“Repetitor yanına getmədən

istəyimə nail oldum”

 

700 bal toplayan tələbə Teymur İsmixanov ilə söhbət

 

Teymur İsmixanov 1998-ci ildə Bakı şəhərində anadan olub. 2015-ci ildə Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyini qızıl medalla bitirib. Hazırda “ADA” Universitetinin kompüter elmləri fakültəsində təhsil alır.

- 700 bal toplamaq çox da asan bir iş deyil. Bunun üçün savad önəmlidir, yoxsa bacarıq?

- Ümumiyyətlə, hər bir qələbə əzmkarlığın, inadkarlığın, gərgin əməyin və bir də onu əlavə edərdim ki, prinsipiallığın bəhrəsidir. Qarşıma məqsəd qoydum ki, 700 bal toplamalıyam. Gündəlik tapşırıqları yerinə yetirirdim. Bütün fənlərə eyni vaxt ayırırdım. Liseyimizdə kurslar təşkil olunmuşdu, hər kəs seçdiyi ixtisas üzrə hazırlaşırdı. Repetitor yanına getmədən sistemli şəkildə çalışmaqla istəyimə nail oldum. Açığını deyim ki, dostlarıma, valideynlərimə söz vermişdim ki, yüksək nəticə əldə edəcəyəm. Ona görə də prinsipiallığı da bir səbəb kimi qeyd etdim. O, insanı qələbəyə daha çox ruhlandırır.

- Sınaq imtahanlarında mexaniki səhvlərin olurdumu?

- Əlbəttə, səhvlərim olurdu. Elm elə bir dəryadır ki, orada hər kəs bacardığı qədər üzə bilər. Mən özümə nə qədər arxayın olsam da suallar qarşıma qoyulana qədər həyəcanımı gizlədə bilmirdim. O ki qaldı texniki səhvlərə, sınaq imtahanlarında buraxdığım səhvləri imtahan zamanı təkrarlamadım. Müəllimlərim də qəbul imtahanında həmin mexaniki səhvlərimin olacağını düşünürdülər. Şükürlər olsun ki, yüksək nəticə göstərərək gözlənilən şübhələri dəf etdim.

- Bu günün savadlı gənci, sabahın gözəl mütəxəssisidir...

- Şübhəsiz, bu belədir. Bu günün gənci yüksək bilik və dünyagörüşünə malik olmaqla bərabər, həm də tədqiqatçılıq qabiliyyətinə malik olmalıdır, geniş praktik bilik, müxtəlif dərnəklərdə özünü ifadə etmək bacarığı qazanmalıdır. Hazırda “ADA” Universitetində fəaliyyət göstərən riyaziyyat dərnəyinin fəal üzvlərindən biriyəm. Tələbələr arasında bilik yarışmaları keçirilir. Həftənin qalibi adını qazanmışam. Bir də biz tələbələr heç vaxt unutmamalıyıq: sabahın gözəl mütəxəssisi olmaq şərəfinə yalnız o tələbə nail ola biləcək ki, o, dünya təhsil standartları ilə ayaqlaşa bilsin. Yəni, universitetdə qazandığı diplom ilə dünyanın istənilən güşəsində özünə iş tapa bilsin. Söhbəti hansı səmtə yönəltsək, yenə də sonda savadın, biliyin, bir də əzmkarlığın üzərinə qayıdırıq. Çünki hədəfə çatmaq üçün bu üç amil əsas şərtdir.

- Asudə vaxtından səmərəli faydalana bilirsənmi?

- Bununla bağlı tələbələrin fikirlərində müxtəliflik var; bir qrup gənc asudə vaxt deyəndə yalnız əyləncə kimi başa düşür. Digər qrup isə, asudə vaxt anlayışını həm əyləncə, həm də öyrənmək, mənimsəmək kimi qavrayır. Bir çox tələbələrimiz asudə vaxtlarının çoxunu internet klublarda, sosial şəbəkələrdə və müxtəlif kompüter oyunları ilə məşğul olmaqda görürlər. Mən isə asudə vaxtımı kitab oxumaqla keçirirəm. Bəzən də klassik musiqi dinləyirəm. Musiqini çox xoşlayıram.

- Niyə məhz “ADA”-nı seçdiniz?

- Dəfələrlə mətbuatda oxumuşdum ki, bu təhsil ocağı müasir texnologiyalarla zəngindir, xarici ölkələrlə tələbə mübadiləsi aparır, dərslər ingilis dilində keçirilir. Məhz elə bu üstünlükləri də məni “ADA”-nı seçməyə ruhlandırdı. Onu da deyim ki, kompüter elmlərinə marağım erkən yaşlarımdan olub. Böyüdükcə arzularım da böyüdü. Qərar verdim ki, kompüter elmlərinı daha dərindən öyrənim. Bu il nəhayət, arzularım gerçəkləşdi.

- Valideynlərinə oxşamaq istərdin, yoxsa müəllimlərinə?

- Eyni sualla görkəmli bir şəxsiyyətə müraciət edirlər. O isə cavabında belə deyir: - Mən bu müqəddəs varlıqların hər birinə oxşasam, onların bəsit formada təkrarı olaram. Mən onların ən gözəl keyfiyyətlərini özümdə əxz etdirməklə yalnız “özüm” olmağa çalışacağam. Nə qədər çətin olsa da buna nail olacağam ki, həm valideynlərim, həm də müəllimlərim mənimlə fəxr etsinlər.

-Qrupda lidersənmi?

- Liderlik bir xobbi ola bilməz. O yerdə irəli keçə bilərsən ki, orada çalışqan, bilikli olasan. Gərək insan özü-özünü lider saymasın, onu lider saysınlar.

- 700 bal topladığını eşidəndə valideynlərinin reaksiyası necə oldu?

- 700 bal topladığıma nə qədər əmin olsam da, ola bilərdi ki, bir-iki bal aşağı da toplayım. Bu, imtahandır, burada ən kiçik səhv balımı aşağı sala bilərdi. O ki qaldı valideynlərimin sevincinə, həmin gün Günəş göydə yox, bizim evdə şəfəq saçırdı.

- Universitetin kitabxanasından faydalanırsanmı?

- Hər gün universitetimizin kitabxanasından istifadə edirəm. M.F.Axundov adına Milli Kitabxananın üzvüyəm. Müxtəlif ədəbiyyatlarla zəngin kitabxanadır.

- Tələbə adını daşımaq qürurvericidir...

- Tələbə adını qazanmaq hər kəsin arzusudur. Orta məktəbdə oxuyanda tələbə olmaq arzusu ilə yaşayırdım. Çox şükürlər olsun ki, arzum reallaşdı, çəkdiyim zəhmət hədər getmədi. Tələbə biletini əlimə alanda özümə söz verdim ki, daha yaxşı oxuyacağam. Fəxr edirəm ki, valideynlərimin, müəllimlərimin etimadını doğrultdum.

- İngilis dilini hansı səviyyədə bilirsən?

- Normal. Çoxlu xaricı tələbə dostlarım var. Onlarla ünsiyyət qururam, şəhərin park və xiyabanlarına gəzməyə çıxırıq. İçərişəhərdə, Şirvan Şahlar Sarayında olmuşuq. Ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti haqqında onlarla söhbətlər edirik.

- Artıq qış imtahan sessiyası başlayıb. Narahat deyilsən ki?

- Əsla. Əla qiymətlər alacağıma söz vermişəm. Ölkə rəhbəri İlham Əliyevə biz gənclərə diqqət və qayğı göstərdiyinə, yüksək bal toplayan gəncləri Prezident təqaüdünə layiq gördüyünə görə minnətdarlığımı bildirirəm. Bu yüksək etimadı doğruldacağıma söz verirəm.

- Gələcək planların.

- Dövlət Proqramına uyğun olaraq təhsilimin magistr pilləsini Londonda davam etdirmək istərdim.

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2016.- 9 yanvar.- S.8.