Beynəlxalq təcrübədə dərslik hazırlığı

 

Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra uğurla həyata keçirilməkdə olan təhsil islahatları, innovativ yeniləşmə və dünyanın qabaqcıl ölkələrinin təhsil məkanına inteqrasiya prosesi təhsilin bütün pillələrində məzmun islahatlarının genişləndirilməsi zərurətini qarşıya qoyur.

Elmi-texniki tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktik bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz əhəmiyyətini itirməkdədir.

Təhsilin məzmunu, onun öyrədici, tərbiyələndirici və inkişafetdirici xüsusiyyətləri isə dərsliklər vasitəsilə konkretləşdirilir. Son illərdə təhsil sahəsində əldə etdiyimiz ciddi nailiyyətlərdən biri də məhz dərslik hazırlığı ilə bağlıdır.

Məlumdur ki, dərslik təlim prosesində istifadə olunan əsas vasitələrdən biridir. Hazırda dərslik yeganə bilik mənbəyi deyildir. İnformasiya texnologiyalarının inkişafı məlumat mənbələrinin sayını da xeyli artırmışdır. Bununla bağlı, indi dərsliyin vəzifəsi şagirdə qaydaları, anlayışları, tərifləri əzbərlətdirməkdən ibarət olmayıb, onlarda müstəqil düşünmə, tədqiqatçılıq, yaradıcılıq vərdişləri aşılamaq, tənqidi təfəkkürü inkişaf etdirməkdir.

Yaxşı dərslik tədris prosesində qarşıya çıxa biləcək bir çox problemi aradan qaldırır, təlimin səmərəliliyini artırır, şagirdlərin biliklərinin sistemləşdirilməsinə, yaradıcı qabiliyyətlərinin inkişafına imkan verir.

Onu da qeyd etmək lazımdır ki, bütün bu illər ərzində ümumtəhsil məktəbləri üçün proqram və dərsliklərin hazırlanmasının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülərək irəliləyişlər əldə olunsa da bununla kifayətlənilməmişdir. Təhsil sahəsində aparılan islahatlar və dünya təcrübəsi göstərir ki, dərsliklər yeni, daha səmərəli məzmun və forma tələb edir.

Artıq qeyd etdiyimiz kimi, dərsliklərin hazırlanması və nəşri sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və nəzərə alınması zəruridir. Bu məqsədlə də qabaqcıl dünya ölkələrinin bu istiqamətdə təcrübələri araşdırılmış, öyrənilib ümumiləşdirilmişdir.

Amerika Birləşmiş Ştatlarında dərslik sahəsindəki siyasət iki kateqoriyaya ayrılır:

1) Təhsil Departamentləri (SEA-lar).

Bu departamentlər ştatlarda fəaliyyət göstərərək yerli təhsil agentliklərinə (local educational agencies) və məktəblərə tədris ədəbiyyatını müstəqil seçmək imkanı verir;

2) ştat səviyyəsində müəyyən edilmiş seçki prosesini rəhbər tutanlar.

Tədris materialının seçilməsi prosesinə dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır ki, bu da sosial əhəmiyyət kəsb edir.

ABŞ-da iki komitə yaradılır və onlar dərsliklərin hazırlanması məsələləri ilə məşğul olur. Bu komitələr əsasən 10 və ya daha az üzvdən ibarət olur.

Birincisi, Daimi Komitə olub, dərsliklərin qəbul edilməsi prosesinin düzgün, qanuni şəkildə aparılmasına nəzarət edir və dərsliyə hər baxış üçün müvəqqəti vaxt müəyyənləşdirilir.

İkincisi, Xüsusi Komitədir ki, o da tədris materiallarının seçimi ilə məşğul olur, standartlara və digər meyarlara əsasən dərsliklərin ekspertizasını keçirir. Onun tərkibinə fənni, normativ sənədləri dərindən bilən mütəxəssislər - ekspertlər daxildir. Adətən onun üzvləri təhsil departamentinin mütəxəssisləri, tədris müəssisələrinin direktorları və ictimaiyyətin nümayəndələrindən ibarət olur. Nəticələrə əsasən Xüsusi Komitə tədris materialının qəbulu üçün müvafiq təşkilatlara tövsiyələr hazırlayır.

Amerika Birləşmiş Ştatlarında tədris materiallarının seçilməsi mexanizmi iki mərhələdən ibarətdir. Birinci mərhələ materialın təhvil verilməsi üçün naşirlərin və digər dərslik müəlliflərinin dəvət elanından başlayır. Bu proses iki pillədən ibarətdir. Əvvəlcə naşirlərə məktub yazılır, sonra isə işlərini təqdim etmək istəyən şəxslər təhsil departamentinə dəvət edilir. Müəlliflərə seçimin kriteriyaları haqqında məlumat verilir. Naşirlərdən və müəlliflərdən xahiş edilir ki, təqdim etdikləri materialın müvafiq standarta uyğunluğunu sübut etsinlər və müəyyən edilən vaxt ərzində tədris materialıni bir neçə nüsxədə təhvil versinlər. Bəzi ştatlarda seçki prosesində iştirak etmək üçün pul ödəmək lazım gəlir.

İkinci mərhələ texniki materialın hazırlanması və nəşr edilməsi mexanizmidir.

1) Material müəllifi naşir tərəfindən seçilərkən onun bilik və peşəkarlıq səviyyəsi, imkanlarını genişləndirmək bacarığı nəzərə alınır.

2) Müəllif tərəfindən dərsliyin nəşrinin mümkünlüyünə əsas verən təklif hazırlanır.

3) Təklif qiymətləndirilərkən işin məzmunu ilə naşirin tələblərinin uyğunluğu nəzərə alınır.

4) İşin hazırlanması və nəşr edilməsi.

Amerika Dərslik Şurasında aparılan seçim olduqca ciddi xarakter daşıyır. Son 5 ildə orta məktəblər üçün yalnız 3 yeni tarix dərsliyi yararlı hesab edilmişdir.

ABŞ-da məktəb dərsliklərinin nəşri ilə bağlı senzura sistemi mövcuddur.

UNESCO-nun apardığı tədqiqatlara görə dərsliklərin və tədris materiallarının inkişafı siyasətinin müasir istiqaməti dərsliklərin nəşr edilməsinin bazar iqtisadiyyatı sisteminə keçidini əks etdirir (UNESCO-IBE, Development of textbooks and teaching-learning materials. Activity 2: Textbook evaluation and approval in “Training Tools for Curriculum Development, A Resource Pack”, www.ibe.unesco.org).

Belə şəraitdə isə dövlətin rolu aşağıdakılardan ibarət olur:

* fənlər üzrə düzgün tədris proqramlarının və dərslik üzrə təlimatların hazırlanması;

* dərsliklərin yaradılması üçün bu sənədlərin əldə edilməsi;

* obyektiv qiymətləndirmə prosesinin müəyyənləşdirilməsi;

* maliyyə məsələlərinin həlli və dərsliklərin məktəblərə ötürülməsi;

* dərsliklərin tərtibi üçün minimal standartların müəyyənləşdirilməsi;

* digər tədris materialları üçün də eyni şərtlərin yerinə yetirilməsi;

* intellektual mülkiyyət hüququnun qorunması.

Təhsil nazirlikləri ədalətli və obyektiv qiymətləndirmə məqsədilə müstəqil qiymətləndirmə idarələrinin yaradılmasını zəruri hesab edirlər. Bu cür idarələr nazirliyin daxili komitələrindən daha çox məsuliyyətə malikdirlər. Bir çox ölkələrdə (Almaniya, Vyetnam) dərsliklər məktəblərdə istifadədən əvvəl ciddi şəkildə yoxlamadan və qiymətləndirmədən keçir. Bu prosesdə naşirlərdən seçmə məktəblərdə dərsliklərin sınaqdan keçirilməsi tələb olunur.

Kanadanın Kvebek şəhərində xarici dil dərslikləri pedaqogika, anti-irqçilik, bərabər imkanlar və s. kimi qiymətləndirmə mərhələlərindən keçir.

Dərsliklərə müxtəlif yanaşmalar dedikdə, onların hazırlanmasında iştirak edən nəşriyyatın, yaxud nazirliyin təsdiqini gözləməsi, ya da ki, satış üçün hansı dərsliyin daha yaxşı olması haqqında qərar verməsi nəzərdə tutulur. Bu yanaşma dövlət nəzarətinin və təlim üçün daha yararlı dərsliklərin seçilməsində tədris müəssisələrinin rəhbərlərinə və müəllimlərə sərbəstliyin verilməsini təmin edir.

Avropa ölkələrində vətəndaş cəmiyyəti institutları hər sahədə mühüm rol oynayır. Dövlət sifarişləri müəllimlər arasında referendum keçirildikdən sonra nəşriyyata verilir. İstifadəçilərinin razılığı olmadan dərslik çap etdirmək mümkün deyildir.

Avropa Birliyində və ABŞ-ın bir çox ştatlarında yeni dərsliklərin təşəbbüskarı nəşriyyatdır.

Mütəxəssislər hər şeydən əvvəl hansı dərsliyə ehtiyac olduğunu müəyyənləşdirir. Əvvəlcə dərsliklər az sayda çap edilir, eksperimental yoxlamadan keçirilir. Daha sonra dərsliklər reklam məqsədilə məktəblərə göndərilir. Konkret olaraq dərsliklərdən istifadə etmək qərarını məktəb verir.

Fransada hər bir fənn üzrə tədris proqramının və dərsliklərin konsepsiyası və məzmununa cavabdeh olan 160 təlimatçı fəaliyyət göstərir. Burada nəşriyyatların fəaliyyətini və nazirlik tərəfindən tövsiyə edilən dərsliklərin istifadəsinə ali məktəb müəllimləri sırasından seçilən baş inspektor nəzarət edir. O, tədris proqramlarının və dərsliklərin məzmununa və konsepsiyaya cavabdeh şəxsdir. Dərsliklər vahid proqram əsasında nəşr edilir. Dərsliyin nəşr edilməsi prosesi isə 4-5 ildir.

Proqram və dərsliklərin hazırlanması ilə bağlı son qərarı isə 20-30 nəfərdən ibarət Milli Komitə verir. Onun tərkibinə nazirliyin nümayəndələri, pedaqoji və valideyn şuralarının üzvləri, həmçinin həmkarlar təşkilatının əməkdaşları daxil olur.

Avstriyada dərsliklərin ekspertizası və onların maliyyələşdirilməsi Federal Nazirlık tərəfindən həyata keçirilir. Müəllimlər üçün vəsait isə ekspertizadan keçirilmir. Nəşriyyatlar onu pulsuz yayırlar. Nəşriyyata 3 il müddətinə ildə 10 000 dərslik nəşr etmək hüququ verilir.

İstənilən müəllif ekspertizanın keçirilməsi üçün ərizə verə bilər. Bu ölkədə müxtəlif istiqamətlər üzrə 31 ekspert komissiyası mövcuddur. Hər bir fənn üzrə komissiya nazirlik tərəfindən dörd il müddətinə təyin edilmiş 5 əsas və 5 köməkçi ekspertdən ibarət olur. Dörd ay müddətində birgə iclaslarda dərsliklər üzərində ekspertiza aparılır və komissiya bunun nəticəsinə uyğun olaraq öz qərarını verir.

Bu ölkədə dərsliyin seçilməsi müəyyən bir siniflə işləyən müəllim tərəfindən aparılır, lakin şagirdlərin dərsliyə olan tələblərini də unutmaq olmaz. Onların kriteriyaları isə müəllimlərinkindən kəskin surətdə fərqlənə bilər.

Avstriyada şagirdlərə pulsuz dərsliklər verilir və bu dərsliklər uşaqların şəxsi mülkünə çevrilir. Bəyənilən dərsliklərin hamısı tədris planlarına uyğun olur.

Norveçdə dərsliklərin dövlət tərəfindən təsdiqi sistemi mövcuddur. Dərsliklər müxtəlif özəl nəşriyyatlar tərəfindən hazırlanır və nəşr edilərək açıq satışa çıxarılır. Norveçdə belə hesab edilir ki, dərslik müəllifləri fəaliyyət göstərən təcrübəli müəllimlər olmalıdırlar. Dərslik müəllifləri tədris proqramını və aşağıdakıları yaxşı bilməlidirlər:

- dərsliyin perspektiv imkanlarını;

- hansı mövzulardan daha ətraflı bəhs etmək lazım olduğunu;

- dərsliyin əsas tematikasını;

- müəllim və şagirdlər üçün metodik ideya və təklifləri;

- dilin səviyyəsini.

Hökumətin təsdiqini almaq üçün dərsliyin əlyazması Tədris Materiallarının Milli Təkmilləşdirmə Mərkəzinə göndərilir. Bu Mərkəzdə müstəqil məsləhətçilər müəyyən edilmiş müvafiq standartlara uyğun olaraq əlyazmanın ekspertizasını keçirir. Bunlara aşağıdakılar daxildir:

- məzmunun pedaqoji təqdimatı;

- gender məsələsi;

- dərsliyin dilinin səlisliyi, aydınlığı və yaşa müvafiqliyi.

Dərsliklə əlaqədar tədris materialları və müəllimlər üçün metodik vəsaitlər də nəşr edilir. Onlardan bəziləri İnternetdə yerləşdirilir.

Dərsliklərin seçimi problemi çox vacib məsələlərdən biridir, çünki dərsliklər təhsil prosesinə çox güclü təsir göstərir. Dərsin planlaşdırılmasında və gedişində dərsliyin rolu böyükdür. Buna görə də müəllimlərin və məktəb rəhbərlərinin seçilmiş dərsliklərlə bağlı qərarlar verərkən kifayət qədər səriştəli olmaları çox vacibdir.

Norveçin Təhsil Nazirliyi “Dərsliklərin və digər tədris vəsaitlərinin seçilməsi, qiymətləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması” adlı layihənin təşəbbüskarıdır. Layihənin məqsədləri aşağıdakılardan ibarətdir:

- məktəblər tərəfindən dərsliklərin və digər tədris materiallarının seçilməsinə dair biliklərin əldə edilməsi;

- bu və ya digər nəşriyyatın seçiminin qəbul edilməsini müəyyən edən səbəblərə və qərarların qəbul edilməsinə təsir göstərənlərin aşkar edilməsi;

- dərsliklərin keyfiyyətinin qiymətləndirilməsi metodlarının işlənib hazırlanması;

- dərsliklərin seçilməsi, qiymətləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması meyarlarına dair müzakirənin keçirilməsi;

- dərsliklərdə tədris proqramlarının məqsədlərinin nə dərəcədə nəzərə alınmasının qiymətləndirilməsi;

- tədris proqramlarının məqsədlərinin dərsliklərin seçilməsinə və onlardan istifadəsinə təsirinin qiymətləndirilməsi.

Bundan başqa, Norveçdə “Dərsliklərin nəzərdən keçirilməsi” adlı layihə də fəaliyyət göstərir ki, bu layihənin də əsas məqsədi dərsliklərin əhəmiyyətini ictimaiyyətə çatdırmaqdır.

Cənubi Koreyada dərsliklərin hazırlanması aşağıdakı mərhələlərdən ibarətdir:

- Təhsil Nazirliyi dərsliklərin və tədris materiallarının hazırlanması üçün ümumi tədris planını təsdiq edir və dərsliklərin işlənib hazırlanması üçün elmi-tədqiqat institutunu seçir;

- İnstitut elmi-tədqiqatlar aparır və 10 nəfərdən ibarət müəllif qrupu yaradır. Əsas rolu konkret layihəni hazırlayan tədqiqat qrupu oynayır. Bu layihədə proqramın əsas prinsipləri göstərilir.

Bu gün dünyada, xüsusilə Qərbi, Mərkəzi və Şərqi Avropa ölkələrində orta məktəb dərsliklərinin hazırlanması və ekspertizası sahəsində böyük təcrübə toplanmışdır. Dərsliklərin hazırlanması və praktikaya tətbiqinin (tarix dərslikləri nümunəsində) Avropa təcrübəsinə nəzər salsaq, belə bir nəticəyə gələ bilərik: Avropa ekspertlərinin fikrincə, “yaxşı” tarix dərsliyi - keyfiyyətin obyektiv meyarları ilə subyektiv pedaqoji və şagird təcrübəsinin sintezidir (The European Home: Representations of 20th Century Europe in History Texrbooks, by Falk Pingel).

Bir qayda olaraq, bu ölkələrdə tarix dərsliklərinin iki variantı mövcuddur. Birinci halda, şagirdlərin əldə etdikləri tam illik kursu əhatə edən bütöv dərs vəsaiti, ikinci halda isə artıq konkret mövzulardan daha müfəssəl bəhs edilən modullar nəzərdə tutulur.

Başqa sözlə, tarixin şərhinə “variativ yanaşma” hüququ demokratik ölkələrdə tarixin tədrisinin fundamental prinsipidir. Qərbi Avropa ölkələrində belə hesab edilir ki, demokratik ölkələrdə tarix dərslikləri gənclərə həyatda lazım olan dəyər və baxışların formalaşmasının və ictimai hadisələrdə iştirakının əsasını təşkil edir.

“Yaxşı dərsliyin” metodoloji əsasını “elmi və pedaqoji yanaşmalar arasında diskussiyalar” təşkil edir. Bu onunla izah edilir ki, dərslik müəllifləri müasir elmlərdə qəbul edilən ən son versiyaları və hadisələrin şərhlərini yaxşı bilməlidirlər. Ümumiyyətlə, dərslik təhsil sahəsində iş təcrübəsi olan və tədris prosesinin iştirakçılarının xüsusi ehtiyaclarını başa düşən müəlliflər tərəfindən yazılmalıdır.

Təcrübə göstərir ki, dərsliklərin ekspertizası Təhsil Nazirliyi və ya müxtəlif qurumlar tərəfindən həyata keçirilə bilər, ekspert qrupunun üzvləri isə öz sahəsində təcrübəli mütəxəssis olmalıdır.

Beləliklə, beynəlxalq təcrübənin öyrənilməsi və təhlili göstərir:

- Avropa Birliyində və ABŞ-ın bir çox ştatlarında yeni dərsliklərin təşəbbüskarı nəşriyyatdır;

- Avropa ölkələrində vətəndaş cəmiyyəti institutları hər sahədə mühüm rol oynayır. Dövlət sifarişləri nəşriyyata müəllimlər arasında referendum keçirildikdən sonra verilir. İstifadəçilərin razılığı olmadan dərslik çap etdirmək mümkün deyildir;

- Dərs vəsaitlərinin nəşri hər bir ölkənin təhsil nazirlikləri tərəfindən təsdiqlənmiş tədris proqramlarına ciddi əməl edilməklə özəl nəşriyyatlar tərəfindən həyata keçirilir;

- Dərsliklər işlənilib hazırlanarkən müəllimlərin, valideynlərin və ictimaiyyətin fikri mütləq nəzərə alınmalıdır;

- Dövlət təhsil standartlarını özündə əks etdirən fənn kurikulumlarına uyğunluq dərsliklərin əsas keyfiyyətlərindən biridir;

- Dərsliklər ən zəruri informasiyaları, tapşırıq və çalışmaları əks etdirməklə istiqamətləndirici, düşündürücü funksiyanı daşıyır;

- Dərslik fəal təlim prosesində bir komponent kimi şagirdi idraki fəallığa sövq etməli, onu tədqiqatçılığa və yaradıcılığa istiqamətləndirməlidir. Belə olan halda dərsliyin bilik vermək, məlumatlandırmaq kimi köhnə ənənəyə istinad edən funksiyası arxa plana keçir.

Dərsliklərin keyfiyyətinin yaxşılaşdırılması üçün aşağıdakıların nəzərə alınması vacibdir:

1) Dərsliklərdə verilən materialların kurikulumun tələblərinə, şagirdlərin yaş səviyyələrinə uyğunluğu və təlim materiallarının planlaşdırılması ilə bağlı vahid strategiya və proqram əsasında treninqlərin keçirilməsi təşkil edilməli, bu sahədə müvafiq ölkələrin təcrübəsinin öyrənilməsi davam etdirilməlidir;

2) Müəyyən iş təcrübəsinə malik olan orta məktəb müəllimlərinin dərslik müəllifləri, elmi redaktor və nəşriyyatlarla birgə işi təşkil edilməlidir.

Dərsliklərin hazırlanması, ekspertizası və nəşri ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi onların keyfiyyətinin yüksəlməsinə, müasir dərsliyin nəzəri və praktik məsələləri üzrə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə təminat verir.

 

Fəridə HEYDƏROVA,

ARTPİ-nin Dərslik və dərs vəsaitlərinin

metodologiyası şöbəsinin böyük elmi işçisi

 

Azərbaycan müəllimi.- 2016.- 9 yanvar.- S.11.