Şagirdlərin mobil telefonlardan
istifadə etməsi
lazımdırmı?
Pedaqoqlar bu haqda nə düşünürlər?
Müasir dövrümüzdə
texnologiyalar sürətlə inkişaf edir. Bu proses orta
ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin də diqqətindən kənarda
qalmır. Onlar tez-tez dəyişən texnoloji
yeniliklərə xüsusi maraq göstərir, onlardan istifadə
etməyə çalışırlar. Şagirdlərin
ən çox istifadə etdiyi və maraq göstərdiyi cihazlardan
biri mobil telefonlardır. Onlar mobil telefonlar
vasitəsilə internetə girir, sosial şəbəkələrdən
istifadə edir, müxtəlif fotolar və videolar çəkməklə
əylənirlər. Nəzərə
çatdıraq ki, şagirdlər mobil telefonlardan məktəbdə
də mütəmadi şəkildə istifadə edirlər.
Düzdür, qanunvericilikdə bununla
bağlı xüsusi qadağalar mövcud deyil. Lakin etiraf edək ki, bu kimi hallar şagirdlərin dərs
prosesində fikrini yayındırır, tədrisin keyfiyyətinə
mənfi təsir edir. Bundan başqa
lazımsız şəkillərin paylaşılması, rəylərin
bildirilməsi və sair kimi məsələlər şagirdlərə
psixoloji baxımdan mənfi təsir göstərir, bəzi
hallarda isə yersiz yazışmalar şagirdlər arasında
müxtəlif münaqişələrin yaranmasına səbəb
olur.
Valideynlərin böyük bir qismi
şagirdlərdə mobil telefonun olmasını vacib hesab edir. Onlar övladları ilə mütəmadi əlaqə
saxlamağı əsas gətirirlər. Lakin
düşünürük ki, əlaqə saxlamaq
üçün sadə funksiyalı mobil telefonlardan, məktəb
telefonlarından, müəllimlərin telefonundan istifadə
etmək mümkündür. Bütün
bunları nəzərə alaraq bizi bir sual
düşündürür. Görəsən,
şagirdlərin məktəbə mobil telefonlarla gəlməsi
düzgündürmü? Təhsil müəssisələrində
şagirdlərin mobil telefonlardan istifadə etməsi hansı
mənfi halların yaranmasına səbəb olur? Suallarımıza cavab tapmaq məqsədilə
paytaxtın bir sıra orta ümumtəhsil məktəblərində
olduq. Mövcud vəziyyətlə
bağlı müşahidələr apardıq. Pedaqoji işçilərin və şagirdlərin
bu barədə fikirlərini öyrəndik.
Öncə paytaxtın Nəsimi rayonunda
yerləşən 151 nömrəli tam orta məktəbdə
olduq. Gəlişimizin səbəbini məktəb
direktoruna bildirdikdən sonra siniflərə baş çəkdik. VII "b" sinfində
20 şagird var idi. Onlardan 9-da mobil telefon
mövcud idi. Şagirdlərin 8-də mobil
telefon çoxfunksiyalı bahalı, 1 şagirddə isə
sadə funksiyalı idi. Kiçikyaşlı
şagirdlər olmasına baxmayaraq mobil telefon vasitəsilə
sosial şəbəkələrdən, WhatsApp-dan istifadə
etdiklərini bildirdilər.
Sonra həmin məktəbin VIII
"c" sinfində olduq. Sinifdəki
17 şagirddən 8-i mobil telefonlardan istifadə etdiklərini
bildirdi. Bu sinifdə də şagirdlər
çoxfunksiyalı, müasir telefonlardan istifadə edirdilər.
Sonra paytaxtın Yasamal rayonunda yerləşən
225 nömrəli tam orta məktəbdə olduq. Mövcud vəziyyəti öyrənmək məqsədilə
məktəbin direktoru Sevda Eminova ilə birlikdə X
"b" sinfinə gəldik. Burada da vəziyyət
əvvəlki məktəblə demək olar ki, eyni idi. Belə ki, sinifdəki şagirdlərdən 12-də
mobil telefon mövcud idi. Həmin şagirdlərin
telefonlarının 2-si sadə olsa da digərlərin
telefonları müasir tipli, bahalı idi. Məktəbin
IX "b" sinfində isə 25 şagirddən 20 nəfərində
müxtəlif firmaların müasir tipli mobil telefonlarına
rast gəldik. Şagirdlərlə söhbətimizdə telefondan
hansı məqsədlə istifadə etdiklərini
soruşduq. Təbii ki, cavablar müxtəlif
idi. Onlar valideynləri ilə əlaqə
saxlamaq məqsədilə telefondan istifadə etdiklərini
bildirsələr də, sosial şəbəkələrdən
və digər funksiyalardan da istifadə etdiklərini etiraf
etdilər.
Vidadi
Bağırov, təhsil eksperti: - Mobil
telefonlar təkcə biz böyüklərin deyil,
uşaqların, gənclərin də həyatının
ayrılmaz bir hissəsinə, özü də böyük
bir hissəsinə çevrilib. Zərərlərini
açıq-aşkar hiss etsək də bunu qadağan etmək,
qarşısını almaqdansa, düzgün istiqamət
göstərmək, yerində və məqamında əsaslandırılmış
maarifləndirmə işlərinə üstünlük vermək
daha faydalı olar. Müasir cəmiyyətdə haqlı olaraq şagirdlərin
məktəbə mobil telefonla gəlməsi, ondan yerli və
yersiz istifadə etməsi tez-tez müzakirə mövzusuna
çevrilir. Səbəbi isə müxtəlifdir.
Mobil telefonlar məktəbin, müəllimin
işinə maneçiliklər yaradır, şagirdlərdə
müəyyən asılılıq, psixoloji və əxlaqi
problemlər törədir. Əlbəttə
ki, bununla razılaşmamaq da olmaz. Amma
bütün səbəblərin şagirdlərin məktəbə
telefonsuz gəlməsi ilə aradan
qaldırılacağını da düşünmək sadəlövhlük
olardı. Təlim -tərbiyə
mühitinin pozulmasında şagirdlərin telefondan istifadəsinin
səbəb olduğuna dair kifayət qədər nümunələr
gətirmək olar. Bunun da əsas səbəblərindən
biri adətən əlaqə vasitəsi kimi
düşünülmüş mobil telefon aparatının bu
gün daha çox imkanlara malik olmasıdır ki, bu imkanlardan
istifadə edərək şagirdlərin müəyyən bir
hissəsi sosial şəbəkələrə qoşulur,
şəkil çəkir, oyunlar oynayır, internet
saytlarında zaman keçirir, sinifdə baş verən
xoşagəlməz hadisələri telefonun yaddaşına
köçürür. Bunların bir hissəsi
şagirdlərin öz əyləncə maraqlarını
başqa maraqlardan üstün tutması ilə
bağlıdırsa digər bir səbəb isə dərsin
onlar üçün maraqlı, dinlənilən edilməməsi
və yaxud da ki, dərsdənkənar söhbətlərin
aparılması ilə bağlı deyilmi? Sosial şəbəkələrdə
yayılan neçə-neçə anti-pedaqoji hərəkət və ifadələrin
azmı şahidi olmuşuq? Doğrudur, bunların içərisində
sağlam olmayan, məkrli niyyət və məqsədlərə
söykənənləri olsa da, mütləq əksəriyyəti
reallıqdır. Bu reallıqları yaradanlar isə,
ilk növbədə, biz müəllimlər, təhsil
işçiləri deyilikmi? Biz dərslərimizi
qaydalara uyğun olaraq məzmunlu, müasir, şagirdi düşündürə
biləcək qaydada qursaq, onda belə hallar azalar və
zaman keçdikcə aradan qalxar. Hesab edirəm
ki, azacıq çətinliyə düşən kimi
qadağadan əvvəl müəyyən mexanizmlərin
düşünülməsi, maarifləndirmə tədbirlərinin
aparılması daha faydalı olardı. Əlbəttə
ki, qadağalar da ola bilər, amma ən
asan yol olan qadağaların da həmişə faydalı
olacağını, başqa fəsadlar
yaratmayacağını düşünmək sadəlövhlük
olardı. Valideynin övladına nəzarət etmək, izləmək,
xüsusilə təhlükəsizliyini təmin etmək, zərərli
vərdişlərə qurşanmamaq, uyğun olmayan dairələrin
təsirinə düşməmək məqsədilə
övladına verdiyi əlaqə telefonunun qadağan edilməsinin
yarada biləcəyi fəsadlar daha çox ola
bilər. Maarifləndirmə işlərini
gücləndirməli, müəllimlərin
dözümlülüyünə və dərslərinin
keyfiyyətli tədris edilməsinə nail olunması,
şagirdlərin telefonlardan dərs zamanı istifadəsinə
ciddi nəzarət edilməsi və deyilənlərə məhəl
qoymayanlarla bağlı tədbirlər görülməsini və
hətta onun məktəbə telefon gətirməsinə
müəyyən müddət qadağa da qoyula bilməsi daha
düzgün olardı.
Kifayət
Tanrıverdiyeva, Bakıdakı 151 nömrəli tam orta məktəbin
direktoru: - Mobil telefonların məktəblərdə
istifadəsi, düşünürəm ki, çox qlobal bir məsələdir.
Buna qarşı qadağalar olmasa da, amma müəyyən
vaxtlarda şagirdlərlə müxtəlif maarifləndirici
işlər aparırıq. Desəm ki,
bunun qarşısını ala bilmişik, bu qeyri-səmimi
olar. Düşünürəm ki, bu
işdə valideyn-məktəb münasibətləri
xüsusi rol oynamalıdır. Valideynlər
öz övladlarına bahalı telefonlar almaqla onların digər
uşaqlardan seçilməməyini istəyirlər. Şagirdlərə bu cür telefonları verib ondan
istifadəyə qadağa qoymaq da mümkün deyil. Həmin
şagirdlər istər-istəməz o telefonlardan əyləncə
vasitəsi kimi istifadə etməyə can atacaqlar. Şagirdlərin fikri dərsdə deyil, telefonda olur.
Belə olduğu halda isə təbii ki, tədrisin
keyfiyyətinə mənfi təsir göstərir. Biz məktəb kollektivi olaraq siniflərdə dərs
zamanı telefondan istifadəyə imkan vermirik. Amma buna baxmayaraq təbii ki, gözdən yayınanlar
da olur. Belə ki, bir az mülayim və
şagirdlərin çəkinmədiyi müəllimlərin
dərslərində bu kimi hallar istisna deyil. Bütün
bunları nəzərə alaraq məktəblərdə mobil
telefonlardan qəti şəkildə istifadə edilməməsinin
tərəfdarıyam.
Rüfət
Soltanov, 225 nömrəli tam orta məktəbin Azərbaycan
dili və ədəbiyyat müəllimi: - Şagirdlərin mobil telefonla məktəbə gəlmələrinin
qəti əleyhinəyəm. Biz onlara nə qədər
ciddi nəzarət etsək belə, yenə də mobil telefonlu
şagirdlər dərsi pozurlar. Belə ki,
onlara zəng, mesaj gəlir və həmin vaxt şagirdin fikri
yayınır. Unutmayaq ki, həmin
şagirdlər dərsə meyli olan potensiallı şagirdlərə
də mane olurlar. Bundan başqa, əgər
şagirddə geniş imkanlara malik telefon varsa, deməli o
sosial şəbəkəyə və digər lazımsız
saytlara girmək təhlükəsindədir. Bəzi hallarda valideynlər arasında öz
övladları ilə bağlı problemlər də
yaranır. Belə ki, bir valideyn digər
valideyni övladına nəsə lazımsız sözlər
yazdığına görə ittiham edir və sairə.
Valideynlərə dəfələrlə bununla
bağlı müraciət etmişik. Lakin
onlar uşaqların uzaqdan gəlməsini və onlar
üçün narahat olduqlarını əsas gətirərək
məsələnin ciddiliyini bir o qədər dərk etmirlər.
Valideynlərə övladlarının gələcəyini
düşünmələrini tövsiyə edirəm. Çoxfunksiyalı telefonları övladlarına hədiyyə
etməklə onlara yaxşılıq deyil, müxtəlif
problemlər yaratdıqlarını bildirmək istəyirəm.
Niyazi
RƏHİMOV
Azərbaycan
müəllimi.-2015.- 17 yanvar.- S.10.