"Məktəblilərin
informatika
olimpiadaları"
Bütün bilik
yarışlarında olduğu kimi, olimpiadalarda da uğurlu iştirak və qalib yerlər
tutmaq üçün
onlara yaxşı hazırlaşmaq
lazım gəlir. Belə hazırlıq
üçünsə mütləq müvafiq
materiallar, elmi-metodik ədəbiyyat olmalıdır.
Ölkəmizdə məktəblilərin respublika
olimpiadaları keçirilən ayrı-ayrı fənlər
üzrə materiallar az
da olsa mövcuddur
və bu bilik
yarışlarına qatılan məktəblilər
hazırlıq prosesində onlardan geniş istifadə edirlər. İnformatika üzrə isə bu sahədə indiyədək bir
boşluq özünü
göstərirdi. Belə ki,
bu fənn üzrə olimpiadaların təşkili
və keçirilməsi yönündə xeyli
müsbət təcrübə toplansa da bilik
yarışlarına qoşulanlara kömək
üçün Azərbaycan dilində müvafiq vəsaitlər, 2012-ci ildə çap olunmuş "Beynəlxalq
İnformatika Olimpiadaları" kitabı
istisna olmaqla, demək
olar ki, yox idi.
Lakin budur, artıq bu sahədə də ilk və
faydalı addım atılıb.
Respublika informatika
olimpiadalarının uzun illər
münsiflər heyətinin sədri olan nüfuzlu pedaqoq-alim Ramin Mahmudzadə, Təhsil Nazirliyinin
şöbə müdiri, informatika
sahəsində tanınmış mütəxəssis
İsmayıl Calallı və informatika
olimpiadası münsiflər heyətinin məsul katibi Akif Əliyevin bu günlərdə
"1989-2014. Məktəblilərin
informatika olimpiadaları" kitabı
işıq üzü görüb.
"İnformatika və hesablama
texnikasının əsasları" kursunun
ölkəmizin ümumtəhsil
məktəblərində tədrisinə
başlanmasının 30, informatika üzrə
respublika olimpiadalarının keçirilməsinin
25 illiyi ərəfəsində
"Bakı nəşr" tərəfindən nəfis tərtibatla
çapdan buraxılmış kitab "Ön söz" və 7 bölümdən ibarətdir.
"Ön söz"də müəlliflər
istedadlı uşaqların aşkara
çıxarılması və inkişafı, informatika fənninin keyfiyyətli tədrisi üçün zəruri şəraitin
yaradılması istiqamətində görülən işləri,
olimpiada qaliblərinə edilən güzəştləri
qısa qeyd edib,
kitabın yazılma səbəbini əsasdlandırıblar.
Kitabın ikinci bölümü məktəblilər
arasında informatika olimpiadalarının
tarixinə həsr olunub. Burada
informatika fənninin tədrisinə
başlanılması ilə bağlı görülən
işlərdən, respublika informatika olimpiadalarından xronoloji
qaydada söz
açılır, qazanılan nəticələr diqqətə
çatdırılır.
"Respublika
informatika olimpiadalarının təşkili
və keçirilmə qaydaları" adlı ikinci bölümdə olimpiadaların keçirilmə mərhələləri,
rəhbər orqanları, iştirakçılarının tərkibi
haqqında məlumatlar yer alıb.
Kitabın üçüncü bölümündə
müəlliflər olimpiada məsələlərinin
məzmunu və olimpiadaya hazırlıq üçün zəruri olan
metodik tövsiyələr veriblər.
Kitabın
ən mühüm məziyyəti burada olimpiadanın müxtəlif turları
üzrə hazırlıq üçün
məsələlərin yer
almasıdır. 4, 5 və 6-cı bölümlərdə həlləri
ilə birgə verilmiş bu
məsələlər şagirdlərin olimpiadalara
praktik hazırlaşmasında olduqca mühüm əhəmiyyətə malikdir.
Kitabın ən
maraqlı bölümlərindən biri də
"Əlavələr" adlandırılan 7-ci bölümdür. Burada informatika
üzrə bütün respublika
olimpiadalarının qalibləri, beynəlxalq informatika
olimpiadalarının medalçıları haqqında məlumatlar,
bir sıra sənədlər, eləcə
də "Məktəblilərin fənn olimpiadalarının
təşkili və keçirilməsi qaydaları" öz əksini tapıb.
Müəlliflərin
böyük zəhmətinin nəticəsi
olaraq meydana gələn
"Məktəblilərin informatika
olimpiadaları" kitabı əsasən informatika
müəllimləri, istedadlı uşaqlarla
işləyən pedaqoqlar üçün
nəzərdə tutulsa da
buradakı materiallar informatika
üzrə olimpiadalara hazırlaşmaq
istəyən şagirdlər, tələbələr, eləcə də
proqramlaşdırmaya marağı olanlar üçün də faydalıdır.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2015.- 17 yanvar.- S.14.