Şagird şəxsiyyətinin
formalaşmasında
şəxsi nümunənin
rolu
Müasir dövrdə təlimin
başlıca rolu bəşəri dəyərlərə
əsaslanan, məntiqi, tənqidi və yaradıcı təfəkkürə
malik şəxsiyyətlər yetişdirməkdən
ibarətdir. Elə şəxsiyyətlər ki,
onlar yüksək əxlaqi keyfiyyətlərə
malik vətənpərvər olsunlar. Vətənpərvərlik ən
yaxşı ənənələri özündə əks
etdirməklə, şagirdlərdə keçmiş
tarixi irsə məhəbbət oyadır.
Müdrik xalq kəlamlarında
deyilir: "Keçmişi
yaddan çıxarsan indinin
və gələcəyin qədrini bilməzsən",
"Keçmişə güllə atanı gələcək
topa tutar", "Keçmişi bilməsən, gələcəyə
irəliləyə bilməzsən". Keçmiş irsi öyrənmək ona
görə vacibdir ki,
hansısa bir aqilin dediyi kimi,
"ağsaçlı keçmiş hər
bir şəraitdə
bütün gələcək nəsillər
üçün müstəsna dərəcədə
əhəmiyyətli bir dövr
olaraq qalacaqdır, çünki
o, bütün
sonrakı daha yüksək
inkişafın özülünü təşkil
edir".
Vətənpərvərlik
hissi hər bir
insanı öz vətəni üçün hər cür
fədakarlığa hazır olmağa səsləyir.
Bunun üçün şagird
şəxsi nümunələr, müdrik
və aqil şəxslərə bənzəmək,
onların həyatda etdiklərini öyrənmək arzusu ilə yaşayır. Əlbəttə ki, bu işdə ən böyük örnək ümummilli
liderimiz Heydər Əliyevin nümunəsidir.
Bu müdrik şəxsiyyətin
gənclərə ünvanladığı qiymətli kəlamlar
da çox böyük əhəmiyyətə malikdir. "Hər bir gənc
müstəqil Azərbaycanın gələcəyini təmin
etmək üçün vətənini
sevməli, xalqımızı sevməli, dilimizi
və milli ənənələrimizi sevməlidir".
Təcrübəmə
əsasən deyə bilərəm ki, dərsin
müəyyən mərhələsində Azərbaycan
dövlətinin qurucusu və memarı olan Heydər Əliyevin həyat və fəaliyyəti
ilə bağlı məqamları açıqlamaq şagird şəxsiyyətinin
formalaşmasında çox böyük rol oynayır. Bu zaman
şagirdlərdə bu fenomenal
insan haqqında daha ətraflı
məlumat toplamaq, onun
həyat və fəaliyyətini dərindən öyrənmək
marağı oyanır.
V sinifdə ədəbiyyatdan
"Qanadlı misralar" mətnini
keçərkən şagirdlər dahi sənətkarlarımızın
əbədiyaşarlıq rəmzinə
çevrilmiş hikmətli kəlamları
ilə tanış oldular. Dahi şairimiz
N.Gəncəvinin, B.Vahabzadənin, A.Səhhətin və digər
sənətkarlarımızın qanadlı misraları
şagirdlərin bir şəxsiyyət kimi formalaşması üçün
zəmin rolu oynadı. Doğma
vətənə məhəbbətdən yoğrulmuş
bu misralar şagirdlərin
qəlbinə yol tapır, onların
hər birini Vətəni təkcə
sözdə deyil, əməli işlərində
sevməyə, Vətən üçün
gərəkli vətəndaş olmağa
çağırır. Vətən torpaqlarının bütövlüyü uğrunda
canlarını qurban vermiş
şəhidlərimizdən biri - Ülvi Bünyadzadə haqqında məlumat
şagirdlərin xüsusi marağına
səbəb oldu. Məktəbimizin
məzunu olmuş və hazırda
"Şəhidlər guşəsi"ndə haqqında ətraflı
məlumat olan Ülvinin
hələ orta məktəbdə oxuyarkən
öz inşa
yazısında "Ovod" əsərinin qəhrəmanı Artura
bənzəmək istədiyini söyləyəndə
şagirdlərin marağı daha da artdı. Onun 13
yaşı olanda yazdığı misralar şagirdlərin hər birində ona bənzəmək, onun
kimi vətənpərvər olmaq hissini artırdı.
Hətta səhərisi
gün şagirdlərdən Sabir Baxşıyev Ülvi
kimi şeir
yazdığını bildirdi. Şeirini oxudu və Ülvi haqqında geniş
araşdırma apardığını da
qeyd etdi. Bildirdi ki, biz
fəxr edirik ki, Ülvi kimi qəhrəmanlarımız,
hər birimiz üçün
şəxsi nümunə və örnək olan
vətənpərvərlərimiz var.
Məktəbimizin
hərbi-vətənpərvərlik ruhu
aşılayan "Şəhidlər guşəsi"ndə
həm milli qəhrəmanlarımızın
portretləri, həm də Qarabağ uğrunda gedən döyüşlərdə
şəhid olan həmyerlilərimiz
haqqında ətraflı məlumat vardır. Bəzi dərslərimizi orada keçməklə şagirdlərimizdə
vətənpərvərlik hissini daha da artırmağa səy
göstəririk.
Həm şagirdlərin
bir şəxsiyyət kimi
formalaşmasında, həm də onlarda milli qürur və vətənpərvərlik
hissinin artırılmasında şəxsi
nümunələrin rolu böyükdür.
Ona görə də biz
müəllimlər hər zaman öz dərslərimizdə şəxsi
nümunələrdən bacarıqla istifadə etməliyik.
Rəna ASLANOVA,
Daşkəsən rayonu,
İ.Nəsimi adına 1 nömrəli
şəhər
tam orta məktəbinin Azərbaycan dili
və
ədəbiyyat müəllimi, əməkdar müəllim
Azərbaycan
müəllimi.- 2015.- 17 yanvar.- S.12.