Azərbaycanlı müəllimlər Londonda

 

Təlimlərdə iştirak edən müəllimlərin səfər təəssüratları

 

Bu günlərdə Təhsil Nazirliyi və “British Councilun birgə əməkdaşlığı, BP və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihəsindəki tərəfdaşları tərəfindən maliyyələşdirilən “İcmalar üçün ingilis dili” layihəsi çərçivəsində respublikamızın ümumtəhsil müəssisələrində dərs deyən bir qrup ingilis dili müəllimi London şəhərində səfərdə olub. Səfər çərçivəsində müəllimlər 7 günlük təlimlərdə iştirak ediblər. Səfərin əsas məqsədi Böyük Britaniya ekspertlərinin təcrübəsini və mövcud müasir tədris resurslarından istifadə qaydasını öyrənərək qarşılıqlı müzakirələrdə iştirak etmək, ümumtəhsil müəssisələrində dərs deyən ingilis dili müəllimlərinin peşəkar inkişafına nail olmaq idi. Səfərdə Təhsil Nazirliyinin əməkdaşı Orxan Abbasov, “British Council” təşkilatının layihə meneceri Flora Poladova ilə birgə Goranboy, Samux, Şəmkir, TovuzAğstafa rayonlarından 10 ingilis dili müəllimi iştirak edib.

Qeyd edək ki, müəllimlər üçün təlimlər təcrübəli və peşəkar təlimçilər tərəfindən aparılıb. Təlim prosesində dərsin planlaşdırılması, müvafiq tədris resurslarının seçilməsi, müasir öyrənmə və tədris metodologiyaları, pedaqoji prosesin idarə edilməsi, praktik tədris bacarıqlarına yiyələnmə və digər sahələr üzrə müəllimlərə kompetensiyalar aşılanıb. Təlim səfərinin özəl cəhətlərindən biri də hər bir müəllimin ingilis ailələrində qalması, həmin ailələrdə onlar üçün şəraitin təmin edilməsi, ingilis dili daşıyıcıları ilə birbaşa ünsiyyət imkanlarının yaradılması olub. Müəllimlər bir həftə müddətində ingilis ailələrində yaşamaqla həmin xalqın adət-ənənəsi və mədəniyyəti ilə tanış olub. Eyni zamanda onlar həmin ailələrə Azərbaycan mədəniyyəti və milli dəyərləri barədə də ətraflı məlumatlar veriblər.

Oxucularımıza Londonda olan müəllimlərdən bir neçəsinin səfər təəssüratlarını təqdim edirik.

 

Təlimdə öyrəndiklərimi dərslərimdə tətbiq edəcəyəm

 

Aytəkin Qəhrəmanova, Goranboy rayonu Yalpaq kənd tam orta məktəbinin ingilis dili müəllimi: - Bu səfər mənim həyatımda xüsusi yeri olan, gələcək inkişafıma təkan verən bir səfər idi. Yüksək səviyyədə keçirilən təlimdə iştirak etdiyim üçün özümü şanslı hesab edirəm. Düşünürəm ki, Londona getmək hər bir rayon müəlliminin arzusudur. Təbii ki, getdiyimiz yerləri uşaqlıqdan ancaq məktəb dərsliklərində, şəkillərdən görmüşdüm. Şəhəri görmək, tarixi yerləri gəzmək, oradakı insanlarla ünsiyyətdə olmaq mənim üçün tamamilə başqa hisslər idi. Təlimlərimiz də çox yüksək səviyyədə keçirdi. Mark SmithVittorio Palossi tərəfindən keçirilən təlimlərdə çox məlumatlar əldə etdik. Onların təlim metodları çox yaxşı idi. Təlimdə əsasən dərslərin planlaşdırılması və daha da maraqlı olması üçün lazımi məlumatlar öyrəndik. Səfər müddətinin qısa olmasına baxmayaraq bir çox insanlarla ünsiyyətdə olduq ki, bu da bizim dil bacarıqlarının daha mükəmməlləşməsinə kömək etdi. Düşünürəm ki, təlimdə öyrəndiklərimi dərslərimdə tətbiq edəcəyəm. Bu imkanı bizə yaratdığına görə Təhsil Nazirliyinə və digər aidiyyəti qurumlara minnətdarlığımı bildirirəm.

 

Yeni təlim metodları bizim üçün çox faydalı olacaq

 

Leyla Məmmədova, Tovuz rayonu M.Novruzov adına Çeşməli kənd tam orta məktəbinin ingilis dili müəllimi: - Böyük Britaniyada olmaq uşaqlıq arzum idi. Big Beni, Temza çayını, Trafalqar meydanını yalnız şəkillərdə və ekranda görən bir insan üçün bundan böyük xoşbəxtlik ola bilməzdi. Peşəmin ingilis dili müəllimliyi olması bu arzumu reallaşdırmağa daha da can atmağıma bir səbəb idi. Təhsil Nazirliyinə və BP şirkətinə bizə bu arzumuzu gerçəkləşdirməyə imkan yaratdığı üçün sonsuz təşəkkürümü bildirirəm. Londonda olduğum qısa bir müddətdə təlim metodlarını professional müəllimlərdən mənimsədim. Orada gördüyüm yeni təlim metodlarının biz gənc müəllimlər üçün çox faydalı olacağına əminəm. Düşünürəm ki, əldə etdiyim bilikləri müəllim yoldaşlarıma və əhatəmdə olan digər pedaqoji işçilərə də çatdırım. Müəllimlərimizin bu metodlardan istifadə etməsi çox səmərəli olar. Hazırda əldə etdiklərim bilikləri öz şagirdlərimə tətbiq etmək üçün çox səbirsizlənirəm. Londonda evində qaldığım ailədən də çox razıyam və onlarla əlaqələrimi davam etdirmək fikrindəyəm.

 

Dərslər əsasən müzakirələr şəklində aparılırdı

 

Nurlana Həsənova, Samux şəhər 5 nömrəli tam orta məktəbin direktoru: - Biz 19-26 mart tarixlərində Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Wimbledon ingilis dili məktəbində təlimlərdə iştirak etdik. Səfərimiz çox səmərəli keçdi. Təlim müddətində dil bacarıqlarımızın inkişaf etdirilməsi məqsədilə bizi yerli ailələrdə yerləşdirdilər. Nəzərə çatdırım ki, həmin ailələr məktəblə sıx əlaqədə olan və sınanmış ailələr idi. Onlar bizə qarşı çox isti, mehriban münasibətdə idilər. Həmin ailələr öz evlərində bizə ayrıca otaq ayırdılar. Problemlərimizi çəkinmədən onlara söyləməyimizi xahiş etdilər. Biz çalışırdıq ki, həmin ailələrin üzvləri ilə daha çox söhbətləşək. Çünki bu bizim dil bacarıqlarımızın və vərdişlərimizin inkişafına müsbət təsir edirdi. Təlimlərə gəldikdə isə onu deyə bilərəm ki, bu qısa müddət ərzində biz çox şeylər öyrəndik. Şagirdlərin qiymətləndirilməsi və onun metodları, tədris prosesində hansı üsullardan istifadə etməklə daha yaxşı nəticəyə nail olunması və sair kimi məsələlər məndə xüsusi maraq oyatdı. Təlimlər çox əyləncəli keçirdi. Vaxtın necə keçdiyini hiss etmirdik. Dərslər əsasən diskussiya və müzakirələr şəklində aparılırdı. Təlimlərdə müxtəlif xalqların mədəniyyəti, təhsil sistemi müqayisəli şəkildə müzakirə olunurdu. Düşünürəm ki, səfərdə əldə etdiyim biliklər gələcək fəaliyyətimdə mənə stimul verəcək. Belə bir səfərin təşkil olunmasına görə Təhsil Nazirliyinə və digər təşkilatçılara xüsusi minnətdarlığımı bildirirəm.

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2017.- 1 aprel.- S.7.