"Hər bir uğurum Azərbaycan
elminin adına
bağlıdır"
Həmyerlimiz
Sakin Cabarov Almaniyanın Bayroyt Universitetinin Bavariya
Eksperimental
Geokimya və Geofizika İnstitutunda tədqiqatlarını
davam etdirir
Bu rubrika
altında xarici ölkələrin təhsil müəssisələrində
müəllim, tədqiqatçı kimi çalışan həmvətənlərimiz
haqqında
yazıların dərcini
davam etdiririk. Bu sayımızda Almaniyanın Bayroyt şəhərində
yerləşən Bayroyt Universitetinin tədqiqat
institutlarından birində - Bavariya Eksperimental Geokimya və
Geofizika İnstitutunda işləyən Sakin Cabarovu
oxucularımıza təqdim edirik.
Arzuların gerçəkləşmə
yolu
Gələcəkdə fizik olmaq,
dünyanın aparıcı ölkələrinin elmi-tədqiqat
laboratoriyalarında çalışmaq həvəsi onda hələ
orta məktəbdə təhsil alarkən V.Kartsevin "Fizika
haqqında novellalar" kitabını oxuduğu zaman
yaranmışdı. 2010-cu ildə Almaniyanın
Hamburq şəhərində yerləşən "DESY"
Elmi-Tədqiqat Mərkəzinə 10 günlük ezamiyyəti
zaman müasir elektron sinxrotronunda eksperimentlər apararkən
oxumuş olduğu həmin novellalar yaddaşında
canlandı. Geniş tədqiqat
imkanlarına malik olan laboratoriyalarda ilk təcrübələrini
həyata keçirdi. Qısa müddət
ərzində məqalələri dünyanın
aparıcı və nüfuzlu jurnallarında
işıqlandırıldı. Kiçik bir kənd orta
məktəbindən Avropanın böyük mərkəzlərinə
qədər irəliləyən bir gənc üçün
arzularının gerçəkləşməsindən
böyük nə ola bilərdi?!
Tərcümeyi-halından
sətirlər
Cabarov Sakin Həmid oğlu 30 avqust 1983-cü ildə Xaçmaz
rayonunun Dədəli kəndində ziyalı ailəsində
anadan olmuşdur. Orta təhsilini Q.Movlanov adına
Dədəli kənd orta məktəbində
almışdır. 2001-ci ildə Bakı
Dövlət Universitetinin fizika fakültəsinə daxil
olmuş, 2005-ci ildə həmin fakültəni fərqlənmə
diplomu ilə bitirmişdir. 2005-2007-ci illərdə
Bakı Dövlət Universitetinin fizika fakültəsinin
magistraturasında təhsil almış və həmin
fakültəni "Kvant elektronikasi" ixtisası üzrə
fərqlənmə diplomu ilə bitirmişdir. 2007-2008-ci illərdə orduda həqiqi hərbi xidmətdə
olmuşdur. 2009-2012-ci illərdə Azərbaycan Milli Elmlər
Akademiyasının Fizika İnstitutunun doktoranturasına daxil
olmuş və 2012-ci ildə texnika elmləri doktoru Əli Məmmədovun
elmi rəhbərliyi ilə "Yarımkeçiricilər və
dielektriklər fizikası" ixtisası üzrə
"Yüksək təzyiqlərdə PbTiO3, NaNbO3 və BiMnO3
perovskit seqnetoelektriklərinin struktur faza keçidləri"
mövzusunda dissertasiya işini müdafiə edərək
fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi
almışdır.
Əmək fəaliyyətinə 2005-ci
ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika
İnstitutunda texnik kimi başlamışdır. Texnika elmləri
doktoru Əli
Məmmədovun rəhbərlik etdiyi
"İxtisaslaşdırılmış qeyri-standart nəzarət
və diaqnostika sistemləri" laboratoriyasında fizika
üzrə fəlsəfə doktoru Rəfiqə
Mehdiyevanın rəhbərliyi altında elmi araşdırmalara
başlamışdır. Sonralar kiçik elmi
işçi, elmi işçi vəzifələrində
çalışmış və hazırda həmin institutun
böyük elmi işçisidir.
İlk
xarici səfərlər: hədəfə doğru qətiyyətli
addımlar
Sakin müəllimin xaricə ilk
çıxışı
2009-cu ilin iyun-iyul aylarında Rusiyanın Moskva və
Dubna şəhərlərində MDB ölkələrinin gənc
alimləri üçün təşkil olunmuş və
nanotexnologiyalara həsr edilmis yay məktəbində
iştirakı olub. Moskva şəhərində Kurçatov
İnstitutunda, A.V.Şubnikov adına
Kristalloqrafiya İnstitutunda, Dubna şəhərində Birləşmiş
Nüvə Tədqiqatlari İnstitutunda olub. Bu institutların
elmi-tədqiqat imkanlarını gördükdən sonra həmin
mərkəzlərin birinə uzunmuddətli ezamiyyətə getməyi və tədqiqatlarını
davam etdirməyi qərara alıb. Bakıya
qayıtdıqdan sonra bu barədə fikirlərini elmi rəhbəri
Əli Məmmədovla bölüşüb. 2 ay müddətinə Dubna şəhərinə,
Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna
ezamiyyətə göndərilib. Bu müddət ərzində
institutun geniş tədqiqat imkanları ilə ətraflı tanış olub. "O zamanlar dünyanın ən
nəhəng impuls reaktoru olan "İBR-2" reaktorunda
modernizasiya gedirdi və mən də həmin modernizasiya proseslərində
iştirak etmək istəyirdim" , - deyə
müsahibim o günləri xatırlayır. Ezamiyyət
müddətində Rusiyanın ən gənc elmlər
doktorlarından olan Denis Petroviç Kozlenko ilə tanış olur və onun rəhbərliyi
altında çalışmaq üçün razılıq
alır. Bakıya, Fizika İnstitutuna
qayıtdıqdan sonra oradakı imkanları haqqında elmi rəhbəri
ilə müzakirələr aparır. Uğurlu
əlaqələrin davamlı olması üçün
institut rəhbərliyi tərəfindən yenidən Birləşmiş
Nüvə Tədqiqatları İnstitutuna uzun muddətə
ezam olunur. 2010-cu ilin əvvəlindən həmin
institutun neytron fizikası laboratoriyasında kiçik elmi
işçi kimi fəaliyyətə başlayır.
Yeri gəlmişkən qeyd edək ki, Dubna şəhəri Rusiyanın elm mərkəzlərindən
biri olduğu üçün
buradakı insanların hamısı yüksək elmi biliyə
və təfəkkürə bağlıdırlar.
Müsahibim deyir: "Mendeleyevin elementlərin dövrü
sistemi cədvəlindəki 105-ci element bu şəhərdə
alınmış və adı da bu şəhərin adına uyğun olaraq "Dubnium"
adlandırılmışdı. Birləşmiş
Nüvə Tədqiqatları İnstitutu beynəlxalq elmi mərkəz
olduğu üçün burada çoxlu xarici alimlər
çalışırdılar. Dünyanın
bir çox ölkələrindən olan nüfuzlu alimləri
də burada tez-tez görmək olurdu. Daha
çox gənc alimlər bu elmi mühitdə yetişmək
üçün gəlirdilər. Bizim
qrupumuzda Ukraynadan və Vyetnamdan olan gənclər
çalışırdılar. Həm
yaşamaq üçün, həm də elmi fəaliyyət
üçün Dubna şəhəri və Birləşmiş
Nüvə Tədqiqatları İnstitutu çox yüksək
səviyyəli yer idi.
Tədqiqat reaktorunda modernizasiya getdiyi müddətdə
eksperimentlərimizi Almaniyanın Hamburq şəhərində
yerləşən "DESY" Elmi-Tədqiqat Mərkəzində
yerinə yetirirdik. Nəhayət, 2012-ci ildə
modernizasiya bitdi və ilk eksperimentlər başladı. 2014-cü ilin iyununa qədər bu mərkəzdə
çalışdım".
S.Cabarov həmin müddət ərzində
Rusiyanın Sankt-Peterburq, Tver, Moskva, Troysk şəhərlərində
yerləşən bir çox elmi-tədqiqat mərkəzlərində,
universitetlərində olur. Rusiyanın
Seliger forumunun "Elm və texniki yaradıcılıq"
konfransında iştirak edir. Türkiyəyə,
Almaniyaya dəfələrlə elmi ezamiyyətlərə
gedir. Elmi tədqiqatları genişləndikcə,
yeni arzular yaranırdı və bu arzuları həyata
keçirmək üçün daha geniş imkanlı mərkəzlərdə
çalışmaq həvəsi ortaya
çıxırdı. Bu məqsədlə
yenidən Bakıya, Fizika İnstitutuna qayıdır. Elmi rəhbəri ilə yeni tədqiqat planları
hazırlayır və institut rəhbərliyi tərəfindən
2014-cü ilin iyul ayında Almaniyanın Bayroyt şəhərində
yerləşən Bayroyt Universitetinə ezam olunur.
Təsadüfdənmi, yoxsa zərurətdənmi
Bayroyt şəhəri Dubna şəhərinə çox bənzəyir. Burada da insanların çoxunun həyatı
universitet ilə bağlıdır. Əsasən
Yaponiyadan, Çindən və Rusiyadan çoxlu tələbə,
doktorant və elmi işçilər fəaliyyət gostərirlər.
Hər il avqust ayında keçirilən ənənəvi
"Bayroyt festivalı"nda isə bu şəhərə
çoxlu turist axını olur. Universitetin tərkibində
14 elmi-tədqiqat institutu var və onlar birgə fəaliyyət
göstərirlər. Sakin müəllim də
bu tədqiqat institutlarından birində - Bavariya Eksperimental
Geokimya və Geofizika İnstitutunda çalışır.
Ezamiyyət dönəmində hər dəfə
Azərbaycana gəlməmişdən qabaq burada pedaqoji sahədə
fəaliyyət göstərən dostları ilə əlaqə
saxlayır. Xüsusi olaraq, Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunun təbiət elmləri kafedrasında ona tam orta
məktəb müəllimləri üçün fizikanın
müasir yeniliklərinə və tədrisdəki yeni
yanaşmalara dair mühazirə və seminarlar aparmaq
üçün saatlar ayrılır. Bu şəraiti
ona yaratdıqlarına görə müsahibim institutun rektoru, professor Asəf Zamanovun və təbiət elmləri
kafedrasının müdiri dosent Yusif Alıyevin əməyini
xüsusi dəyərləndirir.
Almaniyada elmi-tədqiqatlar necə
aparılır?
Bayroyt Universitetinin doktoru olan həmyerlimiz hazırda professor
Leonid Dubrovinskinin rəhbərliyi altında
çalışır. Əsas fəaliyyəti
elmi-tədqiqat olmasına baxmayaraq, tələbələrlə,
xüsusən də diplomçu bakalavrlar, magistrlər və
doktorantlarla birgə çalışır. Onlara əsasən bərk cisim fizikası və
yüksək təzyiqlər fizikasının sirlərini, mənimsənmə
metodikasını öyrədir.
Müsahibimin sözlərinə görə,
Almaniyada elmi-tədqiqat institutları universitetlərin tərkibində
yerləşir və fakültələrlə birgə fəaliyyət
göstərirlər. "Məsələn,
bizim çalışdığımız institutun əsas
istiqaməti geofizika və geokimya tədqiqatları olmasına
baxmayaraq, fizika fakültəsinin kristalloqrafiya laboratoriyası
ilə birgə işləyirik. Fakültə
tələbələri bizim institutun təcrübələrində
yaxından iştirak edirlər, institutun professorları
fakültədə mühazirələr oxuyurlar, doktorları
və doktorantları isə seminar məşğələləri
aparırlar.
Almaniyada elmə marağı olan insanlar elmi-tədqiqatla
nəinki tələbəlik illərindən, hətta
şagird olduqları zamandan məşğul ola
bilirlər. Bizim yaşadığımız
Bavariya torpaqlarında orta məktəblərdə dərslər
15 sentyabrda başlayır və avqustun əvvəllərinə
qədər davam edir. İyulun
sonlarında universitetlərdə "Uşaq universiteti" fəaliyyətə
başlayır. Hətta I sinif şagirdləri
belə, buraya cəlb olunurlar. Elmi tədqiqat
işi aparan alimlər uşaqlar üçün sadələşdirilmiş
mühazirələr və əyani formada eksperimentlər
hazırlayırlar. Onları nümayiş
etdirərək son elmi yenilikləri şagirdlərə mənimsədirlər.
Beləliklə, hətta şagirdlər də
kiçik yaşlarından elmə maraq göstərirlər.
Xarici ölkələrdə alimlərin əməkhaqqının
nə qədər olması, asudə vaxtlarını necə
keçirdikləri ilə bağlı sualımızı
Sakin Cabarov belə cavablandırdı:
- Universitetdə və elmi-tədqiqat institutlarında
çalışan alimlərin əməkhaqları kifayət
qədər yüksəkdir. Əmək fəaliyyətinə
başlamış gənc doktorantlar artıq öz
ehtiyaclarını tam təmin edirlər. Bir
sözlə, Avropada elmi-tədqiqat işi ilə məşğul
olan alimin əsas sosial problemləri həll edilmiş olur.
Müəllimlərin, tələbələrin,
alimlərin boş vaxtlarının səmərəli təşkil
olunması üçün universitet şəhərcikləri
vardır. Buraya
üzgüçülük hovuzları, idman zalları,
meşəliklər, gəzinti zamanı dincəlmək
üçün açıq havada pulsuz zooparklar fəaliyyət
göstərir.
Almaniyada müəllimlərin
iki
növ attestasiyası mövcuddur
Müsahibimlə söhbətdə
Almaniyada müəllimlərin attestasiyasının təşkili
məsələsi ilə də maraqlandıq. Onun dediklərindən belə məlum oldu ki, federal
torpaqlardan (inzibati ərazi vahidlərindən) ibarət olan
Almaniyada hər bir torpağın öz qanunları vardır.
Hətta tədris ilinin başlanması da fərqli
olur. Amma ümumilikdə göturülsə
muəllimlərin attestasiyası, qiymətləndirilməsi hər
yerdə keçirilir. Attestasiya, adətən,
2 cür olur. Bunlardan biri "müntəzəm"
attestasiya adlanır və 6 ildən bir keçirilir. Qiymətləndirmə
sistemi 5 kateqoriya üzrə baş verir: çox yaxşı,
yaxşı, qənaətbəxş, kafi və qeyri-kafi. İkinci attestasiya isə "zərurət"
attestasiyası adlanır və adından göründüyü
kimi, zərurət yarandığı hallarda keçirilir.
Tələbələr
fənləri sərbəst seçirlər
Sakin müəllim bizimlə söhbətində
Almaniyanın ali məktəblərində
tədrisin təşkili, təhsilin inkişafı
yönündə görülən işlərlə
bağlı fikirlərini də bölüşdü. Qeyd etdi ki, orada tələbələr dərsləri
sərbəst olaraq seçirlər. Semestrlərdə
istədikləri qədər fənn götürə bilərlər.
Adətən tələbələr I kursda təcrübəsiz
olurlar. Ona görə də az fənn
götürürlər. Sonuncu kurslarda isə
diplom işləri və təcrübə keçmə
kursları onların dərslərinə çətinliklər
törədir. Bunları nəzərə
alaraq, adətən II və III kurs tələbələri
daha çox fənn götürürlər. Çox yaxşı olardı ki, bu sistem Azərbaycan
təhsil sistemində də öz əksini tapsın. Çünki I kursda dərslərində geriləyən
tələbələr sonradan toparlana bilmirlər və bu da
onların yaxşı mütəxəssis kimi yetişmələrinə
mane olur. Digər tərəfdən isə IV kursda
imtahanlara və dərslərə daha çox diqqət
ayırmaları səbəbindən diplom işləri
çox zəif yazılır və yeni ideyalara az rast gəlinir, əsasən təkrarçılıqla
üzləşirik.
Yaxşı təhsil vermək
üçün universitetlərin elmi-tədqiqat
bazasının yüksək səviyyədə olması
çox vacibdir. Avropanın aparıcı mərkəzləri
daha yaxşı kadrları cəlb eləmək
üçün bir-biri ilə rəqabət aparırlar.
Kadrların bir mərkəzdə 5-6 ildən
çox işləməsinə yol vermirlər. Buna görə də hər bir mütəxəssis
işlədiyi mərkəzdə yaxşı göstəricilərə
sahib olmağa çalışır ki, gələcəkdə
digər mərkəzlərdə istədiyi mövqeni tuta
bilsin. Doktorantura təhsilini başa
vurmuş doktor məcbur olur ki, digər mərkəzlərdə
"postdoc" mövqeyi tutsun. Daimi ştatların
sayı mərkəzlərdə çox az
olur. Onlar əsasən professor və idarəçilik
ştatları olurlar.
"Azərbaycan
həqiqətlərini təbliğ etmək şərəfli
işdir"
Bu sözləri də Sakin müəllim bizim bu barədəki
sualımızı cavablandırarkən dedi. Bildirdi ki, mən
istər Rusiyada, istərsə də Almaniyada
çalışdığım mərkəzlərə Azərbaycan
Milli Elmlər Akademiyasının Fizika İnstitutunun əməkdaşı
kimi ezam olunmuşam və qazandığım hər bir
uğurum Azərbaycan elminin adına
bağlıdır. Ona görə də daim
çalışırıq ki, işlədiyimiz mərkəzlərdə
Azərbaycanı daha yaxşı təmsil eləyək.
Xaricdə olarkən milli bayramlarımızı
təntənə ilə qeyd edirik və yaxın ətrafimıza
da bayramlarımızın tarixi kökləri haqqında məlumatlar
veririk. Tariximiz haqqında bildiklərimin
hamısını yeri gəldikcə ətrafımdakı əcnəbilərə
danışıram. XX əsrin
sonlarında yaşadığımız 20 Yanvar faciəsi,
Xocalı soyqırımı kimi faciələrimizin
bütün dünyaya çatdırılması isə daha
vacibdir. Çalışdığımız kollektivlərdə bu
faciələri
avropalıların diqqətlərinə çatdırır, anım
günlərində isə daha fəal oluruq.
Almaz
HƏSRƏT,
Təhsil
Problemləri İnstitutunun Beynəlxalq
əməkdaşlıq və informasiya şöbəsinin
müdiri
Azərbaycan
müəllimi.- 2015.- 17 yanvar.- S.6.