"Bloqumun istifadəçiləri
olan
müəllimlər mənə
təşəkkür edirlər"
"Elektron təhsil" müsabiqəsinin
qalibi danışır
Yenilənən dünyanın özü ilə
gətirdiyi yeniliklərə uyğunlaşmaq bəziləri
üçün çətin olsa da, əksəriyyəti
bunu işlərinin mərkəzinə gətirməyi
bacarır. Elə götürək
informasiya-kommunikasiya texnologiyalarının (İKT) həyatımıza
daxil olmasını. Bəziləri İKT-ni öyrənməyə
çətinlik çəksə də, bir
çoxlarımız işlərimizi elektron vasitələrlə
görməyə başladıq. Təbii ki, bu vasitələr
həm işlərimizi asanlaşdırır və həm də
onu daha geniş kütlələrə çatdırmağa
imkan verir.
Bu dəfə sizinlə
tanış etmək istədiyim xanım da fənnini daha
çox insana çatdırmaq
üçün öz bloqunu yaradıb. Bu vasitə ilə
fizikanı əyləncəli şəkildə tədris edir.
Müsahibim Aliyə
Əhmədova "Əyləncəli fizika kurikulumu" bloqunun yaradıcısı və həmin
bloqa görə V "Elektron təhsil" müsabiqəsinin
qalibidir.
Müsahibimdən
özünü tanıtmağını istəyirəm:
- Mən Əhmədova
Aliyə Fərman qızı. Sumqayıt şəhər
İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin
fizika müəllimi, ümummilli lider Heydər Əliyevin
anadan olmasının 91-ci ildönümü münasibətilə
Təhsil Problemləri İnstitutu və "Demokratik Gənclər"
İctimai Birliyinin birgə təşkil etdiyi "Ən
yaxşı təhsil bloqu" Respublika müsabiqəsinin
"Ən yaxşı təhsil bloqçusu" fəxri
adının sahibi; V "Elektron təhsil" respublika
müsabiqəsinin "Müəllimlərin bloqları"
nominasiyası üzrə 1-ci yerin sahibi.
"Biz də elə
sizinlə V "Elektron təhsil" müsabiqəsi,
müsabiqəyə gələnə qədər
keçdiyiniz yol barədə danışmaq istəyirik",-
deyib, müsahibəyə başlayırıq.
- Elektron
avadanlıqlar, elektron resurslar Azərbaycan müəllimi
üçün bir yenilikdir. Bəs siz bu müsabiqəyə
necə qatıldınız?
- Mən bu müsabiqənin keçirilməsi ilə
bağlı 2013-cü ildə IV "Elektron təhsil"
respublika müsabiqəsi elan olunduqdan sonra xəbər
tutmuşam. O zaman layihəyə qeydiyyat bitmişdi. Belə
deyim ki, kənardan bir müşahidəçi kimi mənə
xüsusilə maraqlı gələn "Müəllimlərin
bloqları"nominasiyasındakı müsabiqəyə
qatılmış bloqları incələyir,
araşdırır və öyrənirdim. Özümə
söz verdim ki, növbəti dəfə müsabiqəyə
mən də müəllim bloqu təqdim edəcəyəm.
Bloq işini təlimlərdən deyil, özümün
internet üzərindən araşdırmalarımla öyrəndim.
Düşünürəm ki, bloqumun zəngin olmasına səbəb
məhz bu araşdırmalardır.
- Bloqum zəngindir
deyirsiniz, bəs siz fizikanı bloqunuzda hansı üsullarla tədris
edirsiniz?
- Heç kimə sirr deyil ki, tədris
etdiyim fizika fənni şagirdlər tərəfindən
qavranılması çətin olan fənlərin
sıralanmasına birincilik edənlərdəndir. Buna görə
də bloqum "Əyləncəli fizika" məzmunludur.
Amma müəllimlərin sınaq qiymətləndirməsi ilə
əlaqədar olaraq bloq izləyicilərindən mənə gələn
mesajları nəzərə alaraq bloqumun məzmununa əlavələr
etməli oldum. Yəni bloq həm də fizika kurikulumu məzmunu
ilə də müəllimlərin istifadəsindədir.
Müsabiqəyə təqdim etdiyim "Əyləncəli
fizika kurikulumu" bloqu faydasına görə irəlidə
daha çox məşhurlaşacaq bir elektron resursdur. Təhsil
strategiyasının hədəflərindən biri də fənn
kurikulumlarının təkmilləşdirilməsi,
e-resursların hazırlanmasıdır. Mən də fəaliyyət
göstərən bir müəllim kimi bu baxımdan təhsilimizin
inkişafı yönümündə
bacardığımı etməyə
çalışdım.
-
"Əyləncəli fizika kurikulumu"- bunu necə izah edə
bilərsiniz?
- Bloqda toplanmış bütün e-resurslar, virtual
laboratoriya materialları, öyrədici videoçarxlar, online
interaktiv tapşırıqlar, flash öyrədici animasiyalar,
fizika kurikulumu sənədləri və s. real dərslərdə
istifadə üçün müasir üsullardır.
"Əyləncəli fizika kurikulumu" fənn bloqu
özündə iki məzmunu birləşdirir. Əyləncəli
fizika məzmunu fizikanı öyrənmə ərəfəsində
olan şagirdlərimiz üçündür. Fizika kurikulumuna
gəldikdə isə bu kurikuluma adaptasiya mərhələsində
olan müəllim həmkarlarımı nəzərə
almışam.
-
Müsabiqənin mərhələləri, keçdiyiniz yol
barədə məlumat verin...
- Müsabiqə musabiqe.edu.az saytından online olaraq elan
olunan, gedişatı rahatlıqla izlənilən bir prosesdir.
Müsabiqənin bütün mərhələləri, təqdim
olunmuş layihələr və onların müəllifləri
hər kəsin izləməsinə açıq olur. Birinci mərhələdə
müsabiqəyə layihələr təqdim olunur. Ekspertizadan
keçən işlər II mərhələyə
buraxılır. Qiymətləndirmə meyarları əsasında
çeşidlənən işlər III mərhələyə
keçərək nominant adını qazanırlar. IV mərhələdə
isə ən yüksək balları toplamış müəllimlər
canlı təqdimetmə mərhələsinə dəvət
olunurlar. Bu mərhələdə Təhsil Nazirliyinin nümayəndələrindən, təşkilatçılardan və
münsiflərdən ibarət heyət qarşısında
çoxsaylı sualları cavablandırmalı olursan. Qeyd etmək
istəyirəm ki, müsabiqə mərhələlərinin təqdimetmə
və təltifetmə mərasimləri və müsabiqənin
koordinasiya işlərinin yüksək peşəkarlıqla həyata
keçirildiyinə şəxsən şahidəm.
- Bloq
şagirdlərinizə, fənninizin tədrisinə necə
kömək edir?
- Bloq müəllim bloqu olduğu üçün fizika
üzrə illik və cari planlaşdırmanı əhatə
edən materiallarla zənginləşdirilməkdədir. Bu
baxımdan, İKT infrastrukturu normal təchiz olunmuş hər
bir fizika fənn kabinetində real olaraq dərslərdə
istifadəyə tam yararlıdır. Hətta bloqumun daimi
istifadəçiləri olan müəllimlər mənə təşəkkür
edirlər.
-
Müasir dövrə uyğunlaşmaq üçün müəllimlər
hansı üsullardan istifadə etməlidir?
- Düşünürəm ki, müasir müəllim
aktiv və pozitiv düşüncəli müəllimdir. O
müəllim daim yaradıcı yanaşma üçün
yeniliklər axtarışındadır. Bu baxımdan, müəllimlər
müasir üsullardan istifadə edərək fənn kurikulumu
standartlarına cavab verən dərs qura bilmələri
üçün məktəblərin İKT infrastrukturundan bəhrələnməlidirlər.
- Bir qalib
kimi nə demək istəyirsiniz və gələcək
planlarınız nədir?
- Çox şadam ki, müsabiqənin 5-ci ilində, yəni
artıq peşəkar və kompetensiyalara davamlı layihələrin
qatıldığı bir dövrdə respublikanın
qabaqcıl müəllimləri ilə birgə
çiyin-çiyinə mübarizə apardım və qalib
oldum. Bu xüsusi bir fərəh hissi verir. Gələcəkdə
bloq işimi fərqli bir yönümdə davam etdirməyi, Təhsil
Nazirliyinin digər layihələrində də aktiv iştirak
etməyi planlaşdırıram. Digər müəllim həmkarlarıma
da bu tipli müsabiqələrə qatılmağı, öz
yaradıcı potensiallarını kəşf etmələrini
tövsiyə edirəm.
Siz müəllimlərə öz yaradıcı
potensiallarını kəşf etmələrini tövsiyə
edirsiniz. Mən də sizə bu maraqlı müsahibə
üçün təşəkkür, işlərinizdə
uğurlar arzu edirəm.
Rüfanə
GÜNƏŞ
Azərbaycan
müəllimi.-
2015.- 10 yanvar.- S.10.