Gözəl

 

Gəl çıxaq seyrinə doğma diyarın,

Aranı da gözəl, dağı da gözəl.

Bərəkət tökülür hər qarışından,

Bağçası da gözəl, bağı da gözəl.

 

Çox uzağa getmə, yaxın gəl, bəri!

Hər bir kəsə çatdır, sən bu xəbəri,

Bal kimi şanısı dillər əzbəri,

Qarası da gözəl, ağı da gözəl.

 

Babalar torpağa qızıldı, demiş,

Halal zəhmətiylə çörəyin yemiş,

Yetişdirib qarpız, balqabaq, yemiş,

Bostanı da gözəl, tağı da gözəl.

 

Çoxdur ataların söznün hikməti,

Zəhmət çəksən, eşitməzsən töhməti!”

Düzülər süfrəyə halal neməti,

Qaymağı da gözəl, yağı da gözəl.

 

Yanaşaq, hörmətlə qabar əllərə,

Onlardır səbəbkar açan güllərə,

Ana Kür can verir şoran çöllərə,

Bax, solu da gözəl, sağı da gözəl.

 

Müsəllim,vəsfinə yaz şeir, qəzəl!

Anadır,Vətəndir hər şeydən əzəl!

Vurubdur sinəmə sevdiyim gözəl,

Düyünü gözəl, dağı da gözəl!

 

Dağlar

 

Böyümüşəm qucağında, qoynunda.

Vüqarımı bu dağlardan almışam.

Əyilməzlik, ondan keçib canıma,

Qürurumu bu dağlardan almışam.

 

Tükənməyib, zirvə aşmaq həvəsim,

Yoxuşlarda təngisə nəfəsim.

Qayalardan geri dönüb qıy səsim,

Harayımı bu dağlardan almışam.

 

Çiçəyi çox, yar yaxana taxmağa,

Mənzərələr gəl eləyir baxmağa,

Haqqım yoxdur dosta dönük çıxmağa,

İlqarımı bu dağlardan almışam.

 

Tükənməzdir vəfasıza nifrətim,

Vəfalıya sədaqətim, ülfətim,

Onunladır, bütün sözüm-söhbətim,

Dildarımı bu dağlardan almışam.

 

Can dərmanı, həm qaymağım, həm balım,

Bulaq suyu-Ana südüm, halalım,

Ayrılanda artır möhnət, məlalım,

Qəmxarımı bu dağlardan almışam.

 

Ay Müsəllim, burda keçib əzəlin,

Qəlb oxşayır təcnis, qoşma, qəzəlin.

Sevib-seçib, bəyənmişəm gözəlin,

Mən yarımı bu dağlardan almışam.

 

Müsəllim QULİYEV,

Bakı Dövlət Universitetinin müəllimi,

kimya üzrə fəlsəfə doktoru

 

Azərbaycan müəllimi.- 2016.- 9 yanvar.- S.12.