"Universitetə
imtahansız qəbul
olmağım ən böyük uğurum idi"
Böyük
Britaniyanın Mançester Universitetinin
tələbəsi
Həsən Həsənzadə ilə söhbət
Həsən
Həsənzadə 1995-ci il oktyabrın 7-də Lənkəran rayonunun Veravul kəndində
anadan olub. Lənkəran Özəl Türk Liseyini qızıl
medalla bitirib. Liseydə oxuduğu illərdə
bir çox beynəlxalq, regional və ölkədaxili olimpiada
və yarışlarda iştirak edərək müxtəlif
nailiyyətlər əldə edib. TQDK-nın keçirdiyi ali məktəblərə
qəbul imtahanında iştirak etmədən müsabiqədənkənar
şəkildə Qafqaz Universitetinə qəbul olunub. Bir il Qafqaz Universitetində təhsil
aldıqdan sonra hazırda təhsilini "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın
Mançester Universitetində kompüter elmləri ixtisası
üzrə davam etdirir. H.Həsənzadə ilə söhbətimizə orta
məktəbdən başladıq.
- Orta məktəb uğurlarımın demək olar ki,
hamısı riyaziyyata olan marağımın nəticəsidir
ki, bu da heç təsadüfi deyil.
Atam Veravul kənd 1 nömrəli orta məktəbin riyaziyyat
müəllimidir. Atamın riyaziyyat müəllimi
olması və mənə elə uşaqlıqdan bu fənni
sevdirməsi, sevdirməklə yanaşı onu mənə
öyrətməsi uğurlarımın təməlidir.
Xatırlayıram, atamın müntəzəm
olaraq mənə vaxt ayırmağı və mənimlə
çalışmağı nəticəsində hələ
ibtidai sinifdə oxuyarkən riyaziyyatdan yuxarı siniflərə
aid olan bilikləri mənimsəmişdim. Beləliklə,
6-cı sinifdə oxuyarkən demək olar ki, bütün orta
məktəb riyaziyyat kursunun hamısını bitirmişdik.
Azyaşlı olmağıma baxmayaraq, Lənkəran
şəhəri üzrə yuxarı sinif şagirdləri
arasında keçirilmiş olimpiadalara qatılaraq bir
neçə dəfə qalib olmuşam. Təsəvvür
etməzdim ki, bu uğurlar hələ mənim
üçün başlanğıc imiş. VII sinifdən etibarən orta təhsilimi Lənkəran
Özəl Türk Liseyində davam etdirdim. Əslində, bura gəlməyimin əsas səbəbi
də məhz olimpiadalarla bağlı idi. Burada
da olimpiada hazırlıqlarına davam edərək daha
böyük hədəflər üçün
çalışmağa başladım. Artıq
hədəflər dəyişmişdi - xarici ölkələrdə
Azərbaycanı təmsil etmək və
bayrağımızı ucaltmaq üçün
çalışırdıq. Beləliklə,
2-3 illik planlı şəkildə çalışdıqdan
sonra beynəlxalq dərəcəli olimpiadalarda iştirak etməyə
başladım. İlk dəfə olaraq IX
sinfin yayında Hollandiyanın Amsterdam şəhərində
keçirilən 52-ci Beynəlxalq Riyaziyyat Olimpiadasına
qatılmışam. Olimpiadada uğur qazanmasam da mənə
imkan verdi ki, öz zəif tərəflərimi tapıb, onlar
üzərində çalışım. Olimpiadada
Azərbaycanı təmsil edənlər arasında ən
kiçikyaşlı olmağım mənim üçün
stimulverici bir hal idi. Daha bir il əzmli
çalışmağım nəticəsində X sinfin
sonunda Argentinada keçirilən 53-cü Beynəlxalq Riyaziyyat
Olimpiadasında
bürünc medal əldə etdim. Ən
gözəl hisslər bəlkə də o zamana aid idi -
üçrəngli bayrağımızı 100-ə yaxın
ölkənin qatıldığı bir yarışda
dalğalandırmaq mənim üçün şərəf
idi. İllərdir
çalışdığım məqsədimə
çatmışdım. Növbəti il
bir daha Azərbaycanı olimpiadada təmsil etmək hüququ əldə
etdim. Bu dəfə də Kolumbiyanın
Santa-Marta şəhərində keçirilən 54-cü Beynəlxalq
Riyaziyyat Olimpiadasında layiqli nəticə göstərərək
bir daha bürünc medal qazandım. Qazaxıstan,
Türkiyə, Kipr Respublikasında keçirilən
"Jautıkov Riyaziyyat Olimpiadası" və "Balkan
Riyaziyyat Olimpiadası" kimi regional olimpiadalarda da iştirak
edərək həvəsləndirici mükafatlar əldə
etmişəm. Bundan əlavə, orta təhsilimin son 4 ilinin hər
birində Respublika riyaziyyat fənn olimpiadalarına
qatılaraq 3 gümüş və 1 qızıl medal əldə
etmişəm. Orta məktəbi qızıl medalla bitirməyim və universitetə imtahansız qəbul olmağım
da mənim üçün ən böyük uğur idi.
- Uğur əldə etmək
üçün nələrə fikir verirsiniz?
- Ümumiyyətlə, uğur qazanmaq üçün
bəzi istəklərə yox deməyi bacarmaq lazımdır.
Bu, həyatın istənilən anında
keçərlidir. Təhsil həyatımızın vacib
mərhələlərindən biridir. Xüsusi diqqət yetirilməsi lazım olan amillərdən
biri vaxt bölgüsüdür. Gün ərzində əhəmiyyətli
işlərə daha çox vaxt ayırmaq lazımdır.
Bir də onu deyim ki, kor-koranə şəkildə
deyil, planlı və məqsədyönlü formada hərəkət
etmək daha yaxşıdır.
- Xaricdə təhsil almağa necə qərar verdiniz?
- Orta məktəbin son 2-3 ilində iştirak etdiyim
olimpiadalar və bu olimpiadalardan əldə etdiyim nəticələr
mənə, necə deyərlər, "özümü kəşf
etməyə" imkanı verdi. Xarici universitetdə oxumaq üçün kifayət
qədər akademik potensiala sahib olduğumu hiss edəndə
bu qərarı verdim. Həm də ki, əldə
etdiyim nailiyyətlərə görə xaricdə təhsil
almaq istəyimi Dövlət Proqramı vasitəsilə həyata
keçirə biləcəyimə inanırdım. Bu, valideynlərim üçün də yeni bir qərar
idi. Bir çox şeyi (ölkədən
ayrılmaq, uzaqda yaşamaq) nəzərə alaraq onlar da mənə
dəstək verdilər və xüsusilə də atam bu istəyimə
çatacağıma məndən daha çox
inanırdı.
Qeyd etməyi özümə borc bilirəm ki, Dövlət
Proqramının qəbulu dünyanın nüfuzlu universitetlərində
təhsil almağımızda və yüksək ixtisaslı
mütəxəssislər kimi yetişməyimizdə biz tələbələrə
ölkə rəhbərliyinin
diqqət və qayğısının bariz nümunəsidir. Dövlətimizin biz gənclərin xaricdə təhsil
almaları üçün yaratdığı şərait,
həqiqətən, təqdirəlayiqdir. Son illər Dövlət Proqramı
çərçivəsində tələbələrin seçim prosesində olan bir
çox dəyişikliklər onu deməyə imkan verir ki,
getdikcə dövlətin bu istiqamətdə marağı daha
da artır. Daha potensiallı tələbələrin
aşkarlanması və onların xaricdə təhsil
almaları üçün hər cür imkanların
yaradılması bunun göstəricisidir. Əlbəttə
ki, bizə yaradılan şərait, böyük diqqət və
qayğı üçün ölkə Prezidentinə minnətdarıq.
- Tələbə həyatınız necə
keçir?
- Düzünü desəm, dərslərin
ağırlığı özünü göstərir. Amma buna baxmayaraq, dostlarla söhbətə,
görüşməyə, həmçinin xarici tələbələr
ilə ünsiyyətə də vaxt ayırıram. İmkan olanda universitetimizin azərbaycanlı tələbələri
ilə birlikdə yaxın şəhərlərə gəzintiyə
də gedirik. Tələbə həyatı,
həqiqətən, maraqlı keçir. Britaniya
mühitinə öyrəşməkdə elə də
böyük çətinliklə üzləşmədim.
Bəlkə də olimpiadalarla əlaqədar bir neçə dəfə
xarici ölkələrdə olduğuma görə adaptasiya
asan oldu. Bu da olimpiadanın mənə
qazandırdığı başqa bir özəllikdir. Universitet şəhərciyinə yaxın yerdə
qaldığıma görə ətrafımda gördüklərim
insanların əksəriyyəti tələbədir.
Yerli insanlar tərəfindən əcnəbi tələbələrə
münasibət də
əladır.
-
Oxuduğunuz ali məktəb, seçdiyiniz ixtisas barədə...
- Mən hazırda Böyük Britaniyanın Mançester
Universitetində kompüter elmləri ixtisası
üzrə təhsil alıram. Mançester Universiteti bu sahə üzrə bütün
universitetlər arasında ilk 50-likdə, Böyük
Britaniyada isə ilk 10-luqdadır. Hazırda
universitetdə 40000-ə yaxın tələbə təhsil
alır. İxtisas seçimi edərkən
bir neçə amili nəzərə aldım. Elə əvvəldən riyaziyyatla məşğul
olduğum üçün, ixtisasımın da riyaziyyatla
bağlı olmasına fikir verdim. Bundan əlavə, Azərbaycanda
mütəxəssis ehtiyacı olan sahələrdən biri də
məhz bu ixtisasla əlaqəlidir. Söz yox, bəlkə də
istər xaricdə olsun, istərsə də Azərbaycanın
özündə, bu sahə üzrə təhsil alan yetərli sayda tələbə var. Amma nəzərə
alsaq ki, əsas olan kəmiyyət yox, keyfiyyətdir, onda bir
daha əmin oluram ki, doğru seçim etmişəm.
- Universitetdə tədris
və imtahan sessiyası necə təşkil olunur?
- Tədris ili
2 semestr müddətindədir. Hər semestrin sonunda final imtahanları olur.
Amma bu o demək deyil ki, hər şey bu
imtahanlardan asılıdır. Çünki hər bir fəndən
semestr ərzində olan tapşırıq və praktiki
işlər bu fənn üzrə toplanan balın 50 faizini təşkil edir. Buradakı sistemin
ən çox xoşuma gələn özəlliyi odur ki, mühazirələrdə
öyrəndiyimiz bilikləri praktiki olaraq tətbiq edərək
daha da mükəmməlləşdiririk.
-
Oxuduğunuz ali məktəbdə tələbələr
üçün hansı geniş imkanlar var?
Tələbələr üçün daimi fəaliyyət
göstərən fərdi dərs çalışma
binası, universitetin müxtəlif tələbə cəmiyyətləri,
yuxarı kurs tələbələri üçün
araşdırma mərkəzləri, tez-tez təşkil olunan
müxtəlif şirkətlərin karyera forumları
Mançester Universitetində ən əsas imkanlardandır.
- Xaricdə təhsil sizin
dünyagörüşünüzə necə təsir etdi?
- Xaricdə təhsil almaq
sadəcə xarici universitetdə oxumaq kimi
düşünülsə tam doğru olmaz. Çünki xarici ölkədə
yaşadığımız müddətdə istər-istəməz
ətraf mühitlə münasibətdə oluruq. Bu da bizə
yeni mədəniyyətlərlə, yeni sistemlərlə tanış olmaq imkanı verir, eyni zamanda
insanın həyata baxışına təsirsiz
ötüşmür. Gənclərimizin xarici
ölkələrdə təhsil almaq istəkləri və
Dövlət Proqramı vasitəsilə bunu reallaşdıra
bilmələri, həqiqətən, Azərbaycanın gələcəyi
üçün çox ümidverici bir addımdır.
Amma burada iki mövzuya toxunmaq istəyirəm.
İlk növbədə, gənclərin xaricdə
daha çox təhsilə diqqət yetirmələrinin
vacibliyini qeyd etmək istərdim. İkincisi
isə arzu edərdim ki, təhsillərini bitirdikdən sonra həm
xarici ölkədən və həm də universitetdən əldə
etdikləri təcrübəni dövlətimizin
inkişafı yolunda sərf etsinlər.
- Azərbaycanı uzaq ölkədə təbliğ edə bilirsinizmi?
- Bəli, bacardığımız qədər Azərbaycanı
burada tanıtmağa çalışırıq. Şəxsən mən bunu ilk olaraq dərslərimlə
göstərməyə çalışıram. Bundan əlavə,
universitetin azərbaycanlı tələbələrdən ibarət
olan Azərbaycan Cəmiyyəti ilə olan görüşlərdə
də iştirak edirəm.
Ötən ilin noyabr ayında cəmiyyətin
keçirdiyi "Azərbaycan gecəsi"ndə qonaqlara vətənimizin
hərtərəfli tanıdılması üçün
hamı kimi mən də əlimdən gələni etməyə
çalışırdım.
- Gələcək
planlarınız?
Hələ ki, təhsilimi magistratura səviyyəsində
davam etdirməyi düşünürəm. Geri döndükdən sonra Azərbaycanda tətbiq
edilməsi mümkün olan bəzi sistemlərin
reallaşdırılması üçün layihələr
üzərində çalışmaq istərdim. Digər tərəfdən, bakalavr təhsilim
müddətində yay aylarında buradakı şirkətlərin
təcrübə proqramlarından yararlanmaq kimi planlarım da
var.
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2015.- 31 yanvar.- S.6.