Təhsil Problemləri

İnstitutunda təqdimat

  

Yanvarın 14-də Təhsil Problemləri İnstitutunda Oracle Akademiyası nümayəndəsinin OracleJava proqramlaşdırmaya dair  təqdimatı keçirilmişdir. İnstitutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov görüş iştirakçılarını salamlayaraq respublikamızda XXI əsrin başlanğıcından  Azərbaycan təhsil sisteminin yenidən qurulması, modernləşdirilməsi və bu işlərin pedaqoji innovasiyalardan istifadə olunmaqla yerinə yetirilməsinin prioritet problem hesab olduğunu vurğuladı. O bildridi ki, həmin problemlərin  həll olunması üçün yeni pedaqoji araşdırmalara, ən mühüm olanı isə  müasir informasiya-kommunikasiya texnologiyalarının köməyindən istifadə etməyə ehtiyac var. Qeyd edildi ki, məktəblərdə İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycanın gələcək  vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir.

Təqdimatla çıxış edən Oracle Akademiyasının proqramlarla işin inkişafı  üzrə nümayəndəsi Sinem Kaya institutun direktoru  Qulu Novruzova təşkil olunmuş  görüşə görə təşəkkürünü bildirdi. Sinem Kaya görüş iştirakçılarına Oracle Akademiyası barədə ümumi məlumat verdi. Çıxışında Türkiyədə mövcud olan Oracle Akademiyası saytındakı  kurslardan keçən müəllimlər və İT mütəxəssislərinin fəaliyyətində olan dönüşlərdən danışdı. Bildirdi ki, hazırda xarici ölkələrlə yanaşı Azərbaycandan da artıq bu saytdakı kurslardan keçmiş və beynəlxalq dərəcəli sertifikat əldə etmiş nümayəndələr var. Oracle verilənlər bazası bir əlaqəli verilənlər bazası idarəetmə sistemidir. Bununla yanaşı, JavaOracle proqramlaşdırmanın üstünlüklərindən də söhbət açıldı. Verilənlər bazasında məlumatları sorğulamaq, nizamlamaq, dəyişmək, silmək, idarə etmək və ya lazım olduqda hansısa bir veriləni (məlumatı) əldə etmək üçün istifadə olunan bir dil  - SQL (Strukturlaşdırılmış Sorğu Dili) barəsində də danışıldı. Oracle Akademiyasının tədris yönümlü tərəflərini açıqlayan Sinem Kaya məktəblilər üçün AliseGreenfoot proqramı barəsində də məlumat verdi. Qonaq Java ilə obyekt yönlü proqramlaşdırmanın əsaslarının əhəmiyyətindən bəhs edərkən müasir tələblərə cavab verə biləcək müəllimlərin hazırlığına da xüsusi diqqət yetirdiklərini və ayrıca müəllimlərə həmin  proqrama dair kursların keçirildiyini bildirdi. Bu kurslara Azərbaycanın ali təhsil müəssisələrində çalışanların da qatıldığı vurğulandı.

Təqdimatın sonunda maraqlı diskussiyalar və müzakirələr oldu. İştirakçılardan bəziləri orta məktəblərdə informatika fənninin tədrisində keçirilən proqramlaşdırma dili mövzusunda OracleJava proqramlaşdırma dilinin də əlavə edilməsi məsələsinə baxılması təklifini bildirdilər.  İştirakçılar mövzu ilə bağlı  rəy və təkliflərini verdilər.

Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi, Təhsil Problemləri İnstitutunun direktor müavinləri, şöbə müdirləri,  institutun əməkdaşları, orta məktəb direktorları, informatika müəllimləri, İT mütəxəssisləri iştirak edirdilər.

Tədbirin sonunda işçi qrupunun üzvləri mövcud informatika fənn kurikulumuna bir daha nəzər yetirmələri və  gələcəkdə  məzmuna dair ediləcək əlavə və dəyişikliklərlə bağlı müzakirələri davam etdirdilər. 

 

Azərbaycan müəllimi.- 2015.- 17 yanvar.- S.2.