Azərbaycanlı alimin əsəri
Kanadada nəşr olunub
Volter və
Hüqonun yaradıcılığının Şərq
qaynaqlarına dair yeni araşdırma
Bu günlərdə filologiya elmləri doktoru, professor Əsgər Zeynalovun “Volter və Hüqonun Şərq baxışı” əsəri Kanadanın Viktoriya şəhərinin “First choice books” nəşriyyatında çapdan çıxıb. Kitabın ingilis dilinə tərcüməçisi
dosent Fialə Abdullayeva, redaktoru ADU-nun doktorantı Səbinə
Zeynalova, rəyçilər professor Qorxmaz Quliyev və fəlsəfə
doktoru Vazeh Əsgərovdur.
Müəllif
Volter yaradıcılığının Şərq
qaynaqlarını araşdırarkən göstərir ki,
Herodotun “Tarix”, şərqşünas Bartelemi d'Erbelonun 1697-ci
ildə nəşr etdirdiyi “Şərq kitabxanası” əsərləri,
ixtisasca ərəbşünas olan Antuan dö Qallanın
fransız dilinə tərcümə etdiyi məşhur “Min bir
gecə” nağılları, görkəmli şərqşünas
Peti dö la Kruanın fars dilindən fransız dilinə tərcümə
etdiyi “Türk nağılları” (1707) və “Min bir
gündüz” nağılları (1710-12), fransız səyyahları
Tavernye və Şardənin yol qeydləri Volter
yaradıcılığı üçün başlıca
Şərq qaynaqları olmuşdur.
Ancaq
professor Ə.Zeynalovun bu əsərində diqqətçəkən
bir məqam da mövcuddur. İndiyədək əldə
etdiyimiz ədəbiyyatlarda birmənalı şəkildə
belə təqdim olunurdu ki, guya fransız şərqşünası
Anketil dü Perronun Hindistana səyahətindən və 1771-ci
ildə Parisdə fransız dilində “Avesta”nı nəşr
etdirəndən sonra Avropa Şərqin bu möhtəşəm
əsərilə tanış olmuşdur. Ancaq azərbaycanlı
alim fransız yazıçısının “Zadiq və ya
tale” (1747), “Millətlərin adətləri və
düşüncə tərzi haqqında esse” (1756) əsərlərində
“Avesta” dan gətirdiyi nümunələrlə Volterin dü
Perronu, təxminən, 20-25 il qabaqladığı aydın
olur. Tədqiqatçı onu da vurğulayır ki, Qərbdə
Şərqə maraq çoxdan olsa da, ancaq XVIII əsrdə
Avropada bütöv bir elm-şərqşünaslıq elmi
yarandı. Tədqiqatçı monoqrafiyanın “Volter və
Şərq mədəniyyəti” bölməsində oxucunun
diqqətinə bir daha çatdırır ki, XVIII əsr
fransız ədəbiyyatında Şərq mövzularına ən
çox müraciət edən Volter olmuşdur. O, bu
mövzuda həm nəsr, həm dram əsəri, həm də
səkkiz cilddən ibarət “Esse” yazmışdır.
Fransız ədibi tarixi prinsiplər əsasında qələmə
aldığı “Millətlərin adətləri və
düşüncə tərzi haqqında esse” əsərində
dünya xalqlarının həyat tərzi, mədəniyyəti,
elmi, adət və ənənələrindən bəhs
etmiş, eyni zamanda bu əsərlərin ayrı-ayrı cildlərində
Məhəmməd peyğəmbərin həyat və fəaliyyətindən,
islam dininin yaranması və inkişafından, müsəlman
mədəniyyəti və onun təsirindən ətraflı,
geniş söhbət açmışdır.
Əsərdə
Məhəmməd peyğəmbərin həyatı
fransız mütəfəkkirinin
yaradıcılığı əsasında ən incə
detalları ilə təqdim olunmuşdur. Onun dünyaya gəliş
tarixi, atası, babası haqqında yığcam məlumat, Xədicənin
yanında qulluqçuluq etməsi və sonra onunla evlənməsi,
islam dinini evdən qəbul etdirməyə başlaması, Məkkədən
Mədinəyə getməsilə hicri tarixinin əsasının
qoyulması, ətrafındakı ölkələri
işğal edərək islam dinini yayması,
dünyasını dəyişərkən camaatdan kiməsə
borclu olduğunu soruşub, həmin borcu ödəməsi
Volter yaradıcılığında öz əksini
tapmışdır.
Onu
xüsusi qeyd etmək lazımdır ki, fransız ədibi Məhəmməd
peyğəmbər haqqında çox yüksək fikirdə
olmuş, onun o zamankı cəmiyyətdə etdiyi yenilikləri
yüksək qarşılamışdı.
Monoqrafiyadan
bəlli olur ki, islamın sonrakı taleyi barəsində-xəlifələr
Əbubəkr, Ömər, Osman, Əli, eyni zamanda Əməvilər
və Abbasilər sülalələri haqqında
danışan Volter, nəhayət, “Qurani-Kərim”in üzərinə
qayıdır və ondan ağızdolusu söhbət
açır.
Xilafətin
inkişaf dövründən bəhs edən fransız mütəfəkkiri
yazır ki, xəlifə imperiyasının ümumi
qollarından biri Səmərqəndə qədər
uzanır, ikincisi Qara dənizə tərəf yunan
imperiyasına hücum edir, digəri isə 711-ci ildə Misirdən
keçib, karfagenliləri, romalıları, qotları,
vandalları və nəhayət, mavrlar adlanan ərəbləri
rahatca tabe edərək İspaniyaya keçir. Hətta
fransız ədibi etiraf edir ki, əsgər Şarl Martel olmasaydı,
Fransa Məhəmmədi əyaləti olacaqdı. Tədqiqatçı
fransız ədibinin fikrinə əsaslanaraq çox
maraqlı bir həqiqəti diqqətə
çatdırır: “Bilinmirdi ki, bir gün ərəblər
Fransanın ortalarına qədər və Məhəmmədi
türkləri Vyananın bircləri qarşısına qədər
gələcəklər”.
Ə.Zeynalov
əsərində Volterin islam mədəniyyətinə
münasibətindən də geniş bəhs etmişdir.
Əsərdə göstərilir ki, Volterin fikrincə, orta əsr
Şərq mədəniyyəti 786-809-cu illərdə xilafətə
başçılıq etmiş Abbasi hökmdarından Harun
Ər-Rəşidin vaxtında özünün növbəti
mərhələsinə qədəm qoyur. Tədqiqatçı
fikrini əsaslandırmaq üçün Volterin “esse”sinə
müraciət edir: “Öz sələflərindən daha
çox hörmət qazanan Şarlömanın müasiri
Harun ər-Rəşid İspaniyadan Hindistana qədər ərazini
özünə tabe etdirə bildi, elmi canlandırdı, incəsənəti
yüksək səviyyədə çiçəkləndirdi,
şairləri saraya cəlb edib şeirlər yazdırdı,
öz geniş ölkələrində barbarlıq dalınca
mədəniyyət gətirdi. Onun hakimiyyəti dövründə
ərəblər qəbul etdiyi rəqəmləri Avropaya
apardılar”.
Volterin həqiqəti
söylədiyinin üzərinə tədqiqatçı
monoqrafiyasında dönə-dönə qayıdır.
Fransız ədibi Şərqdə elmin ayrı-ayrı sahələrinin
erkən inkişafını göstərmək məqsədilə
müqayisələr aparır: “Kimya və tibbi elmi ərəblər
tərəfindən inkişaf etdirildi. Bu gün biz təkmilləşdirdiyimiz
kimyanı yalnız onların vasitəsilə
tanımışıq. Biz əvvəllər Qalyənin və
Hippokratın məktəbində vərdiş olmuş,
minoratif (əhval-ruhiyyə) adlanan faydalı və yeni dərmanlar
üçün onlara borcluyuq”.
Nəhayət,
tədqiqatçı fransız ədibinin fikrini ümumiləşdirərək
yazır ki, Volter bütün elmlərə-kimya, astronomiya,
riyaziyyat, tibb, poeziya və dilə toxunaraq bütün sahələrdə
Şərq mədəniyyətinin güclü
inkişafını və Avropanı bir neçə əsr
qabaqladığını tutarlı faktlarla, müqayisələrlə
təsdiq edir.
Ancaq
bütün bunlarla yanaşı, azərbaycanlı alim
fransız mütəfəkkirinin fikirlərinin
hamısını adi bir şəkildə qəbul etmir,
lazım gəldikdə ona öz münasibətini də
bildirir. Volterin bəhs eydiyi dövrdə Şərqin yetirdiyi
dahi simaların heç birinin adını çəkməməsi,
bura daxil olan ölkələrdə həmin vaxtlarda fəaliyyət
göstərən universitetlər və türklərin xilafətdə
oynadığı rol haqqında heç bir söz deməməsi
tədqiqatçıda təəssüf hissi doğurur.
Professor
Ə.Zeynalovun monoqrafiyada yaradıcılığını tədqiqata
cəlb etdiyi ikinci ədib kitabın adından
göründüyü kimi dahi fransız
yazıçısı Viktor Hüqodur.
Qeyd etmək
lazımdır ki, tədqiqatçı Volter
yaradıcılığından doktorluq dissertasiyası
müdafiə etsə də o, istər respublikamızda, istərsə
də beynəlxalq aləmdə daha çox Hüqonun mütəxəssisi
kimi tanınmışdır. Çünki müəllifin
respublikamızla yanaşı, dünyanın ən
böyük dövlətlərində - Fransa, ABŞ, Almaniya,
İngiltərə və Kanadada fransız ədibi haqqında
kitabları işıq üzü görmüşdür.
Ayrı-ayrı
vaxtlarda araşdırıcı fransız ədibinin bir
sıra nəsr əsərlərini, poeziyasını,
publisistikasını təhlil süzgəcindən
keçirib, şeirlərini dilimizə çevirmişdir. Azərbaycan
ədəbiyyatşünaslığında Volter və
Hüqo haqqında ilk monoqrafiyaların müəllifi olan tədqiqatçı
bu kitabda Hüqonun Şərq motivlərinin yaranma səbəblərinə
münasibətini bildirmiş, şairin bu mövzuda
yazdığı şeirləri geniş şəkildə
araşdırmağa çalışmışdır. Ancaq
onun “Hüqo islam dinini qəbul etmişdirmi?” ritorik sualla təqdim
etdiyi yazı öz aktuallığı ilə mühüm əhəmiyyət
kəsb edir. Müsəlman-xristian münasibətlərinin bu
qədər kəskinləşdiyi bir vaxtda Bakıdan sonra
İngiltərənin paytaxtı Londonda və Kanadada bu
yazını ingilis dilində nəşr etdirmək və zəngin
faktlarla Hüqonun islam dinini qəbul etməsini sübuta yetirmək
azərbaycanlı alimin nə dərəcədə cəsarətli
bir insan olduğunu əyani surətdə göstərir. Tədqiqatçı
Hüqonun islam dinini qəbul etməsini sübuta yetirmək
üçün nə qədər faktlara müraciət edir,
bu mövzuda beynəlxalq konfrans və forumların
çağırıldığını bildirir, fransız ədibinin
islam dininə həsr etdiyi “Hicrinin doqquz ili”, “Məhəmməd”
və “Sidr ağacı” əsərlərinin 100 il müddətinə
nəşrinə qadağa qoyulması barədə Fransa
dövlətinin sərəncamını diqqətə
çadırır. Bu yazıda ən çox diqqət
çəkən məqamlardan biri “Hüqonun
ömrünün son günlərində dəfələrlə
“Qurani-Kərim”in” “Əl-Fatihə” surəsindən “İhdinəs
siratəl müstəqim!” - “Tanrı, özün bizə
doğru yol göstər!” kəlamını deyib
ağlamasıdır.
Mən zəhmətkeş
alim, səmimi, cəsarətli tədqiqatçı, təvazökar
insanı “Volter və Hüqonun Şərq baxışı”
monoqrafiyası münasibətilə təbrik edirəm.
Şahin XƏLİLLİ,
filologiya elmləri doktoru, professor
Azərbaycan müəllimi.- 2017.-
8 aprel.- S.15.