Azərbaycanın Milli Qəhrəmanları

 

Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu

 

1952-ci il aprelin 27-də Şəki rayonunun Oxut kəndində - Fransa partizan hərəkatının əfsanəvi döyüşçüsü olmuş Əhmədiyyə Cəbrayılovun ailəsində dünyaya gəlib. O, 1971-ci ildə Şəki Şəhər Polis Şöbəsində milis nəfəri vəzifəsinə qəbul olunub, 1978-ci ildə isə leytenant rütbəsi ilə sahə müvəkkili vəzifəsinə təyin edilmişdi.

M.Cəbrayılov 1990-cı il dekabrın 12-də polis əməkdaşları ilə birlikdə Qarabağa ezam olunub. Həmin vaxt Cəmilli kəndinin müdafiəsinin təşkili onun dəstəsinə tapşırılıb. 1990-cı il dekabrın 15-də Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton buğda camaata çatdırılmalı idi. Onun polis əməkdaşlarından ibarət dəstəsi həmin yükü kəndə apararkən Cəmilli-Kosalar arasında erməni silahlılarının hücumuna məruz qalıb. Bu döyüşdə Mikayıl qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Şəki rayonunun Oxut kəndində dəfn olunub. Adına Şəki şəhərində küçə var. Doğulduğu kənd onun adını daşıyır.

 

Cəfərov Faiq Əliqulu oğlu

 

1974-cü il mayın 1-də Cəlilabad rayonunun Şiləvəngə kəndində anadan olmuşdu. 1991-ci ildə doğma kəndlərindəki orta məktəbi bitirərək Bakı Maşınqayırma Texnikumunda təhsilini davam etdirmişdi. O, 1992-ci il oktyabrın 18-də vətənə sədaqət andı içərək Milli Ordu sıralarında hərbi xidmətə başlamışdı. Naxçıvanın ilk sərhəd dəstəsinin üzvlərindən biri olmuşdu.

F.Cəfərov Şərur rayonundakı 3-cü zastavada xidmət edərək sərhədlərimizin erməni təcavüzkarlarından qorunmasında xüsusi cəsurluq göstərmişdi.

Faiq 1995-ci il 13-17 mart hadisələri zamanı dövlət çevrilişinə cəhdin qarşısının alınması məqsədilə Bakı şəhərinə göndərilmişdi. Qanunsuz silahlıların tərksilah edilməsi üçün hərbi hissənin əsgərləri ilə birlikdə qəhrəmanlıq göstərmişdi. O, 1995-ci il iyunun 22-də sərhəd qoşunlarından ehtiyata buraxılmışdı.

Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 27 dekabr tarixli 427 nömrəli Fərmanı ilə Cəfərov Faiq Əliqulu oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

1999-cu il avqustun 19-da avtomobil qəzası nəticəsində həlak olub.

Ailəli idi. İki övladı var.

Cəlilabad rayonunun Şiləvəngə kəndində dəfn olunub.

 

Çobanov Şamoy Məhyəddin oğlu

 

1965-ci il yanvarın 19-da Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdu. 1982-ci ildə Qazax şəhər 1 nömrəli orta məktəbini bitirdikdən sonra avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdı. Şamoy 1983-cü ildə sovet ordusu sıralarına çağırılmış, 1985-ci ildə ordudan tərxis olunaraq doğma rayonlarına qayıtmışdı. 1989-cu ildə Qazax Rayon Polis Şöbəsində işə qəbul olunmuşdu. Erməni təcavüzkarları Xeyrimli, Yuxarı Əskipara, Bağanis Ayrım kəndlərinə hücuma keçdiyi zaman Ş.Çobanov xüsusi qəhrəmanlıq nümayiş etdirmişdi. O, Vətənini canından çox sevən bir polis işçisi kimi xalqına xidmət etməkdən böyük qürur və şərəf duyurdu.

Şamoy 1990-cı il avqustun 19-da Yuxarı Əskipara kəndində gedən döyüşdə, “Qanlı dərə” deyilən ərazidə erməni silahlı qüvvələrinə qarşı rəşadətlə vuruşaraq qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Çobanov Şamoy Məhyəddin oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qazax rayonunun Ağköynək kəndində dəfn olunub. Ağköynək kənd məktəbi onun adını daşıyır.

 

Çirinqov Ramazan Heybullah oğlu

 

1969-cu il fevralın 15-də Balakən rayonunun Meşəşambul kəndində anadan olmuşdu. O, 1986-cı ildə Meşəşambul kənd orta məktəbini bitirdikdən sonra Balakən Rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarında xidmətə çağırılmışdı. Əfqanıstanda hərbi xidmətdə olan Ramazan göstərdiyi şücaətə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və “Beynəlmiləl döyüşçü” döş nişanı ilə təltif edilmişdi. 1989-cu ildə ordudan tərxis olunaraq Balakən Rayon Polis Şöbəsində polis nəfəri kimi əmək fəaliyyətinə başlamışdı. Elə ilk gündən də öz davranışı və nümunəvi xidməti ilə polis dostlarının və komandir heyətinin rəğbətini qazanmışdı. R.Çirinqov 1995-ci il sentyabrın 3-də Balakən rayonunda cinayətkar dəstəni zərərsizləşdirərkən qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 nömrəli Fərmanı ilə Çirinqov Ramazan Heybullah oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Meşəşambul kəndində dəfn olunub. Balakən şəhərindəki küçələrdən biri onun adını daşıyır.

 

Davidoviç Anatoli Nikolayeviç

 

1965-ci il martın 28-də Belarus Respublikasının Siutet şəhərində dünyaya gəlmişdi. O, 1992-ci ilin iyununadək Rusiya ordusunda xidmət etmişdi. Mayor rütbəsinə kimi yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlamışdı. “N” saylı hərbi hissədə artilleriya qərargahının rəisi təyin edilmişdi. Bu zaman Qarabağda ölüm-dirim mübarizəsi davam etməkdə idi. Hər gün yüzlərlə insan həlak olur, kəndlər xarabazara çevrilirdi. 1992-ci il iyunun 9-da Ağdam rayonunda gedən gərgin döyüşlərdə Anatoli əsl qəhrəmanlıq göstərmişdi. O, elə həmin qızğın döyüşlər zamanı ağır yaralanmışdı. Xeyli qan itirdiyindən həkimlər onu ölümün pəncəsindən xilas edə bilməmişlər.

A. Davidoviç 1992-ci il iyunun 13-də Bakı şəhər Mərkəzi Hospitalında vəfat edib.

Ailəli idi.

Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli 24 nömrəli Fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Belarus Respublikasının Siutet şəhərində dəfn olunub.

 

Edilov Yelmar Şahmar oğlu

 

1946-cı il aprelin 10-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdu. 1954-1964-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil almış, sonra isə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdu. 1964-cü ildə Minsk şəhərində hərbi xidmətə başlamışdı. O, hərbi xidmətdən ikinci qrup əlil kimi tərxis olunmuş və texnikumda yarımçıq qalmış təhsilini başa çatdırmışdı.

1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox kəndləri erməni işğalçıları tərəfindən gecə-gündüz atəşə tutulurdu. Elə o ərəfədə Yelmarın rəhbərliyi ilə Kolanı kəndində özünümüdafiə batalyonu yaradılmışdı. Həmin dəstə Ağdamda böyük hünərlər göstərmiş, dəfələrlə erməni işğalçılarını döyüşlər zamanı itkiyə məruz qoymuşdu. Y.Edilov 1994-cü il aprelin 11-də “Çərik” kökəltmə məntəqəsi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Yeddi övladı var.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı ilə Edilov Yelmar Şahmar oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda ikinci Şəhidlər xiyabanında dəfn olunub.

 

Eyvazov Qorxmaz Abış oğlu

 

1967-ci il aprelin 1-də Laçın rayonunun Güləbird kəndində anadan olmuş, 1984-cü ildə kəndlərindəki orta məktəbi bitirmişdi. O, 1985-ci ildə ordu sıralarına çağırılmış, 1987-ci ildə xidmətini başa çatdıraraq vətənə dönmüşdü. 1992-ci ilin martında Laçın Rayon Polis İdarəsində işə qəbul edilmişdi. Q.Eyvazovun erməni faşistlərinə qarşı olan döyüş yolu elə doğma yurddan - Qazdərəsi, Suarası və Mazutlu kəndlərindən başlamışdı. Onun yüksək fəaliyyəti nəticəsində Qızartı dağı uğrunda gedən döyüşlərdə ermənilərin bir tankı ələ keçirilmişdi. 1992-ci il avqustun 4-də Qızartıda gedən döyüşdə Qorxmaz qolundan güllə yarası almışdı. O, sağalan kimi yenidən döyüş bölgəsinə qayıtmışdı. Füzuli rayonu ərazisində gedən döyüşdə və Horadiz əməliyyatı zamanı əsl igidlik göstərmişdi. Onu rota komandiri təyin etmişdilər.

Qorxmaz 1994-cü il fevralın 10-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 nömrəli Fərmanı ilə Eyvazov Qorxmaz Abış oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Sumqayıt şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Laçın rayonunun Güləbird kənd xəstəxanası onun adını daşıyır.

 

Əkbərov Akif Abbas oğlu

 

1952-ci il fevralın 2-də Cəbrayıl rayonunun Balyand kəndində anadan olmuşdu. 1969-cu ildə Beyləqan şəhər 1 nömrəli orta məktəbi bitirmişdi. 1970-ci ildə ordu sıralarında hərbi xidmətə çağırılmışdı. Akif 1974-cü ildə Beyləqan Rayon Polis Şöbəsində polis nəfəri kimi işə qəbul olmuşdu.

1991-ci il avqustun 5-də Akif Əkbərov da daxil olmaqla Beyləqan Rayon Polis Şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonunun “Sarı yer” yaylağındakı mülki vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə həmin əraziyə ezam olunmuşdu. Onun bir arzusu, bir istəyi vardı. Təki doğma Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpaqları yağı düşmən tapdağından azad olsun.

A.Əkbərov 1991-ci il avqustun 12-də işğalçı ermənilərin “Sarı yer”ə hücumu zamanı təxminən 6 saat davam edən döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Əkbərov Akif Abbas oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Beyləqan rayonunda dəfn olunub. Büstü qoyulub. Beyləqan rayonundakı küçələrdən biri onun adını daşıyır.

 

Əkbərov Rövşən Telman oğlu

 

1965-ci il iyunun 4-də Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə paytaxtdakı 42 nömrəli orta məktəbdə səkkizinci sinfə kimi təhsil almış, 1979-cu ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olmuşdur. 1982-ci ildə təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır. Az sonra o, Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Rövşən gənc zabit kimi 1986-cı ildə təyinatla Zaqafqaziya Hərbi Dairəsi Komandanlığının sərəncamına göndərilmişdir. 1987-ci ildə xidmət etdiyi ordunun tərkibində Əfqanıstana göndərilmiş, 1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə dönmüşdür. 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilmişdir. 1990-92-ci illərdə Beyləqan rayonunda hərbi komissarın köməkçisi, 1992-93-cü illərdə 777 nömrəli xüsusi təyinatlı əlahiddə hərbi hissənin tabor komandirinin müavini, 1993-95-ci illərdə motoatıcı alayın komandiri, 1995-97-ci illərdə motoatıcı briqadanın komandiri vəzifəsində çalışmışdır. 1997-ci ildə Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsi rəisinin müavini, 1998-ci ilin mayında Ordu korpusu komandiri vəzifəsinə təyin edilərək general-leytenant rütbəsinə kimi yüksəlmişdir. İki dəfə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir.

Ailəlidir.

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 nömrəli Fərmanı ilə Əkbərov Rövşən Telman oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

Əliyev Vasili Əhməd oğlu

 

1959-cu il yanvarın 15-də Qubadlı rayonunda anadan olmuşdu. 1976-cı ildə doğma kəndlərində orta təhsilini başa çatdırmış, 1977-ci ildə ordu sıralarına çağırılmışdı. V.Əliyev ordudan tərxis olunaraq, mühafizə bölməsində gözətçi, 1980-ci ildə isə rayon polis şöbəsində polis nəfəri kimi işə qəbul olunmuşdu. Nümunəvi xidmətinə görə DİN tərəfindən “Polis əlaçısı” döş nişanı ilə təltif edilmişdi. O, 1988-ci ildən başlayaraq mütəmadi olaraq döyüş bölgələrində əhalinin təhlükəsizliyinin təmin olunmasında xidmət göstərmişdi. 1989-cu ildə Qafan rayonunun Novruzlu kəndi yaxınlığında qurulmuş düşmən toplarının məhv edilməsində Vasilinin də böyük xidməti olmuşdu. Bu cəsur döyüşçü 1992-ci il oktyabrın 19-da Qaraqaya yüksəkliyi uğrunda gedən gərgin döyüşdə xüsusi rəşadət nümayiş etdirərək erməni təcavüzkarlarının xeyli canlı qüvvəsini məhv etmişdi. V.Əliyev elə bu döyüşdə də qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 nömrəli Fərmanı ilə Əliyev Vasili Əhməd oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qubadlı rayonundakı Şəhidlər xiyabanında dəfn olunub. Qubadlı rayon mədəniyyət evi və Diləli-Müskanlı kənd orta məktəbi onun adını daşıyır.

 

Azərbaycan müəllimi.- 2016.- 9 yanvar.- S.13.