Gənclər “Vətənin müdafiəsinə
hazıram!”
ruhunda tərbiyyə olunur
Azərbaycan gənclərinin vətənpərvər
ruhda tərbiyyə edilməsi istiqamətində işlər
davam etdirilməkdədir. Olduqca müsbət haldır ki, bu
işdə əsas aparıcı qüvvəni dövlət
qurumları öz üzərlərinə götürüblər.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan
Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik
tərbiyəsinin, yeniyetmə və gənclərdə vətəndaşlıq
hisslərinin yüksəldilməsi, onların Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü
uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə
edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər
həyata keçirir.
Xidmətin
2016-cı il üçün fəaliyyət planına əsasən,
27 may 2016-cı il tarixdə Goranboy Rayon İcra hakimiyyəti
ilə birgə "Vətənin müdafiəsinə
hazıram!" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə
rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin şəxsi
heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri,
şəhid ailələrinin üzvləri, Qarabağ
müharibəsinin veteranları iştirak etmişlər. Tədbir
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi
ilə başlanılmış, daha sonra Azərbaycan
Respublikasının ərazi bütövlüyü və
suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın
xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri
giriş sözü ilə açan Goranboy rayon İcra
Hakimiyyətinin başçısı Nizaməddin Quliyev bildirmişdir
ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə
edilməsində belə tədbirlərin rolu
böyükdür. Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
rəisinin müavini general-mayor Novruzəli Orucov
çıxışında təmas xəttində aprel
ayının əvvəllərində baş vermiş
döyüşlərdə Azərbaycan ordusunun düşməni
ağır məğlubiyyətə uğradaraq regionun ən
güclü ordusu olduğunu sübut etdiyini
vurğulamışdır.Tədbirdə şəhid ailəsinin
nümayəndəsi, veteranların nümayəndəsi,
çağırışaqədərki hazırlıq rəhbəri,
eləcə də "Çağırışaqədərki
hazırlıq" fənnində yüksək nailiyyət
göstərən şagird
mükafatlandırılmışdır.Tədbirin bədii
hissəsində Goranboy rayonunun müxtəlif məktəblərinin
şagidləri və vətənpərvərlik
mahnılarının mahir ifaçısı Şəmistan
Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib
edilmiş proqramla çıxış etmişlər. Azərbaycanın
Müdafiə Nazirliyi də vətənpərvərlik
ideyalarının təbliği istiqamətində
ardıcıl tədbirlər həyata keçirir. Belə tədbirlərdən
biri də Silahlı Qüvvələrin Baş Qərargah rəisi
komandirlərin şəxsi heyətlə iş üzrə
müavinləri ilə görüşüdür. Silahlı
Qüvvələrin Təlim və Tədris Mərkəzində
Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və
hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil
müəssisələri rəislərinin şəxsi heyətlə
iş üzrə müavinləri ilə keçirilən təlim-metodik
toplantıda Silahlı Qüvvələrin Baş Qərargah rəisi
general-polkovnik Nəcməddin Sadıkov iştirak edib.
General-polkovnik N.Sadıkov iştirakçıları
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun
adından salamlayaraq mənəvi-psixoloji hazırlıq
işinin yüksək səviyyədə təşkili,
tabelikdə olan hərbi qulluqçuların milli-mənəvi
dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə
edilməsi, eləcə də şəxsi heyətin təhlükəsizlik
qaydalarına əməl etməsi və digər vacib məsələlərlə
bağlı fikirlərini onların diqqətinə
çatdırıb. Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi
diqqət və qayğıdan söz açan Baş Qəraragah
rəisi xeyli sayda yeni hərbi şəhərciklərin
istifadəyə verilməsini, ordunun arsenalına müasir
döyüş vasitələri, silah-sursat və yeni avadanlıqların
daxil edilməsini də xüsusi vurğulayıb.
Döyüş
və mənəvi-psixoloji hazırlıq işinin daha da
gücləndirilməsi ilə bağlı Müdafiə
nazirinin tapşırıqlarını şəxsi heyətə
çatdıran Baş Qərargah rəisi Silahlı Qüvvələrdə
şəxsi heyətin rifahı naminə həyata keçirilən
islahatlar və quruculuq işlərinin davam etdiriləcəyini
də qeyd edib. Məhz bu kimi tədbirlərin nəticəsidir
ki, gənclərin orduya çağırışı
yüksək səviyyədə təmin olunur. Bayıl
yaşayış sahəsindəki Sovet İttifaqı Qəhrəmanı
Qafur Məmmədovun adını daşıyan parkda Səbail
rayonundan olan çağırışçıların bir
qrupunun həqiqi hərbi xidmətə yola salınmasına həsr
olunmuş ənənəvi tədbir keçirilmişdir. Səbail
Rayon rəhbərliyi, rayonun hüqüq-mühafizə
orqanlarının, pedaqoji işçilərin, ağsaqqallar,
gənclərin, müharibə veteranlarının, rayon
ictimaiyyətinin, rayonda yerləşən hərbi hissələrin
və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin
nümayəndələrinin Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Səbail rayon idarəsinin zabit və əməkdaşlarının,
çağırışçılar, onların valideynləri,
həmçinin bu ay ordudan tərxis olunmuş səbailli gənclərin
iştirakı ilə keçirilən tədbirin əvvəlində
tədbir iştirakçıları Sovet İttifaqı Qəhrəmanı
Qafur Məmmədovun parkda ucaldılmış
büstünün önünə tər çiçəklər
düzmüşlər. Hərbi Dəniz Qüvvələrinin
orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət
Himni səslənmişdir. Səbail Rayon İcra Hakimiyyəti
Başçısının müavini Eldar Ağayev bu
gün hərbi xidmətə yollanan
çağırışçıları, onların
valideynlərini təbrik etdi və bildirdi ki, vətənə
xidmət etmək həm müqəddəs, şərəfli,
həm də çox məsuliyyətli vəzifədir. Milli
Ordumuzun bu ilin aprel ayında qazandığı qələbədən
sonra ölkəmizin hər bir vətəndaşında,
xüsusilə də gənclərdə böyük rüh
yüksəkliyi yaranmışdır. Aprel qələbəsi
ordumuzun gücünü, bacarığını bütün
dünyaya nümayiş etdirdi. Bu Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab
İlham Əliyevin ölkədə ordu quruculuğu sahəsində
apardığı siyasət və həyata keçirdiyi
işlərin düzgünlüyünü və vacibliyini bir
daha sübüt etdi. Qeyd olundu ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan
və Dağlıq Qarabağ münaqişəsinin həlli və
ölkənin ərazi bütövlüyünün bərpa
olunması istiqamətində qəti və prinsipial mövqe
nümayiş etdirir. Onun yürütdüyü bu siyasət
yeganə düzgün, alternativsiz və müvəffəqiyyət
qazandıracaq siyasətdir və səbaillilər bu siyasəti
yekdilliklə dəstəkləyirlər. Eldar Ağayev gəncləri
hərb sənətinin sirlərinə dərindən yiyələnməyi,
komandirlərin tapşırıq və əmrlərini
vaxtında və dəqiq yerinə yetirilməyi, Azərbaycan əsgəri
adını daima ucu tutmağı tövsiyə etdi. Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin
rəisi, polkovnik Polad İbrahimov qeyd etdi ki, ordu hər bir millətin
qüruru, dövlətin güvənc yeridir. Ölkənin
varlığı onun yenilməz və möhkəm ordusundan
asılıdır. Azərbaycan Pezidenti, Ali Baş Komandan cənab
İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində
görülən işlər, ordumuzun ən müasir silah,
texnika və avadanlıqlarla təchiz olunması, ordudakı
ruh yüksəkliyi bu gün hərbi xidmətə yollanan gənclərimizin
qarşısında mühüm vəzifələr qoyur. Biz əminik
ki, bu gün Azərbaycan ordusu öz Ali Baş
Komandanının rəhbərliyi ilə
işğalçı qüvvələri zəbt olunmuş
torpaqlarımızdan çıxarmağa hər an
hazırdır. Tədbirdə çıxış edən
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin
deputatı Şəmsəddin Hacıyev, II Dünya müharibəsi
veteranı Əli Nəsirov, 51 saylı orta məktəbin
direktoru Lətafət Səmədova, valideyn Ənvər
Abdullayev çağırışçılara orduda xidmət
kimi şərəfli missiyanın yerinə yetirilməsində
uğurlar arzulayıb, tövsiyə və məsləhətlərini
verdilər. Çağırışçı Qismət
Süleymanov hamıya minnətdarlığını bildirərək
öz ləyaqətli xidmətləri ilə Səbail rayonunun
adını yüksək tutacaqlarına söz verdi. Sonra
çağırışçılara və ordudan yenicə
tərxis olan gənclərə xatirə hədiyyələri
təqdim olundu. Çağırışçılar
marş sədaları altında Azərbaycan
Resublikasının Dövlət Bayrağını öpərək
hərbi hissələrə yollandılar. YAP Gənclər
Birliyinin sədri, partiyanın Siyasi Şurasının
üzvü Seymur Orucov deyib ki, hər bir cəmiyyətin
dinamikliyini qiymətləndirirəkən gənclərin
potensialının necə səfərbər olunmasına,
onların müasir qlobal çağırışlara
hansı səviyyədə cavab verməsinə xüsusi diqqət
yetirilir. S.Orucov bildirib ki, cəmiyyətin ən dinamik təbəqəsi
olan gənclər siyasi, iqtisadi, humanitar, mədəni və
digər çağırışlara cavab verməklə həm
beynəlxalq inteqrasiya prosesinə mühüm töhfələr
verirlər, həm də cəmiyyət daxilində sabitliyin, təhlükəsizliyin,
ahəngdarlığın təmin olunmasına xüsusi rol
oynayırlar. Onun sözlərinə görə, gənclərin
qlobal çağırışlara adekvat cavab verməsi məsələsindən
bəhs edərkən, ilk növbədə, müasir dövrdə
qarşıya çıxan
çağırışların xarakteristikasına, mahiyyətinə
diqqət yetirmək lazımdır: "Müasir dövrdə,
qloballaşma şəraitində hər bir cəmiyyətin
qarşısında duran başlıca vəzifələrdən
biri milli-mənəvi dəyərlərin qorunub saxlanması və
müasir dəyərlərlə sintez olunmasıdır.
Çünki qloballaşma prosesinin geniş vüsət
aldığı indiki dövrdə milli-mənəvi dəyərlərin
sıradan çıxması və ya "dəyərsizləşmə"
sindromunun meydana çıxdığı müşahidə
edilir. Belə olan halda, milli dəyərlərin qorunması və
bunun əsasında gənclərin inkişafı və tərbiyəsinin
təmin edilməsi strateji bir zərurətə çevrilir.
Bu məsələnin Azərbaycan təcrübəsinə gəlincə,
dövlətin yüksək səviyyəli diqqət və
qayğısının fonunda mütəmadi olaraq inkişaf
edən Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərlərin
mənimsənilməsində, həm də təbliğində
aktiv - dinamik təbəqə kimi çıxış edir.
Əlbəttə, burada mədəniyyətin, tarixi dəyər
və zənginliklərin beynəlxalq miqyasda təbliğ
olunması da mühüm istiqamətlərdən biridir.
Əsas məsələ isə budur ki, Azərbaycan gəncliyi
bu kontekstdə dövrün tələb və
reallıqlarına uyğun surətdə çevik və səmərəli
fəaliyyət mexanizmi ilə milli inkişafa töhfələr
verməlidir. Bu, ölkə gəncliyi qarşısında
başlıca çağırış kimi çıxış
edir".
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 20 iyul.- S.15.