Yadıma düşdü
Qarabağ torpağında gördüyüm
el-obalar,
Uşaqlığım ötüşən illər
yadıma düşdü.
Natəvan tək analar, Üzeyir tək babalar,
Şuşadakı çiçəklər, güllər
yadıma düşdü.
“Yeddiqat”dan Şuşaya kəmər kimi dolaşan,
Zirvələri göylərlə, buludlarla
yarışan,
Nisgilli ürəyimdə qələmimlə
öpüşən,
Xəzərdən İrəvana ellər yadıma düşdü.
Məcrasına sığmayan, dərələrdə
çağlayan,
Bəndi-bərəni kəsən, cığırları bağlayan,
Həsrəti gözlərimi kösöv
təki dağlayan,
Köpüklü qıjov çaylar, sellər yadıma düşdü.
“Güngörməz”in dərəsi,
Şırlanın şəlaləsi,
Dağ- aranı
dolaşan qoyun-quzunun səsi.
Elatın
inam yeri - Seyid Həsən türbəsi,
Bayatılı, nəğməli dillər
yadıma düşdü.
Hərdən şıltaq sevgiyə
- məhəbbətə allanan,
Qoşulub qaçmaq üçün
bulaq üstə yollanan,
Ədalı gözəllərin topuğuna
sallanan,
Köhlən yalına bənzər tellər yadıma düşdü.
Cüyür dalınca qaçıb
bərələrdə azdığım,
Qarına,
çovğununa, küləyinə
dözdüyüm,
Çiyələyin, moruğun sap üstünə düzdüyüm,
Qaymaqgülü bitirən çöllər
yadıma düşdü.
Gözlərimin önündən getmir
oba “Malikli”,
“Ağzıyastı”, “Topxana”,
“Üçağızlı” kəklikli,
Adı Əyyuba əziz Novlu bulaq “Gədikli”,
Sonaları üzdürən göllər
yadıma düşdü.
Gözəldir
Müqəddəs torpağım - Azərbaycanın,
Adı şeiriyyətdir,
özü gözəldir.
Yoxdur yer üzündə belə bir məkan,
Əbədi sönməyən közü
gözəldir.
Doymaq mümkün deyil çöl-çəmənindən,
Gözəl nərgizindən, yasəmənindən.
Qalx tamaşa elə zirvələrindən,
Yoxuşu, enişi, düzü gözəldir.
İnsana
ruh verir kamanı, tarı,
Süfrə bəzəyidir meyvəsi,
barı.
Bərəkət gətirir, yağışı,
qarı.
Bulaq dodağında
buzu gözəldir.
Dəmir
çarıq geyin gəz qarış-qarış,
Gör necə yaraşır dağlarına qış,
Torpağına qarış, suyuna
qarış,
İsmətli, həyalı qızı gözəldir.
Yol sal Göygölünə,
Maral gölünə,
Qoşul
Qarabağın coşqun
selinə…
Ay Əyyub Şırlanlı,
gətir dilinə:
Denən ki, Vətənin özü gözəldir.
Əyyub ŞIRLANLI,
əməkdar müəllim, Azərbaycan
Yazıçılar Birliyinin üzvü
Azərbaycan müəllimi.-
2016.- 9 yanvar.- S.12.