Təhsilin modernləşməsi,
elektron təhsil
Təhsil sisteminin başlıca vəzifələrindən biri
ölkənin modernləşməsi
üçün zəruri
olan insan kapitalını inkişaf
etdirmək və bununla Azərbaycan Respublikasının beynəlxalq
rəqabət qabiliyyətini
yüksəltməkdir. "Azərbaycan
Respublikasında təhsilin
inkişafı üzrə
Dövlət Strategiyası" ölkəmizdə
keyfiyyət nəticələri
və əhatəliliyinə
görə dünya ölkələri sırasında
aparıcı mövqe
tutan, səriştəli
müəllim və təhsil menecerlərinə,
qabaqcıl texnologiyalara
əsaslanan infrastruktura
malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirlər
nəzərdə tutur.
Sənədin "Strateji
hədəflər və
tədbirlər" bölməsində distant təhsil,
istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün
təhsil və inkişaf, yaşlıların
təhsili, peşə-ixtisas
və təhsil məsələləri üzrə
məsləhət xidmətləri
göstərən regional universal mərkəzlərin yaradılması
əsas məqsədlərdən
biri kimi qeyd olunmuşdur.
Distant təhsilin (DT) texnologiyalardan istifadə, tədrisin açıqlığı,
iqtisadi səmərə,
məsafə, zaman məhdudiyyətinin olmaması,
təhsilin kütləviliyi,
əhatəliliyi, elastiklik,
keyfiyyətli təhsilə
əlyetərlik, əlillərin
və xüsusi qayğıya ehtiyacı olan insanların təhsilalma imkanı və s. kimi üstünlükləri
vardır. İstədiyi yerdə, özü
seçdiyi vaxtda təhsil almaq təhsilalanlara vərdiş
etdikləri şəraitdə
qalmağa, həyat ritmini saxlamağa, fərdi tədris qrafikini hazırlamağa imkan verir. Müxtəlif səbəblərə görə (yaş, cəmiyyətdə tutduğu
mövqeyi, vəzifə,
kompleksləri və
s.) tanınmadan distant öyrənmək
mümkündür.
Müasir texnologiyaların
tətbiqi nəhəng
elektron kitabxanalardan istifadə etməklə tədrisin keyfiyyətinin yüksəldilməsinə, vahid tədris mühitinin yaradılmasına (bu məsələ korporativ təlimlərdə
xüsusilə aktualdır)
şərait yaradır.
DT daha individual xarakter
daşıyır, daha
elastikdir, dinləyicilər
ayrılıqda hər
hansı dərsə təkrar-təkrar qayıda, öyrənməyə
ehtiyac duymadıqları
bölmələri öyrənməyə
bilərlər. Dinləyici
tədris materialını
təkcə sessiya müddətində deyil, bütövlükdə
tədris prosesi zamanı öyrənir, yəni məqsəd imtahan vermək deyil, materialı mənimsəməkdir (öyrənən
imtahan prosesinə özündə
olan zəiflikləri aşkara çıxarmaq kimi baxmalıdır). Bu da dərin
biliklərin qazanılmasını
təmin edir. Belə öyrənmə sistemi təhsilalanı müstəqil
məşğul olmağa,
özünüöyrətmə, özünütəkmilləşdirmə bacarıqları qazanmağa
məcbur edir. Təcrübə göstərir
ki, DT alan tələbə daha müstəqil, mobil və məsuliyyətli olur.
DT-in çatışmazlıqları
öyrənənlər və
öyrədənlər arasında
birbaşa canlı ünsiyyətin olmaması,
praktik məşğələlərdə
çatışmazlığın hiss olunmasıdır. Distant tədrisi reallaşdıran
tədris müəssisələrinin
çoxunda axşam və ya istirahət
günlərində əyani
məşğələlər də keçirilir. Bu məşğələlər
məcburi deyil, amma təhsilalanların praktik bacarıqlarının
formalaşması üçün
çox faydalıdır.
Tədris müəssisələri
sırasında istirahət
günlərində öyrənənlərin
qrup işini təşkil etmək üçün qısa (iki-üç günlük)
"gəzən" məktəblərdən
də istifadə olunur.
Ümumtəhsil məktəbləri,
AMİ Zaqatala filialının
müəllimləri və təhsilalanlar arasında keçirilən
sorğunun nəticələrindən məlum olur ki, bir
çox fənlərin
(kimya, fizika, biologiya və s.) tədrisində müxtəlif
yollardan (Skayp proqramından, qabaqcıl müəllimlərin
müxtəlif mövzular
üzrə hazırladıqları
elektron tədris vəsaitlərindən, maraq
kursları, dərnəklər
və s.) istifadə etməklə sadə formada distant dərslər keçmək
təhsil ocaqlarında
keyfiyyətin yüksəlməsinə
çox böyük təsir edə bilər (indi məktəblilərin,
tələbələrin əksəriyyəti
qrup şəklində
Skayp proqramından istifadə edir).
Müasir
dövrdə televiziya
vasitəsilə ikitərəfli
"açıq dərs"lər
(xüsusilə kimya, fizika dərsləri, laboratoriya işləri, reaksiyaların aparılması
və s.) keçirmək,
canlı bağlantı
ilə sorğu aparmaq, diskussiya təşkil etmək də faydalı ola bilər. Dərsdə verilən tapşırıqların cavabını
e-mail vasitəsilə verilişə
göndərmək olar.
Bir
çox məktəblərdə
kimya dərsində praktik işlərin yerinə yetirilməsi, reaksiyaların aparılması
üçün lazımi
şərait, təchiz
olunmuş laboratoriya yoxdur. Maddi-texniki bazası olan məktəblərin qabaqcıl
müəllimlərinin dərsinin
elektron versiyası
hazırlanıb disk şəklində
yayılma imkanı yaradılsa, müəllim
və şagirdlərimiz
çox sevinər. Belə dərslərin TV ilə yayımı da arzulayanlara
onu əldə etmək, diskə yazmaq imkanı yarada bilər.
Neçə illərdir
respublikamızda dövlət
səviyyəsində, müxtəlif
layihələr çərçivəsində
Azərbaycan
cəmiyyəti üçün
son dərəcə aktual
olan bu məsələnin
tədqiqi, müzakirəsi,
Azərbaycanda tətbiqinin
müxtəlif aspektlərinin
işıqlandırılması, bu istiqamətdə aparılan islahatlara vətəndaş cəmiyyətinin
dəstəyinin təmin
edilməsi məsələləri ilə bağlı bir çox işlər görülür.
Ümumtəhsil
məktəblərində yeni
təhsil proqramının
(kurikulum) tətbiqi ilə bağlı fənn müəllimləri
10 günlük kurslarda
iştirak edir, dərslərini fəal (interaktiv) təlim metodlarından istifadə edərək qururlar. Ali məktəblərdə (müəllim hazırlığı
istiqamətində fəaliyyət
göstərən) işləyən
müəllimlərin əksəriyyəti
tədris prosesini müasir tələblərə
uyğun qurmaqda çətinlik çəkirlər.
Tələbələrə məqsədəuyğun olaraq
seçilmiş şəkillər,
animasiyalı, audio-video materiallarla
zəngin təqdimatlar,
elektron tədris vəsaitlərindən (ETV), interaktiv
təlim metodlarından
istifadə etməklə
mühazirələrin oxunması,
seminarların keçirilməsinin
dərsin maraqlı, canlı qurulması, tələbələr tərəfindən
mövzunun daha yaxşı mənimsənilməsi,
tələbənin XXI əsrin
müəllimi kimi formalaşmasına çox
böyük köməyi
ola bilər. Bu günün tələbəsi
bir və ya bir neçə
ildən yeni təhsil proqramının
tələbləri ilə
dərs keçmiş
şagirdlərlə işləməli
olacaq, ona görə də tələbənin ali məktəbdə
bu istiqamətdə hazırlanması çox
gözəl nəticələr
alınmasına kömək
edə bilər.
Ümummilli lider
Heydər Əliyev deyirdi: "Əsl mütəxəssis zamanla
ayaqlaşmalı deyil,
həmişə zamanı
bir qədər qabaqlamalıdır". Neçə ildir
ki, Zaqatala Tədris Mərkəzi ilə əməkdaşlıq etməklə
müxtəlif layihələr,
müsabiqələr, beynəlxalq
konfranslarda iştirak etməklə bəzi işlər görməyə
çalışmış, müəyyən nəticələr
almağa nail olmuşuq.
2008-ci ildən elektron təhsillə bağlı bir sıra müsabiqələrdə
iştirak edir və qalib yerlər
tuturuq.
Ötən dərs
ilində Təhsil Nazirliyinin keçirdiyi
"İctimai təşəbbüslərin
dəstəklənməsi" layihəsinin qalibi olaraq 40 nəfər müəllimə elektron tədris resurslarının hazırlanması
ilə bağlı 4 aylıq təlim keçdik, "İnnovativ
müəllimlər qrupu"
yaradıldı, müəllimlər
informativ, praktik işlərlə bağlı
və qiymətləndirmə
vəsaiti kimi istifadə olunacaq elektron resurslar hazırladılar,
"Elektron təhsil"
müsabiqəsinə qoşuldular.
Bu il yenə
həmin müsabiqənin
qalibi olduq və 10 nəfər innovativ ibtidai sinif müəllimi və məktəbəqədər
təhsil müəssisələrinin
tərbiyəçilərinə məşğələləri müasir dövrün tələblərinə uyğun
qurmaq, tədrisyönümlü
cizgi filmləri hazırlanmasını öyrətmək
məqsədilə 4 aylıq
təlimlər keçirəcəyik.
Bahar
İSMAYILOVA,
Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala
filialının əməkdaşı,
əməkdar müəllim
Azərbaycan müəllimi.-
2015.- 17 yanvar.- S.12.