"İstirahət
günlərində də
şagirdlərlə məşğul
oluram"
Azərbaycanın tanınmış kimya müəllimi,
60 yaşlı Heybət Qədirov redaksiyamızın qonağı olub
Azərbaycanın təhsil
sferasında müxtəlif elm sahələrinin
inkişafı yolunda böyük
insanların ilk qədəmlərini götürdüyü nadir
ünvanlar var. Bu ünvanlar gözünün nurunu,
ürəyinin odunu, müəllimlik
entuziazmını gələcəyin insanını
yetişdirmək uğrunda məşəl
edən müəllim adlarıdır. Yardımlı rayonunun Alçabulaq kəndində
də belə bir ünvan
var. Bu ünvan
təhsil işçilərinə yaxşı
tanışdır: Heybət Heydər oğlu
Qədirov.
60 yaşlı Heybət
müəllim haqqında mətbuatda dəfələrlə təqdimatlar
verilib. Bu təqdimatların
əsasında zəngin müəllim ömrünün
faktları durur: Qədirov Heybət Heydər
oğlu - Alçabulaq
kənd orta məktəbinin 39 illik iş təcrübəsi
olan kimya müəllimidir.
Kifayət qədər titulu
var: ali kateqoriyalı
müəllim, "Metodist müəllim",
"Qabaqcıl maarif xadimi",
Azərbaycan və SSRİ-nin maarif əlaçısı, N.K.Krupskaya
və M.Mehdizadə mükafatları laureatıdır. 1991-ci ildə SSRİ-də, 1991,
1998, 2003 və 2008-ci illərdə "İlin
ən yaxşı müəllimi" müsabiqələrinin
qalibi olub.
"Qızıl qələm" laureatı adına layiq görülüb. Çoxsaylı və sanballı metodik kitabların müəllifidir. Respublikanın
əməkdar müəllimidir.
Heybət Heydər oğlu Qədirov Yardımlının Alçabulaq kəndində kolxozçu
ailəsində anadan olub.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU-nu) bitirib. Doğma kənddə pedaqoji
fəaliyyətə başlayıb. Aspiranturaya
qəbul imtahanı verib, lakin
ailə vəziyyəti ilə bağlı olaraq
kənddə çalışmaq məcburiyyəti
qarşısında təhsilini davam etdirə
bilməyib. Bu günə qədər də
Alçabulaq kənd orta
məktəbində kimya müəllimi olaraq çalışır.
Heybət müəllim
qarşılıqlı təcrübə mübadiləsini
öyrədənin iş təcrübəsinin
artırılmasında ən optimal vasitələrdən
biri kimi görərək
daim həmkarları ilə münasibətlər
qurub. Buna görə də o, yalnız dərs
deməklə vəzifəsini bitmiş hesab etməyib, yetişdirdiyi
şagirdlərin öz
potensiallarını üzə çıxara bilmələri üçün onların respublika
və beynəlxalq olimpiadalarda iştirak etmələri istiqamətində əlindən
gələni əsirgəməyib. Həmkarları ilə
qarşılıqlı təcrübə mübadiləsi Heybət
müəllimi dərs vəsaitlərini yazmaq
yolunda da
stimullaşdırıb.
Fasiləsizlik və davamlılıq uğurlarının əsas amilləridir
"1975-ci ildən bu günə kimi istirahət
etmədən bütün istirahət
günlərində də istedadlı şagirdlərlə məşğul
oluram" -
deyir Heybət müəllim. Bu, sadəcə, evindən çıxıb məktəbə
getmək deyildi Heybət müəllim üçün. Kilometrlərlə yolu şaxtada, yağışda,
qarda dağ kəndindən
yol alıb şəhərə qədər
ayaqla getmək idi, heç bir çətinliyə
baxmayaraq.
Heybət müəllimin
yaddaşına yazılan ən kövrək günlərdən
biri də təbiət qoynunda
kəndin qoyunlarını örüşə
çıxararkən şagirdlərini başına
yığıb "açıq dərs" keçməsidir. Kimya fənninə
xüsusi marağı olan
şagirdləri yetişdirməyi həyat amalına çevirib.
Təcrübəli müəllim istedadları necə üzə çıxarır?
Heybət Qədirov hesab edir ki,
ümumtəhsil məktəblərində gündəlik və
rüblük qiymətləri əla olan şagirdlərin hamısını istedadlı
şagird hesab etmək
olmaz. Ola bilər ki, şagird
bütün fənlərdən orta səviyyədə və hətta zəif oxusun, lakin o,
hər hansı bir qabiliyyəti ilə
yaşıdlarından seçilə bilər. Öz
təcrübəsindən çıxış edərək
söyləyir ki, orta
təhsili müddətində şagird xüsusi diqqəti
çəkmədiyi halda, məktəbi
bitirdikdən sonra müəyyən
qabiliyyətlərini üzə çıxara da
bilir. Bunları nəzərə
alaraq Heybət müəllim istedadları
aşkar etməyin yolları üzərində
dərindən düşünmüş,
bu sahədə elmi-nəzəri məlumatlara
yiyələnərək müəllimlik fəaliyyəti boyunca tətbiq etməyə və yeni-yeni yollar aramağa çalışıb.
Heybət
müəllim inteqrativ kurikulumun
şagirdin istedadının üzə
çıxarılmasında xüsusi rolu olması fikrindədir: "...fənn
müəllimləri tədris etdiyi və
qohum fənlər üzrə qabiliyyətli
şagirdlərin aşkar edilməsini dövrün tələbi kimi
nəzər-diqqətində saxlamalıdır". Özü də bu təcrübədən yararlanaraq
çox uğurlara nail olub.
"İlk növbədə, aşağı
siniflərdə təbiətşünaslıq, biologiya və fizika fənlərindən
kimyəvi anlayış, termin, hadisə və
faktlarla maraqlanan
şagirdləri aşkar etməli, onlara vaxtaşırı fənnin məzmunu ilə
əlaqədar sahələr üzrə tapşırıqlar
verməli, maraqlı, təhlükəsiz kimyəvi təcrübələrin yerinə
yetirilməsinə cəlb etməlidir.
Aşağı siniflərdə
qabiliyyətli şagirdlərin seçilməsi prosesində
onların riyaziyyat, fizika
üzrə də bilikləri nəzərə
alınmalıdır. Məlum faktdır ki,
bəzən şagirdlər kimyəvi anlayışlarla və
ya biologiya ilə
maraqlanırlar. Lakin riyazi
bilikləri aşağı olur. Belə olduqda həmin şagird gələcəkdə
kimyəvi anlayışların kəmiyyət xarakterini
verə bilmir, nəticədə
onların fənni öyrənmək üçün
səviyyəsi kifayət etmir. Ona görə də riyaziyyatı, fizikanı
yaxşı bilən, kimya ilə maraqlanan şagirdlər müəllimlərin mehriban nəzarəti ilə əhatə
olunmalıdır. Belə şagirdlərlə işin
sonrakı təşkili təqribi olaraq
aşağıdakı kimi ola bilər: şagirdlər sinifdən-sinfə
keçdikdə kimya müəllimlərinin
nəzarəti də güclənməlidir. Nəzarətə
götürülmüş şagirdlər
arabir kimya dərslərinə
dəvət edilə bilər".
Heybət müəllim
öz fənni üzrə uğurlu
şagird yetişdirməyin çətin
olduğunu nəzərə alan və buna görə
şagirdlərə fərdi yanaşan
müəllimlərdəndir. Şagirdə fərdi yanaşma üzərində də israrla durur: "Tutaq ki, bir
sinifdə istedadlı uşaq var. Müəllim də dərsi izah edir,
tapşırıqlar verir. Burada
mütləq diferensiallaşma aparılmalıdır.
Tapşırıqlar verilərkən, müstəqil işlər
tapşırılarkən fərq qoyulmalıdır".
Heybət müəllim
istedad anlayışını belə
müəyyənləşdirir: "Belə bir
məsəl var: Sərgiyə qoyulmuş tabloda nazik budaq üstündə
iri bir qartal
təsvir olunur. Tablo xoş duyğular
oyadır. Ancaq istedadlı
uşağın düşüncəsi başqadır: "İri qartal nazik budağa qonub, ancaq budaq
əyilməyib". Bax, istedad
budur!".
Fəal metodist
Heybət müəllimin
adı yetişdirdiyi şagirdlərə
görə məşhur olduğu qədər
də yazdığı dərs vəsaitlərinə, metodiki məqalələrə görə
mütəxəssislərə yaxşı
tanışdır. O, dünya ölkələrində olimpiadalara şagird
çıxardığı kimi, öz müəllimlik təcrübəsini də
ölkənin hüdudlarında belə mətbuata
çıxarmağa nail olub.
Türkiyə, Ukrayna,
Qazaxıstan, Rusiya kimi
ölkələrdə təcrübəli müəllim kimi müxtəlif tədbirlərdə iştirak edib, Moskva, İvanov, Samara şəhərlərinə beynəlxalq
olimpiadalara komanda
aparıb, "Azərbaycan müəllimi", "Xalq qəzeti" və "Uçitelskaya
qazeta" qəzetlərində, "Azərbaycan
məktəbi" jurnalında metodiki
məqalələrilə çıxış edib. Əllidən artıq metodiki
məqalənin və on bir
dərs vəsaitinin müəllifidir. Kitablarının
adları müəllimin öz fənni
üzrə geniş təcrübəsindən
və elmi-nəzəri hazırlığından xəbər
verir: "Kimyadan
tipik məsələlərin həlli",
"Ümumi kimyadan tipik məsələlərin həlli
üsulları", "Elementlər kimyasından tipik məsələlərin həlli
üsulları", "Üzvi kimyadan tipik məsələlər",
"Kimyadan qrafik testlərin
həlli üsulları", "Ümumi
və qeyri-üzvi kimya
testləri", "Qeyri-üzvi və üzvi maddələrin
nomenklaturası", "Kimyanın tədrisində
istedadlı şagirdlərin aşkar edilməsi
və onlarla işin təşkili
formaları", "İnteraktiv təlimin
üsul və texnikaları". Heybət müəllim hər gün inkişaf edən və
yenilənən elmi bilikləri daim izlədiyi üçün
təhsilin müasir inkişafına öz töhfələrini verə biləcək
təcrübəli müəllimlərdəndir.
Könül
NƏHMƏTOVA
Azərbaycan müəllimi.- 2015.- 10 yanvar.- S.11.