Goranboy Rayon Təhsil Şöbəsinin müdir müavini Ağababa İbrahimovun təşəbbüsü ilə rayonun ümumtəhsil məktəblərində “Ən yaxşı hekayə” müsabiqəsi keçirilib. Müsabiqədə müəllim və şagirdlər iştirak edib. Münsiflər heyəti tərəfindən I, II, III yerlərin qalibləri seçilib. Qaliblər fəxri fərmanla mükafatlandırılıb. A.İbrahimov redaksiyamıza 2 qalibin hekayəsini göndərərək “Azərbaycan müəllimi” qəzetinin informasiya dəstəyilə ölkənin şagird və müəllimləri arasında da “Ən yaxşı hekayə” müsabiqəsinin keçirilməsi təklifini irəli sürüb. Müsabiqə qaliblərindən birinin hekayəsini təqdim edirik.

 

Mənim arzularım, şirin-şirin arzularım!

 

Jalə HÜMBƏTOVA,

Goranboy rayonu Dəyirmanlar kənd tam

orta məktəbinin IX sinif şagirdi, III yerin qalibi

 

Quş qanadla uçar, insan diləklə... Elə bir insan tapılmaz ki, onun qəlbində arzusu olmasın. Biz kiçik olanda arzularımız da kiçik idi. Böyüdük, arzularımız da böyüdü, çoxaldı... Arzular yaşamağımızın məğzinə, məqsədinə çevrildi. Öz-özümə suallar verir, nəyə xatir yaşadığıma cavab axtarıram bu zaman qəlbimdə yeni arzular baş qaldırır.

Elə arzulardan söz açmışkən sizə bir müəllimdən bəhs edəcəyəm. Hər dəfə ədəbiyyat dərsi olanda məni sonsuz bir arzu bürüyürdü. Kaş məndə elə bir qüvvə ola idi ki, müəllimimin gözlərindəki sonsuz kədərin səbəbini biləydim. Bu istək, bu arzu məni heç vaxt tərk etmir, əksinə, həmişə düşündürürdü. Görəsən, bizə dərsi izah edərkən səsi gur şəlaləyə bənzəyən, Azərbaycan haqqında şeirlər deyərkən bəzən gözləri dolub, kövrələn bu müəllimin gözlərindəki sonsuz kədər nədəndir? Bu arzu, bu maraq içimi göynədirdi. Bir gün özümdə cəsarət tapdım pəncərənin önündə dayanıb vüqarla Kəpəzin seyrinə dalan müəllimə yaxınlaşdım:

- Salam, müəllim.

Müəllim gözlərini seyr etdiyi mənzərədən ayırmadan:

- Salam, qızım, salam, - dedi.

Onun bu dalğınlığı məni öz istəyimə çatmağa daha da yaxınlaşdırırdı.

- Müəllim, sizdən bir ricam var,- dedim.

Ancaq o, bu zaman mənə sarı çevrilib dedi:

- Buyur, qızım, sənə lazımdır?

Nəhayət, arzum utancaqlığıma qalib gəldi titrək səslə sözə başladım.

- Müəllim, bəlkə , sizə qəribə görünəcək, amma, amma...

- Çəkinmə, Jalə, söylə.

- Mən həmişə sizin gözlərinizdəki kədərin səbəbini bilmək istəmişəm bu arzumdan, istəyimdən yan keçə bilmirəm.

Doğrusunu deyim ki, sualımın onu bu qədər həyəcanlandırıb, duyğulandıracağını təxmin edə bilməmişdim.

Aman Allah, mən etdim? Görəsən müəllimin qəlbinin hansı həssas telinə toxundum. Bir andaca məni peşmançılıq hissi bürüdü. Müəllimimin gözlərindəki kədər indi gilə-gilə olub yanaqları aşağı süzülürdü.

- Üzr istəyirəm, sizi incitmək istəməmişdim, bağışlayın, müəllim,- deyib uzaqlaşmaq istədim. Qəhər dolu bir səs məni yerimdən tərpənməyə qoymadı.

- Ah, qızım, qızım... Mənim kədərim Vətən kədəri, dərdim Vətən dərdidir, yurd-yuva, el-oba dərdidir. Kəlbəcər, Şuşa dərdidir. Vətənimin bağrına zəhərli bir ox kimi sancılan Xocalı dərdidir, qızım,-deyib müəllim gözlərini məndən ayırıb yenə uzaqlara baxaraq, ahəstəcə:

Əzizinəm, Qarabağ.

Şəki, Şirvan, Qarabağ.

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

bayatısını zümzümə edə-edə sözünə davam etdi:

- Jalə, institutun son kursunda oxuyurduq. Tələbə yoldaşlarımızla birlikdə Şuşaya səfər etmişdik. Ah, Şuşa, onun Topxana meşəsi, İsa bulağı, Cıdır Düzü, Xarıbülbülü heç cür gözlərimin önündən getmir. Düşünəndə ki , o gözəl diyarlarımız doğma səsə, doğma telli sazınYanıq Kərəm”inə həsrətdir, qəlbim qan ağlayır. Qorxuram, qızım, qorxuram ki, tələbəlik illərimdə gördüyüm təbiətin möcüzəsi olan Xarıbülbülə ömürlük həsrət qalam.

Vətən bağı al-əlvandır

Yox içində Xarıbülbül...

Yox içində Xarıbülbül...

Müəllimin yanaqlarında yenidən yaş göründü. Sanki, bu yaşlar mənəMənə bax, Jalə, mən həsrətəm, mən yanğınam, mən səbəbini bilmək istədiyin kədərəmdeyirdi.

Müəllimimlə olan söhbətdən sonra qəlbimdə onlarla arzu baş qaldırmışdı. Vətənim Azərbaycanımın torpaqlarını azadlıqda görmək arzusu... Hiss edirəm ki, bu arzu mənim bütün arzu istəklərimdən ucadır, ülvidir, müqəddəsdir.

 

Azərbaycan müəllimi.- 2016.- 9 yanvar.- S.12.