Sumqayıtda bir ünvan var:
Laçın 5 nömrəli məktəb
Sumqayıt şəhərində fəaliyyət
göstərən Laçın 5 nömrəli tam orta məktəbinin
yerləşdiyi bina 2006-cı ildə yüksək keyfiyyətlə
təmir edilmişdir. Müəllimlər kurikulum və
ixtisasartırma kurslarından keçərək, yeni proqram
materialını şagirdlərə dərindən
aşılayırlar.
Hər bir uşağın təlim-tərbiyəsi
ilə məşğul olmaq nə qədər qüvvə,
bilik, səbr tələb etsə də, nə qədər
ağır, mürəkkəb, məsuliyyətli olsa da bir o qədər
şərəflidir. Müəllimin məqsədi şagirdlərə
həyatı sevdirmək və həyata inam
aşılamaqdır. Məlumdur ki, orta təhsilin müvəffəqiyyəti
ibtidai siniflərdə təlimin səmərəliliyi ilə
sıx bağlıdır. Bu cəhəti nəzərə
alaraq məktəb rəhbərliyi ibtidai siniflərə
uşaq psixologiyasına yaxşı bələd olan, onlarla
ünsiyyət qurmağı bacaran müəllimləri təyin
edir. Rafiq Həsənov, Nəcibə Ömərova, Adilə Nəbiyeva,
Xatirə Əsədova təkcə aşağı sinif
şagirdlərinə əlifba öyrədib onları
yuxarı siniflərə hazırlamaqla kifayətlənmirlər.
Onlar valideynlərlə sıx əlaqə saxlayır, dərsdənkənar
vaxtlarda uşaqların harada, nə işlə məşğul
olmasından xəbərdar olurlar. Bu da şagirdlərin
boş vaxtlarını daha faydalı, səmərəli
keçirmələrinə səbəb olur. Nəticədə
elə aşağı siniflərdən uşaqlar da bu cür
yaxşı vərdişlərə alışırlar.
Pedaqoji kollektivin hamısı demək olar ki,
laçınlıdır. Bu insanların
hər birini Laçından tanıyıram. Kimisi ömrünü elə ordan şagirdlərlə yaşaya-yaşaya
gəlib, kimisi rayonun işğalından
sonra ali
təhsil alıb Laçınsız laçınlı
balalarına ömürlərindən
pay verirlər.
Məktəbdə
şagirdlərin əmək
tərbiyəsinə, peşə
yönümünə, etik
və estetik tərbiyəsinə, şagirdlərin
müstəqilliyinin artırılması,
yaradıcı təfəkkürünün
inkişafı məsələlərinə
xüsusi diqqət verilir. Burada ayrı-ayrı fənlərin
tədrisi yüksək
elmi və metodiki səviyyədə
aparılır. Azərbaycan
dili və ədəbiyyat, tarix, coğrafiya, fizika, riyaziyyat, kimya, biologiya və s. fənlərin tədrisi maraqlı qurulur, şagirdlərin mənimsəmə
imkanları reallaşdırılır.
Akif Həsənov, Etibar Əzizov, Nərgiz Əkbərova, Dürdanə Quliyeva, Sevinc Rəcəbova, Mahirə Şükürova,
Günay Absalamova, Tünzalə Əliyeva, Xuraman Salahova kimi müəllimlər keçdikləri dərsi
şagirdlərə mükəmməl
öyrətməyə nail
olurlar.
Etibar
Əzizov hələ Laçın rayonunun işğalından əvvəl
Sumqayıtdakı Texnologiya
Texnikumunda müəllim
işləyirdi. Bu təhsil ocağında böyük nüfuz sahibi idi. Rayonun işğalından
sonra laçınlı
uşaqların təhsili
ilə məşğul
olmağı vacib sayaraq iş yerini Laçın məktəbinə dəyişib.
Məktəbdə
təlimin səmərə
və keyfiyyətinin yüksəldilməsində məktəbdaxili
nəzarətin xüsusi
rolu vardır. Bu, hər şeydən əvvəl, təhsilin məzmununun müasir tələblərə cavab
verməsinə, fənnin
öyrədilməsində ardıcıllığın nəzərə
alınmasına, müəllim
əməyinin elmi təşkilinə və
s. yaxşı təsir
göstərir. Bu mühüm vəzifələrin
müvəffəqiyyətlə yerinə yetirilməsində
məktəbin direktoru
Əli Polad Əzizovun, onun tədris işləri üzrə müavini Adilə Nəbiyevanın əməyi təqdirəlayiqdir.
Məktəbdə tədris işinə
nəzarət düzgün
və planlı şəkildə aparılır.
Burada işgüzar, bacarıqlı,
savadlı, təşkilatçı,
yenilik hissi ilə yaşayan müəllimlər çalışır.
Müəllimlər dərsin səviyyəsini
yüksəltmək, şagirdlərin
idrak qabiliyyətini motivləşdirmək üçün
səmərəli yollar
axtarırlar. Şagirdlərin mənəviyyatını zənginləşdirmək
üçün rəngarəng
tədbirlər keçirilir,
görkəmli şəxsiyyətlərlə
görüşlər təşkil
olunur. Belə tədbirlərin təşkilatçısı Məhi
Budaqovdur. Onun təşəbbüsü
və təşkilatçılığı
ilə laçınlı
alimlərlə və
bir çox yaradıcı adamlarla məktəblilərin maraqlı,
yaddaqalan görüşü
keçirilmişdir.
Müəllimlər
fəal təlim metodlarını öyrənir,
təlim-tərbiyə prosesinin
təkmilləşdirilməsinə çalışır, özlərinin
nəzəri və metodiki hazırlığını
günün tələbləri
səviyyəsinə qaldırmağa
səy göstərirlər. Bunun üçün metodbirləşmə
və sinif rəhbərlərinin bu sahədə birgə çalışmaları, zəngin
təcrübəyə yiyələnmələri
və nəzarətin
möhkəmləndirilməsi əsas meyarlardan sayılır. Məktəb
rəhbərliyinin daim
diqqətdə saxladığı
bu məsələlər
pedaqoji şura iclaslarında vaxtaşırı müzakirə
edilir.
Ayxan
Əzizov Azərbaycan
Dövlət Bədən
Tərbiyəsi və
İdman Akademiyasının
məzunudur. O, vaxtaşırı
idmanın müxtəlif
növləri üzrə
yarışlar keçirir.
Şagirdlərdən Sahib, Mədət, Rövşən, İntiqam,
Tural və başqaları Sumqayıt
məktəbləri arasında
keçirilən yarışlarda
fəxri yerləri tutublar. Məktəbin
məzunlarından ali və orta ixtisas məktəbləri
ilə yanaşı, hərbi akademiyalarda oxuyanlar da var.
Pedaqoji kollektivə
bacarıqla rəhbərlik
edən Əli Polad Əzizov fəaliyyətini möhkəm
plan əsasında qurur.
O, bütün fənlərin
tədrisinin təkmilləşdirilməsi,
onların səmərəliliyinin,
keyfiyyətinin yüksəldilməsi,
təlimin müasir tələblər səviyyəsində
qurulması üçün
böyük səy göstərir, pedaqoji kollektivə istiqamət verir. Xüsusilə gənc müəllimlərə,
sinfə, şagird qarşısına ilk dəfə
çıxan müəllimlərə
özünün tövsiyələrini
verir. Direktor tədrislə yanaşı,
ictimai işlərdə
də müəllim və şagirdlərin yaxından iştirakını
vacib sayır.
Kollektivin birgə
işinin nəticəsidir
ki, məktəb bütün göstəricilərinə
görə hər il rayon icra
hakimiyyətinin fəxri
fərmanına layiq görülür.
Vaqif
ŞÜKÜROV
Azərbaycan
müəllimi.- 2015.- 17 yanvar.- S.14.