Peşə təhsili
sistemi
strateji hədəflərə doğru
Əmək bazarının tələblərinə
uyğun ixtisaslı kadrların hazırlanması çeviklik
və inteqrasiya prinsiplərini əsas götürür
“Növbəti illərdə peşə
hazırlığı Azərbaycanda geniş vüsət
almalıdır və buna böyük ehtiyac var. Peşə məktəblərinin
yaradılması prosesi gedir, daha da sürətlə getməlidir”. Martın 28-də
Saatlıda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sədrliyi ilə keçirilən bu fikirlərin səsləndirildiyi
pambıqçılığın inkişafı məsələlərinə
dair Respublika müşavirəsində peşə təhsili,
kadr hazırlığı məsələləri də
xüsusi diqqətdə olub. Prezident
ölkəmiz üçün böyük əhəmiyyət
daşıyan bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində
qarşıya proqram xarakterli vəzifələr qoyub,
onların həlli üçün mühüm
tapşırıqlar verib.
Ölkə başçısı diqqətə
çatdırıb ki, növbəti illərdə peşə
hazırlığı iqtisadiyyatın ümumi inkişafı
ilə uzlaşmalıdır. Prezident bildirib ki,
ölkəmizdə iqtisadi inkişaf
planlaşdırılır, regional inkişaf proqramları qəbul
olunur. “Biz öz beşillik fəaliyyət
planımızı tərtib edirik və eyni zamanda sənaye, kənd
təsərrüfatı və digər sahələrlə
bağlı proqramlar bizə yol göstərir”, - deyən
dövlət başçısı peşə
hazırlığının da buna uyğun şəkildə
aparılmasını bir tələb kimi irəli
sürüb.
Prezident
İlham Əliyev hansı istiqamətlərdə peşə
məktəbləri olmalıdır sualına da konkret cavab
verib: “Kənd təsərrüfatı, sənaye, turizm sahələrində
ixtisaslaşmış peşə məktəblərinin
yaradılmasına böyük ehtiyac var, çünki bu sahələr
bundan sonra da Azərbaycanda sürətlə inkişaf edəcək”.
Eyni zamanda, müəyyən qıtlıq hiss olunan kənd
təsərrüfatı mütəxəssisləri, aqronomlar,
digər peşələr üzrə kadrların
hazırlanmasının vacibliyini də xüsusi qeyd edib, gənclərin
bu sahələrə cəlb olunmasını,
stimullaşdırılmasını zəruri sayıb.
Peşə Təhsili üzrə
Dövlət
Agentliyinin yaradılması
Qeyd edək
ki, son illər peşə təhsilində davamlı şəkildə
zəruri, islahatyönümlü addımlar atılmaqdadır
ki, onlardan da ən mühümü məhz ölkə
Prezidentinin 20 aprel 2016-cı il tarixli fərmanı
ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi
yanında Peşə Təhsili üzrə Dövlət
Agentliyinin yaradılmasıdır. Yeni qurumun
yaradılmasında məqsəd ilk peşə-ixtisas təhsili
sahəsində peşə hazırlığının səmərəliliyini
artırmaq və rəqabət qabiliyyətli ixtisaslı
kadrların hazırlanmasını təmin etməkdir.
“Müasir Azərbaycan Peşəkarları”
Bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin təşəbbüsü
ilə başlanan “Müasir Azərbaycan Peşəkarları”
layihəsi artıq dördüncü ildir ki, uğurla həyata
keçirilməkdədir. Peşə təhsili sisteminin əhatə
dairəsinin genişləndirilməsi, kadr
hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi
məqsədini güdən və biznes qurumları ilə əməkdaşlığı
nəzərdə tutan bu layihə çərçivəsində
xeyli iş görülüb. Belə ki, KNAUF
şirkətinin dəstəyi ilə 14 nömrəli Bakı
Peşə Liseyində “Quru inşaat ustası”, 18 nömrəli
Bakı Peşə Liseyində BOSCH şirkətinin dəstəyi
ilə “Dülgər, xarrat-parket ustası” və “Eldar studio”
şirkətinin dəstəyi ilə “Bərbər”
ixtisası üzrə siniflər açılıb.
Rasionallaşdırma
İlk peşə-ixtisas təhsili müəssisələri
şəbəkəsinin rasionallaşdırılması
istiqamətində atılmış addımlar da mühüm
islahat tədbiri kimi diqqəti cəlb edir. Elə təkcə ötən
il ölkə hökumətinin müvafiq qərarı ilə
Bakı şəhərində 26 təhsil müəssisəsinin
bazasında 11, Gəncə şəhərində 6 təhsil
müəssisəsinin bazasında 2 Dövlət Peşə Təhsil
Mərkəzi yaradılıb. Ümumilikdə isə cəmi
32 ilk peşə-ixtisas təhsili müəssisəsinin
bazasında müxtəlif istiqamətlər üzrə
ixtisaslaşmış 13 Dövlət Peşə Təhsil Mərkəzi
təşkil olunub:
* Dəmir
Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə
Təhsil Mərkəzi;
* Emal Sənayesi
üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi;
* Texnika və
Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil
Mərkəzi;
* Turizm və
Sosial xidmətlər üzrə Bakı Dövlət Peşə
Təhsil Mərkəzi;
* Sənaye
və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə
Təhsil Mərkəzi;
* Rabitə
və İnformasiya Texnologiyaları üzrə Bakı
Dövlət Peşə Təhsil Mərkəzi;
* Tikinti və
Quraşdırma işləri üzrə Bakı Dövlət
Peşə Təhsil Mərkəzi;
* Mədəniyyət
və Sənətkarlıq üzrə Bakı Dövlət
Peşə Təhsil Mərkəzi;
* Dəniz
Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri
üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi;
* Aviasiya
və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət
Peşə Təhsil Mərkəzi;
*
İctimai İaşə və Xidmət üzrə Bakı
Dövlət Peşə Təhsil Mərkəzi;
* Sənaye
və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə
Təhsil Mərkəzi;
* Ticarət
və Xidmət üzrə Gəncə Dövlət Peşə
Təhsil Mərkəzi.
Məlum
olduğu kimi, milli iqtisadiyyat və iqtisadiyyatın əsas
sektorları üzrə strateji yol xəritələrinin təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 6 dekabr tarixli Fərmanına uyğun olaraq peşə
təhsili və təliminin inkişafı ölkənin 11 əsas
prioritet istiqamətindən biri kimi müəyyən edilib. Buna müvafiq olaraq “Azərbaycan Respublikasında
peşə təhsili və təliminin inkişafına dair
Strateji Yol Xəritəsi” hazırlanaraq təsdiq olunub.
“ASAN Peşə”
Əmək
bazarının tələbatını daha dolğun təmin
etmək məqsədilə təhsil nazirinin müvafiq əmri
ilə 15 yeni ixtisas “İlk peşə-ixtisas təhsili üzrə
ixtisasların Təsnifatı”na əlavə edilib və təsnifatda
mövcud olan, lakin hazırlanmasına yeni başlanmış
10 ixtisasın adı da daxil olmaqla 154 ixtisas üzrə
şagird qəbulu planı müəyyənləşdirilib.
2016/2017-ci
tədris ili üçün şagird qəbulu
planı ötənilkinə nisbətən ödənişli
əsaslarla təhsil alacaq şagirdlər hesabına
artırılıb. Qeyri-neft sektorunun
inkişafının prioritetliyi nəzərə alınaraq
büdcə hesabına daha çox əlavə dəyər
yaradan (əsasən sənaye, kənd təsərrüfatı
və turizm yönümlü) ixtisaslar üzrə şagird qəbulu
planı müəyyənləşdirilib.
Şagirdlərin
qəbulu prosesində şəffaflığın, vətəndaşların
rahatlığının təmin edilməsi, subyektiv amillərin
aradan qaldırılması məqsədilə carı tədris
ilində ilk dəfə olaraq Bakı və Gəncə şəhərlərində
ilk peşə-ixtisas təhsili müəssisələrinə
şagird qəbulu “ASAN Peşə” Layihəsi çərçivəsində
həyata keçirilib və 4 mindən çox şagird bu
müəssisələrə qəbul olunub.
Yerli və beynəlxalq əmək
bazarının
tələblərinə cavab verən kadr hazırlığı
İlk
peşə-ixtisas təhsilinin ictimai statusunun yüksəldilməsi,
inkişafı və təhsilin məzmununun təkmilləşdirilməsi
ilə bağlı Təhsil Nazirliyi Norveçin Rogaland Təlim
və Təhsil Mərkəzi (RTTM) ilə birlikdə “Azərbaycanda
peşə təhsili və təliminin inkişafı və
gücləndirilməsi” layihəsi çərçivəsində
16 nömrəli Bakı Peşə Liseyində
“Qaynaqçı”, İsmayıllı Peşə Tədris Mərkəzində
“Bağban” və Neftçala Peşə Məktəbində
“Balıqçı” ixtisasları üzrə yeni
kurikulumların hazırlanması nəzərdə tutulub. Layihə çərçivəsində mühəndis
pedaqoji heyət üçün İKT və sahibkarlıq
üzrə seminarlar keçirilib.
Koreya dövlətinin dəstəyi ilə Koreya
İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə
birgə həyata keçirilən “Peşə Tədris Mərkəzinin
yaradılması” layihəsinin reallaşması istiqamətdə
işlər davam etdirilməkdədir. Həmin layihəyə
uyğun olaraq yaradılacaq müasir peşə təhsil mərkəzi
əsasən sənaye və innovasiyalar üzrə
ixtisaslı kadr hazırlığı istiqamətində
ixtisaslaşacaq.
Yerli və
beynəlxalq əmək bazarının tələblərinə
cavab verən kadr hazırlığının təşkili,
məzunlara veriləcək təhsil sənədinin beynəlxalq
təşkilatlar tərəfindən tanınması istiqamətində
9 nömrəli Bakı Peşə Liseyinin bazasında
Ukraynanın İT STEP Academy şirkəti ilə birgə həyata
keçirilən layihə çərçivəsində 3
ixtisas istiqamətində - “Şəbəkə
texnologiyaları və sistem inzibatçılığı”,
“Kompüter qrafikası və dizayn”, “Proqram təminatının
yaradılması” üzrə kadr hazırlığına
başlanılıb. Bu layihə “Maksimum təcrübə,
minimum nəzəriyyə” prinsipi əsasında təşkil
olunub və ən aktual, yüksək məvacibli peşələrə
yiyələnmək istəyənlər üçün
geniş imkanlar açır. Akademiya 9
nömrəli Bakı Peşə Liseyinin əsaslı təmir
olunmuş tədris korpusunun bazasında fəaliyyət
göstərəcək.
BMT İnkişaf Proqramı (UNDP) ilə birgə əməkdaşlıqda
“Heyvandarlıq mütəxəssisi” ixtisası üzrə
yeni dərs vəsaitləri hazırlanıb.
Dövlət-biznes partnyorluğuna əsaslanan idarəetmə
modelinin yaradılması istiqamətində Təhsil Nazirliyi,
British Council və Bakıda turizm-xidmət sektorunda fəaliyyət
göstərən 5 ulduzlu otellərlə birlikdə turizmə
dair təlimlər və mehmanxanalarda təcrübə
proqramı pilot layihələr həyata keçirilib. Layihənin
dayanıqlığını təmin etmək məqsədilə
Təhsil Nazirliyi, ilk peşə-ixtisas təhsili müəssisəsi
və mehmanxanaların nümayəndələrindən ibarət
idarəedici komitə yaradılıb və onlar yeni
kurikulumların hazırlanması, təhsilalanların
müsabiqədən keçirilməsinə cəlb olunublar.
Dövlət-biznes əməkdaşlığını
özündə əks etdirən bu pilot layihənin davamı
kimi 2016/2017-ci tədris ilindən təhsil müddəti bir il
olan qruplarda oteldə “konsiyerj”, “aşpaz”, “mehmanxanada təsərrüfat
işləri üzrə nəzarətçi” ixtisasları
üzrə kadr hazırlığı aparılır.
Kadr
hazırlığı işinin təkmilləşdirilməsi
istiqamətində Almaniyanın Beynəlxalq Əməkdaşlıq
Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Özəl Sektorun
İnkişafı Proqramı” çərçivəsində
“Peşə təhsilinin və məşğulluğunun təşviqi
komponenti” üzrə ilk peşə-ixtisas təhsili və təlimi
sahəsində çalışan mütəxəssislər
üçün Bakı şəhəri, Göyçay,
İsmayıllı, Qəbələ, Quba və Xaçmaz
rayonlarında idarəetmə və pedaqogika üzrə təlimlər
keçirilib. Proqram çərçivəsində
“Təhsil menecerlərinin təlimləndirilməsi” komponenti
üzrə 2016-cı ilin aprel ayından etibarən müsabiqə
əsasında 5 nəfər seçilərək peşə
təhsilinin menecmenti ixtisası üzrə magistratura səviyyəsində
təhsil almaq üçün Almaniyanın Maqdeburq
Universitetinə göndərilib.
“Turin
prosesi - 2017” çərçivəsində ilk peşə-ixtisas
təhsili sahəsində əlaqəli dövlət
qurumları və Avropa Təlim Fondu ilə birgə siyasət
konsultasiyaları aparılaraq ölkədə peşə təhsili
sahəsində islahatların mövcud vəziyyəti qiymətləndirilib
və digər ölkələrin təcrübələri
öyrənilməklə növbəti 2 il
üçün prioritetlər müəyyənləşdirilib.
Növbəti illərin prioritetləri
Ölkəmizdə qeyri-neft sektorunun, xüsusən də
kənd təsərrüfatının sürətli
inkişafı ilə əlaqədar prioritet əhəmiyyət
kəsb etmiş peşə hazırlığının daha
da genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi
istiqamətində aparılan işlərin yaxın perspektivdə
də davam etdirilməsi nəzərdə tutulur.
Qəbələ Peşə Məktəbinin bazasında
beynəlxalq ekspertlərin iştirakı ilə kənd təsərrüfatı
ixtisasları üzrə ixtisaslaşmış Müasir Təhsil
Mərkəzinin yaradılması istiqamətində yeni tədris
korpusu, emalatxana və təlim kabinetlərinin tikintisi işləri
də artıq başa çatmaq üzrədir. Layihə
çərçivəsində mühəndis - pedaqoji heyətin
yeni kurikulumların tətbiqinə dair təlimlərə cəlb
edilməsi, müvafiq dərs vəsaitlərinin
hazırlanması və əmək bazarının tələblərinə
cavab verən yeni ixtisaslar üzrə kadr
hazırlığının həyata keçirilməsi
planlaşdırılır. Eyni zamanda, BP şirkətinin
maliyyələşdirdiyi “Kənd Təsərrüfatında
Yeni Peşə İxtisaslarının Hazırlanması” layihəsi
çərçivəsində “British Council” təşkilatı
tərəfindən “Bitkiçilik mütəxəssisi” və
“Aqroservis mütəxəssisi” ixtisası üzrə dərs
vəsaitlərinin hazırlanması nəzərdə tutulub.
Beləliklə, Azərbaycanda peşə təhsili
sisteminin yeni imici formalaşdırılır. İndi
qarşıda duran əsas hədəf peşə təhsilinin
iqtisadi cəhətdən dayanıqlı və dünyanın
aparıcı təhsil sistemlərinin standartlarına uyğun
səviyyəyə çatdırılmasıdır.
Yusif
ƏLİYEV
Azərbaycan
müəllimi.- 2017.- 1 aprel.- S.1; 3.