“Biz ondan
dərs alırıq”
Heydər
Əliyev adına liseyin Azərbaycan dili və
ədəbiyyat müəllimi Fəridə
Əliyevanın təəssüratları
2015-ci ili yola saldıq. Ondan bioqrafiyamızda, xatirəmizdə çox şey qaldı. Biri mənim üçün xüsusilə önəmlidir. Bu ili də Fikrət müəllimlə, əsl təhsil fədaisi olan bir insan və pedaqoqla bir yerdə başa vurduq.
Fikrət Xəlilovla 16 ildir ki, birlikdə işləyirəm. Bu müddət mənə haqq verir ki, Fikrət müəllimə qəhrəman deyim.
1974-2015. 63 illik ömrün 41 ilini müəllimliyə sərf etmək, 41 ilin 23 ilini məktəb direktoru kimi məsul bir vəzifədə layiqincə, səriştəli, müdrikcəsinə çalışmaq qəhrəmanlıq deyil, bəs nədir?
Qəribə burasıdır ki, Fikrət müəllim hansı məktəbə direktor təyin edilibsə, riyaziyyatçıların dili ilə desək, “sıfırdan” başlayıb. 1992-ci ildə 287 nömrəli “Zəkalar” liseyində hər şeyi başlanğıcından başlayan Fikrət Xəlilov 2004-cü ildə Xətai rayonunda yenicə tikilmiş məktəbə direktor təyin ediləndə artıq “Zəkalar” liseyi özünəməxsus şöhrət qazanmışdı. Heydər Əliyev adına liseydə də Fikrət müəllim “sıfırdan” başladı.
Fikrət müəllimin dediklərindən: “Əvvəl fikirləşdim ki, elə “Zəkalar”da qalım. Lisey mənə çox doğma idi. Atalar demişkən, “Dişlə, dırnaqla düzüb-qoşmuşdum. İşlək bir kollektivim var idi. Sonra düşündüm ki, dövlət mənə etibar edib, boyun qaçırmaq mənə yaraşmaz”.
Mənim Fikrət müəllimin titullarından, aldığı fəxri adlardan, fəxri fərmanlardan danışmaq fikrim yoxdur. Onun ən böyük, ən qiymətli titulundan danışmaq istəyirəm. O da insanlıqdır.
Heydər Əliyev adına liseyin pedaqoji kollektivinin hazırda 135 üzvü var. Müəllimindən tutmuş texniki işçisinə qədər hansı birindən direktor haqqında soruşsanız, ancaq belə bir cavab alarsınız: “Allah onu başımızın üstündən əskik eləməsin”.
Hər səhər Azərbaycan
Respublikasının Dövlət himni oxunduqdan sonra şagirdlər
bir-bir Fikrət müəllimin
baxışlarının süzgəcindən keçərək
cərgə ilə siniflərə daxil olurlar, onların bəzilərinin
saçı tumarlanır, bəzilərinin qalstuku
düzəldilir, bəzilərinin gündəliyi
yoxlanılır, bəzilərinə həll etmək üçün bir kiçik misal verilir, bəziləri isə sərt
baxışlarla qarşılanır. Müəllimlər isə
xüsusi nəzakətlə
rastlaşırlar. Çünki Fikrət
müəllim deyir ki,
xoşbəxt o kəsdir, işinə də
sevinclə gəlir, evinə də sevinclə gedir.
Çox qəribədir, hətta yaşlı müəllimlər belə Fikrət müəllimə ata gözü ilə baxır. Tarix müəllimi Əlipənah Həsənovun 50 illik yubileyində dediklərindən: “Biz müəllim kimi həm də ona görə xoşbəxtik ki, məhz sizin kimi əsl pedaqoq və əsl insanın rəhbərliyi altında işləyirik. Mən sizdən çox şey öyrənirəm”.
Fikrət müəllimin dediklərindən: “Mən, hər şeydən əvvəl, təvazökarlıqdan uzaq olsa da, peşəkar riyaziyyat müəllimiyəm. Nə vaxtsa vəzifəmi təhvil versəm, sizinlə çiyin-çiyinə işləməyə hazıram. Çünki mən sizin üzünüzə alnıaçıq baxıram, sizin hər birinizə hörmət, ehtiram, qayğı ilə yanaşmağı özümə borc bilmişəm”.
Fikrət müəllimin dərs dediyi şagirdlərdən onun haqqında soruşduqda: “Bir dəqiqəmiz də boş keçmir. Müəllim sinfə girəndən zəngə kimi işləyirik. Sərtdir, tələbkardır, eyni zamanda sevimlidir. Biz fəxr edirik ki, bizə Fikrət müəllim dərs deyir. Biz ondan, sözün əsl mənasında, dərs alırıq”.
Bəzən müəllimlərdən biri hansısa dəcəl şagirdə əsəbiləşəndə Fikrət müəllim onu sakitləşdirərək deyir: “Diplomu bizə yalnız intizamlı şagirdlərlə işləmək üçün verməyiblər. Bütün şagirdlərin bir incə nöqtəsi var. Gəlin onu tapmağa çalışaq”.
Biz onun iş rejiminə, səbrinə, yaddaşına, səliqəsinə qibtə edirik. 23 il hər səhər tezdən 7.00-da məktəbə gəlib 18.00-da, bəzən, ondan da gec evə getmək, evdə ailə başçısı kimi hər şeyi yoluna qoymaq, 3 ali təhsilli ağıllı, özünə güvənən qız övladı böyütmək hər kəsə nəsib olan xoşbəxtlik deyil.
Fikrət müəllim danışır: “Bir dəfə axşam məktəbin gözətçisindən zəng gəldi ki, su borusu nasazdır. Təcili məktəbə gəldim. Nasazlığı aradan qaldırdıq. Sonra gördüm ki, idman zalının işıqları yanır. Yuxarı çıxdım. Fiziki tərbiyə müəllimi Rəşad Abdullayev bir neçə şagirdlə yarışa hazırlaşırdı. Salamlaşdıq. Ancaq Rəşad müəllimin təəccüb dolu baxışları nəzərimdən qaçmadı. Yalnız indi ev paltarında olduğumun fərqinə vardım. Müəllimin və şagirdlərin qarşısında ev paltarında görünməyim məni çox narahat etdi”.
Fikrət müəllimin təşəbbüsü ilə məktəbin girəcəyində müdrik və hər kəsi düşündürən iki kəlam yazılıb. Müəllimlər üçün: “Nə öyrədib gedirsən?”. Şagirdlər üçün: “Nəyi öyrənib gedirsən?”. Bu kəlamlar hər birimizi hər saniyə düşünməyə sövq edir.
Fikrət müəllim kollektivin ümid yeri, güvənc yeridir. Kollektivin hər birinin nə toyu, nə hüzürü onsuz keçmir.
Məncə, sözün həqiqi
mənasında mübarizə meydanı olan
həyatda əsl insan kimi
ömür sürmək döyüş
meydanında qəhrəmancasına vuruşmaqdan
heç də asan deyil. Gəlin, xalqı üçün
yaşayan belə insanların
sağlığında qədrini bilək.
Azərbaycan məllimi.- 2016.- 9
yanvar.- S.10.