Qrupun lideri beynəlxalq

ekoloji layihənin qalibidir

 

Cavid Ələsgərov Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Gənc səyahətçilər" dərnəyində artıq 6 ildir ki, məşğul olur. 14 yaşı olmasına baxmayaraq bir çox şəhər, respublika üzrə təşkil olunan yarış, müsabiqə yürüşlərdə  iştirak edib. "Gənc səyahətçilər" dərnəyinin üzvləri arasında təşkil olunan  "Qayayadırmanma", "Səmti müəyyənetmə", "Cəsurlar cığırı" s. kimi turizm yarışlarının yay düşərgələrinin fəal iştirakçısıdır. Hətta 2014-cü ilin yay düşərgəsinin nəticələrinə görə Cavid "Qrupun ən yaxşı lideri" adını qazanıb. Mərkəzin gənc səyahətçiləri ilə birgə o, "Vətənimizi yaxından tanıyaq" devizi altında respublikamızın bir çox görməli tarixi yerlərində - Qobustan, Quba, Nabran, İsmayıllı, Lahıc, Xızı, Altıağac, Qala-altı, Qax, İlisu Şəki rayonlarında səyahətdə olub.

 Gürcüstanın Bakuriani şəhərciyində uşaq dağ-xizək məktəbində təlim keçən gənc səyahətçi beynəlxalq tədbirlərdə fəal iştirak edib. 2013-cü ildə Norveçdə təşkil olunan beynəlxalq düşərgədə, 2014-cü ildə isə Lahıcda keçirilən "Babadağ-2014" beynəlxalq ekoloji layihəsində iştirak edərək qalib adını qazanıb.

 Ötən ay Cavid  3 nəfər dərnək üzvü məşğul olduğu dərnəyin rəhbəri Yevgeniya Nəcəfova ilə birgə Beynəlxalq Alpinizm Federasiyasının təşkilatçılığı ilə Avstriyanın Lienz şəhərciyində keçirilən Gənclərin 8-ci Alpinizm Düşərgəsində iştirak edərək vətənimizi layiqincə təmsil edib.

 

Azərbaycan müəllimi.- 2015.- 24 yanvar.- S.10.