O, bütün
varlığı ilə elmə, təhsilə bağlı idi...
İnsan
dünyaya gəlir, qismətinə düşən
ömür payını yaşayır, sonra da bu dünyadan
köçüb gedir. Yaşanan ömürdən isə izlər,
unudulmaz xatirələr qalır. Fərhad müəllimdən
də xoş izlər, unudulmaz xatirələr qaldı...
Haqqında
söhbət açacağımız şərəfli bir
ömür yolu keçmiş Fərhad Möhsün oğlu Cəfərov
1948-ci il fevralın 2-də Yardımlı rayonunun Vərgədüz
kəndində müəllim ailəsində anadan olmuşdur.
Ali təhsilini 1970-75-ci illərdə Azərbaycan Politexnik
İnstitutunun nəqliyyat fakültəsində alaraq avtomobil
yollarının tikintisi ixtisasına yiyələnmişdir.
Ali təhsilli
mütəxəssis kimi o, ilk əmək fəaliyyətinə
“Azəryollayihə” İnstitutunda layihə-axtarış
bürosunun mühəndisi kimi başlamışdır.
Bacarığını, qabiliyyətini nəzərə alan
institut rəhbərliyi az keçmir ki, onu baş mühəndis,
sonra da şöbə müdiri vəzifəsinə irəli
çəkir.
Elmə,
təhsilə böyük marağı olan Fərhad Cəfərov
1978-ci ildə respublikamızda müstəqil ali məktəb
kimi ilk addımlarını atan indiki Azərbaycan Memarlıq və
İnşaat Universitetinin nəqliyyat fakültəsinə
işləmək üçün dəvət alır. O,
burada əvvəlcə assistent, baş müəllim, sonra da
dosent kimi öz bilik və bacarığını tələbələrin
təlim və tərbiyəsi işinə həsr edir.
Fərhad
Cəfərovun istedadını və təşkilatçılıq
qabiliyyətini nəzərə alan universitetin o zamankı rəhbərliyi
1982-ci ildə onu yol-inşaat fakültəsinin dekan müavini
vəzifəsinə irəli çəkir.
Yeri
gəlmişkən, onu da qeyd edək ki, ötən əsrin 80-ci
illərində keçmiş SSRİ-nin ərazisində
aparılan tikinti, quruculuq və abadlıq işlərində
ali məktəb tələbələrinin yay aylarında əməyindən
də geniş istifadə olunardı. Fərhad Cəfərovun
da həmin illərdə universitetimizin tələbə
inşaat dəstəsinin komandiri kimi Naxçıvanda,
Qazaxıstanın Cambul vilayətində, Rusiya
Federasiyasının Tolyatti, Nijni-Kamsk və Kalinino vilayətində
apardığı tikinti, quruculuq işləri həm
respublikamızın, həm onun işlədiyi ali məktəbin,
həm də özünün ad-sanını
ucaltmışdır. Tələbə inşaat dəstələrindəki
səmərəli fəaliyyətinə görə o,
1974-cü ildə “Əmək igidliyinə görə”
medalına layiq görülmüşdür. Həmin
medalı Fərhad Cəfərova Moskvada Kremldə SSRİ Ali
Soveti Rəyasət Heyətinin sədri N.V.Podqornı təqdim
etmişdir. 1982-ci ildə isə o, daha bir ali mükafatla -
“Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif
olunmuşdur.
1992-ci
ildə müsabiqə yolu ilə Fərhad Cəfərov
avtomobil yolları, körpülər və tunellər
kafedrasının müdiri vəzifəsinə seçilir.
Bir müddət sonra isə o, nəqliyyat fakültəsinin
dekanı vəzifəsinə irəli çəkilir. Fərhad
müəllim bu vəzifələrdə
çalışdığı illərdə həm bir
müəllim kimi tələbələrə yüksək səviyyədə
mühazirələr oxumuş, seminar məşğələlər
aparmış, həm buraxılış işlərinin yerinə
yetirilməsində elmi rəhbər kimi onlara məsləhət
vermiş, həm də elmi fəaliyyətlə məşğul
olaraq 60-dan çox elmi əsər, 2 dərslik, 3 dərs vəsaiti,
onlarca fənn proqramı və metodik vəsait
hazırlamışdır.
2000-ci
ilin yanvarında Azərbaycan Memarlıq və İnşaat
Universitetinin rektorluğunda kadr dəyişikliyi aparılanda Fərhad
Cəfərov universitetin məsul bir sahəsinə-tədris
işləri üzrə prorektor vəzifəsinə irəli
çəkilmişdir. Milli inkişafın ən prioritet sahələrindən
sayılan təhsilə xüsusi önəm verən Fərhad
Cəfərov prorektor kimi ilk gündən universitetimizin
bacarıqlı təhsil islahatçısı kimi
çıxış edir və o, yaxşı başa
düşür ki, yüksək ixtisaslı kadrların
hazırlanması tədris prosesinə elmi-texniki nailiyyətlərin
tətbiqi və texniki təchizatı ilə sıx
bağlıdır. Ona görə də Fərhad müəllim,
ilk növbədə, tədrisin yüksək səviyyədə
təşkil olunmasına, idarəetmə mexanizminin təkmilləşdirilməsinə
və kadr potensialından istifadənin səmərəliliyinin
artırılmasına böyük əhəmiyyət verir.
Fərhad
müəllimi prorektor kimi səciyyələndirən bir
faktı da yada salmaq istərdik. O, istedadlı tələbəyə
həmişə öz övladı kimi qayğı göstərər
və bunu müəllimlərdən də tələb edərdi.
Qəbuluna gələn hər bir tələbəni diqqətlə
dinləyər, haradasa hüququ bir balaca pozulmuşsa, haqqı
tapdalanmışsa dərhal ona kömək edərdi. O, hər
bir məsələni qanunun aliliyi çərçivəsində
həll etməyə çalışardı.
Müasir
tədris planlarının və standartlarının işlənməsində
Fərhad Cəfərovun əməyi xüsusilə təqdirəlayiqdir.
O, TRASEKA proqramı üzrə respublikamızda həyata
keçirilən nəzəri və praktik işlərin də
ən fəal iştirakçısı olmuşdur.
Fərhad
Cəfərov, sözün həqiqi mənasında, tədris
işini mükəmməl bilən, vəzifə borcuna həmişə
məsuliyyətlə yanaşan, alim, müəllim, ziyalı
adının ləyaqətini qoruyan, tələbələrimizin
uğurlarına sevinən bir ali məktəb işçisi
idi. Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə
görə 2006-cı ildə ona Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim”
fəxri adı verilmişdir.
2008-ci
ilin fevralında universitet Elmi Şurasının iclasında
prorektor Fərhad Cəfərovun 60 illik yubileyi qeyd olunarkən
universitetin sabiq rektoru Bünyat Sərdarov
çıxışında maraqlı bir məsələyə
toxundu. O dedi ki, mən universitetə rəhbərlik etdiyim illərdə
ali məktəb həyatı ilə bağlı bir sıra məsələlərdə
bu sahəni yaxşı bilən mütəxəssislərlə
yanaşı, Fərhad müəllimlə də məsləhətləşərdim.
O, ali məktəb işini, onun qayda-qanunlarını həqiqətən
mükəmməl bilən bir təhsil işçisidir.
Bəli,
Fərhad Cəfərov, doğrudan da vəzifə borcuna məsuliyyətlə
yanaşan prorektor, cəfakeş müəllim, tələbələrin
hami-tərbiyəçisi, yaxşı yoldaş, etibarlı dost,
əsl ziyalı idi.
Deyirlər
ki, həyatda alimliklə insanlıq heç də adama həmişə
bərabər payda verilmir. Nadir hallarda eyni adamda alimliklə
insanlıq tarazlıq təşkil edir. Bax, Fərhad Cəfərovu
tanıyanlar da təsdiq edər ki, o, həm gözəl alim,
həm də kamil bir insan idi.
İlk
baxışdan sakit görünsə də özünəməxsus
böyük ürəyi, sadəliyi, insanpərvərliyi
vardı Fərhad müəllimin. Olduqca səmimi,
qayğıkeş adam idi. Elə bir əlamətdar gün,
bayram, toy, hüzr olmazdı ki, Fərhad müəllimi
yanımızda görməyək. O, heç vaxt haqqı
nahaqqa verməzdi. Yığıncaqlarda həmişə təhsilimizin
qarşısında duran problemlərdən, elmi ictimaiyyətimizi
düşündürən məsələlərdən
danışardı. Vətəndaş mövqeyini qoruyan,
sözünün yerini bilən adam idi.
2015-ci
il dekabrın 11-də Fərhad Cəfərov gözlərini həyata
əbədi yumsa da onunla bağlı ən xoş xatirələr
iş yoldaşlarının, tələbələrinin,
dostlarının, onu tanıyanların yaddaşında
qaldı.
...İllər
keçəcək, zaman ötəcək, universitetimizə
yeni-yeni nəsillər qədəm qoyacaq. Ancaq universitetimizin
adlı-sanlı müəllimləri xatırlananda bir ad da
yada düşəcək: Fərhad Cəfərov! Tədris
işləri üzrə prorektor, cəfakeş müəllim,
tələbələrin yaxın dostu, nəcib insan!
- Ruhun şad olsun, Fərhad müəllim!
Elçin YUSİFZADƏ,
AzMİU-nun nəqliyyat fakültəsinin
dekanı,
Akif HACIYEV,
Azərbaycan dili və pedaqogika kafedrasının
dosenti
Azərbaycan müəllimi.-
2016.- 9 yanvar.- S.9.