90 yaşlı
professorun həyat hekayəsi
ADNA-nın professoru Şəfiq Pənahi ilə söhbət
Bu dəfə Azərbaycan
Dövlət Neft Akademiyasının (ADNA) 90 yaşlı
professoru ilə sizləri tanış etmək istəyirəm.
Professorla qiyabi olaraq akademiyanın, onun 90 illik yubileyi ilə
bağlı keçirdiyi tədbir barəsində oxuyanda
tanış oluram. Professorun yaşı və əmək fəaliyyətini
əks etdirən rəqəmlərin böyüklüyü
(professorun 64 illik iş stajı var) diqqətimi çəkir.
Fotomüxbirimizlə
birlikdə ADNA-ya yollanırıq. Mühafizəçiyə
Şəfiq Pənahi ilə görüşməyə gəldiyimizi
deyirəm. O da gülərüzlə:
- İnşallah, 100
illik yubileyində də ondan müsahibə alarsınız
deyir.
Mühafizəçi
gəldiyimizi xəbər verir.
Dəhlizdə Şəfiq müəllimlə
görüşürük. Düzü mən ona 90 yaş verə
bilmirəm.
Ümumi,
tarixi geologiya və hidrogeologiya kafedrasına daxil oluruq. Və
geologiya-mineralogiya elmləri doktoru, professor Şəfiq Pənahi
ilə söhbətə başlayırıq:
- 1925-ci il yanvar
ayının 2-də Tiflis şəhərində anadan
olmuşam. Atam iranlı idi. Babam da Səttarxanın ən
yaxın adamlarından olub. Hətta söhbət gedir ki,
xanlardan şikayəti olanlar babamın yanına, Makuya gəlirmişlər.
O da
onlara kömək edirmiş. Atam o zaman təhsil alan az insanlardan biri idi. Savadına
görə çox yeri bəyənmirdi. Türkiyəyə
gedib, orda da qala bilməyib. Bir neçə
dəfə get-gəldən sonra yenidən Tiflisə
qayıdıb. Tiflisdən Təbrizə gəlmişik.
Amma atamın orda da işi alınmayıb.
Sonra Urmiyaya, Xoya, nəhayət, iki yaşım olanda İrəvan
yaxınlığında yerləşən Maku şəhərinə
köçmüşük. Atam Makunun
mehmanxanasını bərpa edir. 1935-ci ildə
atam gedir Zəncana və həmin mehmanxananı orda da
yaradır. Həmin ilin sonlarında biz də
Zəncana gedirik. Evin böyük
uşağı idim. Orta məktəbin
ibtidai siniflərini oxumuşdum. Zəncanda
orta məktəbə daxil oldum. Bir neçə il orda yaşadım. II Dünya
müharibəsi dövründə orta məktəbi bitirdim.
Mən oxumalı idim, instituta getməli idim.
Ona görə də kurs bitirmək lazım idi.
Kursda riyazi şöbəni qurtardım. 1944-1945-ci tədris ilində Tehrana gedib "Elm və
sənət" universitetinin (keçmiş Sənaye
İnstitutu) kimya fakültəsinə daxil oldum. I kursu bitirdim. Yayı gəldim Təbrizə
istirahətə. Atam dedi ki, İran hökuməti
Rusiyanın ali məktəblərində
öz təhsilini davam etdirmək üçün tələbələr
yığır. Sən də get. O zamanTehranda tək mənim
təhsil almağım ailədə 7 nəfərin xərcindən
çox idi. Gəldim Bakıya və Azərbaycan
Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinə
daxil oldum.
1951-ci ilin aprelində buranı bitirdim. İnstitutdan məni Binəqədi
Neft-Qazçıxarma İdarəsinə göndərdilər.
Çünki aspiranturaya daxil olmaq
üçün gərək dekabr ayını gözləyərdim.
Dekabra qədər işlədim və ayın
24-də daxil oldum aspiranturaya. Aspiranturanın
II kursundan bizə dərs verdilər. Çünki
müharibədən sonra rus, erməni müəllimlərin
çoxu çıxıb getmişdi, müəllim
çatışmırdı.
- Bəs siz niyə İrana qayıtmadınız?
- Bura gələndən sonra iki dəfə göndərişlə
oralara getmişəm. Tehrana gedəndə bir mehmanxada qaldım. Bir gün mehmanxanaya qayıdanda bir yazı ilə
qarşılaşdım. "İstəyirsən,
qal burda dərs de. Bizim müəllimlər
institutumuzun aspiranturasını yarat". Onlar mənə
1050 dollar maaş verəcəkdilər. Mənə də onların xüsusiyyətləri bəlli
idi. Orda kasıbların, orta təbəqənin
və varlıların qaldığı məhəllələr
fərqlidir. Əgər sən professorsansa
dövlətlilər məhəlləsində
yaşayırsan. Orda da ev tutmaq ayda
200-300 dollara başa gələcəkdi. Mütləq
maşının olmalıdır. Mənim
də maşınım yox idi. Gərək
maşın da tutaydım. Fikirləşdim
ki, heç evə 200 dollar da göndərə bilməyəcəyəm.
Ona görə də razılaşmadım.
- Valideynlərinizin taleyi necə oldu?
- Mən Bakıya gəldikdən bir
neçə ay sonra onlar da gəldilər. Atam Abbas Makulu yazıçı idi. Həm nəzm, həm nəsr əsərləri yazırdı.
Anam evdar xanım idi. 1995-ci
ildə vəfat etdi. Bacılarımın
ikisi də Tibb Universitetindədir. Bacımın
övladları həkimdir.
- Bəs sizin övladlarınız?
- İki övladım var. Bir oğlan, bir
qız. Qızım da həkimdir.
Oğlum Almaniyada yaşayır. Onun peşəsi də neftlə bağlıdır.
Amma Almaniyada neft yoxdur (gülür).
Şəfiq müəllimlə söhbətimiz əsnasında
hiss etdim ki, tarixləri, yaşadıqlarını o qədər
gözəl xatırlayır ki. Bunu ona da deyirəm.
Gülür və cavab verir:
- Qızım, əvvəlki illəri çox
yaxşı xatırlayıram. Amma son illər
olanlar bəzən yadımdan çıxır. Beynimin
alt bazası yaxşı qalıb, üst baza bir az işləri korlayır.
Şəfiq müəllim, elə alt bazadan söhbəti
davam etdirək, -
deyirəm, - razılaşır. Bir az
da işlərinizdən danışaq:
- Bəli, əsas mənim işlərimdir. O zaman
Moskvadan əmr gəldi ki, yeni şöbə
yaradılmalıdır - Geologiya və hidrogeologiya mühəndisi.
Düzdür, bunun neftlə heç bir əlaqəsi
yox idi. Dekan məni çağırdı.
Həmişə orda əyləşirdi (dekanın
əyləşdiyi yeri göstərir). Kafedrada cəmi
üç nəfər idik- kafedra müdiri erməni idi, mən
və dekan (sanki o günlərə qayıdır və hadisələri
o an baş verirmiş kimi nəql edir).
Dekan dedi ki, bu məsələni sən həll etməlisən.
Məni bir semestr Moskva Dövlət Universitetinə
göndərdilər. 28 şəhərdən
gələnlərlə birlikdə kurs keçirdik. Heç yarım saat
istirahət etməyə də icazə vermirdilər. Hansı şəhərdə, hansı mütəxəssis
var, o gəlib bizə dərs deyib, geri qaydırdı. Kurs bitdi, geri qayıtdım. Proqramları,
tələbələrin oxuya biləcəyi kitabları qeyd
etdim, tədris proqramını hazırladım. Ona görə də bu şəhərdə nə qədər
mühəndis-geoloq, hidrogeoloq görsəniz hamısı mənim
əlimin altından keçib. Özü
də tələbələrə bir semestr yox, 4-5 semestr dərs
keçirdim. Çünki müəllim də az idi. Həm də bu universitetə
daxil olandan sonra bura xüsusi məhəbbət hissim
yaranıb. Belə ki, 3 dəfə məni dəvət
ediblər yaxşı maaşla başqa yerlərə, hətta
3 otaqlı mənzil də təklif edənlər olub, amma
razılıq verməmişəm. Ona görə
də 64 ildir ki, burda çalışıram.
- Yeni yaradılan şöbənin neftlə əlaqəsi
olmadığını dediniz. Bəs bunu neftə
necə uyğunlaşdırdınız?
- Mənim ixtisasım neftdir. Amma mən o
fənni tədris edirdim ki, onu sevmirəm. Fikirləşdim
ki, bu mənə yaxşı nəticə verməz. Hidrogeologiyanı bağladım neft-qaz
yataqlarının hidrogeologiyasına. İki
alim mənə qədər o fəndən kitab
yazmışdı. O kitabları da oxumuşdum. Amma xüsusi elmi bir şey yox idi. Özüm təcrübələr aparmağa
başladım. 20 ilə yaxın məşğul
olduğum təcrübə doğru çıxdı. Sübut etdim ki, Abşeronun özündə elə
bloqlar, qırılmalar var ki, orda neft milyon tonlarla olmasa da, Azərbaycanın
ehtiyacını təmin edəcək qədərdir. İkincisi isə qaldırdığım diapir məsələsi
idi. Həmin məsələni başqa
alim (adını xatırlamağa çalışır, kitabın
üzərində şəklini göstərir) İvan Qupkin
demişdi. O, apardığı təcrübələrlə
belə bir nəticəyə gəlmişdi ki, Azərbaycanda
yataqlar diapirdir, amma onu qınamışdılar. Lakin sübut etdim ki, həmin alim düz deyir.
- Deyirsiniz ki, elə bir mühəndis-geoloq yoxdur ki, mənim
əlimin altından keçməsin. Bəs o
dövrün tələbələri ilə bu dövrün tələbələri
arasında hansı fərqlər var?
Hiss edirəm ki, narazılığı var.
- Fərq çoxdur. O dövrün tələbələri
olan zaman bu dəhlizdə
səs yox idi. Hər yerdə asılmışdı - Səssiz!
Dərs keçilir. Amma indi
tələbə bu başdan o başdakı yoldaşına
qışqırır. Mən bunu qəbul
etmirəm. Çünki tələbə
bura öyrənməyə gəlir. O zaman bu qədər
elektron vasitə yox idi. İndi mən dərs
deyirəm, tələbə partanın altında telefonla
oynayır. Bu onların savadını artırmır,
əksinə, savadsızlığa aparır. Dərs oxumaq ayrı şeydir, gərək sənin
beynin işləsin. Yadımdadır, 90-cı illərdə Moskvadan
bir akademik gedib Amerikaya, bir məktəbdə girib 11-ci sinfə,
deyib: 7 vur 8 neçə edir? Şagird tez cibindən
kalkulyatoru çıxarıb...
- Necə düşünürsünüz, necə
müəllim olmusunuz?
- Tələbələrim məndən qorxmayıb. Amma çəkiniblər. Əgər
bir tələbə dərsə cavab verməsə, oxumasa, ona
yenə şans verirəm. Amma oxumasa, deyirəm
ki, keçməyəcəksən.
- Yaxşı müəllim necə olmalıdır?
- Yaxşı müəllim əvvəla yaxşı
insan olmalıdır. Tələbələr
arasında fərq qoymamalıdır. Tələbəyə
ciddi yanaşmalısan, amma ona ağır söz demək
olmaz. Uzağı tələbəyə
deyirəm, çıx sinifdən.
- Keçmiş tələbələriniz sizin
yanınıza gəlirlərmi?
- Mənim tələbələrimdən nazir olanı
da var. Amma bir dəfə də olsun heç birinin
qapısını döyməmişəm. Gələndə
belə onlar mənim üçün yenə tələbədir.
Hətta elə dəyişirlər ki, heç
onları tanımıram. Bir dəfə bir qoca kişi maşını saxladı ki, Şəfiq
müəllim, gəlin əyləşin. Təəccübləndim
ki, sən məni hardan tanıyırsan? Dedi ki, siz mənə
dərs demisiniz. Vaxtilə belə bir qanun
çıxmışdı ki, mədənlərdə
diplomsuz işçilərin hamısı təhsil
almalıdır. Axşam fakültələri
yaradıldı, mən də onlara dərs demişəm.
- 64 illik fəaliyyət. Çətin
deyil, yorulmursunuz?
- Çətinliyinə çətindir. Amma məndə
belə bir hiss əmələ gəlib ki, sanki bu akademiya mənə
atamın yadigarıdır. Bir adam bu ali təhsil
ocağında pis iş görəndə mən onunla
yaxşı rəftar etmirəm.
Qarşıdan 20 Yanvar faciəsinin 25-ci
ildönümü gəlir. Bu faciəli
günü necə xatırladığını soruşuram.
Sanki baxışları dəyişir:
- Xatırlamaq nədir. O qədər insanı
öldürdülər. Bacımın
yoldaşı hadisələrin canlı şahidi olub. Həmin gün baş verənləri
görəndə o kişi necə
ağlayırdı.
Şəfiq müəllimi suallarımla
çox yormaq istəmirəm. Sonda nə
demək istədiyini soruşuram.
- Gördüyüm əziyyətlər yenidən gəlib
məni tapmasın. Ancaq öz
səhhətimə baxım. İki dəfə əməliyyat
olunmuşam. Təsəvvür edin, 89 yaş və iki dəfə
əməliyyat. İndi də tək yaşayıram.
Yoldaşım rəhmətə gedib. O da mənim tələbəm
olub.
- Maraqlı
faktdır. Ona neçənci illərdə dərs
demisiniz?
- 1954-cü ildə dərs demişəm. 1956-cı ildə ailə həyatı qurmuşuq.
Onların qrupunda 5 qız var idi. Bu yaxınlarda onların qrupundakı qızlar həyat
yoldaşları ilə birlikdə ziyarətimə gəlmişdilər.
Bizə də
100 illiyinizdə gəlib sizinlə yenidən
söhbət etmək qismət olar, deyirəm.
Gülür:
- Onu Allah bilir, qızım. Qismət olsa gələrsiniz.
Bəli, qismət, Şəfiq müəllim,- deyib, onunla sağollaşırıq.
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.- 2015.- 17 yanvar.- S.8.