Təhsil müəssisələrində
şəhidlərin
xatirəsi yad edilib
Yanvarın 15-də Azərbaycan
Müəllimlər İnstitutunda (AMİ)
20 Yanvar faciəsinin 25-ci
ildönümünə həsr olunmuş
anım tədbiri keçirilib. Tədbirdə AMİ-nin rəhbərliyi,
əlavə təhsil qurumlarının nümayəndələri,
institutda ixtisasartırma təhsilində olan dinləyicilər iştirak
ediblər.
Tədbir
iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla
yad ediblər.
İnstitutun rektoru, Milli Məclisin deputatı, professor
Aqiyə Naxçıvanlı tədbiri
giriş sözü
ilə açaraq 20 Yanvar faciəsinin
25-ci ildönümü ilə əlaqədar
Azərbaycan xalqının və dövlətinin gördüyü tədbirlərdən
danışıb.
Sonra ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyindəki
tarixi çıxışının
videolentinə və şəhidlərin xatirəsinə həsr
olunmuş 20 Yanvar
günlərini yada salan
video-slayda baxılıb.
İxtisasartırma və
yenidənhazırlanma fakültəsinin dekanı, dosent Əsabəli Quliyev
20 Yanvar faciəsi haqqında məruzə
ilə çıxış edib.
Tədbirdə
bölgələrdən gələn dinləyicilər
çıxış edərək faciənin dəhşətlərindən
söz açıblar.
Tədbiri institutun əlavə təhsil üzrə prorektoru Rahim Əzizov
yekunlaşdıraraq belə tədbirlərin ardıcıl təşkil
olunmasının zəruriliyini vurğulayıb.
***
Yanvarın 15-də AMİ-nin Qazax
filialının Heydər Əliyev auditoriyasında 20 Yanvar faciəsinin
25-ci ildönümünə həsr edilmiş
anım tədbiri keçirildi. Şəhidlərin
xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Tədbiri açan
filialın direktoru, dosent
Afaq Qasımova 20 Yanvar
faciəsi şəhidlərinin keçdikləri ömür yolundan və
onların Azərbaycanın müstəqilliyi uğrunda
mübarizəsindən danışdı. Sonra
20 Yanvar faciəsi ilə əlaqədar olaraq slayd təqdim edildi. Tələbələrdən Cavid Cavadov, Şəfa Namazova,
Səkinə Əliyeva, Sənəm Namazova
çıxış etdilər.
***
Təhsil Nazirliyinin 20 Yanvar faciəsinin
25 illiyi ilə əlaqədar Tədbirlər
Planına uyğun olaraq
18 nömrəli Bakı Peşə Liseyində silsilə tədbirlər
həyata keçirilmişdir. Bütün tədris qruplarında birinci dərslər faciənin tarixinə, erməni
faşizminin törətdiyi əməllərə,
şəhidlərin əziz xatirəsinə həsr olunmuşdur. Tələbələr tərəfindən
hazırlanmış 20 Yanvar hadisələrinin
əsl mahiyyətini özündə əks etdirən guşəyə
baxış keçirilmiş, guşə
önünə tər-çiçək dəstələri
qoyulmuşdur. Tələbələrin
ədəbi-bədii kompozisiyası nümayiş
etdirilmiş, yanvar
hadisələri barədə videoçarxa,
"20 Yanvar gənclərin gözü ilə" mövzusunda
çəkilmiş şəkillərə, eləcə də
kompüter qruplarında təhsilalanların
tərtib etdikləri slaydlara baxış keçirilmişdir. Tədbirlərə
valideynlər və ictimaiyyətin nümayəndələri də
qatılmışlar. Liseyin Tələbə parlamenti,
"Gənc mütəxəssislər birliyi"
və "Valideyn - müəllim Birliyi"nin birgə təşkil
etdikləri toplantıda faciənin əsl mahiyyəti,
torpaqlarımızın erməni işğalına məruz
qalması, şəhidlərimizin heç
vaxt unudulmayacağı, vətəni qorumağa daim
hazırıq kimi mövzularda
məruzələr dinlənilmiş, təhsilalanlara və qonaqlara faciəni özündə əks etdirən
müvafiq materiallar toplusu təqdim olunmuşdur.
Yanvarın 19-da liseyin tələbələri, əməkdaşları
və valideynlər Şəhidlər xiyabanına - şəhidlərimizin
ziyarətinə gedəcəklər.
***
Bakıdakı 314 nömrəli tam
orta məktəbin akt
zalında "Qəhrəman doğulmurlar,
qəhrəman olurlar" mövzusunda
ədəbi-bədii gecə keçirilib. 20 Yanvar faciəsinin
iyirmi beşinci ildönümü ilə bağlı
keçirilən mərasim Azərbaycanın Dövlət himninin tədbir iştirakçıları tərəfindən ifa olunması ilə başlayıb. Sonra 20 Yanvar şəhidlərinin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gecəni məktəbin
direktoru Vidadi Daşdəmirov
giriş sözü
ilə açaraq 20 Yanvar hadisələrinin
xalqımızın qəhrəmanlıq tarixinə çevrildiyini
qeyd edib. Bildirib ki, o
hadisələr hələ də gözümüzün
önündədir. Yanvarın 19-dan 20-nə keçən gecə günahsız insanlar amansızcasına qətlə yetirildi, yüzlərlə vətəndaş itkin düşdü. Xalqımıza böyük
zərbə vuruldu. Lakin
xalq əyilmədi,
azğınlaşmış sovet
qoşunlarının qarşısında mübarizliyini,
qəhrəmanlığını bir daha nümayiş etdirdi. Qeyd olunub
ki, həmin gün Azərbaycan
xalqına qarşı həyata keçirilən vəhşi terror aktı insanlığa qarşı
törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər
tarixində qara səhifə olaraq qalacaqdır. Nəsillər dəyişəcək,
lakin Vətən oğullarının
xatirəsi ürəklərdə əbədi
yaşayacaqdır.
Gecənin
aparıcıları 1990-cı il 20 Yanvar faciəsini sovet
imperiyasının törətdiyi cinayət aksiyası,
xalqın milli azadlıq hərəkatını
boğmağa yönəlmiş məkrli
siyasətin acı nəticəsi olduğunu
qeyd ediblər. Şagirdlər ümummilli lider Heydər
Əliyevin bu faciənin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində gördüyü
işlərdən danışıblar. Vurğulanıb ki, məhz ulu öndərin
təşəbbüsü ilə ilk
dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verildi,
şəhidlərin xatirəsi əbədiləşdirildi.
Çıxış
edənlər 20 Yanvar faciəsinin səbəb
və nəticələri haqqında ətraflı məlumat
veriblər. Bildiriblər ki, Moskva 20 Yanvar
qırğını ilə Azərbaycan xalqının iradəsini
qırmaq, azadlıqsevərliyinə görə ona cəza vermək niyyətində olsa da, bunu
bacara bilmədi.
Sonra 20 Yanvar faciəsini
özündə əks etdirən şagirdlərin
hazırladıqları səhnələr göstərilib. Gecə
Üzeyir Hacıbəylinin "Koroğlu" operasının
uvertürasının sədaları altında "Qan Yaddaşımız" adlı filmin nümayişi ilə
başa çatıb.
***
Xalqımızın qəhrəmanlıq
tarixinə qızıl hərflərlə yazılan 20 Yanvar faciəsinin 25-ci ildönümü
ilə əlaqədar Gəncədə silsilə tədbirlər keçirilir.
Elə şəhər
17 nömrəli orta məktəbin şagirdləri
üçün Şəhidlər
xiyabanında keçirilən
"açıq dərs" buna əyani sübutdur.
Əvvəlcə
müəllim və şagirdlər
azadlığımız uğrunda
canlarından keçən şəhidlərimizin xatirəsini
bir dəqiqəlik sükutla
yad edərək "Şəhidlər
abidəsi"nin önünə gül dəstələri
düzüblər.
Sonra "açıq dərs"də
çıxış edən müəllimlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
sovet ordusunun xüsusi təyinatlı bölmələrinin
Bakıda törətdikləri vəhşiliklər barədə
ətraflı danışıblar.
Sonda
şagirdləri maraqlandıran
suallar cavablandırılıb.
***
Yanvarın 13-də Kürdəmir Peşə
Liseyində pedaqoji kollektivin və şagirdlərin iştirakı
ilə 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünə
həsr olunmuş tədbir
keçirilib.
Tədbirdə çıxış
edənlər 1990-cı il yanvarın 19-dan
20-nə keçən gecə
sovet qoşun birləşmələrinin Bakıya
hücum etməsi, milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda
mübarizəyə qalxmış
dinc əhaliyə
divan tutulması, kütləvi
terror nəticəsində yüzlərlə
günahsız insanın
qətlə yetirilməsi
və yaralanması barədə danışıblar.
Qeyd edilib ki, 20 Yanvar günü
Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi qalmaqla bərabər, həm də qürur günü kimi daxil olub.
Qanlı Yanvar hadisələrinə
yalnız ümummilli lider
Heydər Əliyev tərəfindən siyasi-hüquqi
qiymət verilib, faciənin
günahkarlarının adları açıq şəkildə
bəyan edilib.
Sonra tədbir iştirakçıları
Kürdəmir şəhərindəki "20 Yanvar"
parkına gələrək faciə qurbanlarının xatirəsinə
ucaldılmış abidə önünə tər-çiçək
dəstələri düzüblər.
Həmin gün Olimpiya İdman Kompleksində Kürdəmir Peşə
Liseyinin şagirdləri arasında
idmanın futzal növü
üzrə yarışın final oyunu keçirilib.
Qaliblərə lisey rəhbərliyi tərəfindən
kubok və qiymətli hədiyyələr
təqdim edilib.
Azərbaycan
müəllimi.- 2015.- 17 yanvar.- S.5.