Riyaziyyatın tədrisinin
və müəllim
hazırlığının
modernləşdirilməsi
Ölkəmiz müstəqillik
qazandıqdan sonra bütün
sahələr, eləcə də təhsil
qarşısında mühüm vəzifələr
qoyulmuşdur. Təhsil sisteminin dəyişilməsi və
yeniləşməsi məsələsi
irəli sürülmüş, təhsilin ABŞ, Avropanın
qabaqcıl ölkələrinin təhsil məkanına
inteqrasiyası ön plana çəkilmişdir. Ulu öndər
Heydər Əliyev demişdir: "İndi təhsil sistemində
islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan
təhsil sistemi dünya təhsil sisteminin standartlarına
uyğunlaşsın".
"Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda təhsil sisteminin dövlət təhsil
standartlarına cavab verən inkişaf istiqamətləri və müasir tələblərə
uyğun hədəfləri müəyyənləşdirilmiş,
təhsil işçiləri qarşısında yeni məsul
vəzifələr qoyulmuşdur. Ölkəmizin təhsil
sistemi dünyanın ən qabaqcıl ölkələrinin təhsil
prinsiplərindən istifadə etməklə təkmilləşdirilir,
məzmun və struktur dəyişiklikləri aparılır,
təhsilin bütün pillələri üzrə
kurikulumların hazırlanması məsələlərinə
baxılır.
Riyaziyyat elminin təlimi
metodları müasir riyaziyyat nəzəriyyələrinin
yaranmasına səbəb olmuşdur. Riyaziyyat elminin müxtəlif
nəzəriyyələrə diferensiasiyası və birləşməsi
elə həddə çatmışdır ki, vahid riyaziyyat
elmi haqqında danışmaq çətinliyi meydana çıxmışdır,
lakin buna baxmayaraq onun vahidliyi həmişə qorunub
saxlanılmışdır.
Riyaziyyatın tədrisi
metodikası bu elmin təlimi prosesinin tədqiqatı ilə məşğul
olur. Yeni təlim texnologiyalarının tətbiqi ilə
riyaziyyatın təlimi, müəllimlər tərəfindən
həyata keçirilən çətin bir prosesə
çevrilmişdir. Müəllim müxtəlif vəsaitlərdən
aldığı informasiyanı yeni təlim
texnologiyalarından istifadə edərək şagirdlərə
çatdırır. Şagird isə dərslik, dərs vəsaiti,
kompüter və s. mənbələrdən aldığı
informasiyanı müəllimə çatdırır. Deməli,
təlim prosesində müəllim-şagird
informasiyasının bir-birinə ötürülməsi iki
istiqamətdə baş verir: müəllimdən şagirdə
və şagirddən müəllimə.
Təhsilin
bütün pillələrində yeni informasiya
texnologiyalarının tətbiqi ilə müasir tələblərə
uyğun təlimin nəticələrinin
yaxşılaşdırılması probleminin həlli
üçün müəllim şagirdin bilik səviyyəsinə
görə yeni təlim metodlarından istifadə etməlidir.
Riyaziyyatın tədrisi metodikasının əsas vəzifələrindən
biri də riyazi təfəkkürün inkişafı
üçün xarakterik olan, yeniliklərə yol açan
idrak fəaliyyətinin formalaşdırılması və
inkişaf etdirilməsidir. Deməli, riyaziyyatın təlimi
dedikdə riyazi fəaliyyətin öyrənilməsi başa
düşülür. Təlimin nəticələrinin
yaxşılaşdırılmasında kim, nəyi və necə
öyrədir kimi mühüm problem özünü əks
etdirməlidir.
Riyaziyyatın tədrisi
metodikasının predmetinin müəyyənləşdirilməsi
üçün təlim prosesinin aşağıdakı
elementlərinə diqqət yerirmək lazımdır: təlimin
mövzusu, məqsədi, obyekti
və metodları. Riyaziyyatın tədrisi
metodikasının predmeti qarşısında duran problemlər
şərti olaraq nəyi öyrətmək (mövzular) və
necə öyrətmək (təlim metodları) kimi iki sinfə
bölünür, yəni riyaziyyatın tədrisi
metodikası qarşısında duran problemlər şərti olaraq bu iki sinfə aid edilir. Bu
problemlər bir-birilə sıx bağlıdır və
bunlardan birinin həlli digərini nəzərə almadan
mümkün deyil.
Yeni metodların
işlənib hazırlanması
təlimin yeniləşməsini tələb edir, hansı ki,
bu yeniləşmə şagirdin idrak səviyyəsinin dəyişilməsinə
və təfəkkürünün inkişafına səbəb
olur. Qeyd edək ki, 1960-cı ildən sonra orta məktəb
riyaziyyat kursunun tədris proqramına ali məktəbin
diferensial və inteqral hesabı nəzəriyyəsinin elementləri
daxil edildi və bu nəzəriyyənin təlimi ali məktəb
riyaziyyatının tədrisi metodikasını yox, xüsusi
metodika tələb edirdi. 1960-1980-ci illərdə bu nəzəriyyənin
orta məktəb riyaziyyat
kursunda kortəbii təlimi uğursuz nəticələrə
gətirib çıxardı.
Yeni pedaqoji yanaşmalar olmadığından bu nəzəriyyənin
elementlərinin orta məktəbdə təlimi ənənəvi
öyrənmə metodikasının yeniləşməsini tələb
edirdi, yəni törəmə və inteqral
anlayışlarının təlimindəki nəticələrin
yaxşılaşdırılması üçün yeni təlim
metodlarının meydana gəlməsi tələb olunurdu.
İndiki dövrdə elm və texnikanın sürətli
inkişafı nəticəsində müasir ali riyaziyyatın
elementləri orta məktəb riyaziyyat kursuna sirayət edib, məktəb
riyaziyyat kursu köhnəlib, son
onilliklər ərzində mürəkkəbləşib və
müasir riyaziyyatın inkişafından çox geridə
qalıb. Buna görə də riyaziyyatın təliminin modernləşdirilməsi
(müasirləşdirilməsi) yeni metodikanın işlənib
hazırlanmasını qarşıya qoymuşdur.
Məktəb riyaziyyat
kursuna daxil olan yeni nəzəriyyələrin təlimi yeni
metodlar, yeni metodlar isə yeni nəzəriyyələrin
yaranması zərurətini qarşıya qoyur. Qeyd edə bilərik
ki, riyaziyyatın tədrisi metodikası, riyaziyyat, pedaqogika,
psixologiya, fəlsəfə və məntiq elmlərinin sərhədlərinin
zolağında yerləşir, yəni riyaziyyatın tədrisi
metodikası bu elm sahələrini birləşdirir və
qarşıya çıxan problemlərin həllində onlarla
olan əlaqələrə əsaslanır. Beləliklə,
qarşıda aşağıdakı kimi sual durur:
riyaziyyatın tədrisi metodikasının təlimində yeni
metodların yaranması, ondan istifadə və modelinin qurulması. Aydındır
ki, riyaziyyatın təlimində riyaziyyatın tədrisi
metodikası qarşıya çıxan problemləri aradan
qaldırmaq üçün məhz riyaziyyat elminə əsaslanır.
Riyaziyyatın tədrisi
metodikası məktəb riyaziyyat kursunda materialların
seçilməsi və siniflərə
uyğunlaşdırılması üçün onu didaktik cəhətdən
təkmilləşdirir. Yəni materialın öyrənilməsi, qavranılması, təhlili, konkret
situasiya, tapşırıq və çalışmaların
seçilib toplanması və s. özünü əks etdirməlidir.
Əgər riyaziyyatın tədrisi metodikası riyazi
materialın didaktikaya əsaslanaraq yekun nəticəsini əldə
edirsə, pedaqogika, psixologiya, fəlsəfə və məntiq
isə təlim zamanı əldə olunan nəticənin
yaxınlaşdırılmasının hansı formada həll
olunduğunu və bu nəticəyə çatmağın
yollarını göstərir. Riyaziyyatın tədrisi
metodikası riyazi fəaliyyəti təhlil edir, psixologiya və
məntiqə söykənərək, şagirdlərin idrak fəaliyyətinin
formalaşdırılmasını, onların bütün
istiqamətlərdə inkişafını tədqiq edir.
Riyaziyyat elmi şagirdin düşünmə qabiliyyətini və
təfəkkür inkişafına nail olduğunu
ayrılıqda əks etdirə bilmir, məhz bu prosesi
riyaziyyatın tədrisi metodikası yerinə yetirir.
Riyaziyyat kursundan tədris
materialının seçilməsi ideya, metod və
mövzuların dərin təhlilini, onun elmlər arasında
yeri və tətbiqinin müəyyənləşdirilməsini
tələb edir. Əsas problemlərdən biri də
seçilmiş riyazi materialın orta məktəb təliminə
uyğunlaşdırılmasında onun didaktikaya əsaslanmasıdır
və təlim prosesində ümumi və spesifik metodlardan
ayrılıqda deyil, qarşılıqlı əlaqəli
şəkildə istifadə olunmasıdır. Yəni
riyaziyyatın təlimi metodları pedaqogikanın təlim
metodlarını, riyaziyyat elminin təlimi metodlarını və
didaktika prinsiplərini həyata keçirərək
formalaşır. Eyni zamanda buraya alqoritmik yanaşma,
proqramlaşdırılmış təlim və s. kimi təlim
texnologiyaları da daxildir. Məntiq düzgün fikir
yürütməyin formalarını araşdırır və
konkret fikir haqqında yekun nəticə çıxarmaq
qaydalarını öyrədir. Riyaziyyatın tədrisi
metodikası psixologiyada heç bir yenilik etmir, o yalnız
psixoloji araşdırmaların nəticələrindən
istifadə edir.
Riyaziyyatın
inkişaf tarixi riyazi anlayış, metodlar və onun
inkişaf yollarından bəhs edir. Riyaziyyat təliminin və
metodiki ideyaların inkişaf tarixi isə məktəb
riyaziyyat təliminin mövzu və metodlarının
inkişafını və bəşəriyyətin tələblərinin
təsiri altında necə dəyişərək inkişaf
etdiyini göstərir. Aparılan tədqiqatlar göstərir
ki, uzun tarixə malik olan riyazi nəzəriyyələr bəzən
müasir elm üzərində də özünü əks
etdirir. Məsələn, çox uzun tarixə malik olan limit nəzəriyyəsi
elmdə təsdiqindən təxminən 100 il sonra məktəb
riyaziyyat kursuna daxil olub. Həm də riyaziyyat kursunun modernləşdirilməsi
(müasirləşdirilməsi) tələbi ilə təxminən
100 il əvvəl C.Bul tərəfindən işlənib
hazırlanmış riyazi məntiq elementləri məktəb
riyaziyyat kursuna sirayət etmişdir. Baxmayaraq ki, riyaziyyat
elminin hər bir yeniliyi məktəb riyaziyyat kursuna uzun illərdən
sonra nüfuz edib, lakin tarix göstərir ki, məqsəd məktəb
təlimini yeniləşdirmək, təkmilləşdirmək
və modernləşdirməkdir, yəni onu müasir elmə
yaxınlaşdırmaqdır. Anlayış, ideya və
metodlar məktəb proqramlarına (kurikulumlarına) dərhal
sirayət etmir, bunun üçün müəyyən
müddət lazımdır, buna görə də qeyd edə
bilərik ki, çox zaman təhsilin elmin inkişafından
müəyyən qədər geri qalması normal haldır.
Törəmə anlayışı yüz il və ya ondan da əvvəl
hər hansı konkret bir metodla öyrənilirdisə, indiki
dövrdə köhnə metodlarla öyrənmək məcburiyyətində
deyilik, çünki bu materialın öyrənilmə
metodunun köhnəldiyi və müasir məktəb təliminə
uyğun metod olmadığı aşkar olmuşdur.
Riyaziyyatın
müasir tələblərlə öyrənilməsi,
ümumiləşdirilməsi, nəzəri və praktik istiqamətlərdə
tədrisi onun inkişafını əks etdirən cəhətlərdən
biridir. XXI əsrin əvvəllərinə qədər
törəmə anlayışının təlimi zamanı
törəmənin ancaq fiziki və mexaniki mənası
verilirdi. İndiki dövrdə müasir yanaşmalardan istifadə
edərək törəmə alma qaydasını iqtisadi məsələlərə
tətbiq etdikdə törəmənin iqtisadi mənasını,
tibbi məsələlərdə isə törəmənin
tibbi mənasını alırıq və s. Hazırda
dünya ölkələrində riyaziyyatın təliminin
modernləşdirilməsi hərəkatının baş
qaldırdığı bir vaxtda,
xarici ölkələrin təcrübəsinin də
öyrənilməsi maraq doğurur. Buna görə də
riyaziyyat kursunun materiallarını və təlimi
metodlarının işlənib hazırlanmasında xarici təcrübənin
müsbət cəhətlərini nəzərə almaq, təhlil
etmək və öyrənmək lazımdır.
Riyaziyyatın tədrisi metodikasında pedaqoji eksperimentdən geniş
istifadə olunur, lakin pedaqoji eksperimentdə dəqiq metodika
olmadığına görə materialda didaktik dəyişiklik
etmədən həyata keçirilir. Buna görə də bu
cür eksperimentlərin əldə edilən nəticəsi əsassız
olur və haqlı olaraq tənqidə məruz qalır. Deməli,
pedaqoji eksperimentin düzgün təşkili və
aparılması gərgin iş tələb edir,
qarşıya çıxan çətinliklər və
ziddiyyətlər isə eksperimentin dəqiq işlənib
hazırlanmış metodikasından və riyazi statistika metodlarından istifadə
etməklə aradan qaldırılır.
Təlim və tərbiyənin
ümumi məqsədlərindən, riyaziyyatın bir elm kimi
spesifikası və sistemindən, texnika və istehsaldakı
rolu və yerindən, müasir
cəmiyyətin həyatdakı vəziyyətindən
çıxış edərək, orta məktəbdə
riyaziyyat təliminin məqsədlərini
aşağıdakı kimi formalaşdırmaq
mümkündür: şagirdlərin riyazi təfəkkürünün
inkişafı; şagirdlərin təhsillərini ali məktəblərdə
davam etdirmələri; praktik fəaliyyətdə orta məktəb
riyaziyyat kursundan əldə olunmuş zəruri nəzəri
biliklərinin müxtəlif konkret situasiyalarda tətbiqi;
bilik, bacarıq və vərdişlərin mənimsənilməsi;
şagirdlərin müasir texnika və istehsalatda riyazi
metodlardan istifadə edilən sahələrinin elmi əsaslarını
bilmələri. Buna görə də riyaziyyat təliminin məqsədlərini
müəyyənləşdirdikdə, orta məktəblərdə
təlimin məqsədlərini, şəxsiyyətin hərtərəfli
inkişafını, təbiət və cəmiyyətin
inkişaf qanunlarını bilən və bu əsasda
dünyanın simasını şüurlu şəkildə dəyişən
yüksək təhsilli insan ön plana çəkilir.
Riyaziyyatın təliminin
məqsədlərinə diqqət verdikdə
görürük ki, orta məktəb riyaziyyat kursunun praktik fəaliyyəti
üçün vacib olan nəzəriyyələri necə fərqləndirmək
sualı qarşıda durur. Adətən, şərti olaraq
orta məktəbdə elementar riyaziyyat tədris olunur. Bu termin
altında XVII əsrədək yaranmış hesab, həndəsə,
cəbr və triqonometriya nəzərdə tutulur. Elementar
riyaziyyat termini müxtəlif dövrlərdə mövcud olan
riyaziyyatı ifadə etməklə yalnız tarixi əhəmiyyət
daşıyır. Bu söz "başlanğıc" və
"sadələşdirilmiş" kimi mənada işlədilir,
belə ki, sadəlik və anlaşıqlıq təkcə dərslikdən
deyil, həm də materialın seçilmiş düzgün
izahından asılıdır. Bir çox nəzəriyyələr
və mövzular heç də tələbələr
üçün sadəliyi və
anlaşıqlığı baxımından "elementar"
deyil, "qeyri-elementar"dır və ya alidir. Yəni, buraya
daxil olan riyaziyyat nəzəriyyələri və
mövzuları orta məktəb çərçivəsindən
kənara çıxır.
Orta məktəb
riyaziyyat kursu ilə onun elmi arasındakı münasibəti
analiz etdikdə aydın olur ki,
müasir ali riyaziyyatın heç bir anlayış, ideya və
metodları orta məktəb proqramında (kurikulumunda) həyata
keçirilmirdi. Riyaziyyatın inkişaf prosesindəki hər
dövr, riyaziyyat təliminin mövzu və metodlarının
yenidən nəzərdən keçirilməsi zərurətini
yaradır, eyni zamanda məktəb proqramı yeni mövzunun
yox, müasir ideya və metodların daxil edilməsini nəzərdə
tutur. Daha doğrusu, həyata keçirilən yeniliklərin ən
başlıcası riyaziyyat təhsilinin məzmununun
yaxşılaşdırılması və yeni təlim
texnologiyalarının tətbiqidir.
Riyaziyyat kursunun
modernləşdirilməsi nə deməkdir? Riyaziyyat
kursunun modernləşdirilməsi hərfi mənada onu
müasirləşdirmək, müasir ideya, metod, tələblərə
və s. kimi anlayışlara uyğunlaşdırmaq deməkdir.
Riyaziyyat kursunun modernləşdirilməsi XX əsrin əvvəllərindən
başlanmasına baxmayaraq, o yalnız son 10-15 ildə geniş
vüsət almışdır. Yəni, bu cərəyan
dünyanın bütün inkişaf etmiş ölkələrində
də həyata keçirilir və bu ölkələrin
orta məktəblərində
müasir riyaziyyatın aşağıdakı sahələri
öyrənilir: çoxluq nəzəriyyəsinin elementləri;
riyazi məntiqə giriş; müasir cəbr anlayışları,
qruplar, sahələr, vektorlar və s; ehtimal nəzəriyyəsi
və riyazi statistikanın elementləri; diferensial və
inteqral hesabın elementləri. Tədris dərs
saatlarının çatışmamazlığı səbəbindən
göstərilən hər bir
anlayışların orta məktəb proqramına geniş
şəkildə salınması mümkün deyil, buna
görə də bu nəzəriyyələrin
mövzularının daxil edilməsində dəqiq seçim
olmalıdır.
Hazırda ölkəmizin
təhsil sistemində diskussiyalardan iş prosesinə
keçid, proqram (kurikulum) layihələrinin və müvafiq
dərsliklərin hazırlanması öz həllini
tapmaqdadır. Azərbaycan Respublikasının Təhsil
Problemləri İnstitutunda aparılan tədqiqatlar və
müzakirələrin əsas predmeti indiki dövrdə
riyaziyyatdan nəyi öyrətmək probleminin müəyyənləşdirilməsidir.
Aydındır ki, nəyi öyrətmək problemləri müəyyənləşmədən
necə öyrətmək sualına cavab vermək
mümkün deyil. Riyaziyyat elminin
məktəb riyaziyyat proqramına müasir ali riyaziyyatla bağlı bir sıra
mövzuların salınmasını onun modernləşdirilməsi
hesab etmək tamamilə yanlış fikirdir. Məqsəd yalnız
orta məktəbdə ali
riyaziyyatın elementlərinin təlimindən
deyil, həm də riyaziyyatın müasir tələblərə
uyğun yeni təlim texnologiyalarının tətbiqi ilə təlimindən
gedir. Yəni, orta məktəb riyaziyyat kursunun tərkibindən
müəyyən mövzuların çıxarılması və
müasir ali riyaziyyat kursundan nələrinsə
daxil olması o demək deyil ki, məktəb proqramında təlimin
ənənəvi metodları ancaq mövzuya görə
köhnəlib, o həm də
uzun illərdir ki, proqramda olan materiala görə köhnəlib.
Deməli, riyaziyyatın ənənəvi ideya və metodlarına
əsaslanan materialı müasir riyaziyyatın ideya və
metodları əsasında hazırlanır, yəni
riyaziyyatın təliminin modernləşdirilməsi
üçün ilk anda onun müasir riyaziyyata ideyaca
yaxınlaşması öz həllini tapmalıdır.
Belə bir sual meydana
çıxır, son 10-15 il ərzində riyaziyyatın təlimində
əsaslı islahatların aparılması nəticəsində
onilliklər boyu dəyişməz qalan orta məktəb
riyaziyyat elmi ilə müasir riyaziyyat elmi arasında
uyğunsuzluq yaranırmı? Aydındır ki, elmin
inkişafı nə qədər yüksəkdə olsa da, onun
başlanğıc elementar nəzəriyyələri dəyişməz
olaraq qalır və elmin
inkişafı onun öyrənilməsinə təsir etmir.
Buna görə də elmin gələcək inkişafı
üçün onun əvvəlki təməlinin
atılması mümkün olmayan bir hadisədir. Digər tərəfdən,
son dövrlərə qədər aparılan tədqiqatlardan
belə çıxırdı ki, 7-10 yaşlı uşaqlar
dörd hesab əməlindən başqa heç bir
anlayışa malik ola bilməz, yəni elementar riyaziyyatın
təliminin ənənəvi qaydaları dəyişilməzdir
və modernləşməyə ehtiyac yoxdur. Lakin indiki
dövrdə bu ideya riyaziyyat təliminin müasir tələblərə
cavab verməsi baxımından çox kasıbdır. Buna
görə də son zamanlar aparılan eksperimentlərin istiqamətləri
elementar riyaziyyat təliminin modernləşdirilməsi
problemini qarşıya qoydu. Yəni, riyaziyyatın
mühüm anlayışlarından olan çoxluq, funksiyalar,
tənliklər, bərabərsizliklər və s.
anlayışlarını 7-10 yaşlı usaqlara müvafiq
dillə çatdırmağın mümkün olduğu
özünü əks etdirdi.
Müəllimlərlə
şagirdlər və tələbələr
arasında təlim-tərbiyə, qarşılıqlı
hörmət yüksək səviyyədə qurulduqda onların
hərtərəfli müvəffəqiyyəti bir o qədər
üstün olar. Yəni, şagird və tələbələrə
hörmət və qayğı ilə, tələbkarlıqla
yanaşdıqda, onda bu proses birtərəfli yox,
qarşılıqlı olur. Buna görə də
çalışmaq lazımdır ki, onlarda ancaq müsbət
keyfiyyətlər inkişaf etsin, bu isə məktəb rəhbərlərindən
və müəllimlərin onlara qarşı münasibətlərindən
çox asılıdır.
Təhsil sahəsində
sürətli dəyişiklik və yeniləşmələr
müəllim hazırlığının da kökündən
yeniləşməsini qarşıya qoyur, bu isə indiki
dövrdə cəmiyyətin
inkişafının ən mühüm problemlərindən
biridir və müasir tələblərə
görə təhsil sisteminin daim təkmilləşdirilməsinə
ehtiyac olduğu özünü əks etdirir. Azərbaycanın
gələcəyi ölkəmizin bütün regionlarında
yaşayan istedadlı şagirdlərindən, tələbələrindən
asılıdır, buna görə də ölkəmizin təhsil
sistemində aparılan bütün dəyişikliklər və
yeniləşmələr bu ideyada əksini tapmalıdır.
Hazırda müəllimlər
qarşısına yeni tələblər qoyulur və onlar
öz vəzifələrini yeni müasir tələblər səviyyəsində
qurmaq üçün kurikulumda, pedaqogika sahəsində,
elektron resurslarının inkişafında və s. baş verən
yenilikləri ardıcıl olaraq öyrənməlidirlər.
Yeni müəllim pedaqoji təmayüllü təhsil müəssisələrində
yetişməlidir və müəllimlik peşəsinin
formalaşdırılması təhsilin modernləşdirilməsi
tələblərinə uyğun olmalıdır. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev demişdir:
"Bütün işlər məhz məktəbdən
başlayır, təhsilə diqqət, müəllimə
qayğı həmişə olmalıdır. Bütün
dövlət orqanları bu tövsiyələri eşitməli
və praktik həyatda bunu təmin etməlidir".
İstər nəzəriyyə
və istərsə də praktik istiqamətlərdə həyata
keçirilən inteqrasiyanın reallaşdırılması
müəllimlik peşəsinin daim təkmilləşdirilməsini
tələb edir. Buna görə də əsas problemlərdən
biri də ixtisasartırma və yenidənhazırlanma sistemində
tədris fənlərinin
metodologiyasının məzmun və strukturunun
formalaşdırılması modelinin qurulmasıdır. Fənlərin
təlimində əldə olunan nəticələrin
yaxşılaşdırılması problemində
mühüm rol oynayan cəhətlərdən biri də
kadrların düzgün seçilməsidir.
Bakalavr təhsil pilləsində
ilkin müəllim hazırlığında əldə olunan
biliyin müasir tələblərə uyğun olması təlimin
nəticələrinin
yaxşılaşdırılmasından çox
asılıdır və bu, gələcək müəllimlik
peşəsinin formalaşdırılmasında mühüm
amildir. Aparılan müşahidələrə görə məktəblərimizin
bir çoxunda hər üç müəllimdən biri fənnin
tədrisində minimal hazırlığa və təkmilləşdirmə
səviyyəsinə malikdir.
Dərslik və dərs
vəsaitləri elmi cəhətdən hazırlıqlı
olan, səriştəli və peşəkar müəllim tərəfindən
hazırlanmalı və ardıcıl olaraq təkmilləşdirilməlidir.
Buna görə də müəllimlər öz biliklərini
artırmalı, müasir tələblərə uyğun təkmilləşdirilməlidir.
Göstərilən faktların bir çoxu tədris planı
və proqramlarının (kurikulumlarının) həyata
keçməsində meydana çıxır.
Təhsil sahəsində
aparılan islahatların başlıca məqsədlərindən
biri də yüksək keyfiyyətli müəllimlik peşəsinin
formalaşdırılması istiqamətlərində işlərin
aparılmasıdır. Müəllim
hazırlığının kurikulumunda dəyişikliklər
və yeniliklər olmadan aparılan islahatlarda heç bir
uğurlu nəticə əldə etmək mümkün
deyil, buna görə də
ölkəmizdə müəllim hazırlığı
yüksək səviyyədə həyata keçirilir. Müəllim
hazırlığı pedaqoji kollec və məktəblərdə,
ali pedaqoji məktəblərdə, internaturada, pedaqoji
kadrların ixtisasının artırılması və yenidən
hazırlanması müəssisələrində,
magistraturada, doktoranturada öz həllini tapmaqdadır. Azərbaycan
Respublikasının Təhsil Problemləri İnstitutunda
2013/14 və 2014/15-ci tədris illərində alimlik dərəcəsi
almaq üzrə aparılan qəbul imtahanlarının və
müsahibələrin nəticələri indiki dövrdə
güclü kadrların yetişmələrinə sübutdur
və bu problem ölkəmizdə aparılan konfrans, simpozium,
konqreslərdə və s. özünü əks etdirir.
XXI əsrdə həqiqətən
yüksək keyfiyyətli müəllimlik peşəsinin necə
formalaşdırılması problemləri qarşıda duran
mühüm məsələlərdən biridir. Dünya
ölkələrinin təhsil sistemində böyük dəyişikliklər,
yeniləşmələr gedir və fundamental biliklərin
inkişaf problemləri və perspektivləri müzakirə
olunur. Göstərilən problemlərin həllində bizim
ölkəmizin də iştirak etdiyini qeyd etmək olar.
Təhsil sistemində
aparılan islahatlar öz inkişafını davam etdirir və
təlim prosesinin mərkəzində dayanan, mühərrik
hesab olunan müəllim isə özlüyündə
qalır, müəllimin rolu yüksəlir, onda peşəkarlıq
keyfiyyətinə olan tələblər artır. Yaxın
10-15 ildə yaşlı müəllimlərin üçdə
ikisi pedaqoji fəaliyyətini davam etdirmək qabiliyyətində
olmayacaq. Buna görə də müəllim
hazırlığının müasir tələblərə
görə yeni təlim texnologiyalarından istifadə
olunması və müəllimlik peşəsinin
formalaşdırılması aktual problem kimi Azərbaycan
Respublikası Təhsil Nazirliyinin diqqət mərkəzindədir.
Müdafiə MAHMUDOV,
Təhsil Problemləri İnstitutunun müəllim
hazırlığının
kurikulumu şöbəsinin müdiri,
pedaqogika
üzrə elmlər doktoru, professor
Azərbaycan
müəllimi.- 2015.- 17 yanvar.- S.9.