Uşaqlar sosial şəbəkələrdən neçə

yaşından sonra istifadə edə bilərlər?

 

Mütəxəssislər həyəcan təbili çalır

 

Sosial şəbəkələr... Onlar həyatımızın bir hissəsinə çevrilib. Hətta bəzilərimiz günümüzün çox hissəsini sosial şəbəkələrə həsr edirik. Bu şəbəkələr bəzi işlərimizi asanlaşdırsa da, təhlükəsizlik baxımından bir çox çətinliklərə yol açır. Xüsusilədə yetkinlik yaşına çatmayan şəxslərdə.

Son illər yayılan xəbərlər heç ürəkaçan deyildir. Bir çox məktəblilər sosial şəbəkələrdə tanış olduqları, qiyabi tanıdıqları şəxslərin "toruna" düşürlər. Bu da cəmiyyətin mənəvi-psixoloji inkişafına mənfi təsir göstərən amillərdən biridir.

Bəs uşaqlar neçə yaşından sosial şəbəkələrdən istifadə etməlidir? Ümumiyyətlə, uşaqlar sosial şəbəkələrdən istifadə etməlidirmi? Əgər etməlidirsə, bu necə olmalıdır? Həyatımızın mərkəzinə daxil olan sualların cavabını tapmaq üçün mütəxəssislərə müraciət etdik.

Psixoloq Elnur Rüstəmov deyir ki, uşaqlar yetkinlik yaşına çatmadan sosial şəbəkələrdən istifadə etməməlidir:

- Feysbukda (facebook) qeydiyyatdan keçmək üçün 14 yaşından yuxarı olmaq lazımdır. Amma onun təhlükəsizlik məsələsi qorunmur. Düşünürəm ki, qorumaq da çətindir. Bu gün dünyada 7-8 yaşında uşaqlar var ki, özlərini böyük göstərməklə qeydiyyatdan keçirlər istifadə edirlər. Problem nədən ibarətdir? Hər bir  yaşın özünə uyğun ala biləcəyi informasiyalar var. Sosial şəbəkələrdə isə limit qorunmur. Bu da uşaqların vaxtından əvvəl artıq informasiya ilə yüklənmələrinə səbəb olur, onlarda aqressiya, fobiya kimi fəsadlar yaradır. Görürük ki, həmin aqressiyada çox vaxt evə yönəlir. Sosial şəbəkələrdən vaxtından əvvəl istifadə uşaqların psixikasına mənfi təsir göstərir.  Sosial şəbəkələrdə müxtəlif mənfi düşüncələrə sahib olan insanların qruplaşmaları olur. Onlar çox zaman hər hansı bir qruplaşmanın üzvü olur. Elə oyunlar var ki, onlar sosial şəbəkələrdə oynanılır. Uşaqlar da erkən yaşda bu oyunlara qurşanır. Daha sonra bu da evdən pul oğurlanmasına gətirib çıxarır. Ən böyük problemlərdən biri də təhsildən uzaqlaşmaqdır. Problemləri həll etmək istəyən valideynlər diqqətli olmalıdırlar. Bu barədə cəmiyyəti maarifləndirmək lazımdır.

Bəs psixoloq necə düşünür: uşaqlar neçə yaşdan sosial şəbəkələrdən istifadə edə bilər?

- Ümumiyyətlə, sosial şəbəkələrdən istifadə yetkin yaşda, 16-17 yaşdan sonra olmalıdır. Bəzən uşaqlar bu şəbəkələrdən istifadə etmək üçün valideynlərə deyirlər ki, biz sinif yoldaşlarımızla dərslərə hazırlaşırıq. Amma bu heç də belə deyil.

Cəmiyyət valideynlər bu bəlalardan uzaq olmaq üçün hansı addımlar atmalıdır?

- Birincisi, valideyn uşaqla vaxt keçirməlidir. Bu gün əksər valideynlər uşaqları ilə vaxt keçirmir. Bu faktdır. Valideyn uşağına bilgisayar alır, onu internetə qoşur. Uşaq da erkən yaşında bütün gün oyun oynayır. Valideynə dəyib-dolaşmır. Valideyn əziyyət çəkmək istəmir. Rahatlığa qaçır. Amma valideynlə uşaq arasında nə qədər çox canlı ünsiyyət olarsa uşaq bir o qədər sosial şəbəkələrdən uzaq olar. Məsələn, valideynlər uşağı psixoloqa gətirəndə fikirləşirlər ki, işimiz bununla bitdi. Psixoloq onlara uşaqla vaxt keçirin deyəndə görürük ki, həvəs göstərmirlər. Valideyn razıdır ki, artıq pul xərcləsin, amma uşaqla vaxt keçirməsin.

Məsələnin psixoloji yönü ilə yanaşı, həm də texnoloji tərəfi də var. Sosial şəbəkələrdən istifadə edən uşaqlar informasiya  təhlükəsizliyi baxımından hansı problemlərlə üzləşə bilərlər? Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat verir:

- Sosial şəbəkələrin əksəriyyətində yaş məhdudiyyəti qoyulur. Amma reallıq belədir ki, bunlara əməl olunmur. Uşaqlar da çox erkən yaşdan sosial şəbəkələrdən istifadə etməyə başlayır. Bu reallıqdır ki, texnoloji vasitələri uşağın əlindən almaq mümkün deyil. Mən düşünürəm ki, bu məsələlərdə cəmiyyətin, valideynlərin, təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Onlar çalışmalıdır ki, uşaqlar sosial şəbəkələrdən daha effektiv, faydalı istifadə etsinlər. Elə etmək lazımdır uşaqda asılılıq yaranmasın. Bunun üçün də valideynlərin uşaqlar üzərində müəyyən nəzarəti ola bilər. İnformasiya təhlükəsizliyi qorunmalıdır ki, uşaqların psixologiyasına zərər vuracaq informasiyaları almasınlar. Uşaqlar sosial şəbəkələrdən istifadə edərkən başqaları onların internet üzərindən təsir göstərə bilməsin. Uşağa və ailəyə məxsus informasiyalar başqa tərəfə ötürülməsin.

Osman müəllim qanunvericiliklə qadağan olunmuş informasiyaların sosial şəbəkələrdən daha rahat əldə olunduğunu bildirir:

- Qanunvericilikdə uşaqların əldə etməsi qadağan olunan informasiyalar var ki, bunlara da terrorizm, ekstremizm, zorakılıq, pornoqrafiya, erotika və s. aiddir. Bu informasiyaları çox rahatlıqla əldə etmək olur.  Elə etmək lazımdır ki, uşaqlar belə informasiyaları əldə etməsinlər. Bunun üçün həm ödənişli, həm də ödənişsiz texnoloji imkanlar var. Yetər ki, valideynlər bundan istifadə etsinlər. Digər tərəfdən, uşaqlar aldadıla bilər, onlara və ailələrinə məxsus informasiyalar digər tərəfə ötürülə bilər.

Uşaqlara evdə valideynlərin, məktəbdə müəllimlərin nəzarəti vacibdir. Uşaqların ilbəil sosial şəbəkələrə marağının artdığını deyən 132-134 nömrəli təhsil kompleksinin Azərbaycan dili ədəbiyyat müəllimi Aynur Dadaşova nəzarətin vacib olduğunu bildirir:

- İşlədiyim müddətdə müşahidə etmişəm ki, şagirdlərin sosial şəbəkələrə daxil olma yaşı get-gedə azalır. Onlar artıq lap kiçik yaşlardan, ibtidai siniflərdən bir çox sosial şəbəkələrdən istifadə etməyə başlayırlar. Fikirləşirəm ki, mütləq valideyn nəzarəti olmalıdır. Müəllim nəzarəti belədir ki, biz məktəb daxilində nəzarət edə bilirik. Məktəbdə sosial şəbəkələrdən nəzarətsiz istifadə olunmur. Biz məsləhət verə bilərik ki, filan səhifədən hər hansı informasiyanı götürün. Amma valideyn mütləq nəzarət etməlidir ki, uşağı hansı sosial şəbəkədən istifadə edir, ilə məşğuldur. İstifadə edilən sosial şəbəkənin kodu valideyndə olmalıdır.

Müxtəlif sosial şəbəkələrdən istifadə  edən uşaqların dərslərdə geri qalmağını görmüsünüz?

- Şagirddən çox şey asılıdır. Elə şagirdlər var ki, sosial şəbəkələrdən istifadə edir, lakin onun dərsinə təsir etmir. Amma ümumi götürdükdə bu onun dərsdən yayınmasına səbəb olur. Vaxtını alır. Lazım olmayan məlumatlarla tanış olmaqdansa olmasa yaxşıdır. İbtidai siniflərin valideynlərin nəzarətində, hər hansı informasiyanı əldə etmək üçün youtube-dan, google-dan istifadəsinin əleyhinə deyiləm. Amma digər sosial şəbəkələrdən istifadənin tam əleyhinəyəm. Onlarda yaş məhdudiyyətinin qoyulmasının tərəfdarıyam. Yuxarı sinif şagirdləri istifadə edə bilərlər. Çünki onlar daha məsuliyyətlidir. Ən azından nəyin yaxşı, nəyin pis olduqlarını dərk edəcək yaşdadırlar. Mənim keçənilki məzunlarımın hamısının "Facebook" hesabı var idi. Lakin onlar qəbul imtahanlarına hazırlaşırdılar deyə, çox istifadə etmirdilər. Həm bütün bunlarla bağlı məktəbdə maarifləndirmə işləri aparılmalıdır. İnformatika dərslərində nəzarət edilir ki, uşaqlar hara daxil olur.  Müəllimlər digər dərslərdə uşaqların məlumatları hardan əldə etdiyi ilə maraqlanmalıdır. Həm müəllim özü həmin sosial şəbəkələr barədə məlumatlı olmalıdır. Ümumiyyətlə, müəllim valideynlər nəzarət yolunda birlikdə, dostcasına addımlamalıdırlar. Bu məsələləri birlikdə müzakirə edib, məsləhətləşməlidirlər.

Qeyd edək ki, 2014-cü ilin sonunda Azərbaycanda sosial şəbəkə istifadəçilərinin statistikası açıqlanmışdı. "Global Stats" statistik mərkəzinin hesablamalarına görə, son bir ildə Azərbaycanda Facebook sosial şəbəkəsinin itifadəçilərinin sayı kəskin artsa da, Youtube Twitter sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub. Ölkəmizdə  Facebook sosial şəbəkəsinin payı 23,3 faiz artaraq sosial media bazarının 89,73 faizini təşkil edib.  İstifadəçi marağına görə ikinci yeri 2,9 faiz bazar payı ilə Youtube sosial şəbəkəsi tutub. Üçüncü yerdə 2,24 faiz bazar payı ilə Twitter sosial şəbəkəsi yerləşib onun bazar payında ötən illə müqayisədə azalma müşahidə olunur. Odnoklassniki şəbəkəsinin Azərbaycanda bazar payı 1 faizdən aşağı düşüb, halbuki ötən ilin müvafiq dövründə bu rəqəm 5,11 faiz təşkil edirdi.

     

Rüfanə GÜNƏŞ

 

Azərbaycan müəllimi.- 2015.- 17 yanvar.- S.10.