Riyaziyyat fənni üzrə

qiymətləndirməni necə aparıram

 

Qiymətləndirmə təlim prosesinin ən vacib, çətin həssas yanaşılması lazım olan məsələlərindəndir. İnteraktiv təlimdə qiymətləndirmə ənənəvi təlimdəkindən fərqli olaraq yalnız yaddaşdakı biliyi deyil, eyni zamanda öyrənənin əldə etdiyi bacarıq, vərdiş və dəyərləri də prioritet sayır.  Təlim zamanı ilkin olaraq diaqnostik qiymətləndirmə aparılır. Bu qiymətləndirmə şagirdin yaddaşındakı informasiya yükünü, əvvəlcədən əldə etdiyi bacarıq, vərdiş və dəyərləri müəyyənləşdirir. Diaqnostik qiymətləndirmə tədris vahidinin (fəslin) və hər hansı konkret mövzunun əvvəlində aparıla bilər.

 

Dərs ilinin əvvəlində aparılan diaqnostik qiymətləndirmə ilboyu keçiləcək mövzular haqqında şagirdin əvvəlcədən bildiyi informasiyalarla yanaşı keçmişdə əldə etmiş olduğu bilik və bacarığı necə tətbiq edəcəyini də ölçür. Bu zaman bir neçə amili nəzərə almaq lazımdır. İlk növbədə yeni dərs ilinin başlanğıcında uzun müddət dərs prosesindən ayrılmış şagirdlər keçmiş biliklərinin əksər hissəsini itirirlər. Bu bilikləri bərpa etmək üçün bir müddət vaxt lazım olur. Bacarıqlı şagirdlər isə diaqnostik qiymətləndirmə zamanı onlara həlli tapşırılmış problemləri (hər hansı qısa sual belə bir problem sayılır) məntiqləri gücünə həll etməyə çalışırlar.

Tədris vahidinin başlanğıcında aparılan diaqnostik qiymətləndirmə zamanı şagirdin öyrəniləcək eyni fəsilə aid olan mövzular haqqında hansı və nə qədər informasiyaya, hansı bacarıqlara malik olduğu ölçülür.

Tədris zamanı ilboyu aparılan qiymətləndirmə formativ qiymətləndirmədir. Riyaziyyat fənninin özəlliklərindən biri odur ki, formativ qiymətləndirmə məsələ və misal formasında şagirdin qarşısına qoyulmuş problemin həllində öz əksini tapa bilir. Yəni şagirdə tapşırılmış çalışmaların həlli (həll edilməmiş, səhv həlli, səhv cavabın alınması, fərqli həll yolus.) onun gündəlik qiymətini formalaşdıra bilir. Bu məsələdə də diqqətimizi şagirdin məntiqinə daha çox yönəltməliyik. Daha yaxşı olar ki, şagirdlərə həll etdikləri problemə (məsələ və ya misal) oxşar, yeni problemlər quraşdırıb həll etmək tapşırılsın. Belə olduğu halda artıq şagird nəsə kəşf etmiş olur. Formativ  qiymətləndirmə keçirilmiş mövzuya uyğun olaraq şifahi də aparıla bilər. Həndəsə fənnində bu daha əlverişlidir.

Şagirdin mənimsəməsini, təfəkkürünü, məntiqini, bacarığını və s. meyarları sonda ölçmək üçünsə summativ qiymətləndirmədən istifadə edilir. Summativ qiymətləndirmə  iki mərhələdə - kiçik summativ qiymətləndirmə (KSQ) və böyük summativ qiymətləndirməyə (BSQ) ayrılır. KSQ hər tədris vahidinin sonunda aparılır. Müəllimin istəyindən asılı olaraq çoxsaylı mövzuların sonunda da aparılır. Ənənəvi təhsildə bunu yoxlama yazı işlərinin köməyilə demək olar ki, aparırıq. Ancaq yoxlama yazı işləri heçşagirdin bilik və bacarıqlarını ortaya çıxara bilmir.

KSQ zamanı şagirdlər problemləri yazılı forma ilə yanaşı, şifahi də həll etsələr yaxşı olar. Elə şagirdlər var ki, hər hansı məsələnin həllini şifahi yolla məntiqi həll edirlər, yazıya isə ala bilmirlər və ya problemin həllinə ip ucları, açarlar verə bilirlər. Şagirdə imkan yaratmaq lazımdır ki, həll etməkdə çətinlik çəkdiyi problemə oxşar situasiyalı vəziyyət yaradaraq təhlil və sintezlə həll yolu tapsın.

Həndəsə məsələlərində şagirdlər problemin həllini çox qısa yolla, yəni öz məntiqlərində isbat edərək həll etməyi daha üstün tuturlar. Bu normalardan kənar görünsə də şagirdin məntiqini qiymətləndirməmək, şübhəsiz, düzgün olmazdı.

Riyaziyyat fənninin bir maraqlı və yaxşı cəhəti ondadır ki, hər hansı tədris vahidinə uyğun KSQ apararkən əvvəlcədən öyrənilmiş tədris vahidlərini də çox asanlıqla qiymətləndirilən tədris vahidinin içərisində qiymətləndirmək mümkün olur.

Böyük summativ qiymətləndirmə yarımillərin sonunda aparılır və yarımillik qiymətləndirmə çıxarılır. BSQ KSQ-yə söykənərək aparılır. Ancaq bu o demək deyil ki, BSQ zamanı şagirdlərin qarşısında heç bir problem  qoyulmamalıdır. BSQ zamanı da keçilmiş mövzu və fəsillərə aid olan yazılı və şifahi şəkildə problemlər qoyula bilər. Sinfə ümumilikdə  maraqlı bir layihə işlənib hazırlanması tapşırıla bilər. Təbii ki, layihə keçmiş bütün mövzuları əhatə etməlidir.

Qiymətləndirmə zamanı şagirdlərin özlərinin apardığı qiymətləndirmədən də istifadə etmək lazımdır. Belə olduğu halda şagirdə vəzifə tapşırılmış olurbir çox dəyərlər üzə çıxır və inkişaf edir. Dəqiqlik, məsuliyyət, səmimilik, yoldaşları hərtərəfli tanımaq və s. kimi dəyərlər formalaşır.

Yekin olaraq onu qeyd edək ki, düzgün aparılmış qiymətləndirmə gələcəkdə cəmiyyət üçün vətəndaş olacaq bugünkü şagirdin bir nömrəli xasiyyətnaməsidir.

  

Adib SALMANOV,

akademik Z.Əliyeva adına Bərdə şəhər

texniki fənlər təmayüllü məktəb-liseyin

riyaziyyat və informatika müəllimi

   

Azərbaycan müəllimi.- 2015.- 17 yanvar.- S.12.