"Qanlı yanvar" xatirələri

   

Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan xalqı onun milli mənliyini qorumaq üçün öz canlarından keçməyə hazır olan övladları ilə fəxr edir.

 

Heydər ƏLİYEV

 

Tanınmış təhsil işçiləri o günü necə xatırlayır?

 

Qatil gülləsinə qurban gedərkən,

Gözünü sabaha dikdi şəhidlər.

Üçrəngli bayrağı öz qanlarıyla

Vətən torpağına çəkdi şəhidlər.

 

"Qara, Qanlı Yanvar" -  yanvar ayı Azərbaycan xalqının yaddaşına bu adla həkk olunub. İllər dəyişir, yeni nəsillər gəlir, amma dəyişməyən bir fakt var -  xalqın yaşadığı "20 Yanvar" faciəsi. Gənc nəsil  "Qan yaddaşı"nı kitablardan, başqalarının xatirələrindən oxuyub, kadrlarda izləyib. Amma elə bunların özüo qədər dəhşətlidir ki. Canlı şahidi olmadığımız halda, mənəvi və psixoloji cəhətdən bu qədər təsirləndiyimiz 20 Yanvarı (ya da digər faciələri) görənlər nələr yaşayıb? O günü necə xatırlayırlar?

Bu suallara cavab tapmaq üçün Azərbaycanın tanınmış təhsil işçilərinin həmin günü necə xatırladıqlarını soruşuram. Fərqli cavablar alıram, amma cavabların hamısında o günün dəhşəti və şərəfli tarixi yer alıb.

 

 Küçələrdən tanklar, maşınlar keçirdi

 

 Əməkdar müəllim, professor  Əjdər Ağayev doğmalarından birinin həmin gün şəhid olduğunu deyir:

- Rus qoşunlarının 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıya hücumu həmin dövrdə yaşayan insanlar kimi mənim də gözümün qarşısında olub. O hadisələri çox gözəl xatırlayıram. Bu hücum vəhşi hücum idi. Küçələrdən tanklar, maşınlar keçirdi. Maşınlardakı əsgərlər bəzi küçələrdə sağa-sola hədəf almadan atəş açırdı. Bunun nəticəsində də mətbəxdə yemək hazırlayan qadına, telefonda kiminləsə danışan gəncə güllə dəymişdi. Ümumiyyətlə, qarışıqlıq zamanında heç kimin, uşağın, böyüyün, qocanın, qarının yaşını, vəziyyətini nəzərə almadan hamını gülləbaran etməyə çalışırdılar. Bu hadisədə yalnız atəş açmadan yox, hətta ağır tanklardan maşınların əzilməsi, maşınların içərisində adamların qalması, ölməsi hadisələri də baş verirdi. Bir tərəfdən dənizdən hücum, bir tərəfdən Abşeronun hava limanı yolundan gələn hücumlar, digər tərəfdən Şamaxı yolundan ayrı-ayrı maşınlar gəlirdi. Bunlar şəhərdə əliyalın adamlara hücum edirdilər. Xoş olmayan təəssürat da ondan ibarətdir ki, bizim o zaman meydanda olan, azadlıq çağırışları edən bəzi adamlar xalqı küçələrə, maşınların qabağına çıxmağa səsləyirdilər. Əliyalın və heç bir şeyi olmayan bu adamlar təbii ki, silahlı qoşun qarşısına çıxa bilməzdilər. O zaman da xalq, xüsusilə də gənclər kütlə halında o çağırışlara gedirdi. Ona görə də böyük itkilər baş verdi. Bir çoxları kimi mənim də bacımın nəvəsi o qoşunlar qarşısına çıxaraq leytenant Şmidt adına zavodun yanında 00:01-də atılan atəş nəticəsində həyatını itirdi. Bu ağrı-acı ancaq ona görə baş verdi ki, gənclər maarifləndirilməmişdilər, onlara orduya qarşı necə, hansı qaydada çıxmaq məsələləri öyrədilməmişdi. İkinci bir tərəfi ondan ibarətdir ki, 90-cı illərin əvvəllərində Azərbaycanda güclü vətənpərvərlik hərəkatı var idi. Tibb Universitetinin IV kursunda oxuyan bacım nəvəsi İlkin faciədən bir neçə gün əvvəl ad gününü qeyd edirdi. Yanına 10-15 tələbə yoldaşı gəlmişdi. Yaxşı xatırlayıram ki, o adamların söhbəti ad günündən yox,  ancaq vətəni qorumaq, vətən üçün canından keçmək barəsində idi. Faciədən canını qurtaran bu işdən xəbərsiz, evlərində olan adamlar oldu. Çoxları fikirləşirdi ki, bu hadisələr niyə baş verdi? Amma mənim yadımdadır ki, Mixail Qorbaçov bir neçə gün əvvəl mərkəzi televiziyadan azərbaycanlılar barəsində guya biz ermənilərə təzyiq göstəririk tipli çıxış etdi. Və barmağını silkələdi ki, mən göstərəcəyəm. O hədədən bir neçə gün sonra xüsusi hazırlıq görmüş dəstələr, içərisində də ermənilər  çox idi, gəlib bu faciəni törətdilər. Bu hadisələr həm faciədir, həm də bir növ ibrət dərsidir. Dostu, düşməni tanımağa sövq edir.

 

Sovet rejiminə qarşı

duran xalqın iradəsi oldu

 

Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadim Nizami Cəfərov qanlı tarixin canlı şahidlərindəndir:

- 20 Yanvar bu faciənin şahidi olanların hamısının yaddaşında eyni cür qalıb. Sovet qoşunları Azərbaycan xalqını heç bir səbəb olmadan cəzalandırdı. Mənim yadımdadır, atılan,  başımızın üstündən keçən güllələr, "20 Yanvar dairəsi"ndən rus qoşunlarının girməsi. Qəti inanmırdım ki, sovet qoşunu Bakıya belə düşmən torpağı kimi girsin. Amma realda bu baş verdi. Təbii ki, o dövrdə dövlət rəhbərliyində, hakimiyyətdə bir başısoyuqluq, ictimai-siyasi münasibətlərdə də böyük gərginlik və yiyəsizlik var idi. Bu da böyük səbəblərdən biri oldu. Hakimiyyətdə olan şəxslərlə Moskvadakı rəhbərlik dil tapa bilmədi. Amma sovet rejiminə qarşı duran xalqın iradəsi oldu.  Baxmayaraq ki, xalq aldadıldı, ona rəhbərlik olmadı. Ammaolursa-olsun heç kim xalqa qarşı bu hərəkəti etməməli idi.

 

Həmin gün atılan güllələr

haqqa atılan güllələr idi

 

Professor Şahlar Əsgərovsa deyir ki, bu hadisəni əsas iki məqamla xatırlayır:

 - Bu tarix xatirimdə silinməz izlər buraxıb. Hər il biz bu sözləri desək də, görünür, təkrar etməliyik. Ümummilli liderimiz Heydər Əliyevin gözəl bir sözü var: "Faciə nə qədər ağır olsa, insanı nə qədər də sarsıtsa, onu təkrar-təkrar yada salmaq lazımdır ki, belə faciələr bir də təkrar olunmasın". 20 Yanvar əsas iki böyük hadisə ilə yadımda qalıb. Birincisi, o gecəni mən səhərə qədər yatmamışam, onda mən hava limanında idim. Silahlı dəstələr də o tərəfdən şəhərə gəlirdi. Allahın köməkliyi ilə biz o tankların altında qalmadıq. İkincisi də 21 yanvarda ulu öndər Heydər Əliyevin Moskvadakı nümayəndəliyə gedərək SSRİ rəhbərliyinə qarşı açıq səslə etiraz etməsi oldu. 20 Yanvar  azadlıq yolunda mübarizəyə qalxan Azərbaycan xalqına qarşı silahlı təcavüz idi. Qurbanlarımız çox oldu. Həmin gün atılan güllələr haqqa atılan güllələr idi. Azərbaycan xalqı bu ağır tarixi sınaqdan üzüağ çıxdı.

 

Kinostudiyaya yaxınlaşanda

o qədər hadisələr gördüm ki...

 

Bakı Dövlət Universitetinin jurnalsitika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli isə deyir ki, heç valideyn itkisi də mənə bu qədər təsir etməmişdi:

- Mənim atam II Dünya müharibəsinə gedib, 1943-cü ildə onun ölüm xəbəri gəlib. 6 aylığımda anam vəfat edib. Bunların heç biri mənə 20 Yanvar faciəsi qədər təsir etməyib. Bu faciə bütün həyatımız boyu Azərbaycan xalqının qəhrəmanlıq tarixi olacaq. Təsəvvür edin: faciə və qəhrəmanlıq. Bunlar paralel işlənir. Mənim evim Əhmədlidədir. Həmin gün kinorejissorlardan biri mənə zəng elədi ki, gedək kinostudiyanın yanında hadisələri lentə alaq. Kinostudiyaya yaxınlaşanda o qədər hadisələr gördüm ki, düzünü deyim ora yaxınlaşmadım. O adamı da qaytarmaq istədim. Amma həmin kinorejissor gedib orda xeyli gördü. Mən bir az kənarda gözlədim. Sonra dözə bilmədim qayıtdım evə. Amma o gecənin dəhşəti heç vaxt yadımdan çıxmır. 

 

20 Yanvar bizim

tariximizin məhək daşı oldu 

 

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev deyir ki, 20 Yanvar  faciəsi bizim tariximizin məhək daşıdır:

- 20 Yanvar hadisələri Azərbaycan tarixində birmənalı yox, çoxmənalı həqiqət kimi qalan, yaddaşımızı təzələyən, bizi tarixə bağlayan bir zamanın həqiqətidir. Bizim taleyimizə yazılan bu faciə həm də bizim gələcək həyatımızı işıqlandıran hadisə oldu. Çox böyük faciədir. Amma bizim yaddaşımızda azadlıq uğrunda mübarizə günü kimi qalıb. 20 Yanvar bizim tariximizin məhək daşı oldu. Kimlər bizi istəyir, kimlər isə bizi istəmir. Bu hadisə bizi xalq olaraq birləşdirdi. Biz sovet imperiyasından xilas olduq. 20 Yanvar hadisəsi əsaslandırdı ki, xalq öz taleyinin sahibi ola bilər, ayaqda dura bilər, yaradıcılıq və quruculuqla məşğul ola bilər. 

14 yaşlı Larisa Məmmədova bu məktəbin şagirdi idi

132-134 nömrəli təhsil kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova deyir ki, biz Larisanı hər il yad edirik.

 - Biz hər il şəhidlərimizin anım gününü keçiririk. Larisanın həyatı barədə (o uşaq cəmi 14 il yaşamışdı) bütün məktəbə məlumat veririk. Ailəsini dəvət edirik, bacısı da bizim məktəbdə müəllim işləyir. Keçirilən tədbirlərin sonunda bir sual qoyuruq- bu uşağın günahı nə idi?  Ümumiyyətlə, o günü unutmaq mümkün deyil. O gördüklərim dəhşət idi. Adama bənzəməyən, onlara biz əsgərmi deyək, insanmı deyək, nə deyək? Nə ad qoyaq? Ümumiyyətlə, onların, o vəhşi insanların adı yox idi. Onların vəhşilikləri bizi dəhşətə gətirmişdi. İçərişəhərdə yaşayırıq. Deməli, gördüm ki, göydə güllələr uçur, qırmızı işıq var. Elə bildim ki, qorxutmaq üçün edirlər. Bir neçə saatdan sonra baş həkim qohumumuzdan xəbər gəldi ki, artıq xəstəxanaya yaralılar daxil olur, ölənlər var. Mən onda başa düşdüm ki, bu hadisələr millət üçün necə böyük faciədir. Biz bu gün xatirələrimizi də deyirik. Bir gözümüz ağlasa da, digəri gülür. Ancaq bir məsələ də var, tarix dərsi. Artıq faciədən 25 il ötür. Övladlarıma da, şagirdlərimə də demişəm ki, bu faciə heç vaxt unudulmamalıdır. Unutmamaq üçünbiz çox güclü olmalıyıq. Və bu gün Azərbaycan çox güclüdür.

Şəhidlik zirvəsinə ucalmaq hər kəsə qismət olmur. Bu zirvəyə ucalan, torpağın hər qarışını qoruyan şəhidlərimizin qarşısında baş əyirik. Yazıma Bəxtiyar Vahabzadənin "Şəhidlər" şeirindən bir bəndlə başlamışdım, elə bir bəndlə də bitirirəm.

 

İnsan insan olur öz hünəriylə,

Millət, millət olur xeyri, şəriylə.

Torpağın bağrına cəsədləriylə,

Azadlıq toxumu əkdi şəhidlər.

 

Rüfanə GÜNƏŞ

 

Azərbaycan müəllimi.- 2015.- 17 yanvar.- S.4.