Qardaş ölkənin ali təhsil
sistemi ilə tanışlıq təəssüratlarım
Türkiyə təcrübəsindən faydalanmaq nə kimi səmərə verər
Ölkə
Prezidentinin sərəncamı ilə təsdiq
olunmuş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın həyata keçirilməsi ilə
bağlı Fəaliyyət Planı"nda ali
təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya
mərkəzlərinə çevrilməsi, universitetlər üçün kampusların yaradılması, dövlət büdcəsi vəsaitindən
istifadə olunmadan ali
təhsil müəssisələrində məqsədli kapital fondlarının yaradılmasının
stimullaşdırılması nəzərdə tutulur.
Ötən
təqvim ilinin sonlarında Türkiyə
təhsil sistemi və universitetləri ilə
tanışlıq məqsədilə qardaş
ölkədə səfərdə olmuş
Azərbaycan dövlət ali təhsil
müəssisələrini təmsil edən heyətin tərkibində
mən də var idim. İki həftəlik kursda
iştirakımız barədə
Təhsil Nazirliyinə geniş hesabat verilmişdir. Ali təhsil
işçilərinin xarici təcrübədən
bəhrələnməsi məqsədini güdən bu vacib tədbirə
görə bir daha Təhsil
Nazirliyinin rəhbərliyinə təşəkkürümüzü
çatdırır və bu cür ezamiyyələrin davamlı
olacağına inanıram. Açığı, başqa yolumuz yoxdur. Orta və ali təhsilimizin yeni relslər
üzərinə qoyulması istiqamətində ölkə rəhbərliyi,
eləcə də Təhsil Nazirliyi tərəfindən
ciddi addımlar atılıb, qanunvericilik bazası yaradılıb. Son bir neçə il ərzində imzalanmış təhsil qanunvericiliyi aktlarının
hamısını sadalamaq niyyətim olmasa da, ali
təhsil sisteminin təkmilləşdirilməsinə
və yenidən qurulmasına ünvanlanmış bir-iki sənədin adını çəkmək
istəyirəm: "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası",
"Ali təhsil müəssisələrinin
nümunəvi Nizamnaməsi", "Ali
təhsil müəssisələrinin bakalavriat
və magistratura səviyyələrində
kredit sistemi ilə tədrisin
təşkili Qaydaları". Bu sənədlər təhsil tariximizin,
pedaqoji təcrübə, ənənə
və reallıqlarımızın, gələcəyə
baxışlarımızın nəticəsi kimi
dəyərləndirilsə də, eyni zamanda, Bolonya prosesinin və Avropa Kredit-Transfer sisteminin ölkəmizdə adekvat
şəkildə dəyərləndirilməsi və tətbiqini
hədəf götürməyə şərait
yaradıb. Biz israrla ali təhsilimizdə innovasiyaların, yeni yanaşma və pedaqoji texnologiyaların tətbiqinə
çalışırıq. Yeni təfəkkür
köhnə, stereotipləşmiş metod
və yanaşmaları sıxışdırmağa
çalışır. Təhsildə nəsillərin və
baxışların əvəzlənməsi prosesi
və mübarizəsi sezilir. Ən
çətin və gərgin proses yeni ictimai şüurun
və fikrin formalaşması ilə
bağlıdır. Düzdür, hələ 90-cı illərin sonunda
ulu öndər Heydər Əliyevin müəllifliyi
ilə başlanmış üçmərhələli təhsil
islahatları (orta təhsil pilləsində),
ölkə rəhbərliyinin bu prioritet sahəyə daimi
qayğısı, son bir-iki
il ərzində təhsil sisteminin
idarəçiliyində açıq müşahidə olunan şəffaflıq, yeni
təşkilati, maliyyə-təsərrüfat və inzibati mexanizmlərin tətbiqi öz bəhrəsini verməkdədir.
Aydındır ki, qısa müddət ərzində
təhsil sistemində sıçrayışlar mümkün deyil. Burada insan amili
var, təfəkkür amili
var. Tərbiyə edənlərin və tərbiyə
olunanların nəsil dəyişməsi amili
var. Elmi-pedaqoji, ideoloji yanaşmaların əvəzlənməsi
amili var. Görün, biz öz təhsilimizi azərbaycançılıq
məfkurəsi üzərində qurmaq yolunda neçə illər sərf etmişik. Dərsliklərimizi neçə kərə
dəyişməli olmuşuq? Fənn kurikulumlarının tətbiqi, ənənəvi
tədrisdən bilik, bacarıq və vərdiş
aşılayan təhsilə mərhələli keçid bu proseslərin labüdlüyünü dərk edən orta məktəb müəllimlərimizin fədakarlığı
hesabına mümkün olur.
Qarşıda orta təhsilimizi onikiillik sistemə keçid
gözləyir ki, bu da təhsildə təkcə yeni
strukturlaşma modeli yox, həm də
yeni dərsliklər, əlavə maddi-texniki baza və təchizat
sistemi, elmi-pedaqoji və
sosial-psixoloji yanaşmalar
tələb edir. Bu, təkcə
ölkənin insan potensialından, elmi-pedaqoji irsindən və resurslarından, təlim-tədris
bazasının mövcudluğundan və s. asılı deyil, xarici - regional və beynəlxalq
amillər var, ölkəmizin geosiyasi mövqeyi, Qarabağ amili və s. var.
Açığı,
bu təəssüratları məqalə
şəklində ifadə etmək niyyətim yox
idi. Amma bu günlərdə orta məktəb müəllimlərinin bir qisminin əməkhaqqının
və dərs yükünün
artırılması ilə bağlı Prezident
tərəfindən imzalanan sərəncam
və Azərbaycan Respublikası Prezidentinin
19 yanvar 2015-ci il tarixli digər bir sərəncamı
ilə "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət
Strategiyası"nın həyata keçirilməsi ilə
bağlı Fəaliyyət Planı"nın təsdiqi məni
fikirlərimi təhsil ictimaiyyəti ilə bölüşməyə
sövq etdi. Bəzi təhsil işçiləri, elə özlərini
təhsil ekspertləri adlandıranlar da,
hansısa faizlərdən danışırlar, respublikanın
bütün təhsil işçilərinin
əhatə olunmadığından gileylənirlər,
yalançı ictimai rəy yaratmağa çalışırlar, bu addımın əsl mahiyyətini dərk
etmirlər. Bəli, mən bir
təhsil işçisi olaraq,
bu sərəncamı da
beynəlxalq təcrübəyə əsaslanan, təhsil
işçilərinin professional səviyyəsinin
artırılmasının stimullaşdırılmasına
yönələn ilk addım hesab edirəm. Bu, dönüş mərhələsi, sosial-psixoloji baryerin dəf
edilməsi yolunda start
verilən ciddi və vacib
bir kampaniya və layihənin
başlanğıcıdır. Qoy məktəbdə işləyən hər kəs öz pedaqoji
ustalığının və biliyinin
artırılması, yeni şəraitdə
tədris metodikasını və texnologiyaları mənimsəmənin
qaçılmazlığı və bununla
yanaşı maddi rifahının
yaxşılaşmasının reallığı barədə
düşünsün. 30 ilə yaxın pedaqoji təcrübəm deməyə imkan verir ki,
uğurlarımızla yanaşı, orta və
ali məktəblərimizdə
bugünkü tədrisdəki problemlərin
həllinin müəllim professionallığından və onun vətəndaş mövqeyindən
asılılığı danılmazdır. Fikirlərimin qardaş ölkənin təhsil sistemi ilə tanışlıq təəssüratları
ilə üst-üstə düşməsi də adi fikir assosiasiyası deyil. Türkiyənin ali və orta məktəblərində,
təhsilə cavabdeh icra,
bələdiyyə, vəqf orqanlarında görüşlər
və təqdimatlar, mənimlə birgə Türkiyə
universitetlərinə ezam edilmiş
azərbaycanlı mütəxəssislərin professionallığı,
təhsilimizə yeni məzmun gətirmək
əzmi, qardaş ölkədə təhsilimizə
və tərəqqimizə
nikbin və real
münasibət aşağıdakı fikirlərimi əminliklə söyləməyimə imkan verir:
1. Türkiyə
təhsil sistemi və universitetləri ilə
(eləcə də digər Avropa ölkələri
təcrübəsi ilə)
tanışlıq proqramı dövlət və
hökumət səviyyəsində təhsil islahatları ilə
bağlı qəbul olunmuş sənəd
və həyata keçirilən tədbirlərin ruhu və məzmunu ilə həmahəng
olmaqla, Təhsil Nazirliyinin
ali təhsil müəssisələrinin
inkişafı strategiyasının tərkib hissəsidir və
bu tədbirlərin mərhələli və
sistematik şəkildə davam
etdirilməsi arzu ediləndir.
2. Ankarada altı dövlət
və vəqf (özəl) universiteti, eləcə
də Təhsil Nazırliyi, Yüksək Öyrətim Komitəsi,
təhsilin idarə olunması ilə bağlı olan TUBİTAK, SETA və s.
bu kimi təşkilatların
fəaliyyəti ilə yaxından tanışlıq göstərdi
ki, qonşu və qardaş Türkiyə
Cümhuriyyətində, bu ölkənin
təhsil dairələrində milli-mədəni və ideoloji maraqlarımıza uyğun
gələn yüksək etik-əxlaqi-insani, elmi-mədəni
bir təhsil mühiti
və inzibati-təşkilatçılıq strukturu mövcuddur. Türkiyə təhsil
sisteminin Avropa təhsil
məkanına inteqrasiyası (Avropa Birliyi Bakanlığının fəaliyyəti
də nəzərə alınmaqla) və vaxtilə Amerika təhsil sistemi təcrübəsindən
qazanılmış təcrübənin milli
relslər üzərində yüksəldilməsi prosesi ciddi nəticələr
verməkdədir. Belə ki:
- tələbələrin
seçimi və universitetə daxil olduqdan sonra bakalavr və magistr təhsil
pillələrində bilik və
bacarıqlarının qiymətləndirməsi modeli, doktorantura
proqramlarının icrası mexanizmləri, professor-müəllim
heyətinin seçilməsi, elmi-pedaqoji fəaliyyət
və əməyinin qiymətləndirilməsi obyektiv və motivasiyalı sistem təəssüratı doğurur;
- istənilən
Türkiyə universitetinin əsas məramı
vəsaitin texnologiyalara və insan zəkasına yatırılmasından
ibarətdir;
-
Türkiyə universitetləri ciddi elmi-pedaqoji kollektivlər, sənaye-istehsalat-xidmət
kompleksləri (texnoparklar), innovativ,
inteqrativ və kreativ
şəbəkələr, gənc və yaşlı nəsillərin
müştərək uğurlu fəaliyyətini
əxz etdirən sosial meqapolislər
(şəhər içində şəhər) kimi formalaşmışdır;
- Türkiyə
universitetləri (Bilkənt, Ankara, Hacettepe, Qazi, Orta Doğu Texniki universitetlərinin) mükəmməl təhsil-təlim
standartları və normativləri, Bolonya
təsisatları tələblərinə cavab
verən məzmun, forma və strukturlar əsasında fəaliyyət
göstərir;
- açıq (məsafədən,
distant) təhsil sahəsində Türkiyənin
müəyyən uğurları göz
qabağındadır (Anadolu Universiteti timsalında). Bu
sahədə Türkiyə təcrübəsindən
yararlanmamız alternativsizdir. Söhbət
müvafiq texniki dəstəkdən,
ilkin mərhələdə uyğun ixtisaslar üzrə
proqram və dərsliklərdən istifadədən
və əlçatan təhsil xidmətlərindən gedir. Yəni, qiyabi təhsil
formasından imtina etmək istəyən
Azərbaycanın distant təhsildə ondan xeyli öndə olan Türkiyə təcrübəsindən
yararlanması məqsədəuyğundur. Distant təhsilə keçid məsələsi həm də gənclərimizin
həyat tərzində müşahidə olunan
bir sıra sosial və
məşğulluq problemlərinin həlli deməkdir, yəni
gənclərimizin sosial şəbəkələrdən
və internet resurslardan
məqsədli istifadəsinə, öz
vaxtının və enerjisinin düzgün sərf olunmasına
çalışmalıyıq.
-
Türkiyənin açıq (distant) təhsil
resurslarından istifadənin mümkünlüyü,
bir tərəfdən, dillərimizin (təfəkkürümüzün
də) yaxınlaşmasına və bir-birinə
uyğunlaşmasına xidmət edən amildirsə, digər
tərəfdən də, məsafədən təhsilə başlayacağımız ilkin
mərhələdə bu ölkənin əksər
tədris resurslarından istifadəyə şəraitin mövcudluğu deməkdir. Qardaş
xalqlarımızın gündən-günə
yaxınlaşdığı bir zamanda bu, çox
vacib məsələdir.
- universitet
fəaliyyətinin şəffaflığını, monitorinq və qiymətnləndirilməsini,
görülən və perspektivdə nəzərdə tutulan işlərin təqdimatını əks
etdirən etibarlı mexanizmlər var;
- tələbə və
müəllimlərin, texniki personalın maddi-sosial şəraitinin
yaxşılaşdırılması, universitetlərin cəmiyyətə
açıq olması və davamlı inteqrasiyası (məsələn,
texnoparklarda start-uplar
və s.), universitetlərə münasibətdə
məqsədli vergi siyasəti diqqət
çəkir;
-
Türkiyənin müxtəlif bölgələrində qurulmuş Bilim mərkəzləri,
universitetlərin ərazisində fəaliyyət göstərən
müstəqil məktəblər, məslək və təmayül
liseyləri və s. universitetlərin orta məktəblər, elmi
mərkəz və institutlarla sıx əlaqəsinə sübutdur;
- türkiyəli həmkarlarımızla
müzakirə və mükalimələr, fikir
mübadiləsi göstərir ki,
onların da bizim təhsil
sisteminə dərin marağı var. Problem və özəlliklərimizi
anlayır, təhsil sistemlərimiz arasındakı fərqlilikləri
bilirlər. Türkiyə universitetlərinin daha
çox üfüqi
(əsasən Amerika modeli),
Azərbaycan universitetlərinin isə şaquli
(Rusiya modeli) istiqamətində
inkişaf və formalaşması barədə
təsəvvürlərimiz eynidir.
Qarşılıqlı və bərabərhüquqlu
faydalı əməkdaşlığın yolları
onları da maraqlandırır. Təhsilimizin
yeni relslər üzərində
qurulması ilə bağlı onlar tərəfindən
irəli sürülən tövsiyə və reseptlər
ağlabatandır (Anadolu və Hacettepe universitetləri) və s.
3. Fikrimizcə,
"Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"nda nəzərdə
tutulmuş 5 istiqamət və "Azərbaycan
- 2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyası imkan verir
ki, məhz universitetlərin
inkişafı ilə bağlı yaxın zamanlarda
böyük və hərtərəfli
Dövlət Proqramı həyata keçirilsin.
Yəni kampusların yaradılması ilə yanaşı, Azərbaycan
universitetlərinin daha çox
Amerika, Avropa və eləcə
də Türkiyə modelində inteqrasiyası və yenidən
formalaşması məsələsinə baxılsın. Güclü
və müasir universitet
güclü və müasir
orta təhsil sistemi, güclü iqtisadiyyat, müasir təfəkkürə və yanaşmaya malik mütəxəssislər,
milli və bəşəri dəyərlərə,
sivil sosial-ictimai
münasibətlərə söykənən cəmiyyət və
s. deməkdir.
4. Tanış olduğumuz universitetlərin
formalaşmış özünü təqdimetmə
mexanizmləri diqqəti çəkir. Yəni istiqamətləri,
ixtisasları, fənn bölümlərini, mütəxəssislər
bankını, proqram və sillabusları,
standartlar məcmusunu özündə cəmləşdirən
toplular universitetlər haqqında tam və dolğun təsəvvür
yaradır. Bu, təkcə reklam,
marketinq, reytinq əhəmiyyətli
yox, həm də universitet
fəaliyyətinin qurulması, koordinasiyası və
planlaşdırılması üçün
faydalıdır.
"Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın həyata keçirilməsi ilə
bağlı Fəaliyyət Planı"nın 1-ci bölməsində
ölkə ali təhsil müəssisələrinin
təhsil-tədqiqat-innovasiya mərkəzlərinə
çevrilməsi, 3-cü bölmədə universitetlər üçün kampusların yaradılması, 5-ci bölməsində
dövlət büdcəsi vəsaitindən istifadə olunmadan məqsədli kapital
fondlarının yaradılmasının
stimullaşdırılması nəzərdə tutulur. Ali təhsilin strateji
inkişafı və perspektivlərinə
ünvanlanmış bu prioritetlər, eləcə
də məktəbəqədər, ümumi
orta və peşə təhsili, əlavə
və ömürboyu təhsil sahəsində
icra olunacaq tədbirlər
Azərbaycanımızın siyasi və iqtisadi qüdrətindən, azərbaycançılıq,
ümumbəşəri, multikultural ideya və dünyagörüşlərindən
doğan qətiyyətli addım və
niyyət kimi qarşılanmalıdır.
Bu Fəaliyyət Planı hamımız üçün qürur
mənbəyi və ölkəmizin gələcəyinə dərin
inamın təntənəsidir. Fikrimizcə, bu
tədbirlərin həyata keçirilməsində qardaş Türkiyə təcrübəsi bizə
gərəkli olacaq. Təhsil sahəsində
ölkələrimiz arasında qarşılıqlı
faydalı əlaqələrin intensiv
şəkildə davam etdirilməsinə
önəm verməliyik.
Telman CƏFƏROV,
Bakı Slavyan Universitetinin tədris işləri üzrə
prorektoru, filologiya
elmləri doktoru,
professor
Azərbaycan
müəllimi.- 2015.- 31 yanvar.- S.7.