Ekspertlər ötən ildə təhsil
sahəsində
görülən
işləri necə qiymətləndirirlər?
Əjdər AĞAYEV,
Azərbaycan Təhsil Şurasının sədri,
pedaqoji elmlər doktoru, professor
İllər yalnız zamanla deyil, bu zamanda görülmüş işlərlə, əldə edilmiş nailiyyətlərlə dəyərləndirilir.
2015-ci ilin nailiyyətləri sırasında Bakıda keçirilən I Avropa Oyunlarının möhtəşəmliyini, dünyaya yayılan Azərbaycan şöhrətini ilkin olaraq qeyd etmək istərdim. Mənə görə, I Avropa Oyunlarının bənzərsiz özəllikləri, nəhayətsiz gözəllikləri, dünyaya səs salan uğurları Azərbaycan təhsilinin də ən böyük nailiyyətidir. Əvvələn, idmançılarımızın yarışlardakı uğurlarını məktəbli yeniyetmələrimiz üçün qələbə örnəyi saymaq olar. İkincisi, yüzlərlə tələbə könüllünün bu tədbirdə vətənpərvərlik səyləri əsl vətəndaşlıq qeyrətinin nümayişidir.
I Avropa Oyunlarının açılışı və bağlanışı mərasimləri Azərbaycanın tarixi və müasir düşüncənin mənəvi və maddi mədəniyyətinin əyani nümayişi milli və ümumbəşəri dəyər sahibliyimizin, multikultural mədəniyyətimizin örnək nümunəsi idi. İnsanlarımızın bu mühüm hadisəyə rəğbətli münasibəti və dövlətimizin başçısının ətrafında sıx birliyi gənclərə aşılanan mənəvi keyfiyyətlərin əməli təzahürü idi.
Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşkilatçılıq ustalığını, gəncləri könüllü olaraq öz ətrafında birləşdirmək məharətini, məzmunlu nitqləri və çıxışlarını ən səmərəli dərs nümunəsi hesab etmək olar.
Əzəmətli I Avropa Oyunları təkcə ölkəmizdə idman, mədəniyyət sahəsində deyil, təhsil sahəsində də kreativ düşüncənin, mübarizlik və qələbə əzminin, güclü tərbiyəvi təsirlərin nümayişinə, milyonlarla gəncin öyrənc məktəbinə çevrildi.
Təhsil Nazirliyinin I Avropa Oyunları prosesinə fəxarət duyğulu marağı, mənəvi dəstəyi prosesin maarifçilik missiyasını meydana qoyurdu.
Ötən ildə təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq xeyli işlər görülmüşdür. Bu sıradan müəllim peşəkarlığının həyata keçirilməsi, diaqnostik imtahanların aparılması, direktor hazırlığı təlimləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, İKT-dən, yeni təlim metod və texnologiyalarından tədrisdə istifadənin genişləndirilməsi, ali məktəbdə SABAH qruplarının formalaşdırılması, pilot sağlamlıq siniflərinin yaradılması, müəllimlərin dərs yükü və əməkhaqlarının artırılması, kənd məktəblərində işləyən gənclərə həvəsləndirmə yardımlarının edilməsi, müəllimlik peşəsini seçən tələbələrə əlavə təqaüdün verilməsi, yeni ən yaxşı məktəb və müəllimlərin müsabiqəsi, müxtəlif məzmunlu şagird və tələbə müsabiqələrinin keçirilməsi və digər təşəbbüsləri qeyd etmək olar.
Qarşıladığımız 2016-cı ildən gözləntilərimiz təşkilati işlərlə yanaşı, pedaqoji prosesin, təlim-tərbiyə işinin hər bir məktəbdə keyfiyyət səviyyəsinin qaldırılması ilə bağlıdır. Hələ də bəzi ümumtəhsil, orta ixtisas məktəblərində qiymətləndirmədə formalizmə yol verilir. Müəllimlərin xeyli qismi özünütəhsillə məşğul olmur. Düşünürəm ki, pedaqoji ictimaiyyətin təlim və tərbiyə işinin elmi əsaslarla qurulmasına, şəxsiyyət ləyaqətinin artırılmasına ehtiyac vardır.
Yeni standartların tətbiqi üzrə milli və fənn kurikulumları tətbiq olunur. Lakin hələ də bu yeniliklərin nə məzmunca, nə tədris metodikası, nə də intellektual hazırlıq üzrə nəticələri öyrənilməmişdir.
Ali məktəbə qəbul olunan tələbələrin əksəriyyəti Vətən tarixini, milli mədəniyyət nümunələrini, ədəbiyyat və incəsənət xadimlərini və onların xidmətlərini tanımırlar, bilmirlər. Bu, ali məktəbə qəbulun müasirlikdən geri qalan test formasında aparılmasının nəticəsidir. Eyni zamanda ümumtəhsil məktəblərində bütün tədris fənlərinin eyni yüksək səviyyədə keçilməməsi ilə bağlıdır. 2016-cı ildə bu məsələlərin araşdırılması və keyfiyyətin təmin edilməsi zəruri işlərdən sayıla bilər.
“Azərbaycan tarixi” fənninin bütün ixtisaslar üzrə qəbul imtahanına salınması da vətəndaş mövqeyinin formalaşdırılması baxımından gərəkliliyi danılmazdır.
Məktəblərdə ünsiyyət mədəniyyətinin gücləndirilməsinə, müəllim-şagird-valideyn-direktor-təhsil idarəçisi arasındakı münasibətlərin şəffaflığına və humanizm xarakterinin gücləndirilməsi məqsədi ilə də maarifləndirici tədbirlərin keçirilməsinə və nəzarətə böyük ehtiyac vardır.
Ümumiyyətlə, pedaqoji prosesdə və təhsili idarəetmədə peşəkarlıq səriştəliliyinin, elmi-metodik ustalığın artırılmasını hərəkata çevirməyin zəruriliyi diqqətdə saxlanılmalıdır...
Şahlar ƏSGƏROV,
professor,
əməkdar elm xadimi
2015-ci il
təhsil sistemində kifayət qədər yaddaqalan hadisələrlə
zəngin olmuşdur. Ölkə Prezidenti təhsil siyasəti
sahəsində bir sıra vacib sərəncamlar
imzalamışdır. Misal üçün, “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nın həyata keçirilməsi ilə
bağlı Fəaliyyət Planı” təsdiq edilmişdir. Və
ya “Dövlət ümumi təhsil müəssisələrində
çalışan, diaqnostik qiymətləndirilmədən
keçən müəllimlərin dərs yükünün
və əməkhaqqının artırılması
haqqında” Prezident sərəncam imzalamışdır.
Başqa bir sərəncamla Azərbaycan Müəllimlər
İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə
birləşdirilmişdir və sairə.
Alman filosofu
Karl Yaspersə görə, “Ali məktəblərin
kütləvi yaradılmasından elmin elm kimi məhv olma
tendensiyası başlayır”. Xırda universitetlərdə,
filiallarda dəyərli professorlar (əgər belələri
varsa) cəmi bir və ya iki tələbəyə (magistrə)
dərs deyir, başqa sözlə belə fliallarda həm tələbə,
həm də dəyərli müəllim
qıtlığı var. Bu baxımdan Azərbaycan Müəllimlər
İnstitutu və onun filiallarının Azərbaycan Dövlət
Pedaqoji Universitetinə birləşdirilməsinin əhəmiyyəti
böyükdür.
Təmayüllü məktəblər şəbəkəsinin
genişlənməsi ilə bağlı
cari ildə qəbul olunmuş qərarın da çox
böyük əhəmiyyəti vardır. Ölkə miqyasında
artıq 170-dən çox təmayüllü sinif fəaliyyət
göstərir. Həmin siniflərdə gənclərimiz
könlünə yatan, xoşu gələn ixtisasları
seçəcəklər. Nəticədə gənclər bu
ixtisasları dərindən mənimsəyəcək və gələcəkdə
dəyərli mütəxəssisə çevriləcəklər.
Bir türk misalında deyilir: çörəyini əli ilə
qazanan fəhlədir, çörəyini əli və
ağlı ilə qazanan ustadır; çörəyini əli,
ağlı və ürəyi ilə qazanan isə ustaddır.
Təmayüllü məktəblərin varlığı
ölkəmizdə ustadların sayını
artıracaqdır.
Ali və orta ixtisas
təhsili müəssisələrində əyani formada təhsil
alan bütün tələbələrə
(ödənişsiz və ya ödənişli əsaslarla təhsil
almalarından asılı olmayaraq) təqaüdlərin
akademik nailiyyətlərin nəzərə alınmaqla verilməsi
tələbə kütləsinin həm sosial durumuna, həm də
təhsilin keyfiyyətinə müsbət təsir edəcəkdir.
Bakı şəhərində fəaliyyət
göstərən məktəblərin I
(birinci) siniflərinə uşaqların qəbulunda cari tədris
ilindən ilk dəfə olaraq xoş niyyətlə elektron
sistemin tətbiqi valideynlər tərəfindən
razılıqla qarşılanmışdır.
Təhsil naziri Mikayıl Cabbarovun yüksək kürsüdən səsləndirdiyi
“təhsilsiz uşaq itirilmiş uşaq, itirilmiş uşaq isə
itirilmiş gələcəkdir” fikri dövlətin təhsilə
qayğıkeş münasibətini aydın göstərir. Bu münasibətləri
aşağıdakı rəqəmlərdən də görmək
olar: cari tədris ilində ümumi təhsil müəssisələrində
1359173 şagird təhsil alır. Üstəlik, 5
günlük tədris həftəsi ilə
çalışan məktəblərdə dərs günlərinin
sayı 172-yə, 6 günlük tədris həftəsi tətbiq
edilən məktəblərdə isə 209 günə
çatacaqdır. Bu o deməkdir ki, Təhsil Nazirliyi
şagirdlərin zaman resursunu idarə etməyə cəhd edir.
2015-2016-cı
tədris ili
üzrə ali təhsil müəssisələrinə
qəbul olan tələbələrin orta balı 11 faiz
artıb. Cari ilin məzunlarının orta balı isə əvvəlki
ilə nisbətən 22 bal artaraq 250 bal səviyyəsindədir.
500 və daha yuxarı bal toplayan abituriyentlərin xüsusi
çəkisi 2012-ci ildə 4,8 faiz təşkil edirdisə,
bu il həmin göstərici 7,6 faiz olub. Yəni, müsbət
dinamikanın varlığı özünü göstərir.
İkinci
ildir ki, pedaqoji ali təhsil müəssisələrinə
qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas
seçimində birinci müəllimlik ixtisasını qeyd edən
ilk 300 tələbəyə 100 manat məbləğində
“Gələcəyin müəllimi” təqaüdü verilir.
Müəllimlik sənətini təşviq edən bu ideya
sevindiricidir və alqışlanmalıdır. Çünki əvvəllər
abituriyentlərin ən zəifləri bu ixtisaslara qəbul
olunurdular. Bu addımın vəziyyəti xeyli dəyişdirəcəyinə
inanıram.
Yəqin
ki, 2015-ci ildə
görülən işlər cari il
üçün inkişafa zəmin yaradacaqdır.
Arzularım da çoxdur. Hamısını saymasam da
bəzilərini qeyd etmək istərdim: bu gün ölkəmizdə
mövcud olan orta təhsil sisteminin yaşı 100 ilə
çatır. 100 il ərzində keçdiyimiz yola təzədən
baxmağa ehtiyac vardır ki, müəyyən edək: nəyi
düz etmişik, nəyi səhv. Hansı termin düz işlədilir,
hansını isə dəyişməyə ehtiyac var. Təhsil
sistemini cilalamaq niyyəti ilə bir neçə məsələnin
müzakirə edilməsini istərdim. Cilalamaq
baxımından bəzi təhsil terminlərinə yenidən
baxmağı tövsiyə edərdim:
* misal üçün,
geniş istifadə etdiyimiz “oxumaq”
sözünə diqqət yetirək. Söhbət zamanı
deyirik ki, övladımız orta məktəbdə və ya
ali məktəbdə oxuyur. 50 və ya 100 il öncə
“oxumaq” anlayışından istifadə etmək bəlkə də
başadüşülən idi. Çünki o zaman oxumaq da
savad sayılırdı. İndi bu qüsuru düzəltmək
lazımdır. İnkişaf etmiş ölkələrdə
bu hadisəni ifadə etmək üçün “oxumaq” yox,
“öyrənmək” sözündən istifadə edirlər.
Bu tezisə inanmaq üçün türk, rus və ingilis
dillərində bu sözləri müqayisə edin. Onlar deyirlər
ki, mənim övladım universitetdə fizikanı (və ya
kimyanı) öyrənir. İlk baxışda kimə isə
bu fərq böyük görünməyə bilər. Ancaq dərin
düşünəndə bu kiçik fərqin təsiri
böyükdür. Bir şeir parçasını siz beş
dəqiqəyə oxuya bilərsiz, ancaq onu öyrənmək
üçün sizə saatlarla vaxt lazımdır. Oxuma
prosesinin arxasında mənimsəmə durmur. Öyrənmə
prosesinin arxasında isə mənimsəmə durur. İndi
oxumaq savad sayılmır, bilmək savad sayılır.
Oxumağa yox, mənimsəməyə qiymət qoymaq olar.
Çox təəssüf ki, bizim şagirdlərimizin
çoxu məktəblərdə oxuyurlar, öyrənmirlər.
Bu qüsurun əsasında zərərli repetitorluq sənayesi
yaranıbdır. Fəlsəfi baxımdan oxumaq vasitədir,
öyrəmək isə məqsəddir. Vasitə məqsəd
kimi bizim şüurumuza yerləşdirilib. Bu
düşüncəni dəyişsək, onda məktəb də
dəyişəcək.
* təhsil sistemində
qüsurlu hesab etdiyim ikinci termin “ibtidai məktəb”
anlayışıdır. Belə məktəblərə rus
dilində “başlanğıc məktəb”(naçalnaya şkola),
türk dilində isə “ilkokul” deyirlər. İngilislər
isə bu məktəbə əsas, birinci əhəmiyyətli
(primary) məktəb deyirlər. Bu terminlərə yüklənən
məna göstərir ki, həmin ölkələrdə bu məktəblərə
fövqəl əhəmiyyət verilir və hesab edilir ki, bu məktəblər
əsasdır, başlanğıcdır, bünövrədir.
Azərbaycan dilində “ibtidai
məktəb” sözündə bu məktəblərə
münasibətdə bir laqeydlik hiss olunur. Yüz il öncə
bu məktəblər bəlkə də ibtidai olublar. Ancaq bu
gün başqa zamandır. Fikir verin. Uşaq məktəbə
doğru ilk addımını atır. İlk dəfə məktəbə
daxil olur. İlk dəfə adı məktəb jurnalına
yazılır və bu yazılışla o, cəmiyyətə
vətəndaş kimi daxil olur. Ata-ana, baba - nənə
uşaqla bərabər bu təntənədə iştirak
edir. Bu gedişat evdə, məktəbdə bayram edilir. Biz də
bunu “ibtidai məktəb” və ya “ibtidai sinif” adlandırırıq.
Bu deyilişdə arzu olunan təmtəraq yoxdur. Bu qədər
sevincli hadisələrin baş verdiyi məktəbə düz
ad verə bilməmişik.
* üçüncü toxunmaq istədiyim
anlayış “qiymət” anlayışıdır. Bu
anlayışdan biliyi ölçmək prosesində istifadə
edilir. Çox-çox təəssüf ki, ölkəmizdə
biliyi ölçmənin vahidlik prinsipi pozulubdur. Ölkədə
5 ballı, 10 ballı, 100 ballı, 700 ballı şkaladan
istifadə edilir.
Qiymət nədir? Qiymətin tərifi varmı? Mövcud “Əsasnaməyə”
görə ali məktəblərdə 10 ballı şkalada
qiymət səviyyələri müəyyənləşibdir
və 10 bala belə bir məna yüklənib: 10 bal - tələbə
keçilmiş materialı dərindən başa
düşür, cavabı dəqiq və hərtərəflidir.
Sual olunur, bizim övladlarımız məktəbə fənni
başa düşməyə, yoxsa mənimsəməyə
gedirlər? Burda bir pedaqoji prinsipi yada salmaq istəyirəm:
başa düşmək bilmək deyil, yadda saxlamaq bilməkdir.
Deməli, neçə illərdir ki, biz biliyi keyfiyyətsiz
metodla ölçürük.
* ali məktəblərə
qəbulda ciddi dəyişikliklərə
ehtiyac var. Qəbul imtahanlarının qeydiyyat ilə əvəz
olunması zəruridir. On ildən çox təkrar etdiyim bir
fikri bir də təkrarlayıram: ali məktəblər
giriş qapılarını geniş, çıxış
qapılarını isə dar açmalıdırlar. Bu mənim
istəyim deyil, dünyanın gedişatının məntiqindən
törəyir. Biz bu addımı atarıqsa gənclər
küçələrdən universitetlərə
toplaşarlar. Bu işdən həm dövlət, həm gənclər,
həm də valideynlər udarlar. Diqqət yetirin, bizdə
yaşı 17-dən çox olan hər 100 gəncin 16-sı
universitetlərə daxil olur. Bu göstərici Cənubi
Koreyada 95, ABŞ-da 83, Rusiya Federasiyasında 80, Monqolustanda 50-dir.
Biz də mütərəqqi dünyanın getdiyi yolla getməliyik.
Sonda qeyd edim ki, görülən
işlər də çoxdur, arzular da çoxdur. Sevindirici haldır ki, cəmiyyətdə
təhsillə bağlı konsolidasiya yaranmaqdadır. Həm Təhsil
Nazirliyinin məmurları, həm təhsil ekspertləri, həm
də təhsil jurnalistləri çəkici bir nöqtəyə
vururlar. Hamı təhsilin düzəlməsini istəyir.
Vidadi BAĞIROV,
təhsil
eksperti
Cəmiyyətimizin
az qala hər bir üzvünün bu və ya digər dərəcədə
aidiyyəti olduğu təhsil sahəsinin bu birillik fəaliyyətinə
kənardan baxarkən nələri görmək olur? Əlbəttə
ki, bu bir ildə bütün problem və
çatışmazlıqların aradan
qaldırıldığını düşünmək sadəlövhlük
olardı. Həm də həmişəs yeni-yeni obyektiv
qayğıları yaranan təhsilin ətalətli bir sahə
olduğunu da nəzərə alsaq bunun təbii qəbul edilməsindən
başqa bir yol qalmır.Düşünürük ki,
zaman-zaman hər sey öz yoluna düşəcəkdir. Bunun
üçün həm ölkə rəhbərliyi səviyyəsində
siyasi iradə var, həm də Təhsil Nazirliyi səviyyəsində
ardıcıl və inadkar icraçılıq. Ədalət
naminə demək lazımdır ki, 2015-ci ildə təhsillə
bağlı xeyli işlər görülmüşdür və
bunların hamısını sadalamaq niyyətimiz yoxdur və
bəlkə də heç ehtiyac da yoxdur, çünki bu barədə
hesabatlar və yazılar rəsmi olaraq mətbuatda
verilmişdir. Burada bizim diqqətimizi daha çox çəkən
bir-iki məqamın üzərində dayanmaq istərdik.
Birincisi, müəllim hazırlığı
ilə bağlıdır. Heç kəsə sirr
deyil ki, təhsilin keyfiyyətinin yüksəldilməsində
ən birinci məqam peşəkar müəllimin
olmasıdır. Bu baxımdan müəllim
hazırlığı ilə bağlı nə qədər
tez və əsaslı addımlar atılarsa, bir o qədər
də keyfiyyətli nəticə əldə edilə bilər.
Odur ki, müəllim hazırlığı ilə
bağlı keçən ildən başlayaraq 500 - dən
yuxarı bal toplayan və öz istəkləri ilə müəllimliyi
təkidlə seçənlərə xüsusi təqaüdlərin
verilməsi bu il də davam etdirildi. Bu onun göstəricisidir
ki, nazirlik bu məsələni prioritet bir iş kimi qəbul
edib və onun sistemli olaraq davam etdirilməsində
israrlıdır. Nəzərə alsaq ki, belə qaydada
hazırlanan müəllimlərin sayı yaxın bir neçə
ildə minlərlə olacaqdır, onda atılan bu
addımın nə qədər faydalı olduğunu başa
düşmək çətin deyil. Bu bir tərəfdən
müəllimlik peşəsinin təbliği olur, digər tərəfdən
isə məktəblərimizin ciddi probleminə
dönmüş aşağı ballı, kifayət qədər
savadı olmayanlardan qurtarmasında əsaslı
dönüş yaradacaqdır. Azərbaycanın ümumtəhsil
məktəblərində işləyəcək belə
istedadlı müəllimlər məktəblərimizə
yeni bir nəfəs gətirəcəklər.
İkincisi, təhsilin idarəolunması,
maliyyələşdirilməsi ilə
bağlıdır. Belə ki, bu ildən başlayaraq ümumtəhsil məktəblərinin
maliyyələşdirilməsinin bölgələr üzrə
maliyyə mərkəzləri vasitəsilə birbaşa
nazirlik tərəfindən həyata keçirilməsi Azərbaycanın
təhsil tarixində çox böyük bir hadisə hesab
edilə bilər. Bu addım təhsilin maliyyə təchizatının
bir mərkəzə bağlanması olmaqla və yerli təhsili
idarəetmə orqanlarını maliyyə məsələlərindən
azad etməklə təhsilin keyfiyyətinə daha çox
vaxt və imkan yaratmış olacaqdır. Digər tərəfdən
isə bu addım maliyyələşmədə çeviklik
yaratmaqla bərabər, peşəkar yanaşmaya, təhsilin
keyfiyyətinə daha çox təsir edən məqamların
önə çəkilməsinə, həmçinin qənaətlərin
pərakəndə, epizodik işlərə deyil, əsaslı
və bahalı işlərə yönəldilməsinə zəmin
yaradacaqdır.
Yeri gəlmişkən
xatırlatmaq istərdim
ki, hələ ötən ildən həyata keçirilməsi
müvəqqəti olaraq
dayandırılmış bölgələr
üzrə təhsili
idarəetmə orqanlarının
da tezliklə fəaliyyətə başlaması
bu addımın məntiqi davamı olmaqla təhsilin keyfiyyətinin yüksəldilməsinə,
təhsil siyasətinin
bir mərkəzdən
daha çevik və daha maneəsiz
idarə olunmasına gətirib çıxaracaqdır.
Azərbaycan müəllimi.-
2016.- 9 yanvar.- S.8.