Kitab mağazalarında ən
çox hansı kitablar satılır?
Son illər Təhsil Nazirliyi şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşması ilə bağlı bir sıra tədbirlər görür, mütəmadi olaraq bu istiqamətdə maarifləndirmə işləri aparır. Redaksiyamız da görülən işləri daim diqqət mərkəzində saxlayır, məsələ ilə bağlı vaxtaşırı oxuculara məlumat verilir. Görülən işlərin məntiqi nəticəsi olaraq istər kitab mağazalarında, istərsə də kitabxanalarda ciddi canlanma müşahidə olunur. Bəs, görəsən şagirdlər və tələbələr daha çox hansı kitablara maraq göstərir? Sualımıza cavab tapmaq məqsədilə paytaxtın mərkəzi küçələrində yerləşən bir sıra kitab mağazalarında olduq. Satıcılara “daha çox hansı kitablar alınır” sualını ünvanladıq.
“Məktəblilər
daha çox klassik dünya
ədəbiyyatına
üstünlük verirlər”
Könül Nağıyeva, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin satıcısı: - Konkret bir kitabın adını çəkmək, mənə elə gəlir ki, düz olmaz. Çünki kitab oxumaq zövqləri də müxtəlifdir. Lakin məktəblilər daha çox klassik dünya ədəbiyyatına üstünlük verirlər. Son vaxtlar şagirdlər ən çox Ekzüperinin “Balaca Şahzadə”, Hemunqueyin “Qoca və Dəniz”, Mark Tvenin “Tom Soyyerin macəraları”, “Şahzadə və dilənçi” kimi əsərlərinə maraq göstərir. Bundan başqa, Roulinqin çoxcildli “Harri Potter” əsəri də çox satılan kitablardandır. Kiçikyaşlı alıcılarımız isə daha çox “Azərbaycan xalq nağılları” kitabını alırlar. Onlar daha çox rəngli kitablara meyil göstərirlər.
Mağazamızın çoxluq təşkil edən müştərilərindən tələbələrin də adını xüsusilə vurğulamaq istəyirəm. Sevindirici haldır ki, son vaxtlar yeniyetmələr və gənclərdə kitaba, mütaliəyə maraq artıb. Tələbələr də daha çox klassik əsərlərə, romanlara üstünlük verirlər. Bundan başqa, detektiv janrda olan əsərlər də tələbələrin böyük maraq dairəsindədir. Son aylarda gənclər tərəfindən ən çox alınan kitab isə Xalid Hüseynin “Çərpələng uçuran” əsəridir.
Müştərilərimizin təqribən 60 faizi Azərbaycan dilində, 30 faizi rus dilində, digər 10 faizi isə ingilis və türk dilində olan ədəbiyyatlar alır.
“Gənclərin ən
çox maraq göstərdiyi
janrlardan biri də
detektiv janrdır”
Tariyel Nağıyev, Kitab evim.az kitab mağazasının satış meneceri: - Şagirdlər daha çox klassik ədəbiyyata üstünlük verirlər. Məsələn, son vaxtlar müxtəlif nəşriyyat evlərinin yeni çapdan çıxmış qısaldılmış əsərləri şagirdlərin çox marağındadır. Buna misal kimi Viktor Hüqonun “Səfillər”, Voyniçin “Ovod”, Mayn Ridin “Başsız atlı”, Daniel Defonun “Robunzon Kruzo” əsərlərini göstərmək olar. Bundan başqa, Mark Tvenin “Tom Soyyerin macəraları”, “Şahzadə və dilənçi” kimi əsərləri də çox satılan kitablardandır. Son vaxtlar çox satılan kitablardan biri də Nizami Gəncəvinin “Xəmsə” əsərinin nəsr formasında yeni çapdan çıxmış kitabıdır.
Tələbələr dünya ədəbiyyatına daha çox üstünlük verirlər. Son vaxtlar Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən çap olunan “150 cildlik dünya ədəbiyyat kitabxanası”na daxil olan əsərlərə maraq çoxdur. Məsələn, bu səpgidən olan nəşrlərdən Çingiz Aytmatovun, Frans Kafka və digər yazıçıların əsərlərinin satışı digərlərindən daha çoxdur. Bundan başqa, son vaxtlar ən çox satılan kitablardan Xalid Hüseynin “Çərpələng uçuran”, Bertan Rasselin “Mən nəyə inanıram” əsərlərini göstərmək olar. Gənclərin ən çox maraq göstərdiyi janrlardan biri də detektiv janrdır. Onlar detektiv janrında ən çox yerli yazıçıların əsərlərini oxuyurlar. Məsələn, Çingiz Abdullayevin, Elxan Elatlının əsərləri mağazamızda çox satılır. Həmin kitabların ən çox alıcısı tələbələrdir.
Fürsətdən istifadə edib bir məsələni
diqqətə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, məktəblilər
kitab almağa valideynləri ilə gəlirlər. Çox
vaxt valideynlər şagirdlərin kitab seçimində onlara
sərbəstlik vermirlər. Nadir hallarda rastlaşırıq
ki, valideyn kənarda durur və övladına kitab seçməyə
imkan yaradır. Bir kitabsevər kimi düşünürəm
ki, belə hallar şagirdlərin mütaliəyə
marağını azaldır. Onlar həmin kitabları
könülsüz alırlarsa, deməli könülsüz də
oxuyacaq və yaxud heç oxumayacaqlar. Buna görə valideynlər
övladlarına kitab seçimində sərbəstlik verməlidirlər.
Niyazi
RƏHİMOV
Azərbaycan
müəllimi.- 2016.- 15 oktyabr.- S.7.