"Azərbaycan məktəbi"
jurnalının
90 illiyi ilə əlaqədar görüş
keçirilib
Bakı şəhəri 220 nömrəli məktəb-liseydə
Təhsil Nazirliyinin təsisçisi olduğu "Azərbaycan
məktəbi" jurnalının 90 illik yubileyinə həsr
olunmuş görüş keçirilib. Görüşdə Azərbaycan Təhsil
Şurasının sədri, professor
Əjdər Ağayev, "Azərbaycan məktəbi"
jurnalının baş redaktoru
Nəcəf Nəcəfov, baş redaktorun müavini Nəsrəddin
Musayev, Təhsil Texnologiyaları Mərkəzinin
direktoru Muxtar Həsənov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Baloğlan Quliyev,
Təhsil Problemləri İnstitutunun
professoru Vidadi Xəlilov,
Azərbaycan Müəllimlər İnstitutunun
dosentləri Bilal Həsənli, Şahrza Ağayev, Azərbaycan
Yazıçılar Birliyinin üzvü Oqtay Əliyev,
Bakı Şəhəri üzrə Təhsil İdarəsi metodkabinetinin əməkdaşları Alı Məmmədov,
Mövlan Ömərov, məktəb
direktorları, müəllimlər, jurnalın kollektivi, mətbuat nümayəndələri iştirak ediblər.
Görüşü giriş sözü ilə 220 nömrəli məktəb-liseyin
direktoru Almaz Əsgərova
açaraq qonaqları salamlayıb,
"Azərbaycan məktəbi" jurnalının müəllimlər
üçün mühüm
əhəmiyyət kəsb edən elmi-nəzəri və pedaqoji mənbə olduğunu
diqqətə çatdırıb.
Jurnalın
nəşr tarixi və fəaliyyətindən
danışan baş redaktor
N.Nəcəfov qeyd edib
ki, məzmunu və mündəricəsi
etibarilə ilk elmi-nəzəri və pedaqoji jurnal olan "Azərbaycan
məktəbi" "Yeni məktəb" adı ilə 1924-cü ilin aprelindən nəşrə
başlayıb. 1930-cu ilin noyabrınadək bu adla çıxan jurnal həmin tarixdən 1941-ci ilədək
"Müəllimə kömək" adı ilə
oxucuların görüşünə gəlib və məktəb
həyatının ən zəruri məsələləri ilə
tanış olmaqda müəllimlərə
yardımçı olub. Dövrün təlatümlü hadisələri
arada jurnalı da fasilələrlə
dərc olunmaq məcburiyyətində qoyub. 1943-cü ildən jurnal
nəşrini "Azərbaycan məktəbi" adı ilə
davam etdirib.
Qeyd olunub ki, xalq
yazıçısı Mirzə İbrahimovun
"idrak və ədəb
çırağı" adlandırdığı jurnal ölkənin ən mürəkkəb
zamanlarında təhsilimizə dayaq olub, pedaqogikamızın, məktəbimizin
keşiyində sərvaxt
dayanıb. Azərbaycanın ən tanınmış
pedaqoqları ilk qələm təcrübəsini
bu jurnalda sınaqdan keçirib.
Baş redaktor görüş
iştirakçılarının diqqətinə
çatdırıb ki, sovet
dönəmində "Azərbaycan məktəbi"
jurnalı ən yüksək tirajlı mətbu orqanı kimi respublikamızın bütün
pedaqoji ictimaiyyətini əhatə edib, tirajı əlavələri ilə birlikdə
yüz min nüsxədən
çox olub.
N.Nəcəfov
çıxışında vaxtilə jurnala
rəhbərlik etmiş və burada işləmiş insanların
adlarını çəkərək onların aktual məsələlərə həsr olunmuş məqalələrinin təhsilin
salnaməsinin yaradılmasında mühüm
rol oynadığını bildirib.
Təhsil
Şurasının sədri, professor
Əjdər Ağayev
çıxışında "Azərbaycan məktəbi"
jurnalının tarixi ənənələrindən
bəhs edib, jurnala rəhbərlik
etdiyi dövrdə onun
inkişafı üçün görülən işlərdən
danışıb.
Əjdər
Ağayev vurğulayıb ki,
"Azərbaycan məktəbi" jurnalı fəaliyyəti
dövründə müəllimlərə yalnız pedaqoji-metodiki dəstək verməklə kifayətlənməyib,
həm də öz
səhifələrində Uluqbəy, Ç.Aytmatov,
Mollayi Rumi, Mir Cəlal, Qara Qarayev, İsmayıl Şıxlı, Maqsud Şeyxzadə, Asəf
Zeynallı kimi şəxsiyyətlərin
həyat və fəaliyyətlərindən yazılar dərc
etməklə müəllimlərin ümumi
dünyagörüşünün
artmasına xidmət edib.
Pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilov da jurnalın zəngin tarixi
ənənələrindən danışıb, "Azərbaycan
məktəbi"nin Azərbaycan müəllimləri üçün
məktəb rolunu
oynadığını bildirib.
Görüşdə
pedaqoq alimlər Şahrza
Ağayev, Baloğlan Quliyev, Bilal Həsənli
də çıxış edərək "Azərbaycan məktəbi"
jurnalının elmi-metodiki əhəmiyyətindən
söz açıb, müəllimlərin
bu dərgidən istifadəsinin vacibliyini vurğulayıblar.
Tədbirdə
müəllimlərdən Şakir Babayev (Lerik rayonu, Lüləkəran kənd tam orta məktəbinin direktoru), Təranə Axundova,
Zeynəb Rzayeva (220 nömrəli məktəb-lisey),
Gülşən Vəliyeva, Dilarə Məcidova, Zabilə
Əliyeva, Bayram Mehrəliyev (70 nömrəli
məktəb), Elnarə Məmmədova (Bakı şəhəri MLK),
Leyla Qurbanova (Heydər
Əliyev adına lisey) və başqaları jurnala
dair qeyd və təkliflərini
bildirməklə, belə görüşlərin tez-tez keçirilməsini arzu
edib, pedaqogika, psixologiya elminin ən aktual məsələləri ilə
yanaşı, jurnalda ayrı-ayrı
müəllimlərin dərs nümunələrinin, qiymətləndirmə
ilə əlaqədar əldə olunmuş
təcrübələrə dair yazıların
müntəzəm verilməsini vacib
sayıblar.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2015.- 24 yanvar.- S.14.