Gəncə Dövlət Universiteti
Qəzetimizin
yeni layihəsi olan "Mənim universitetim"in
budəfəki
hədəfi Gəncə Dövlət Universitetidir
Qısa
arayış
Gəncə
Dövlət Universiteti Azərbaycan
Xalq Komissarları Sovetinin 14 aprel 1938-ci il tarixli qərarı
ilə Kirovabadda (indiki Gəncədə) N.K.Krupskaya adına
ikiillik Müəllimlər İnstitutu kimi fəaliyyətə
başlayıb. 1943-cü ilin payızından Həsən bəy
Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutu
olaraq fəaliyyət göstərib. 2000-ci ildə Gəncə
Dövlət Pedaqoji İnstitutunun profili genişləndirilməklə
Gəncə Dövlət Universiteti yaradılıb. Hazırda universitetdə 8 fakültə,
13 şöbə fəaliyyət göstərir. Bakalavriat səviyyəsində
əyani şöbədə 40 ixtisasda 5111, qiyabi şöbədə
7 ixtisas üzrə 601, magistratura səviyyəsində isə
394 nəfər olmaqla bütövlükdə 6106 tələbə təhsil
alır. Bakalavriat səviyyəsində
5712 tələbədən 1286 nəfəri dövlət
sifarişi, 4426 nəfəri ödənişli, magistratura səviyyəsində
isə 394 nəfərdən 138-i dövlət sifarişi, 256
nəfəri isə ödənişli əsaslarla təhsil
alır. 2014-cü ildə respublikanın ali təhsil müəssisələrinin
magistratura səviyyəsinə keçirilən qəbul
imtahanları nəticəsində universitetin məzunu olan 132
nəfər bakalavr magistr adı qazanıb. Tələbələrdən
21 nəfəri Təhsil Nazirliyi tərəfindən təsis
edilmiş "Gələcəyin
müəllimi" təqaüdünə layiq
görülüb. Universitetdə 16 professor, 14 elmlər
doktoru, 146 dosent, 181 fəlsəfə doktoru, 606 nəfər tədris - köməkçi
heyət çalışır. Son ilin statistikasına
görə, universitetdə 540 nəfər professor-müəllim
heyəti çalışır. Onlardan 1 nəfər elmlər
doktoru, 6 nəfər fəlsəfə doktoru dərəcəsi,
3 nəfər professor, 5 nəfər dosent elmi adı alıb.
Professor-müəllim heyətindən 2 nəfəri əməkdar
elm xadimi, 8 nəfəri əməkdar müəllim, 1 nəfəri
əməkdar rəssam, 1 nəfər əməkdar ali məktəb işçisi fəxri
adını daşıyır. 7 nəfər isə
"Tərəqqi" medalı ilə təltif olunub.
Universitetə 2014-cü il martın 7-dən
kimya elmləri doktoru, professor Yusif Yusibov rəhbərlik
edir.
Azərbaycanın ali təhsil müəssisələri
arasında xüsusi yeri və mövqeyi olan Gəncə
Dövlət Universiteti son illər geniş inkişaf yoluna
düşərək bir sıra diqqətçəkən
uğurlara imza atıb.
Universitetin
mövcud
maddi-texniki bazası keyfiyyətli
təhsil
almağa imkan verir
Təbii ki, tələbə
üçün önəmli olan təhsil aldığı
universitetdə yaradılan yaxşı şəraitdir. Bu baxımdan GDU-da vəziyyət normaldır və
keyfiyyətli təhsilə zəmanət verir. Bu ali təhsil müəssisəsinin 5 tədris
binası və 4 tələbə yataqxanası var.
Bütün tədris binaları əsaslı təmir olunub və
müasir tələblərə cavab verir. Yüksək ixtisaslı
mütəxəssislərin hazırlanması
üçün universitetdə
32 laboratoriya, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 8
kompüter mərkəzi və geniş auditoriyalar
mövcuddur. Bütün təhsil müəssisələrində
olduğu kimi, burada da nəzərdə tutulan təmir-tikinti və abadlıq
işləri yüksək keyfiyyətlə həyata keçirilib və bu işlər
davam etdirilir. Tədris binalarında təmir - bərpa işləri başa
çatdırılıb. Binaların daxili
istilik sistemi bütövlükdə yenisi ilə əvəz
olunub. 28 noyabr 2014-cü ildə isə
kimya kafedrasında üzvi və bioloji kimya
laboratoriyasının açılış mərasimi olub.
Burada üzvi və bioloji maddələrin fiziki
parametrlərini müəyyənləşdirmək
mümkün olacaq. Zoologiya kafedrasında 1 laboratoriya,
botanika kafedrasında 2 laboratoriya, kimya kafedrasında 3
laboratoriya mebellə tam təchiz olunub və
avadanlıqlarla təmin edilib.
2015-ci ildə fizika və kimya
kafedralarında yeni elmi-tədqiqat laboratoriyalarının
açılışı planlaşdırılır. Fizika kafedrasında açılacaq laboratoriya
alternativ enerji mənbələrinin elmi problemlərinin araşdırılmasına
xidmət edəcək. Kimya kafedrasında
açılacaq laboratoriya isə "Problem laboratoriya"
olacaq. Bu laboratoriyanın əsas məqsədlərindən
biri suyun kimyəvi analizidir.
Tədris prosesində yeni informasiya texnologiyalarından geniş istifadə edilir. Bu məqsədlə universitet yeni informasiya
texnologiyaları ilə müvafiq şəkildə təmin
edilib. Yeni kompüter avadanlıqları,
ağıllı lövhələr və s. alınıb.
Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin dəstəyi ilə "Aztelekom" tərəfindən
bütün korpuslara "Fiber optik kabel"in çəkilişi
həyata keçirilib.
Universitetin 4 yataqxanası var. Ancaq həmin
yataqxanalarda qaçqınlar yerləşdirildiyindən tələbələr
o binalardan yararlana bilmirlər. Hazırda
qaçqınlar təzə tikilən binalara
köçürülsə də, hələ ki, onlar tələbələrin
istifadəsinə verilə bilməz. Yaxın
vaxtlarda yataqxana binalarının standartlara uyğun olaraq təmir
edilməsi əsas məqsədlərdən biridir.
Yeni layihə
- "Açıq dərs"lər
Tədrisin keyfiyyətini artırmaq
üçün universitetdə innovativ yanaşmalara geniş
yer verilir. Rektorluğun təşəbbüsü
ilə ötən ildən bu məqsədə xidmət edən
yeni layihəyə - "açıq dərs"lərə
start verilib. Yeni layihə istər müəllim heyətinin,
istərsə də pedaqoji təcrübədə olan tələbələrin
"açıq dərs"lərini müntəzəm təşkil
etməklə bərabər, həm də onların ictimaiyyət
nümayəndələrinin iştirakı ilə
keçirilməsi və televiziya vasitəsilə
işıqlandırılmasını nəzərdə tutur. Artıq layihənin
icrası ənənəvi şəkil alıb. İlk dəfə
olaraq biologiya-kimya fakültəsində botanika
kafedrasının müdiri, biologiya elmləri doktoru, əməkdar
elm xadimi, professor Vaqif Novruzovun
biologiya müəllimliyi və biologiya ixtisası üzrə II kursunda "Taxıllar fəsiləsi"
mövzusunda "açıq dərs"i keçirilib.
"Açıq dərs"də Azərbaycan Milli Elmlər
Akademiyasının Gəncə bölməsinin akademik katibi və
həqiqi üzvü, əməkdar elm xadimi Fuad Əliyev, Azərbaycan
Dövlət Aqrar Universitetinin kimya kafedrasının
müdiri, kənd təsərrüfatı elmləri doktoru,
professor Nazim Yusifov, Azərbaycan Texnologiya Universitetinin iaşə
məhsullarının texnologiyası və turizm
kafedrasının müdiri, biologiya elmləri doktoru Əhəd
Nəbiyev, Gəncə Şəhər Təhsil İdarəsinin
nümayəndəsi, orta məktəblərdən ixtisas
müəllimləri, eləcə də ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Semestr
imtahanları şəffaf keçirilir
Universitetdə tədris prosesinin ən mühüm atributlarından biri
olan semestr imtahanlarının təşkili və keçirilməsində
də yeniliklər tətbiq olunur. Bu yeniliklər
əsasən imtahanların şəffaflığının
və aşkarlığının təmin olunması
yönündə atılan addımlardan ibarətdir.
2014-2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında imtahanlar
iki formada keçirilir: yazılı və kompüterdə
test üsulu ilə. Test üsulu ilə verilən imtahanlarda
testlərin sayı konkret olaraq hər biri bir bal olmaqla 50-dir.
Dörd səhv
bir düz cavabı hesabdan çıxarır.
İmtahanların rahat, problemsiz
keçirilməsi üçün hər cür şərait
yaradılıb, 8 fakültəni, magistratura və qiyabi
şöbəni əhatə edən imtahanlar
üçün 8 otaq ayrılıb. 200 kompüterin
quraşdırıldığı bu otaqlarda gün ərzində 1600
tələbə imtahan verə bilir.
Test sualları imtahana bir gün qalmış bunkerdə
hazırlanır. Müəllimlər bunkerə
dəvət olunur, bazaya yüklənmiş mühazirələr
əsasında 50 sual tərtib edilir və imtahan vaxtı məxfiliyi
qorunmuş həmin test sualları cavablandırılmaq
üçün tələbələrə
çatdırılır.
Gəncə Dövlət Universitetində imtahanların
təlimata uyğun keçirilməsi, qiymətləndirmədə
obyektivliyə tam əməl olunması, şikayətlərin
operativ təhlil edilib
nəticələndirilməsi məqsədilə Apelyasiya
komissiyası və İmtahan qərargahı fəaliyyət
göstərir. İmtahan qərargahının sədri dosent
Murad Vəliyevin məlumatına görə, əvvəlki
imtahan sessiyası ilə müqayisədə bu tədris ilinin qış
imtahan sessiyasında narazılıqlar və şikayətlər
çox azalıb. Düzdür, müraciət də, az da
olsa narazılıq da var. Bunlar sualların tərtibində
texniki qüsurlara yol verilməsi ilə bağlıdır. Hər bir tələbənin müraciəti nəzərdən
qaçırılmır, operativ surətdə
araşdırılır, tələbə haqlıdırsa,
şikayəti onun xeyrinə həll edilir. Bütün müraciətlər növbəti
imtahan sessiyalarının təşkili və keçirilməsi
işlərini təkmilləşdirməyə müsbət təsir
göstərir. Bunların nəticəsidir
ki, imtahanlar mütəşəkkil qaydada aparılır və
yekunlaşdırılır. Tələbələr
bir nəfər kimi imtahan prosesinə qoyulan tələblərə
yüksək səviyyədə əməl edir, hətta
imtahanları sanki bilik yarışmasına çevirirlər.
Beynəlxalq
əlaqələr
Universiteti tanıdan amillərdən biri
onun beynəlxalq əlaqələridir. GDU bu sahədə də bir sıra yeniliklərə
imza atıb. GDU-nun beynəlxalq əlaqələrində
Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı
olan "KOİCA" geniş yer tutur.
Universitetdə "Elektron universitet"
layihəsi reallaşdırılıb. Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq
Təşkilatı olan "KOİCA" universitetin təhsil
və inzibati işlərin avtomatlaşdırılmış
sisteminin yaradılmasına yardımçı olmağı
öz üzərinə götürüb. İki milyon manatdan artıq vəsait tələb edən
işi həmin təşkilat könüllü olaraq təmənnasız
yerinə yetirəcək. Bunun
üçün ilkin hazırlıq mərhələsi
yekunlaşıb. Bu otaq gələcəkdə
"Koreya mərkəzi" olacaqdır. Mərkəzdə
həmçinin tələbələrin Koreya dilini öyrənmələrinə
imkan yaradılacaq.
GDU Türkiyənin "Mövlana"
mübadilə proqramına qoşulub. Bu proqram çərçivəsində
20 ali təhsil müəssisəsi ilə, o cümlədən
Kastamonu, Giresun, Firat, Ərzurum Teknik, Çankaya, Ərzincan,
Nevşəhir Hacı Bektaş Vəli, Bitlis Eren, Aksaray,
Uşak, Bozok, Cumhuriyyət, Hacettepe, Ərdahan universitetləri
ilə müqavilələr imzalanıb, 10-a yaxın müəllim
və tələbənin sənədləri onların
komissiyalarına göndərilib.
Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr
olunmuş tədbirlər çərçivəsində Gəncə
Dövlət Universiteti
ilə Fransanın Reyms Şampan-Arden Universiteti
arasında beynəlxalq əməkdaşlığa dair niyyət
protokolu imzalanıb.
Onu da qeyd edək ki, Gəncə Dövlət Universiteti
bir neçə istiqamətdə ali məktəblərlə
müqavilələr bağlayıb. Avropa istiqamətində
Fransanın Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden,
Albaniyanın Vitrina, MDB ölkələri istiqamətində
Belarusun Vitebsk, İqtisad, Poltava, Gürcüstanın Tbilisi,
Kutaisi universitetləri, Özbəkistanın Nizami adına
Daşkənd Pedaqoji İnstitutu və Azərbaycanın
Bakı Dövlət, Sumqayıt Dövlət, Texniki
universitetləri, AMEA Aşqarlar Kimyası, AMEA Kimya Problemləri
institutları, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq
uğurla davam etdirilir.
Gəncə Dövlət Universiteti
Bakı şəhərində keçirilən Beynəlxalq təhsil
və karyera sərgisində ən yaxşı təqdimata
görə I yerə layiq görülüb.
Universitet Avropa Şurasına daxil olmayan dövlətlərdə
ali təhsilin inkişafına, Bolonya
prosesinin reallaşmasına kömək məqsədilə
yaradılmış və Avropa Şurasının layihəsi
olan "TEMPUS", bütün dövlətlərdə ali təhsilin
Avropa modeli üzrə inkişafı məqsədinə,
müəllim və tələbələrin mübadiləsinə
xidmət edən "ERASMUS" proqramında iştirak edir. 2013-2014-cü tədris ilində iki tələbə
"ERASMUS"dan bəhrələnib. Lakin
2014-2015-ci tədris ilində onların sayı 10 nəfərə
çatıb. Həmin tələbələr
İtaliyada, Fransada, Polşada və Finlandiyada bakalavriat,
magistratura və doktorantura səviyyələrində təhsillərini
davam etdirəcəklər. Tələbələrdən
biri isə Finlandiyada bir semestr təhsil alıb.
Alman Akademik Mübadilə Xidməti (DAAD)
ilə də əlaqələr var. Alman dili kafedrasının
müdiri Vüsalə Kərimovanın təşəbbüsü
ilə bu semestrin imtahanlarını alman mütəxəssisləri
qəbul ediblər. İmtahanlarda uğurlu nəticə əldə
etmiş tələbələr Almaniyanın ali
məktəblərində kurslarda olacaqlar. Bundan
əlavə, universitet kurikulum sisteminin Avropa standartlarına
uyğunlaşdırılması məqsədi daşıyan
"CURDEUS", beynəlxalq əlaqələrin təkmilləşdirilməsi
və yenidən qurulmasına xidmət edən
"UNİVİA", əlil tələbələrin təhsilə
cəlb edilməsi məqsədilə yaradılmış
"ESVİDİP" layihələrində də
yaxından iştirak edir. "CURDEUS" layihəsi
çərçivəsində artıq müəllimlər
Polşanın Lodz, Hollandiyanın Leyden universitetlərində
və Portuqaliyanın Dövlət Universitetində mübadilə
keçiblər.
Universitetin xarici əlaqələrinin genişləndirilməsi
bu il də diqqət mərkəzindədir.
2014-cü ildə Fransanın Reyms Şampan-Arden
və Yuxarı Elzas universitetləri ilə imzalanan müqavilələr
çərçivəsində tədbirlər bu ildən həyata
keçiriləcək. Müqavilə əsasında
qarşılıqlı elmi konfransların keçirilməsi,
elmi əsərlərin nəşr etdirilməsi və müəllim,
tələbə mübadiləsi nəzərdə tutulub.
Bu isə universitetin əməkdaşlarının,
tələbələrinin daha yüksək bilik əldə
etmələrinə, elmi-tədqiqat işlərini gücləndirmələrinə,
yeni tədris metodlarının mənimsənilməsinə,
pedaqoji təcrübənin artması nəticəsində
pedaqoji ustalığın da təkmilləşməsinə
imkan verəcək. Universitetin TEMPUS
proqramı çərçivəsində qoşulduğu
layihəyə əsasən Beynəlxalq əlaqələr
şöbəsinin genişləndirilməsi nəzərdə
tutulub. Qərb zonasında ilk dəfə əlil tələbələr
üçün mərkəz açılacaq, onlar ali təhsil almaq imkanına malik olacaqlar.
Universitet "ERASMUS+" proqramı
çərçivəsində bir çox layihələrə
qoşulub. Həmin
layihələrə bu yaxınlarda Avropa Şurasında
baxılacağı gözlənilir.
Müəllimlərin
xarici nəşrlərdə
160 elmi məqaləsi
dərc edilib
- Universitetdə aparılan elmi tədqiqatlar və
yeniliklər diqqəti cəlb edir. Elmi-tədqiqat
işlərinin təşkilinə xüsusi fikir verilir.
Bu məqsədlə Universitet Tələbə Elmi Cəmiyyətinin
iş planına uyğun olaraq hər il
elmi-tədqiqat işlərinə xüsusi marağı olan
istedadlı tələbələrin elmi konfranslarda, Respublika
olimpiadalarında iştirakı təmin edilir.
Belə ki, universitet və Respublika elmi konfranslarında
çıxış edən tələbələrin elmi-tədqiqat
işləri müvafiq illər üzrə Respublika Elmi
Konfranslarının materiallarında və hər il çap olunan Gəncə Dövlət
Universiteti "Tələbə və magistrantların elmi
konfransının materialları" məcmuələrində
işıq üzü görür.
Ali məktəb tələbələrinin tədris
olunan fənlərə marağını artırmaq, həmin
fənlər üzrə onların hazırlıq səviyyəsini
müəyyən, istedadlı tələbələri
aşkar etmək məqsədi ilə hər il keçirilən olimpiadalarda Gəncə
Dövlət Universitetinin tələbələri də
yaxından iştirak edirlər.
Ötən tədris ilində 43 nəfər
tələbə Respublika olimpiadalarında fəal iştirak
edib. Onlardan 1 nəfər biologiya ixtisası üzrə
II yeri, 2 nəfər (1 nəfər
kimya, 1 nəfər biologiya ixtisası üzrə) III yeri tutub, 1 nəfər isə
ingilis dili ixtisası üzrə
IV yeri tutaraq həvəsləndirici mükafata layiq
görülüb. Universitetdə 2014-cü ildə
ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci
ildönümünə həsr olunmuş "Müasir
biologiya və kimyanın aktual problemləri", "Əsrin
müqaviləsi" adlı konfrans, "Riyaziyyat və
İKT-nin tətbiq sahələri.Yeni tədris
texnologiyaları" adlı beynəlxalq konfrans keçirilib.
29 dekabr 2014-cü ildə Dünya Azərbaycanlılarının
Həmrəylik Gününə həsr olunmuş tələbə
və magistrantların elmi konfransı təşkil olunub.
Elmi konfransda 30-dan çox tələbə və
magistrant təhsil aldıqları ixtisasa uyğun elmi biliklərini
və axtarışlarının nəticələrini
nümayiş etdirib. Universitetin əməkdaşlarının,
tələbə və magistrantların təkcə 2014-cü
ildə respublikamızın nəşrlərində 592, xarici
nəşrlərdə isə 160 elmi məqaləsi dərc
edilib. Bununla yanaşı 2 monoqrafiya, 5 dərslik,
7 dərs vəsaiti, 62 proqram və metodik göstəriş
işıq üzü görüb. Görkəmli
yazıçı, əməkdar jurnalist, 40 kitabın müəllifi,
Gəncə Dövlət Universitetinin "Yüksəliş" qəzetinin
redaktoru Qərib Mehdiyevə Türk Dünyası
Araşdırmaları Beynəlxalq Akademiyasının Fəxri
doktoru diplomu və "Altun yıldız" medalı verilib.
Elmi-tədqiqat işlərində də
dönüş yaradılacaq. Gəncə
Dövlət Universiteti Azərbaycanın qərb regionunda yerləşir.
Əlbəttə, bu regionun müxtəlif məsələlər
üzrə elmi tədqiqi daha səmərəli olar. Bu baxımdan da kafedraların beşillik elmi-tədqiqat
işlərinin sırf qərb regionunun tədqiqinə həsr
edilməsi qərara alınıb. Bu il
universitetdə elmi konfransların keçirilməsi ənənəvi
olaraq davam etdiriləcək. May ayında ulu
öndərin anadan olmasının 92-ci ildönümü
münasibəti ilə keçiriləcək elmi-praktik
konfrans "Kimya-biologiyanın müasir problemləri"nə
həsr olunacaq. Oktyabr ayında müstəqilliyimizin
ildönümü münasibətilə "
Qafqaz tarixinin aktual problemləri" adlı ikinci elmi
konfrans Beynəlxalq səviyyədə keçiriləcək
və xarici dövlətlərdən alimlər dəvət
olunacaq.
Son bir ildə əməkdaşların
impakt-faktoru olan xarici jurnallarda 6 məqaləsi çap
olunmuşsa, 2015-ci ildə bu tip məqalələrin
sayının artırılması gözlənilir. Universitetin rəhbərliyi
tərəfindən
həmin məqalə müəlliflərini həvəsləndirmək
məqsədilə mükafatlandırılmaları nəzərdə
tutulub.
Magistrlərin elmi işlərinin də
kafedraların elmi-tədqiqat işlərinə uyğunlaşdırılması
nəzərdə tutulub. Bu həm kafedraların
elmi-tədqiqat işlərinin aparılmasına
yardımçı olacaq, həm də onların elmi tədqiqata
maraqlarının artmasına, gələcəyin alimləri
kimi yetişmələrinə imkan yaradacaq.
Tələbələrin
ən çox olduğu yer
- universitet kitabxanası
Tələbələrin bilik əldə
etməsi üçün universitetin zəngin kitabxanası
olmalıdır. GDU-da belə bir kitabxana
mövcuddur. Kitabxananın ümumi fondu
590815 nüsxə təşkil edir. Bunlardan
362693-ü kitab, 71273-ü jurnal, 228122-si qəzetdir. Kitabxanada 362693 nüsxə ədəbiyyat
saxlanılır. Bunlardan 50670-i elmi,
125987-si dərslik və dərs vəsaiti, 64122-si bədii,
121914-ü isə ictimai-siyasi ədəbiyyatdır. Kitabxananın qiraət zalı daim tələbələrlə
dolu olur.
Universitetin
və tələbələrin həyatında
önəmli rol oynayan tələbə təşkilatı
Əsasən gənclərdən ibarət
olan universitet tələbələrinin ictimai fəallığının
artmasında, onlarda liderlik keyfiyyətlərinin
formalaşmasında tələbə-gənclər təşkilatlarının
böyük rolu var. GDU-da güclü tələbə təşkilatı
mövcuddur. Universitetdə keçirilən
tədbirlərin böyük əksəriyyətinə TGT təşkilatçılıq
edir. 2014-cü il dekabrın 21-də Tələbə Gənclər
Təşkilatının və biologiya-kimya fakültəsinin
birgə həyata keçirdiyi "Biz və onlar" adlı
xeyriyyəçiliyi özündə əks etdirən layihə
yekunlaşıb. Belə ki, müəllim və tələbələrin
iştirak etdikləri
xeyriyyə konsertindən əldə olunan vəsaitin
hamısı yalnız uşaq evlərinə yardıma sərf
olunub.
GDU-nun tələbələri həmçinin
müxtəlif mövzularda keçirilən bilik
yarışlarında, müsabiqələrdə də
iştirak edib, fərqlənirlər. Tələbələrin
uğur qazandığı belə intellektual
yarışmalardan biri də "Mer kuboku-2014"-dür
Gənclər və İdman Baş
İdarəsi və Gəncə İntellektual Klubun təşkilatçılığı
ilə ilk dəfə keçirilən "Mer kuboku-2014"
adlı "Nə? Harada? Nə
zaman?" intellektual oyununda əsas məqsəd tələbələrin
intellekt səviyyəsinin yüksəldilməsi,
dünyagörüşlərinin genişləndirilməsi, vətənpərvərlik
hisslərinin inkişaf etdirilməsi və s. olub.
İntellekt yarışında Gəncə şəhərinin
ali təhsil məktəblərini əhatə
edən 20 komandanın 140 nəfər
iştirakçısı mübarizəyə qoşulub. Üç mərhələdə keçən bu
yarışda müəyyən vaxt çərçivəsində
hər mərhələsində 12 sual olmaqla, ümumilikdə
36 suala cavab tapmaq lazım gəlib. Qalib komandalara kubok,
medal və diplomlar təqdim olunub.
Yarışda iştirak edən Gəncə Dövlət
Universitetinin "Eidon" komandası komandalar arasında ən
yüksək göstəricilərə sahib olub və I yeri əldə edib. Gəncə Dövlət Universitetinin rektoru Yusif
Yusibov Gəncə şəhərində ilk dəfə
keçirilən və bundan sonra mütəmadi keçirilməsi
qərara alınan "Mer kuboku-2014" adı altında
"Nə? Harada? Nə zaman?"
intellektual oyununda qalib gəlmiş komandanın üzvlərini-Royal
Hüseynovu (komandanın kapitanı), Fikrət Fərhadlını,
İbrahim Salayevi, Royal Məcidlini (iqtisadiyyat fakültəsinin
IV kurs tələbələri), Nürəddin Hüseynovu (
fizika və texniki fənlər fakültəsinin tələbəsi)
və Şövkət Orucovanı ( xarici dillər fakültəsinin
tələbəsi) qəbul edib, universitetin şərəfini
qoruduqları üçün onlara təşəkkürünü
bildirib və mükafatlandırıb.
Kim sevirsə
idmanı...
GDU-da tələbələrin idmanın
müxtəlif növləri üzrə
hazırlaşmaları üçün də hər cür
şərait yaradılıb. Şübhə
yoxdur ki, onların lazımi səviyyədə təhsil
almaları ilə bərabər, sağlam insan kimi yetişmələri
də vacibdir. Son vaxtlar şəhər və
Respublika yarışlarında, olimpiadalarda qazanılan nəticələr
tam qaneedici olmasa da, müsbət nəticələr kimi qiymətləndirilə
bilər. İdman gününə həsr edilmiş
yarışlarda, Mirzə Şəfi Vazehin anadan
olmasının 220 illiyinə həsr edilmiş spartakiadada,
aprel-may aylarında idmanın müxtəlif növləri
üzrə ali təhsil müəssisələrinin Respublika
spartakiadasında qız və oğlanlardan ibarət komandalar
uğur qazanıblar. Voleybol üzrə
qızlardan ibarət komanda respublika üzrə IV yerin sahibi
olub. Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümünə həsr edilmiş
Respublika üzrə ali məktəb əməkdaşları
arasında keçirilən spartakiadada universitetin stolüstü tennis
komandası II yerə, futzal komandası III yerə, dama
komandası isə IV yerə
layiq görülüb. Respublikada ali məktəb tələbələri
arasında keçirilən çempionatda cüdo üzrə Gəncə
Dövlət Universitetinin bədən tərbiyəsi və
idman ixtisasının IV kurs tələbəsi Səbuhi
Bağırov I yerə sahib
olub.
Rüfanə
GÜNƏŞ
Azərbaycan
müəllimi.-2015.- 24 yanvar.- S.7.