"Əsas məqsədimiz beynəlxalq

olimpiadalarda medal qazanmaqdır"

 

İnformatika üzrə Olimpiada Mərkəzinin əməkdaşı Valid İbrahimov danışır

 

2014-cü il təhsil sahəsində bir çox yenilikləri ilə yadda qaldı. Onlardan birifizika-riyaziyyatinformatika təmayüllü liseyin nəzdində yaradılan İnformatika üzrə Olimpiada Mərkəzidir. Təxminən 5 ay əvvəl yaranmış mərkəzin fəaliyyəti ilə tanış olmaq üçün liseyə yollanırıq. Mərkəzin əməkdaşı və liseyin informatika müəllimi Valid İbrahimovla görüşürük. Mərkəzə daxil olanda informatika müəllimi Nazim Süleymanovun şagirdlərlə məşğul olması diqqətimizi cəlb edir. Onunla da salamlaşıb, mərkəzlə tanış oluruq.  Suallarımızı Valid müəllim cavablandırır. 

 

- İnformatika üzrə Olimpiada Mərkəzi hansı zərurətdən yarandı?

- Bilirsiniz ki, hər il riyaziyyat, fizika, kimya, biologiyainfromatika fənləri üzrə beynəlxalq olimpiadalar keçirilir. Biz istərdik ki, məktəblilərimiz beynəlxalq olimpiadalarda qalib olsun. Bunun üçünsə olimpiadalara yaxşı hazırlıq lazımdır.  Bu hazırlığı təmin etmək üçün belə bir mərkəzin yaranmasına və fəaliyyətinə zərurət var idi. İdeya əsasən Təhsil Nazirliyindən gəldi. 2014-cü il sentyabrın 18-də bizim liseydə mərkəzin açılışı oldu. Oktyabrın 1-dən fəaliyyətə başladıq. Mütəmadi olaraq səviyyələr üzrə dərslər keçilir. Üç səviyyə var-U1, U2, U3. U1 ilk dəfə öyrənənlər, U2 informatika, proqramlaşdırmadan müəyyən qədər biliyi olanlar,  U3 isə proqramlaşdırmanı 80%-dən çox bilən şagirdlər üçündür.

- Hazırlığa neçənci sinifdən başlayırsınız  və hazırda mərkəzdə neçə şagird var?

- Burada siniflər üzrə fərq qoyulmur. 7-11-ci sinflərdən seçilən şagirdlərə mərkəzdə dərslər keçilir.  Amma üstünlük 7-9-cu siniflərə verilir. Çünki onlar öyrənməyə daha maraqlı olurlar.

- Şagirdlərin səviyyələri necə yoxlanılır?

Şagirdlərin səviyyəsi mərkəzin rəhbəri, fizika-riyaziyyat elmləri namizədi, dosent Ramin Mahmudzadənin rəhbərliyi altında yoxlanılıb. Bizə müraciət edən məktəblərin şagirdləri seçilib. Qəbul olunanlar səviyyələr üzrə bölünüb.

- Mərkəzdə dərs deyənlər ancaq bu liseyin müəllimləridir?

- Hələ ki, tədrislə Ramin Mahmudzadənin rəhbərliyi altında mən və Nazim Süleymanov məşğul oluruq. Günorta məktəblərdə dərslər bitəndən sonra mərkəzdə iki saat mütəmadi  şagirdlərə dərs keçirik. Şagirdlərin bir-biri ilə və bizimlə onlayn əlaqələri var. Dərsdən sonra da şagirdlər bizim e-mail ünvanlarımıza hansı məsələdə çətinlik çəkdiklərini yazıb göndərirlər. Bizonlara köməklik edirik. Ümumiyyətlə, şagirdlər çox həvəslidirlər.

- Başqa müəllimlərin gətirilməsi ilə bağlı hansı tədbirlər görülür?

- Bununla  bağlı planlar var. Bakı şəhərində fəaliyyət göstərən məktəblərdən bu işlə maraqlanan müəllimləri mərkəzə cəlb edəcəyik. Müəllimlərin də məşğələ aparmaq imkanını yoxlayıb bu işi genişləndirəcəyik.

- Bu mərkəz beynəlxalq aləmə çıxış üçün bir vasitədir. Xaricdən təlimçilər dəvət etmək planınız varmı?

- Belə planlar da var. Amma yeni başlamışıq və hələ ki, öz gücümüzlə davam etdiririk.

- Mərkəzə başqa hansı məktəblərin şagirdləri cəlb olunub?

- Heydər Əliyev adına lisey, akademik Zərifə Əliyeva adına lisey, Bakı İstedadlar Təhsil Kompleksi, 160 nömrəli klassik gimnaziya, 6 nömrəli məktəb-lisey, 283 nömrəli tam orta məktəb, 267 nömrəli məktəb-lisey, 177 nömrəli tam orta məktəb, Dəyanət Vəqfi Bakı Türk Liseyi, "Gənc istedadlar" liseyindən ümumilikdə 50-dən çox şagird bu məşğələlərə cəlb olunub. Bundan əlavə, Sumqayıt şəhərində mərkəzimizin filialı işə başlayıb. Filialın işə başlamasında liseyimizin və mərkəzin müəllimi Nazim Süleymanovun böyük rolu olub. Belə bir planımız var ki, fevral ayının ortalarında akademik Zərifə Əliyeva adına lisey, 160 nömrəli klassik gimnaziya, Sumqayıt məktəbliləri və bizim lisey arasında Zərifə Əliyeva adına liseydə olimpiada keçirək. Yarışma ənənəvi kağız üzərində yox, kompüter sistemi ilə keçiriləcək. www.i-olimp.az/ saytımız var. Həmin sayt vasitəsi ilə istənilən infromatika olimpiadalarını keçirmək olur. İstənilən yerdən də olimpiadaların gedişini izləmək mümkündür. Şagirdlər özləri də olimpiada başa çatan kimi neçə bal topladıqlarını öyrənə bilər.

- Bu vaxta qədər şagirdlər hardasa iştirak ediblər?

Mərkəz yeni fəaliyyətə başlayıb. Uğurlarını yəqin ki, gələcəkdə görəcəyik. Bizim liseyin şagirdləri əvvəllər də beynəlxalq olimpiadalarda iştirak ediblər. İndi onlar dünyanın nüfuzlu universitetlərinin məzunları və hətta professorlarıdır. Keçən il şagirdimiz Elgün Cəbrayılzadə beynəlxalq olimpiadada iştirak edib, amma yer tuta bilməyib. Yenə də mərkəzdə, hazırlıqlarda iştirak edir. 160 nömrəli klassik gimnaziyadan Şərif Əfəndi adında 8-ci sinif şagirdi var, ümidverici şagirddir. Liseyimizdən Ayxan Həsənov keçən il respublika olimpiadasında 4-cü yer tutub.

- Hazırladığınız şagirdlər 2015-ci ildə beynəlxalq olimpiadada iştirak edəcəklər?

- Olimpiada Qazaxıstanda keçiriləcək  və mərkəzin şagirdlərinin də orda iştirakı planlaşdırılır. Olimpiada adətən iyun-iyul aylarında keçirilir. Amma vaxtı hələ tam bəlli deyil.

Şagirdlərin olimpiadalara hazırlaşması üçün dərs vəsaitləri olmalıdır. Maraqlıdır ki, görəsən mərkəzdə hansı tədris vəsaitlərindən istifadə edirlər? Valid müəllim kitabları və elektron vasitələri əyani olaraq göstərir.

- Müxtəlif  vəsaitlərdən  istifadə olunur. Onlardan biri "Məktəblilərin informatika olimpiadaları-1989-2014", digəri "Beynəlxalq  informatika olimpiadaları 1989-2011"-dir. Olimpiada  ilə  bağlı  əvvəldə  qeyd etdiyim www.iolimp.az, bundan başqa www.informatika.az, www.e-olimp.com.ua/az kimi xüsusi saytlarımız var.

Bölgələrimizdə də kifayət qədər istedadlı şagirdlərimiz var. Onları bu işə necə cəlb etmək olar? Söhbətimizi bu istiqamətdə davam etdiririk.

- Bölgələrimizdə necə, bu mərkəz, saytlar barədə məlumatı olanlar var?

- Saytlarımızda olan məlumatlarla bağlı müxtəlif bölgələrdən bizə zənglər,  onlayn sual-cavablar olur ki, bu məsələni biz necə edək? Deməli, bu işlə də maraqlanırlar.

- Regionlarda olimpiada mərkəzləri məsələsinə necə baxırsınız?

- Hər bir rayonun təhsil şöbəsi bu işə marağı olan, təşəbbüs göstərən müəllimləri  dəstəkləsə, regionlarda da belə mərkəzlər yaratmaq olar.

- Siz beynəlxalq olimpiada mərkəzinin yaradılmasını təklif etmişdiniz?

- Respublikamızın bütün bölgələrində olimpiya idman kompleksləri var. Yaxşı olardı ki, elm sahəsində belə mərkəz Bakıda yaradılsın.  Mərkəz dedikdə, təkcə informatikanı nəzərdə tutmuram. Bütün beynəlxalq olimpiadalara hazırlıq aparılacaq bir mərkəzi nəzərdə tuturam. Yaxşı olar ki, həmin şagirdlər orta təhsilini də həmin mərkəzdə alsınlar.

- Beynəlxalq olimpiadalarda medal qazananlar universitetlərə imtahansız qəbul olunurlar.

- Bəli, düz vurğuladınız. Nəinki Azərbaycanda, dünyanın bir çox universitetləri də yaxşı nəticəsi olanları öz tələbələri sırasına qəbul etməyə hazırdır. Bunu şagirdlərə tez-tez xatırladıram. Keçənilki beynəlxalq olimpiadanın nəticələrini açıram və şagirdlərə göstərirəm (bizə də göstərir). Deyirəm ki, baxın, 2013-cü ildə bürünc medal qazanan 2014-cü ildə qızıl medal qazanıb. Siz də çalışın.

Söhbətimizin sonuna doğru Valid müəllimdən gələcək planlar barədə soruşuram.

- Əsas məqsədimiz respublika və beynəlxalq olimpiadalarda medallar qazanmaqdır.

- Hamısı da qızıl olsun?

- Qızıl, gümüş, bürünc. Medallar bol olsun (gülür). Digər plan məktəblərə kömək məqsədi ilə kitablar hazırlamaqdır. Bundan başqa, olimpiada mərkəzimizin "Alqoritm" jurnalı dərc olunur (jurnalı bizə də göstərir). Rəsmi veb saytı (www.alqoritm.ucoz.org) fəaliyyət göstərir.  Jurnalın 4-cü nömrəsini hazırlmağa başlamışıq.

Söhbətimizin əvvəlində diqqətçəkən məqam Sumqayıtda yaradılan mərkəz idi. Bu mərkəzin yaradıcısı Nazim müəllimlə söhbətimizi davam etdiririk.

- Sumqayıtda işi təhsil şöbəsinin rəhbərinin köməkliyi ilə qurmuşuq. Artıq Sumqayıtda mərkəz üçün seçdiyimiz şagirdlərin sayı təxminən Bakıdakı qədərdir. Sumqayıtdakı mərkəzdə iki müəllim tədris aparır. Mərkəz Təbiət Elmləri Təmayüllü Gimnaziyada fəaliyyət göstərir. Burada gimnaziyadan, Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbdən və 21 nömrəli orta məktəbdən seçilən şagirdlərlə tədris aparılır. Amma fevral ayında mərkəzi mənim təsis etdiyim "Peşəkar təlim" müəssisəsinə köçürəcəyik. Ümidverici uşaqları seçib həmin müəssisədə fəaliyyətimizi davam etdirəcəyik. Təkcə Sumqayıtda yox, bütün ölkə üzrə bu işi genişləndirməyə çalışacağıq.

Nazim müəllimə təşəkkür edib, mərkəzin şagirdlərindən birinə yaxınlaşırıq. 10-cu sinif şagirdi Anar Verdiyev web səhifələr hazırlayır. Hətta keçən il qalibolub:

- 1998-ci ildə Ukraynada anadan olmuşam. Hazırda İnformatika Layihə Olimpiadasına təqdim edəcəyim web səhifə üzərində işləyirəm. Google şirkətinin əsas məhsullarını tərcümə etmişəm. "Google"da nələr var, o barədə web səhifədə asanlıqa məlumat əldə etmək olacaq. Keçən il həmin olimpiadada qalib olmuşdum. Olimpiada mərkəzinə gəldikdə isə, orada mütəmadi iştirak edirəm. Bir neçə proqramlaşdırma dillərini öyrənirik. Olimpiada mərkəzi məni qane edir. Belə davam etməyini istərdim. Ali təhsilimi isə Kanadanın Toronto Universitetində almaq  istəyirəm.

- Sən Toronto Universitetinə qəbul olandan sonra yenidən görüşərik, - deyib sağollaşırıq.

 

Rüfanə GÜNƏŞ

 

Azərbaycan müəllimi.- 2015.- 31 yanvar.- S.5.