“Atama Nobel
mükafatı
qərəzli olaraq verilmədi”
Mədəniyyət və turizm
nazirinin müavini Sevda Məmmədəliyeva ilə müsahibə
- Sevda
xanım, Siz məşhur alim Yusuf Məmmədəliyevin
qızısınız. Atanızın adı bəzi
yerlərdə “Yusuf”, bəzi yerlərdə “Yusif”
yazılır. Bu, nəyə görə
belədir və sizi narahat edirmi?
-
Etimologiyasına görə “Yusuf” sözü gözəl
insan mənasındadır. Dilimizdə də bu
ismin etimoloji mənası saxlanılmış, lakin illərlə
bir sıra fonetik dəyişikliyə məruz
qaldığı üçün “Yusif” kimi tələffüz
olunub. Türk, ərəb və fars
dillərini dərindən bilən, qədim və əsgi əlifbanı
orijinaldan oxuyan atam əslində bu adın Yusuf olduğunu qeyd
edir və onun adının da belə tələffüz
olunmasını istəyirdi. Atamın sənədlərində
də adı Yusuf yazılıb.
- Yusuf Məmmədəliyevin Nobel mükafatı ala bilməməsi
haqqında tez-tez müxtəlif fikirlər eşidirik. 1957-ci ildə
Siyasi Büronun iclasında Xruşşovun iştirakı ilə
bu məsələ müzakirəyə
çıxarılıb. Övladı kimi bu haqda
geniş danışmağınızı, ətraflı
aydınlıq gətirməyinizi istəyirəm...
- Bu hadisələr
mənim uşaqlıq dövrümə təsadüf edib. Evdə bizim yanımızda belə məsələləri
müzakirə etmirdilər. Sonradan
müasirlərinin yazdıqları, şahidlərin söylədikləri,
mətbuatda dərc olunanlar əsasında Yusuf Məmmədəliyevə
Nobel mükafatı verilməsinin müzakirəyə
çıxarıldığı iclasın gedişatı
haqqında tam məlumat əldə etdim.
Nobel Komitəsinin nizamnaməsinə zidd olaraq mükafata
namizədliklə bağlı təkliflər Sovet
İttifaqı Kommunist Partiyasının ciddi nəzarətində
idi. Buna görə də Yusuf Məmmədəliyevin
Nobel mükafatına namizədliyi 1957-ci ildə Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin
Rəyasət Heyətinin iclasında müzakirə olunurdu.
Əksəriyyət, o cümlədən Xruşşov,
Mərkəzi Komitənin Rəyasət Heyətinin üzvləri
və hətta üzvlüyə namizədlər elm və
texnika sahəsində misilsiz xidmətləri və kəşfləri
olan Yusuf Məmmədəliyevin sənədlərinin Nobel
Komitəsinə təqdim olunmasına razılıq verirlər. Amma iclas
iştirakçılarından biri Yusuf Məmmədəliyevin
kəşfləri haqqında materialların dövləti və
hərbi sirr olduğu, buna görə də onun Nobel
mükafatına irəli sürülməsinin ölkənin mənafeyinə
xələl gətirə biləcəyi qeyd edilən məktubu
ucadan oxuyur. Əslində Yusuf Məmmədəliyevin
kəşflərinin elmi təfsilatı və kimyəvi
reaksiyalarını təsvir edən məqalələrin
açıq mətbuatda, xüsusi elmi jurnallarda, o cümlədən
xarici ölkələrin nəşrlərində və alimin
öz monoqrafiyasında artıq çoxdan dərc edildiyi
yaxşı məlum idi. ABŞ-ın “Neft
texnologiyalarının icmalı” (“Reviews of petroleum technology”)
jurnalı hələ 1946-cı ildə yazırdı: “Yusuf Məmmədəliyevin
tədqiqatları böyük əhəmiyyətə malikdir
və elmin bu sahəsinin nəzəri məsələlərinin
öyrənilməsində onun “Aviasiya yanacaqları
istehsalında alkilləşdirmə reaksiyaları”
monoqrafiyası xüsusi maraq doğurur”.
Sözügedən
iclasda çıxış edən SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini Mikoyan müəllifin hərbi sirlə
bağlı “arqumentlərinə” diqqətlə
yanaşmağı məsləhət görür...
Nobel mükafatı laureatı olmağın itirilmiş
şansı Yusuf Məmmədəliyevi kədərləndirmirdi. Onu şəxsi
şöhrət məsələləri deyil,
bütünlüklə qüvvə və biliklərini sərf
etdiyi kimya elminin vəziyyəti daha çox
maraqlandırırdı.
“Nobel
mükafatı laureatı olmağın
itirilmiş şansı Yusuf
Məmmədəliyevi
kədərləndirmirdi”
Yeri gəlmişkən, unutmayaq ki, Nobel kapitalı
Bakıda, Bakı nefti hesabına qazanılmışdı. Bakı
neftinin şöhrətini dünyaya tanıdan Yusuf Məmmədəliyevə
isə bu mükafat qərəzli olaraq verilmədi.
Yusuf Məmmədəliyevin bəşər elminə
verdiyi töhfələr dünyanın ən mötəbər
mükafatlarına layiqdir. Ən alisi isə
xalqının ona sonsuz məhəbbəti və
ehtiramıdır ki, atam bu mükafatı hələ
sağlığında qazana bilmişdi.
Bu il İkinci Dünya müharibəsində qələbənin
70 illik yubileyi ilində atamın tarixi xidmətləri
xüsusilə qeyd olundu. Yusuf Məmmədəliyev
tərəfindən hərbi aviasiya üçün yüksək
oktanlı aviasiya yanacağının işlənib
hazırlanması və müharibə şəraitində
çox qısa bir müddətdə istehsalata tətbiq edilməsi
faşizm üzərində qələbədə həlledici
rol oynayıb. Mühüm hərbi əhəmiyyətə
malik, partlayıcı maddə trotilin alınması
üçün əsas olan toluolun istehsalı
texnologiyası, zirehli döyüş
maşınlarını sıradan çıxarmaq
üçün istifadə olunan, “Molotov kokteyli” adı
altında tanınmış tank əleyhinə
yandırıcı silahın yaradılması Yusuf Məmmədəliyevin
qələbəyə verdiyi töhfələrdir. 1945-ci
ildə Moskvada Qızıl Meydanda keçirilən faşizm
üzərində Qələbə Paradında Yusuf Məmmədəliyev
iştirak edib, əsas tribunada Sovet İttifaqı Kommunist
Partiyası rəhbərliyi ilə birlikdə paradı qəbul
edib.
-
Doğulduğunuz ailədən, böyüdüyünüz
mühitdən danışaq. Yusuf Məmmədəliyevin
ailəsində böyüməyin məsuliyyəti nə idi?
- Atam
özü ziyalı ailədə dünyaya göz
açıb. Atası Hacı Heydər Məmmədəliyev
övladlarına savadlı olmağın üstünlüklərini
başa salar, onları elmə, biliyə həvəsli olmaq
ruhunda tərbiyə edər və bunun üçün əlindən
gələni əsirgəməzdi.
Yusuf Məmmədəliyevin anası Gülsüm
xanım da qayğıkeş, savadlı insan olub. Gülsüm
xanım həm də Şərq poeziyasının
böyük bilicisi idi. O, Şərq şairlərinin
şeirlərini, xalq nağıllarını
övladlarına oxuyarmış.
Bütün bunları atam ömrü boyu qoruyub
saxlayıb və övladlarını da bu ruhda tərbiyə
edib.
Atamın ən gözəl xüsusiyyətlərindən
biri də xeyirxahlıq idi. Onun tələbələri,
aspirantları hələ indiyə qədər
xeyirxahlığından ürək dolusu
danışırlar. Atam bizə vətəni
sevməyi öyrədir, xeyirxah olmağı tövsiyə
edirdi.
Atam ailə başçısı kimi ailəmizdə
ziyalı və səmimi mühit yaratmışdı. Anam Bilqeyis
xanım da ziyalı ailənin övladı idi, Azərbaycan
Dövlət Konservatoriyasını bitirmişdi. Valideynlərimizin qarşılıqlı hörmət,
məhəbbət və anlaşma şəraitində
yaşaması bizim üçün həyat dərsinə
çevrilmişdi. Yüksək mədəniyyət,
xeyirxahlıq üzərində qurulmuş bu münasibətlər
bizə örnək olmaqla yanaşı, həm də üzərimizə
böyük məsuliyyət qoyurdu. Biz hər
zaman çalışırıq ki, bu böyük insanlara
layiq övlad olaq.
“Atam rus,
ingilis, alman və
fars dillərini
öyrənmişdi və
bu dillərdə
sərbəst danışa bilirdi”
- Yusuf
müəllim haqqında sənədli filmə
baxmışam. Uşaqlıq dostlarından biri
danışır ki, Yusuf Ordubaddan Əylis kəndinə olan beş kilometrlik yolu piyada gedib kitab alıb
oxuyarmış...
- Bəli,
bu faktdır və həqiqətən də belə olub. Kitaba məhəbbət atamda hələ lap
kiçik yaşlarında yaranıb. Bunu
1917-ci ildə Ordubadda çəkilmiş ailə fotosundan da
görmək olar. Bu nadir fotoda Hacı Heydər
Məmmədəliyevin övladlarının hər birinin əlində
kitab var.
Yusuf Məmmədəliyev kiçik yaşlarından əldə
etdiyi bütün kitabları oxumaqla təhsilini
artırmağa çalışıb. Əylis kəndində
sonralar Naxçıvan MSSR-in maarif komissarı olan Mirzə
Əbdülvahab Həsənzadə adlı bir müəllimin
yaşadığını eşidən atam onun yanına gəlib
xahiş edib ki, oxumaq üçün kitablarından versin. Təcrübəli müəllim Mirzə
Əbdülvahab kiçik Yusufun biliyə, öyrənməyə
həvəsini görüb, onun istedadına və
böyük gələcəyinə inanaraq müxtəlif
kitablarını məmnuniyyətlə verib. Atam bu xeyirxah insanı həmişə böyük
minnətdarlıqla xatırlayırdı.
Yusuf Məmmədəliyev 15 yaşında Sədi, Hafiz,
Nizami, Füzuli, Firdovsi və Xəyyamın əsərlərini
oxuyub, Ordubadda “Əncüməni-şüəra” məclislərinin
yığıncaqlarında iştirak edib.
Atam rus,
ingilis, alman və fars dillərini öyrənmişdi
və bu dillərdə sərbəst danışa bilirdi.
Atamla bizim şəhərdə gəzintilərimiz həmişə
Nizami adına Ədəbiyyat Muzeyinin
binasındakı kitab mağazasına baş çəkməklə
bitirdi. Həm özünə, həm də bizə
maraqlı kitablar seçir və maariflənməyimiz
üçün əsasən tarixi kitablar oxumağı məsləhət
görürdü.
-
Atanız qardaşının Arazda boğulmağından,
Şeyx Məhəmməd Xiyabaninin
çıxışlarına qulaq asmağından nə isə
deyirdimi?
- Yusuf Məmmədəliyevin
uşaqlığının son çağları tarixin
dolaşıq, keşməkeşli mərhələsinə,
Birinci Dünya müharibəsinin qanlı-qadalı illərinə
və inqilablar dövrünə təsadüf edib. Rusiyada baş verən
1917-ci il inqilabı Azərbaycana da təsirini
göstərmişdi. O zaman Naxçıvan da mühasirədə
idi. 1918-ci ilin iyul ayında erməni
daşnakları Ordubada basqın edirlər. Bunu görən Hacı Heydər Məmmədəliyev
bir çox həmvətənlərimiz kimi ailəsini Araz
çayından İrana keçirmək məcburiyyətində
qalır. Bu hadisələrdə Məmmədəliyevlər
ailəsi faciə ilə üzləşdi. Ailənin böyük oğlu İlyas müharibənin
fəlakəti, güllə yağışı, atəş
səsləri, yanğın şəraitində Araz
çayının sularında batdı. Atam
qardaşının itkisi haqqında ürək
ağrısı ilə danışır, İlyasın dərin
istedadlı olduğunu xüsusilə qeyd edirdi.
Təbriz
şəhərində məskunlaşan Məmmədəliyevlər
ailəsi 2 il orada yaşayıb və Yusuf
Məmmədəliyev orta təhsilini Təbrizdəki yeddiillik
məktəbdə davam etdirmişdi. Həmin məktəbdə
müəllimlərin böyük əksəriyyəti azərbaycanlı
idi. Atam orda fars və ərəb dillərinə
dərindən yiyələnib və sonralar da bu sahədə
biliklərini inkişaf etdirmişdi. Maraqlı faktdır ki,
atam Azərbaycan Dövlət Universitetinin rektoru olduğu zaman
1954-cü ildə Bakıya gələn Tehran Universitetinin
rektoru ilə görüşdə sərbəst fars dilində danışıb, Şərq
klassiklərindən şeirlər və kəlamlar söyləyib.
Atam danışırdı ki, Təbriz məktəbində
demokratik hərəkatın liderlərindən biri olan mütərəqqi
fikirli Mirzə Yusuf Qulami də var idi. Mirzə Yusuf Qulami
şagirdlərə savad verməklə bərabər, həm
də onları vətəni, xalqı sevmək ruhunda tərbiyə
edərdi. O, Hacı Heydər Məmmədəliyevin
oğullarının fitri istedadını dəfələrlə
sezib, gənc Yusufun dünyagörüşünə, elmə
həvəsinə diqqət yetirmişdi. Bu
dövrdə gənc Yusuf kiçik qardaşı Məmmədlə
birlikdə alovlu nitqi gurultulu alqışlarla qarşılanan
Şeyx Məhəmməd Xiyabaninin
çıxışlarına dəfələrlə qulaq
asıb, onun Azərbaycanı azadlığa çıxarmaq
ideyalarına hədsiz sevinmişdi. Vətən
həsrəti ilə yaşayan Məmmədəliyevlər ailəsi
tezliklə Təbrizdən Ordubada qayıdıb.
“Atam
repressiyaya məruz
qalmış dostları ilə, onların ailələri
ilə
də əlaqəni kəsməmişdi”
- Sizə
bir məktubu var: “And olsun fosfora, and olsun xlora, hamıdan qiymətli
sənsən, sən”. Yusuf müəllimin
yaradıcılığından, ədəbiyyatçı
dostlarından danışaq. Deyirmiş, kimyaçı
üçün ədəbi istedad vacibdir...
- Atam həm
də incə zövqlü insan idi. O, ədəbiyyatı,
poeziyanı çox sevirdi, dərin mənalı və məzmunlu
şeirlər yazırdı. Yusuf Məmmədəliyev
orta məktəbi bitirəndən sonra filoloq olmaq arzusunda idi,
amma təbiət elmlərinə maraq, kimya elminə məhəbbət
üstün gəlir. Bu haqda “Etiraf” şeirində
yazıb:
Vuruldum
gözəlliklərə, təbiətə,
Meyl etdim sənətə, şeriyyətə.
Vurğun
poeziyası gərəyim oldu,
Bu, mənim əzəli diləyim oldu.
Yetirdim əlimi
elmin camına,
Düşdüm kimyanın tor girdabına.
Toru
doğrayıb aça bilmədim,
Kimya tilsimindən çıxa bilmədim.
Yusuf Məmmədəliyev qədim bədii mənbələri
dərindən bilir, zəmanəsinin görkəmli şairləri,
musiqiçiləri, rəssamları, ədibləri ilə
dostluq edirdi.
Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Rzaquluzadə,
Mirmehdi Seyidzadə, Bülbül, Mikayıl Abdullayev, Tahir
Salahov kimi böyük sənətkarlar onun yaxın
dostları idilər. Atamın Azərbaycanın
tarixinə, mədəniyyətinə münasibəti tez-tez
evimizdə olan qonaqlarla söhbətdə özünü
göstərirdi. Dostluqda sədaqətli, həyatda
səmimi və sadə olan Yusuf Məmmədəliyev hətta
ötən əsrin 30-cu və 40-cı illərində
repressiyaya məruz qalmış, sürgün olunmuş dostları
ilə, onların ailələri ilə əlaqəni kəsməmişdi.
Atam Azərbaycan dilinə xüsusi qayğı və
diqqət göstərir, dilimizin tamhüquqlu olması
uğrunda mübarizə aparırdı.
- Bildiyimə
görə, 1940-cı illərin sonunda Qobustana ilk stasionar
arxeoloji ekspedisiya Yusuf müəllimin göstərişi ilə
göndərilib...
- Bəli.
Bundan başqa “Kitabi-Dədə-Qorqud”
dastanının əsaslı şəkildə tədqiqinə
başlanılıb və tədqiqatlar əsasında
materiallar nəşr olunmuşdu. Azərbaycan
və Şərq xalqlarının ədəbi və
elmi-ictimai fikrinin maddi nümunələrinin toplanması və
təbliği məqsədilə Yusuf Məmmədəliyevin
təşəbbüsü ilə 1950-ci ildə Azərbaycan
Elmlər Akademiyası nəzdində Respublika Əlyazmalar
Fondu - indiki Əlyazmalar İnstitutu yaradılmışdı.
1958-ci ildə Yusuf Məmmədəliyev ikinci dəfə
Azərbaycan Elmlər Akademiyasının prezidenti təyin
olunduqdan sonra Əlyazmalar Fondunda saxlanılan materialların
daha dərindən tədqiqi və təbliğini təmin etmək
məqsədilə Şərqşünaslıq
İnstitutunun yaradılması təşəbbüsü ilə
çıxış edib.
Milli məsələ
və mənsubiyyət haqqında müstəqil fikrin dilə
belə gətirməyin təhlükəli olduğu bir
dövrdə qədim əlyazmalar fondunun yaradılması,
Qobustan abidələrinin bərpası və tarixiləşdirilməsi,
tariximizin, mədəniyyətimizin, dilimizin tədqiq
olunması, bütün işlərin “Azərbaycançılıq
fəlsəfəsi” devizi altında aparılması
böyük qəhrəmanlıq, böyük fədakarlıq
idi.
“Mən nəinki
bir gün, heç bir saat da sizi, mənim üç körpəmi
- Gülarə, Sevda, Rənanı və əlbəttə ki,
ananızı - mənim böyük dostumu unutmuram”
Atamın elmi məzuniyyətlərdə və
işçi səfərlərdə olduğu dövrlərdə
bizə yazdığı məktubları da çox poetik və
maraqlıdır. Arxivdə saxlanılan və mənə ünvanlanan bu
məktubların bir neçəsini diqqətinizə
çatdırmaq istəyirəm: “Kimyaçı
üçün ədəbi istedad çox vacibdir. Kimyaçı öz elmi əsərlərini əsl
söz ustası kimi yazmalıdır. Sən
öz gələcək işində kimyəvi reaksiyaların
gedişini, hansı dəyişikliklərin baş verdiyini təsvir
etməli olacaqsan, burada isə dərin müşahidə
qabiliyyəti və aşkar edilən kimyəvi dönmələrin
dəqiq təsviri tələb olunur.”
“Yazırsan ki, sizdə maraqlı bir şey baş vermədiyinə
görə, yazmağa da heç nə yoxdur. Bilirsənmi,
dostum, həyatda ən maraqlısı - bir-birini çevik dəyişən
hadisələr və zahiri təəssüratlar kaleydoskopu
deyil, insanın daxili aləmidir.”
“Bilirsənmi,
kimya tarixində bu elmin böyüklüyü haqqında
çoxlu kəlamlar var. XIX əsrin görkəmli alimlərindən
biri deyirdi: “Kimya mənə qəribəliklərlə dolu
keçilməz meşəni xatırladır”. Və
beləcə, mənim əzizim, hər axtaran kəs bu meşədə
təbiətin yaratdığı yenilikləri, həyat təzahürlərini
tapmağa çalışır. Bu
axtarışlar və kəşflər sonsuz, heç nə
ilə müqayisəolunmaz bir sevinc bəxş edir.” Təbiət sirlərini açmaq sevincinin sənə
də nəsib olacağına ürəkdən ümid edəcəyəm.”
“Sənin məktubunu və arxasında “Atacan, bu
qızılgüllərə baxıb məni xatırla”
yazdığın “gızılgül” açıqcanı
aldım. Yadıma XI əsrdə yazılmış bir qədim
şərq əfsanəsi düşdü. Əfsanəyə
görə bir-birini dərin məhəbbətlə sevən
iki sədaqətli dost bir-birinə bənövşə və
qızılgül bağışlayırlar. Bənövşə
bağışlayan deyir: “Mən dostluğumuza əbədi
sadiq olacağam, bu gülü məndən xüsusi nişanə
kimi qəbul et, harada tər bənövşə
görsən, dostluğumuzu xatırla. Bizim
dostluğumuza vəfasız çıxsan, bənövşə
kimi göyərib boynubükük olacaqsan. Mən isə
qızılgülü nişanə kimi qəbul edirəm: hər
dəfə bağçada qızılgül görəndə
bu günü və dostluğumuzu xatırlayacağam. Əgər mən səni bir gün belə unutsam,
qoy mənim ömrüm qızılgül ömrü kimi
qısa olsun.”
Mən nəinki bir gün, heç bir saat da sizi, mənim
üç körpəmi - Gülarə, Sevda, Rənanı və
əlbəttə ki, ananızı - mənim böyük
dostumu unutmuram.”
Bir
neçə cümlə də Yusuf Məmmədəliyevə
dövlət səviyyəsində olan diqqətdən
danışmaq istəyirəm...
-
Buyurun...
- Dərin
minnətdarlıq hissi ilə qeyd etmək istərdim ki,
atamın xidmətləri Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin diqqətindən
heç vaxt kənarda qalmırdı. Məhz Heydər
Əliyevin təşəbbüsü ilə akademik Yusuf Məmmədəliyevin
abidəsinin açılışında ulu öndərin
dediyi sözləri heç bir zaman unutmaram: “Azərbaycanın
həm alim, həm gözəl insan, həm ictimai-siyasi xadim
kimi görkəmli simalarından biri Yusuf Məmmədəliyevdir.
Yusuf Məmmədəliyevin həyatı,
yaradıcılığı, əsərləri və
qoyduğu böyük elmi irs Azərbaycan
xalqının tarixinin böyük bir fəslidir, hissəsidir,
parçasıdır. Bu insan öz zəkası, biliyi,
istedadı, fədakarlığı, elmi ixtiraları ilə,
elmi əsərlər yaratmaqla, həm də ümumən Azərbaycan
elmini təşkil etmək, inkişaf etdirmək sahəsindəki
fəaliyyəti ilə Azərbaycan xalqının tarixinə
daxil olmuşdu. Ona görə biz bu gün də
Yusuf Məmmədəliyevin xidmətlərini böyük məmnuniyyətlə
xatırlayırıq və onun parlaq siması, əziz xatirəsi
qarşısında baş əyirik.”
Beynəlxalq miqyasda tanınmış görkəmli
siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin verdiyi bu yüksək qiymət Yusuf Məmmədəliyevin
milli elmin inkişafına verdiyi töhfəni təsdiq etməklə
yanaşı elmin həmişə ölkə rəhbərliyinin
diqqət mərkəzində olduğuna dəlalət edir.
Azərbaycan
Prezidentinin “Yusuf Məmmədəliyevin 100 illik yubileyi
haqqında” Sərəncamı, təntənəli yubiley tədbirlərinin
həm respublikamızda, həm də onun hüdudlarından kənarda
keçirilməsi, cənab İlham Əliyevin Ordubad şəhərində
Yusuf Məmmədəliyevin ev-muzeyini, Bakı, Ordubad və
Şamaxı şəhərlərində abidələrini
ziyarət etməsi, Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın olduqca böyük dəstəyi ilə
Paris şəhərində YUNESKO-nun qərargahında Yusuf Məmmədəliyevin
yubiley mərasiminin təşkil edilməsi, xatirəsinə və
irsinə həssas münasibət, ailə üzvlərinə
səmimi qayğı və diqqət göstərilməsi
Yusuf Məmmədəliyevin ailəsində dərin minnətdarlıq
hissi yaratmaqla bərabər, ölkə rəhbərliyinin Azərbaycan
elminə, Azərbaycan aliminə xüsusi diqqətinin parlaq
ifadəsidir.
31 Dekabr Yusuf Məmmədəliyevin doğum
günüdür. Əlamətdar haldır ki, bütün həyatı
boyu Azərbaycançılıq ideyalarının, tariximizin,
mədəniyyətimizin, dilimizin, milli-mənəvi dəyərlərimizin
qorunması və inkişafı naminə çalışan
alimin doğum günü xalqımızı birliyə və
yekdilliyə çağıran şərəfli
bayramımız - Dünya Azərbaycanlılarının Həmrəylik
Gününə təsadüf edir.
Məncə, Azərbaycanın daha da qüdrətlənməsinə
aparan milli-mənəvi birliyə çağırış
günü ilə vətənini, xalqını hədsiz sevən
Yusuf Məmmədəliyevin doğum gününün
üst-üstə düşməsi rəmzi məna
daşıyır.
Cavid ZEYNALLI
Azərbaycan müəllimi.- 2016.-
9 yanvar.- S.7.