Sinif rəhbərləri öz
vəzifələrini bilirmi?
Paytaxt məktəblərində araşdırmalarımız nə göstərdi?
Araşdırmalarımızdan məlum oldu ki, sinif rəhbərlərinin əksəriyyəti işlərinin öhdəsindən gəlsələr də, lakin əsasnamədən bir o qədər də məlumatlı deyillər. Belə ki, onlarla söhbətimizdə əsasnamədə yer alan bəzi müddəalar haqqında məlumatsız olduqları aydın oldu. Bəzilərinin əsasnamənin mövcudluğundan belə xəbərsiz olduğu aşkarlandı. Halbuki sinif rəhbərlərinin fəaliyyətini tənzimləyən əsasnamə onların hər birinin masalarının üstündə olmalı, əsasnamədə öz əksini tapmış bütün istiqamətlər üzrə iş aparılmalıdır.
Orta ümumtəhsil
məktəblərində şagirdlərin şəxsiyyət
kimi formalaşmasında, tədris və tərbiyəyə
cəlb olunmasında fənn müəllimləri ilə
yanaşı, sinif rəhbərləri də
əhəmiyyətli rol oynayır. Bu gün sinif rəhbərlərinin
fəaliyyəti Azərbaycan Respublikası təhsil nazirinin 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş
"Sinif rəhbəri haqqında
Əsasnamə"də öz əksini
tapmışdır. Əsasnaməyə görə, sinif rəhbəri məktəb direktoru tərəfindən təyin edilir və ya vəzifədən
azad olunur. Sinif rəhbəri bu işi icra etdiyinə
görə xüsusi müavinət
alır. Onların fəaliyyətinə rəhbərlik tərbiyə
işləri üzrə direktor müavini tərəfindən həyata keçirilir.
Sinif rəhbərinin əsas vəzifələri təhsil
alanları şəxsiyyət kimi
yetişdirmək, onlarda əsl vətəndaş,
mənəviyyat, təşəbbüskarlıq kimi yüksək keyfiyyətlərin və
müstəqil tənqidi təfəkkürünün
formalaşmasına kömək göstərməkdir. Bundan başqa, şagirdlərin xarici görünüşünə, geyiminə,
dərsə davamiyyətinə, hər bir
şagirdin tədris nailiyyətlərinə
nəzarət etmək, onların uğur
və səhvlərini qeydə almaqla
vaxtında kömək göstərmək, sinif
jurnalının işlənməsi və nəzarəti,
valideynlərlə əlaqə yaratmaq və
onlara uşaqların tərbiyə
olunmasında kömək göstərmək də (şəxsən,
məktəb psixoloqu və müəllimlər
vasitəsilə) əsas işlərindəndir. Bununla
yanaşı, sinif rəhbəri Azərbaycanın
milli bayramları, əlamətdar tarixi hadisələri ilə bağlı tədbirlər
təşkil etmək, mərasimləri qeyd
etmək, sinif saatlarını təşkil
etmək, fənn müəllimləri və məktəbin digər
mütəxəssisləri ilə (uşaq
birliyi rəhbəri, psixoloq, kitabxanaçı və s.) qarşılıqlı fəaliyyət və
bu mütəxəssislərin yardıma
ehtiyacı olan uşaqlara
köməyinin təşkil və bir çox məsələləri yerinə
yetirməlidir. Bəs görəsən, ümumtəhsil
məktəblərində çalışan sinif
rəhbərləri yuxarıda sadaladığımız
işlərin öhdəsindən layiqli gəlirlərmi?
Öz işlərini əsasnamənin tələblərinə
uyğun qura bilirlərmi?
Suallarımıza cavab tapmaq
məqsədilə paytaxtın bir sıra
orta ümumtəhsil məktəblərində
olduq, sinif rəhbərləri
ilə söhbətləşdik.
Elmira Fərzullayeva,
Bakıdakı 55
nömrəli tam orta
məktəbin X sinfinin rəhbəri:
- Artıq 5 ildir ki, sinif rəhbəriyəm. İşimizi əsasnamənin tələblərinə
uyğun aparmağa çalışıram. Sentyabr ayından başlayaraq dərs ilinin sonuna qədər
çox intensiv şəkildə iş aparıram. Şagirdlərin
dərsə davamiyyəti,
tədrisi və s. məsələlərlə ciddi
məşğul oluram.
Mütəmadi olaraq fənn
müəllimləri ilə
əlaqə saxlayıram.
Tədris zamanı zəifləyən
şagirdləri xüsusi
nəzarətə götürür,
onların valideynləri
ilə əlaqə saxlayıram. Mən deyərdim
ki, sinif rəhbəri şagirdlərin
məktəbdəki valideynləridir.
İnanın, bəlkə də
elə valideynlər var ki, biz onlardan
da çox narahatlıq hissi keçiririk. Məsələn, mənim sinfimdə bir
şagird var idi. Ailə vəziyyəti ilə əlaqədar
psixoloji sarsıntı keçirmişdi.
Evlərinə belə getmirdi. Gecələr
məsciddə yatırdı. Valideynləri bir
az səhlənkar idilər. Onun harda gecələdiyini
belə bilmirdilər. Biz onu
məsciddən tapdıq və məktəb psixoloqu
ilə birlikdə ona psixoloji
yardım göstərdik. Bir sıra məsləhətlər
verdik. Şükürlər olsun ki, həmin şagirdi düz yola yönəldə bildik.
Bu kimi hallarla
tez-tez rastlaşır və öhdəsindən
layiqli gəlməyə
çalışırıq. Hər həftənin cümə
günü sinif
saatı keçirirəm. Sinif saatı
zamanı sinifdə olan problemlərdən,
tədrisin vəziyyətindən söhbət açıram.
Əlamətdar və tarixi hadisələrlə
bağlı şagirdlərə məlumatlar verirəm.
Nailə Xıdırova,
Bakıdakı 55
nömrəli tam orta
məktəbin VIII sinfinin rəhbəri:
- Düzünü deyim ki, əsasnamə ilə
bir o qədər yaxından tanış deyiləm. Pedaqoji təcrübəmdən istifadə edərək
sinfi idarə edirəm. Şagirdlərin təlim-tərbiyəsinə
xüsusi diqqət yetirirəm. İşimi günün tələblərinə
uyğun olaraq qurmağa çalışıram. Valideynlərlə
sıx əlaqədəyəm. Uşaqlar
dərsə gəlməyəndə valideynlərdən ətraflı
məlumat alıram. Şagirdlərin bilik
səviyyələri haqqında fənn müəllimlərindən
mütəmadi məlumat alıram. Vaxt tapan kimi sinfimdə dərsləri
dinləyirəm. Hər həftənin cümə günü sinif
saatımız olur. Sinif
saatından maksimum yararlanırıq.
Problemlərimiz və digər məsələlər
haqqında sinifdaxili müzakirələr
aparırıq. Çətin tərbiyə olunan
uşaqlarla xüsusi
məşğul oluram. Bu
yöndə məktəb psixoloqu ilə
apardığımız işlər demək olar
ki, müsbət nəticələnir. Məktəbin
tədbirlərində sinfim çox fəal iştirak
edir. Bundan başqa, fənn olimpiadalarında şagirdlərin
fənn seçiminə kömək edir, bu zaman onların
maraqlarını öndə tuturam.
Dölət Abdullayeva,
Bakıdakı 132-134
nömrəli təhsil
kompleksinin IX sinfinin rəhbəri:
- Sinfimdə 31 nəfər şagird təhsil
alır. Sentyabr ayından başlayaraq
işimi planlı şəkildə qururam. Belə ki, sinif nümayəndəsi, sinifdə davamiyyəti
qeyd edən şagirdi seçirik. Həftədə
bir dəfə sinif
saatı keçirirəm. Sinif
saatlarında həftə ərzində fərqlənən şagirdlərə
stimullaşdırıcı tədbirlər görürəm.
Onları "həftənin ən yaxşı şagirdi", "həftənin ən
intizamlı şagirdi" və sair kimi adlarla
stimullaşdırıram. Sinfim
buraxılış sinfi olduğu
üçün şagirdlərlə xüsusi test bankı vasitəsilə
hazırlıqlar aparırıq. Bundan başqa, şagirdlərə ali
məktəblərə ixtisas
seçimində və digər istiqamətlərdə
tövsiyələr verir, onları
potensiallarına uyğun olaraq
düzgün yönləndirməyə
çalışırıq. Uşaqlarda ədalətlilik
prinsipinin qorunmasına, bir
şəxsiyyət kimi yetişmələrinə
daha çox önəm
verirəm. Hər bir şagirdə fərdi
yanaşıram. Onların ailə vəziyyəti və fərdi
xüsusiyyətlərinə, demək olar
ki, yaxından bələdəm. Xüsusi istedada malik olan şagirdlər
diqqət mərkəzimizdədir. Onların
potensiallarının inkişaf etdirilməsi
yönündə daim işlər
aparırıq. Ümumiyyətlə, fəaliyyətimi əsasnamənin
tələblərinə uyğun qururam. Sinif kollektivi ilə sinifdənxaric və məktəbdənkənar
işi qururuq. Asudə
və tətil vaxtlarının səmərəli təşkil
olunması yönündə işlər aparırıq. Sinif rəhbəri kimi işimizin məsuliyyətini
dərk edir, şagirdlərin vətəndaş
kimi yetişməsi yönündə var gücümüzlə
çalışırıq.
Tünzalə Səmədova,
Bakıdakı 132-134
nömrəli təhsil
kompleksinin VI sinfinin rəhbəri:
- Mən bu sinfi qəbul edərkən
uşaqlar bir az çılğın, səs-küylü idilər.
İlk öncə şagirdlərin bu vərdişlərini
yavaş-yavaş tərgitməyə başladım. Onlar arasında sorğu keçirdim. Hər bir şagirdin xüsusi keyfiyyətlərini
nəzərə almaqla müsbətə doğru yol qət etdik. İndi demək olar ki, sinfin
belə bir problemi yoxdur. Düşünürəm ki, müasir dövrün şagirdləri əvvəlki illərlə
müqayisədə daha həssas, daha intellektlidirlər. Bu
baxımdan, onlara xüsusi
həssaslıqla yanaşıram. Sinif
saatlarında tam bir demokratik mühit
yaratmışıq. Şagirdlərdə müstəqil fikirlilik, bir-birlərinə qarşı diqqətli
olmağı, vətənə, dövlətə sevgi aşılayıram. Tənqidi fikirlərini
çəkinmədən bildirmələrini söyləyirəm.
Axı biz vətəndaş yetişdiririk. Hazırda şagirdlərdə yalan danışmaq kimi mənfi
keyfiyyətlərlə daha çox rastlaşıram. Bu mənfi keyfiyyətin aradan qaldırılması üçün
əlimdən gələni edirəm. Şagirdləri tez-tez ekskursiyalara
aparırıq ki, bu da onlarda yaradıcı təfəkkürün
formalaşmasına kömək edir.
Şagirdlərin iştirakı ilə "dəyirmi masa"lar keçirilir,
onlar təqdimatlar hazırlayırlar.
Bu, şagirdlərdə müstəqil fikirliliyin formalaşmasına və yaradıcılıq
qabiliyyətlərinin, liderlik keyfiyyətinin
üzə çıxmasına kömək edir.
Sinif rəhbərlərinin fəaliyyəti
ilə bağlı bəzi valideynlərin də fikrini öyrəndik.
Mehman Orucov,
valideyn:
- Övladımın
təhsil aldığı sinfin rəhbərindən,
ümumi desək, razıyam. Tez-tez əlaqə saxlayır, övladımla
bağlı məlumatları bizə verir.
Amma bəzi məsələlərdə
narazılıqlarım da var.
Belə ki, məni ən çox
narahat edən məsələ sinif rəhbərlərinin şagirdlərlə
yaxşı ünsiyyət qura bilməmələridir.
Biz şagirdləri məktəb
vaxtlarından şəxsiyyət kimi
yetişdirməliyik. Düşünürəm ki, məktəbdə şagirdlərə
müstəqil fikir yürütmək, hər
hansı bir məsələyə
münasibət göstərmək kimi vərdişlər
bir o qədər
aşılanmır. Bundan başqa, şagirdlər
arasında münasibətlər düzgün
qurulmur, bir çox hallarda şagirdlər
arasında qruplaşmalar yaranır ki, ümumi münasibətlərə
zərər vuran bu kimi hallardan valideynlər xəbərsiz
olur.
Xəqani Hüseynov, valideyn:
- Sinif
rəhbəri, mən deyərdim ki, məktəbdə
ən aparıcı şəxslərdəndir. Çünki şagirdlərlə birbaşa məhz sinif rəhbərləri
işləyir. Düşünürəm ki,
məsələyə bir çox
yöndə yanaşmaq lazımdır. Mənim
iki övladım hazırda məktəbdə
təhsil alır. Onların sinif rəhbərlərinin
birindən razı, digərindən isə narazıyam.
Razı olduğum sinif
rəhbəri şagirdlərə bir ana qayğısı ilə yanaşır.
Onların hər bir problemi
ilə yaxından maraqlanır. Dərslərdə geriləmə
və irəliləyiş olduğunda məlumatlar
verir. Narazı olduğum
sinif rəhbəri isə bir
az laqeyddir. Bundan başqa, şagirdlər
arasında ayrı-seçkilik salır, fənn müəllimləri
ilə bir o qədər
təmasda olmur və s.
Bu baxımdan, məktəb direktorları sinif rəhbəri seçərkən diqqətli
olmalıdırlar. Çünki sinfin və şagirdlərin
formalaşmasında sinif rəhbərinin çox böyük rolu var.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2015.- 31 yanvar.- S.8.