Astrofizika üzrə ilk elmlər
doktoru
Dünyaya göz açan hər bir
insanın öz tale yolu vardır. Bunun üçün insanın
ağlı, zəkası, düşüncəsi, həyatın
tələblərini və gedişatını dərindən
dərk edib qarşıya qoyduğu
məqsəd və amalına nail olmaq uğrunda bütün əqli, fiziki
qabiliyyətini səbr, dözüm və
təmkinlə sərf etməsi həlledici şərtdir.
Bütün bunlara əməl
etməyi bacaranlar taleyin
daşlı-kəsəkli yollarında istədiklərinə nail olur, arzularının
yüksək zirvəsinə ucalırlar.
Belə
insanlardan biri də Azərbaycan
ziyalıları sırasında öz mövqeyi və dəyərli şəxsiyyət
dəst-xətti olan, tanınmış alim, astrofizika üzrə
Azərbaycanda ilk fizika-riyaziyyat
elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Beynəlxalq
Astronomiya İttifaqının üzvü, əməkdar müəllim, professor Rəhim
Əyyub oğlu Hüseynovdur.
Onun ömür yolu çox rəngarəng,
acılı-şirinli, kədərli-sevincli anlarla
dolu olmuşdur. Rəhim
müəllimin ömür kitabını
vərəqlədikcə həyatının səhifələri
gözlərimiz önündə canlanır. O səhifələr
ki, alimin
uşaqlıq illərindən başlayaraq
kamillik zirvəsinə qədər keçdiyi tale
yollarını işıqlandırır, həyatın əsl
mənasını bizə aydınlaşdırır.
Rəhim Əyyub oğlu Hüseynov 9 sentyabr 1924-cü ildə Şuşa
şəhərində anadan olmuşdur. Hələ
uşaqlıq yaşlarından ötən əsrin 30-cu illərinin
- o amansız aclıq dövrünün
yaratdığı problemlərlə üz-üzə qalan Rəhim Hüseynov həm
orta, həm də ali təhsili almaq üçün, sözün
həqiqi mənasında, böyük
çətinliklərə sinə gərməli olub. Vaxtında məktəbə
getmək imkanı olmadığı üçün
balaca Rəhim ondan 3 yaş böyük
qardaşının kitablarından istifadə etməklə təhsilini
evdə aldı, "biliyini" isə
evdə böyüklər yoxlayıblar. 1933-cü ilin payızında ailəsi ilə Ağdam şəhərinə köçüb
və xalq arasında böyük nüfuza malik Mirkazım
müəllimin direktor olduğu
1 nömrəli natamam orta
məktəbin yüksək hazırlığına görə
birbaşa IV sinfinə qəbul olub. 1937-ci ildə bu məktəbin
VII sinfini əla qiymətlərlə bitirərək
təhsilini Bakıda davam etdirib.
1940-cı ildə orta məktəbi əla
qiymətlə bitirərək, həmin il
imtahansız Azərbaycan Dövlət Universitetinin
(ADU) fizika-riyaziyyat fakültəsinə daxil olub. 1946-cı ildə
universiteti fərqlənmə diplomu ilə bitirib.
Aspiranturada oxumaq üçün universitetdə saxlanılan R.Hüseynov elə 1946-cı ilin
yayında Azərbaycan Elmlər Akademiyası və Azərbaycan
Dövlət Universitetinin respublikamızda
gələcək Astrofizika Rəsədxanası
üçün əlverişli yerin seçilməsi məqsədi ilə birgə
elmi ekspedisiyanın
iştirakçısı olub. 1953-cü
ildən fəaliyyətdə
olan Pirqulu Astronomiya stansiyasında (1956-cı ildən Astrofizika Rəsədxanası) "Günəş
fizikası" şöbəsinə rəhbərlik edən R.Hüseynov, eyni zamanda Rəsədxana direktorunun
elmi hissə üzrə müavini
təyin olunub. Rəsədxana yaranan ili onun
baş planında nəzərdə tutulan və bir neçə
il öncə Leninqradda
xüsusi zavodda sifariş olunan Üfüqi Günəş Teleskopu
adlanan müasir teleskop alınaraq qurulub və
işə salınıb. Bu işlərdə
R.Hüseynov çox əmək
sərf edib və əlbəttə ki, bununla həm də özünün çoxdankı arzusuna çatıb. Rəsədxanada əvəzçi
və tam ştatda
işlədiyi 20 ildən çox müddətdə
bu elm
ocağının yaranması və inkişafında Rəhim
müəllim əlindən gələni edib.
Qeyd etmək yerinə düşər ki, 1957-ci ildə Yerin ilk süni peyki
buraxılan ərəfədə R.Hüseynov
bu peyki müşahidə
etmək məqsədilə universitetdə xüsusi
stansiyanın yaradıcısı, rəhbəri və əsas
aparıcısı olmuşdur. Rəhim
müəllim 1953-cü ildə astrofizika
üzrə respublikamızda ilk elmlər
namizədi, 1971-ci ildə isə ilk elmlər
doktoru elmi dərəcəsi
alan alimdir. Rəhim Hüseynovun elmi istiqaməti "Astrofizika
və radioastronomiya", "Günəşin
radio - optik şüalanma xüsusiyyətləri və relyativist elektronların Günəşin məhəlli
maqnit sahələrində
şüalandırması", "Günəşin
alışmalarının ilk mərhələsində
güclü nöqtəvi partlayış
nəzəriyyəsinin tətbiqi", "Planetar dumanlıqların əsas parametrlərinin
təyini üsulları" olmuşdur.
Onun elmi tədqiqat nəticələri
Günəşin radioşüalanmasının
interpretasiyası ilə məşğul olan
məşhur dünya astrofiziklərindən
Şklovski, Pikelnerin və
başqaları aldıqları nəticəyə müəyyən
mənada düzəliş kimi qiymətləndirilmişdir.
Günəş radioşüalanmasının yaranma
mexanizmini öyrənən ilk alimlərdən biri R.Hüseynov olmuşdur.
Rəhim müəllim
1969-cu ildən Beynəlxalq Astronomiya
İttifaqına üzv seçilib.
O, bu ittifaqın ABŞ-da,
Çexoslovakiyada, İngiltərədə
keçirilən qurultaylarının
iştirakçısı olub. Baş Astronomiya (Pulkovo) Rəsədxanasında, Krım Astrofizika Rəsədxanasında, Moskva, Sankt-Peterburq, Kiyev universitetlərində, Rumıniya, Çexoslovakiya və Türkiyənin elmi təhsil mərkəzlərində və
müəssisələrində çoxsaylı elmi məruzələr edib.
Astronomiyanın
kütlələr arasında təbliğində də onun çoxtərəfli xidməti vardır.
1975-ci ildə Azərbaycan Dövlət Universitetində təşkil
olunmuş astrofizik
kafedrasına 17 il professor
R.Hüseynov rəhbərlik etmişdir. 1992-ci ildən ömrünün
sonuna qədər Bakı Dövlət Universitetinin
professoru vəzifəsində işləmişdir.
Ona 2000-ci ildə "Azərbaycan
Respublikasının əməkdar müəllimi" fəxri
adı verilmişdir. 2001-ci ildə Azərbaycan
Milli Elmlər Akademiyasına müxbir üzv seçilmişdir.
65 illik
elmi-pedaqoji fəaliyyətində professor R.Hüseynov 70-dən
çox elmi məqalənin,
6 elmi-kütləvi kitabın, bir
monoqrafiyanın, ali və orta
məktəblər üçün dərsliklərin
müəllifi olmuşdur.
Bir alim kimi professor R.Hüseynovu səciyyələndirən
əsas cəhətlər onun tədqiq etdiyi prosesləri dərindən və dəqiqliyi
ilə dərk etməsi, məqsədyönlülüyü,
yüksək məsuliyyət hissi,
özünə və onunla birgə
çalışmış əməkdaşlara qarşı
tələbkar olması idi. O, xalqını, vətəni Azərbaycanı
çox böyük
məhəbbətlə sevirdi.
R.Hüseynov böyük alim olmaqla yanaşı, həm
də qayğıkeş ailə başçısı idi. Onun yeganə
övladı - oğlu Fərhəng Hüseynov görkəmli bəstəkar idi. Respublikanın "Əməkdar artisti" fəxri adına layiq
görülmüşdür. Fitri istedada malik olan bəstəkar Fərhəng
Hüseynov 2010-cu ilin əvvəlində
60 yaşında gözlənilmədən vəfat etdi. Bu itki
Rəhim müəllimi həddindən artıq
sarsıtdı. Ondan bir
neçə il öncə sevimli həyat yoldaşını itirmişdi. Taleyin ağır zərbəsi bu müdrik insan tərəfindən mətanətlə
qarşılandı. Yüksək ünsiyyət mədəniyyətinə
malik olan R.Hüseynov olduqca sadə
və təvazökar, humanist, xoşniyyətli,
nəcib, xeyirxah insan idi, adamlara mənəvi dayaq olmaq, çətinə
düşənə yol göstərmək
onun gündəlik həyat norması idi.
Bu nadir keyfiyyətlər
onu tələbələrinin, həmkarlarının,
qohum-qonşularının,
tanıyanların sevimlisinə çevirmişdi.
Rəhim Əyyub oğlu Hüseynov 2012-ci il avqustun 21-də ömrünün 88-ci ilində
dünyasını dəyişdi. Onun vəfatı
elmimiz və xalqımız üçün böyük
itki oldu.
Rəhim müəllimin həyat yolu gənc nəslə örnək ola bilər.
Cəfər QULUZADƏ,
BDU-nun astrofizika
kafedrasının müdiri,
fizika-riyaziyyat elmləri
doktoru, professor
Azərbaycan müəllimi.-
2015.- 31 yanvar.- S.14.