
məzunlarından 3-ü qızıl medal
alıb, 6 nəfəri ali məktəblərə
qəbul imtahanlarında 600-dən çox
bal toplayıb, 5 məzun fənn
olimpiadalarının qalibi adına layiq görülüb. Lisey özü isə ikinci dəfə "Ən yaxşı
ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub. Uğur,
necə deyərlər, uğur gətirib.
Bütün bunlara
görə Aygün müəllim
2014-cü ili həyatının ən yaddaqalan illərindən hesab
edir. Əməyinə verilən yüksək
qiymətə görə ölkə başçısına
minnətdarlığını bildirən A. Hacıyeva müəllimliyin məsuliyyətini
ulu öndərin məşhur bir fikri ilə əsaslandırır:
"Cəmiyyətin tərəqqisi bir çox cəhətdən indi
gənclərə nəyi və necə öyrətməyimizdən
asılı olacaqdır".
Aygün İsmixan
qızı Hacıyeva Balakən rayonunun təhsil
işçiləri arasında fəaliyyətini müasir tələblər əsasında quran, bu işdə
uğurları ilə seçilən təcrübəli pedaqoqlardan sayılır. Ötən tədris
ilində fənn olimpiadalarının respublika
turunun nəticələrinə görə Balakən
şəhər humanitar və texniki təmayüllü lisey
birinci yeri tutub. Xüsusilə tarix fənni
üzrə şagirdlərin uğurları daha
böyük olub. Sözsüz ki, bu müvəffəqiyyətdə liseyin tarix müəllimi Aygün Hacıyevanın zəhməti çoxdur.
Aygün müəllim iki ildir ki, ulu
öndərin irsini öyrətmək məqsədilə
rayonun müxtəlif məktəblərində
əlavə dərsləri aparır, şagirdlərə əsl
gücün dövlətimizin, Prezidentimizin ətrafında sıx birləşməkdə
olduğunu bildirir, təhsilin
inkişafına dövlət qayğısından qürurla
danışır.
Aygün Hacıyeva həm də sinif
rəhbəridir. Rəhbərlik etdiyi VIII
sinifdə humanitar profil
üzrə dərslər keçilir.
Liseydə əsas fənlərdən ildə 4 dəfə
sınaq imtahanları vasitəsi ilə şagirdlərin dərsləri
necə mənimsəməsi yoxlanılır. Aygün
müəllim sınaqların nəticələrini müntəzəm
olaraq valideynlərin iştirakı ilə
müzakirə edir. Çatışmazlıqlar birgə
aradan qaldırılır. Sinif
iclaslarında o, şagirdlərin təlim-tərbiyəsi,
dərsə davamiyyəti, məktəbdənkənar tədbirləri
də valideynlərlə birgə
müzakirə edir. Zəif
şagirdlərin nəticələri yoxlanılır. Hər bir zəif şagirdə yaxşı oxuyan yoldaşı köməkçi təyin
edilir. Bu da sinfin ümumi
nəticəsinin yuxarı qalxmasına, siniflərarası
yarışlarda daha yüksək yer tutmasına müsbət təsir edir.
Aygün müəllim zəif və güclü şagirdlərin potensial
imkanlarını müəyyənləşdirməkdən ötrü şagirdlərinə məqsədyönlü
tapşırıqlar verir. Çünki
zəif şagird mürəkkəb
tapşırıqla üz-üzə qaldıqda həvəsdən
düşür. Qorxu və ümidsizlik hissi daim onu təqib edir. Güclü şagird isə asan
tapşırıqlara görə fəallaşa bilmir. Təfəkkürünü inkişaf etdirə bilməyən məktəblinin
dərsə marağı azalır.
Şagirdlərini
yaradıcı axtarışlara yönəltməsi, bir qayda olaraq,
onun müəllimlik fəaliyyətinin əsas
prinsiplərindən sayılır. Aygün Hacıyevanın
fikrincə, interaktiv
metodlar, xüsusən də Venn diaqramı, şaxələndirmə, beyin həmləsi, BİBÖ, cədvəllər,
sxemlər, elmi mübahisələr
şagirdlərdə tənqidi təfəkkürü inkişaf etdirir, tədqiqatçılıq vərdişləri
yaradır.
Aygün müəllimin əlamətdar günlərə
həsr etdiyi müsabiqə, debat, konfrans, rollu oyunlar, bilik yarışları da
liseydə təqdirlə qarşılanır. Onun
dərs dediyi şagirdlər "Xəmsə"
intellektual yarışlarında müntəzəm
iştirak edirlər. Bütün
bunlar məktəblilərin bilik, bacarıq və
vərdişlərinin inkişafına əhəmiyyətli
təsir göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev
çıxışlarının birində gənclərə
müraciətlə demişdir: "Mənim
gənclərə xüsusi münasibətim
var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə
mənə arxalana bilərsiniz. Mən də
sizə arxalanıram".
Dövlət
başçısının arxalandığı, cəmiyyətin
özünə sabah bildiyi
gənclər isə, əlbəttə ki,
məktəbdə, Aygün Hacıyeva kimi müəllimlərin fəaliyyəti ilə
formalaşırlar.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2015.- 10 yanvar.- S.10.