Kitab oxumaq şagirdlərin
əqlini və nitqini
inkişaf etdirir
Şagirdlərin
mütaliəyə istiqamətləndirilməsi işində
səmərəli sistemin yaradılması məqsədilə
təhsil naziri Mikayıl Cabbarovun verdiyi məlum əmr məhz
şagirdlərdə mütaliə mədəniyyətinin
formalaşması
üçün müqayisəolunmaz bir zərurətdən
irəli gəlmişdir. Əmr digər təhsil
ocaqlarında olduğu kimi məktəbimizdə də
çoxcəhətli tədbirlərə rəvac verilməsinə
səbəb olmuşdur. Həm ibtidai sinif müəllimləri,
həm də ədəbiyyat müəllimləri mütaliə
ediləcək ədəbiyyatların siyahısını
toplamağa, kitabxananın zənginləşdirilməsi
işinə həvəs göstərməyə və tədbirlər
keçirməyə başlamışlar.
Artıq əmrdə
göstərilən istiqamətlər və hədəflər
daha planlı işlər görməkdə bizə
yardımçı olur. Bu məqsədlə tutduğumuz
"Tədbirlər planı"
müzakirə edilmiş metodşurada və metodbirləşmə
iclaslarında vəzifələr, öhdəliklər və
icra ediləcək işlər müəyyənləşmişdir.
Şagirdlərin rəğbətləndirilməsi, Nobel
mükafatına layiq görülmüş ədiblərin
tanıdılması məsələləri də əmrdə
diqqəti cəlb edən istiqamətlərdəndir.
Mütaliə mədəniyyəti
insan amilində böyük rol oynayır. Şifahi və
yazılı nitq şəxsiyyətin formalaşmasında
mühüm vasitələrdən biridir. Şagirdlərin
dünyagörüşünün formalaşmasında,
onların cəmiyyət üçün əsl vətənpərvər
və savadlı vətəndaş kimi yetişməsində mütaliə
ölçüyəgəlməz rola malikdir. Mütaliənin insan həyatında,
formalaşmasında rolunu hamı yaxşı başa
düşür. Mütaliəçi oxuduğu bədii ədəbiyyatdakı
(əlbəttə bu ədəbiyyat bəşəri
duyğuları, insanlığı, həyati gözəllikləri,
vətənpərvərliyi özündə ehtiva edən ədəbiyyat
olmalıdır) hadisələrin içərisinə girərkən
obrazların hiss-həyəcanları ilə yaşadıqca,
onların doğru və ya əksinə mənasız ömür yolu ilə tanış olduqca onlarda
yaxşını pisdən, xeyiri şərdən, doğrunu
yalandan ayırmaq
bacarığı formalaşır.
Azərbaycan dilinin
fikri daha güclü, obrazlı və bədii şəkildə
ifadə etmək imkanları çoxdur. Məhz bu imkanları
əxz etmək üçün mütaliə gənclərə
yardımçı olur, əslində sərrast nitqin
formalaşmasında əsas vasitəyə çevrilir. Mən
bir Azərbaycan dili və ədəbiyyat müəllimi kimi təklif
edirəm ki, bu fənnin sinifdənxaric oxusunun
siyahısının əvvəllər olduğu kimi,
mövzunun axırında verilməsi və bu ədəbiyyatın
mütləq oxudulması, onların şagirdlər tərəfindən
nağıl edilərək, hətta o əsər haqqında
inşa yazılması həyata keçirilərsə,
çox gözəl effekt verər. Bəzi əsərlərin
tamaşaya qoyulması, onların diskussiyalarının təşkil
edilməsi, kütləvi məktəb tədbirlərinin
keçiriməsi kimi daha mühüm vasitələr bu
işdə böyük səmərə verə bilər.
Kiçik yaşlardan
uşaqları bu işə cəlb etsək, o artıq vərdişə
çevrilər. Ancaq mütaliə
ədəbiyyatı uşaqların yaşına və
maraqlarına uyğun olmalıdır. Bədii ədəbiyyatdakı
obrazlar, hadisələrin inkişafı uşaqları məlumatlandırdığı
kimi, onların dünyagörüşünü də zənginləşdirir. Bu onlarda təhliletmə,
müşahidə, insanı bir
fərd kimi öyrənmək bacarığını
artırır. Təklifim odur
ki, bu ədəbiyyatın elektron variantları
hazırlansın. Əlbəttə, ədəbiyyatı
alıb, oxuma texnikası daha önəmlidir. Ancaq əsrimiz bu
vasitəni də tələb edir. Təbii ki, bütün bu
arzularımızın həyata keçməsi sistemli şəkildə
planlaşdırılmalıdır.
Bu işdə bizim Təhsil Nazirliyinin və Təhsil
Problemləri İnstitutunun dəstəyinə
böyük ehtiyacımız vardır.
Hicran QARABƏYLİ,
Bakı şəhəri 56 nömrəli
tam orta məktəbin
direktoru
Azərbaycan
müəllimi.- 2015.- 24 yanvar.- S.1.